Yuxarı

Afinanın Bakı səfiri “gizli söhbətlərdən” danışdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosla müsahibəni təqdim edir:

– Bir səfirin gündəlik həyatı nələrdən ibarət olur?

– İş həyatım monotondur. Ancaq mümkün qədər hər şeyi etməyə çalışıram. “Hər şey” deyərkən iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmağı nəzərdə tuturam.

– 2017-ci ilin sentyabr ayından Azərbaycandasınız. Bu zaman ərzində Azərbaycanla bağlı hansı yaddaqalan xatirəniz olub?

– Naxçıvana ilk səfərim. Orada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşdüm. Oradakı insanlar sadə həyat yaşayırlar və çox yaradıcı, mehriban, qonaqpərvərdirlər. Naxçıvandakı memarlıq, gözəl mənzərələr məni valeh etdi. Ancaq “ən dəyərli xatirə” dedikdə çox şey var! Əsas odur ki, Azərbaycanla bağlı çox gözəl xatirələrim var, amma onları sadalamağa ehtiyac yoxdur. Bir şeyi dilə gətirdiyiniz zaman əhəmiyyətini itirməyə başlayır, çünki onu başqaları ilə müqayisə edirsən.

– Azərbaycan–Yunanıstan münasibətlərini üç sözlə necə ifadə edərdiniz?

– Daha yaxşı olacaq!

– Bildiyiniz kimi, mədəni əlaqələrin inkişafı iki ölkə arasındakı siyasi münasibətlər qədər böyük rol oynayır. Mədəniyyət sahəsindəki fəaliyyətinizi nəzərə alaraq, mədəni əlaqələrin inkişafına necə töhfə verə bilərik?

– Bu, ölkəni, xalqı, tarixi öyrənməklə baş verir. Bir-birimizi yaxşı tanımadan hansısa inkişafa nail olmaq mümkün deyil. Başa düşməliyik ki, həyatımızda daha vacib amillər var.

– Yunanıstan qədim bir ölkə olaraq hər zaman tarixi və mədəniyyəti ilə turistləri cəlb edib. Son zamanlar azərbaycanlı turistlərin bu ölkəyə marağı artıb. Bütün bunları nəzərə alaraq, viza prosedurunun sadələşməsi haqda işlərin görülməsi planlaşdırılırmı?

– Son zamanlar bir çox azərbaycanlı Yunanıstana olan marağını göstərir. Onlar Afinaya səfər edərkən bu şəhərin sirlərindən agah olacaqlar. Mən mənzərələrdən, dənizdən, tarixdən danışmıram, şəhərin sirlərindən, tarixin sirlərindən danışıram. Yunanıstana səfər edən azərbaycanlıların sayı artmaqdadır. Gələcəkdə bu məsələnin daha yaxşı bir həll yolu tapılacağına inanıram. Buna diqqət ayrılır, çünki olduqca mühüm məsələdir. Azərbaycanlıların Afinaya gəlməsində, Yunanıstanın sirlərini açmasında maraqlıyıq.

– Səfir olmasaydınız, Azərbaycan sizi bir turist kimi cəlb edərdimi?

– Azərbaycan bir çox səbəbə görə heyranedici turistik məkandır. Bu ölkə mədəniyyət və tarixin mükəmməl birləşməsini özündə ehtiva edir. Bu, çox vacibdir və əcnəbiləri cəlb etmək üçün yaxşı səbəbdir. Həm də yerli insanların zehniyyətinə və sadəliyinə diqqət yetirmək istərdim. Çox mehriban, isti və qonaqpərvərdirlər.

– Rəsmdə və ədəbiyyatda çox uğurlu olmağınıza baxmayaraq, diplomatiyanı seçmək səbəbiniz nədir?

– Təkcə mən diplomatiyanı seçmədim, hə də o məni seçdi. İmtahanlara hazırlaşarkən uğur qazanacağıma çoxları şübhə edirdi. Yunanıstanın xaricdə təsir dairəsini genişləndirmək və onu dünyada daha yaxşı tanıtmaq üçün diplomatiyanı seçdim. Həm də bütün diplomatlar üçün keçərli olan bir hədəf - sülh üçün seçdim.

– Diplomatiya və incəsənət bir-birinə necə töhfə verir və bu iki anlayış arasında hansı əlaqə var?

– Diplomatiya bacarıqlarınızı əlinizdən gəldiyi qədər aşmağa çalışdığınız bir sahədir. İncəsənət isə düşüncələrinizi ifadə etməyə çalışdığınız bir sahədir. Bacarıq və düşüncə tamamilə ayrı-ayrı nəsnələrdir. Çünki düşüncələr bir növ duyğudur. Qabiliyyətlər isə siyasətinizi müdafiə etmək yollarından biridir. Diplomatiya da, incəsənət də mənəvi sferalardır. Çünki nəticə olaraq hamımız insanıq. Ən sərt, ən mühafizəkar diplomatda belə incəsənətdən ilham alacaq bəzi insani elementlər mövcuddur. İncəsənət deyərkən həm də mədəniyyəti nəzərdə tuturam.

– Rəssamlıq təhsiliniz varmı?

– Rəssamlıq sahəsində heç bir təhsilim yoxdur. Sözün düzü, akademik təhsildən uzaq durmağa çalışıram. Çünki inanıram ki, bu həyatda sadə yaşamalı, açıq düşüncəli olmalı və təhsildən asılı vəziyyətdə olmamalıyıq. Buna görə də mən sadəcə çəkməyə başladım və bu günə kimi də davam edirəm. Amma əlbəttə ki, bir çoxlarından təsirlənmişəm, dostlarımdan, böyük rəssamlardan tövsiyələr almışam. Onlar mənə dəstək olub və yardımlarını əsirgəməyiblər. Daha sonra isə muzeyləri, sərgiləri ziyarət etməyə başladım. Mənim məktəbim digər rəssamları müşahidə etmək, onların yaşayış və rəsm çəkmə üsullarını öyrənmək olub. Yeri gəlmişkən, mən həmişə demişəm ki, rəssamın rəsm əsərini, heykəltəraşın heykəlini, diplomatın fəaliyyətini uzaqdan görərək, onu tanımaq mümkün deyil. Onu tanımaq üçün görüşmək, ünsiyyət qurmaq lazımdır. Yalnız bundan sonra onun məsuliyyət və nailiyyətləri haqda təsəvvür formalaşdıra bilərsiniz. O qədər də çox deyilik, hətta çox azıq. Lakin yüz minlik bir cəmiyyətdə bir-birimizi tanıya, düzgün ünsiyyət qura bilmirik. Bir-birimizi tanımağa çalışmalıyıq. Mən hər şeyi gündəlik həyatımdan, təmaslardan və ünsiyyətlərdən öyrənmişəm.

– İyun ayında 21-ci sərginiz keçirildi. Rəsm əsərlərinizdə yer alan “mistik dialoq” haqda nə deyə bilərsiniz?

– Mən bu dialoqu mistik adlandırmazdım, çünki hər birimizin daxilində bu dialoqlar var. Məsələn, mistik dialoq budur (Divardakı fotonu göstərir). Bu rəsm əsərinə baxan hər kəs özü istədiyi bir şeyi görür. Amma mənim üçün bu əsər təkəbbürlü bir insanla günahsız qızı arasında olan dialoqdur. Bu təkəbbürlü insan qızına bəzi təkəbbürlü fikirlər diktə etməyə çalışır. Mistik dialoq açmaq istəmədiyimiz gizli söhbətlərdir. Biz hər kəsə ürəyimizi açmırıq. Dialoqlarımızı doğru insan üçün, ruh əkizimiz üçün saxlayırıq. Və bu böyük bir müəmmadır.

Tarix
2019.08.02 / 09:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla