"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Cəfərov Rəhman Tapdıq oğludur. 1968-ci ildə Ağdam
rayonunun Muğanlı kəndində anadan olub, orada boya-başa
çatıb.
1986-88-ci illərdə Sovet ordusunda hərbi xidmət keçib. İki illik
hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. Qarabağın üstünü
"qara buludlar" alanda o da bir çoxları kimi ovaxtkı AXC könüllülər
batalyonuna üzv olaraq (1991) vətənin müdafiəsinə - döyüşə
yollanıb.
Hazırda ehtiyatda olan əsgərdir. Ailəlidir, üç övladı var.
"Tamerlan Qarayev silah göndərdi"
– Rəhman bəy, istərdik ki, keçdiyiniz döyüş yolu haqda
xatirələrinizi danışasınız...
– 1988-ci ildə hərbi xidmətdən döndüm. Hamı
kimi bizim də evimizdə ov tüfəngi vardı. İstədim onu götürüm,
baxdım ki, tüfəngimiz evdə deyil. Anamdan soruşdum ki, bəs bizim
tüfəngimiz hardadı, dedi ki, təhvil vermişik hökumətə. Mən əvvəl
elə bildim ki, anam məni aldadır. Bəlkə, fikirləşir ki, əlimdən bir
xəta çıxar. Sonra məlum oldu ki, yox, həqiqətən də, vəziyyət
belədir. O vaxtlar müharibə yeni başlayırdı. Mənim də uşaqlıqdan
ermənilərə nifrətim vardı. Çünki ermənilər dəfələrlə bizim
sərhədyanı kəndlərə hücum edərək mal-qaranı qarət etmiş,
çobanlarımızı öldürmüşdülər. Ona görə də camaatdan tüfəngləri
müdafiə məqsədiylə yığmışdılar. Həmin vaxt mən də AXC-yə üzv oldum.
Onlar dayaq dəstələri yaratmışdılar. Biz bu dayaq dəstələriylə
kəndlərimizi qoruyurduq, amma silahımız yox idi. Sonra rəhmətlik
polkovnik-leytenant Şirin Mirzəyev bizim kəndə gəldi ki, könüllülər
batalyonu, yəni normal ordu yaratsın. Bura kəndin cavanları üzv
oldu. Mənə isə ailəm icazə vermirdi. Amma mən Xuraman Abbasovaya
orduya çağırış vərəqəsi yazdırıb, atama göstərdim. Ondan sonra
evdən mənə də icazə verdilər və beləcə, biz ilk ordunun yaranmasını
bu şəkildə etdik. Ona görə də ordumuz ilk dəfə bu şəkildə yarandı
desəm, yanılmaram. Şirin Mirzəyev bizə sivil geyimdə təlimlər
keçirdi, amma Prezident Aparatında çalışan ruslar vardı ki, ordu
yaratmağımızın əleyhinə idilər. Elə buna görə də inamsızlıq
yarandı, 27 nəfərdən cəmi üç nəfər qaldı. Amma mən dedim ki, burda
bir Şirin Mirzəyev, bir də mən qalsam, yenə də qaçmayacam, bu işin
sonuna qədər gedəcəm. Elə də oldu. Onda hələ bizim bir xarab,
atanda qabağında bir dəqiqə tüstü verən avtomatımız vardı. Amma
yavaş-yavaş ordu yarandı. Bizim ilk hərbi geyimimizi rəhmətlik
Xuraman Abbasova aldı. Allah ona qəni-qəni rəhmət eləsin! Amma
dediyim kimi, silahımız az idi, vermirdilər silah. Bir gün oraya
Tamerlan Qarayev gəlmişdi. Bizə söz verdi ki, sizə silah verəcəm və
belə də oldu. O, Bakıya qayıdan günün sabahı bizə 555 ədəd silah
göndərdi, onun 500 ədədini Qarabağda könüllü dayaq dəstələrinə
payladılar. Yerdə qalan 55 ədəd silah bizə qaldı. Bizim 10 nəfərlik
komandamız yarandı. Jurnalist Rey Kərimoğlu da bizimlə idi.
"Ermənilər bizimlə məzələndilər..."
– Rəhman bəy, ilk döyüşünüz nə vaxt olub?
– İlk döyüşə bizi Şirin Mirzəyev göndərdi. Orada bir erməni
Janna vardı. Meşələrdə sülənirdi, snayper idi. Bizimkiləri tək-tək
vururdu, getdik onu tutmağa. Amma erməniləri tam texnikayla ruslar
qoruyurdu. Biz üç dəfə meşəyə girdik ki, onu müasirəyə alaq, tələ
qurub tutaq, amma onu tuta bilmədik. Orada bizim çoban uşaq vardı,
ermənilər uşağı qoyun sürüsüylə birgə tutub aparırdı. Oranı atəşə
tutduq, kənd camaatı ilə köməkləşib uşağı da, qoyun sürüsünü də
ermənilərdən aldıq. Şirin Mirzəyevə dedik ki, artıq burda heç nə
edə bilmirik. Ermənilər çox güclü idilər. Tankları, BTR-ləri orda
dayanmışdı. Bizi Xocavənd rayonunun Muğanlıq kəndinə apardılar.
Orda bizi "Beş qardaş" deyilən qardaşlar qarşıladı. Onlar
Xocavəndin ilk döyüşçüləri idilər. Onlar Əbülfəz, Füzuli, İbad,
rəhmətlik İlyas, biri də Xocavənd rayonun indiki icra başçısı Eyvaz
Hüseynov idi. Biz ora kömək üçün getmişdik. Orda bizim uşaqlardan
çoxu şəhid oldu. Bizim 10 nəfəri ermənilər əsir götürmüşdü, amma
Şirin Mirzəyev o uşaqları qarşılıqsız olaraq ermənidən aldı. O vaxt
bizim qumbaraatanımız yox idi. "Molotov"lar düzəldib tankların
qabağına çıxırdıq. Nəsə, getdik ki, "Tək qəbir" deyilən yerdə
erməni, rus əsgəri tutaq. Amma elə oldu ki, ermənilər bizi gördü
deyə, üstümüzə tanklarla hücum etdilər. Biz kəndə tərəf qaçmadıq
ki, ermənilər kənd camaatını qıracaqlar, onun üçün də şum sahəsi
vardı, oraya qaçdıq. Qar yağmışdı, yükümüz ağır olduğundan dedik
ki, qaçmayaq, öldürsələr, burada ölərik. Amma onlar nədənsə bizi
vurmadılar. Bizimlə məzələnib yanımızdan keçdilər. Bu da unudulmaz
xatirə idi...
"Onların sonrakı aqibətindən xəbərimiz
olmadı..."
Sonra bizi Ağdərənin Umudlu kəndinə apardılar. Orada da cəmi 87
silah vardı. Şirin Mirzəyevə yuxarıdan əmr gəldiyi üçün oranı
qorumağa getdik. Ordakı silahlar da bizim balansımıza keçdi. Bu
kənd də hər tərəfdən erməni kəndlərinin mühasirəsində idi. Ora
ancaq vertolyot gəlirdi. Onu da atəşə tutub vururdular. Orada olan
əsgərlər silahlarını bizə təhvil vermək istəmirdilər. Çünki onların
komandasında bir əsgəri ermənilər şəhid etmişdilər, işgəncə
vermişdilər. Bizsə ordakı uşaqları evlərinə yola salıb, özümüz
oranı qorumağı istəyirdik. Amma onlar dedi ki, biz bura səkkiz
nəfər gəlmişdik, indi biz qayıtsaq, şəhid dostumuzun ailəsinə nə
deyərik? İzn verin, biz də qalaq, şəhid olaq. Bax, belə igidlər var
idi o vaxtlar. Beləcə, onlar evlərinə yox, Xocalıya döyüşməyə
getdilər. Onların sonrakı aqibətindən xəbərimiz olmadı. Biz burada
o qədər ağır vəziyyətdə idik ki, yeməyimiz belə yox idi. Olanda da
yeməyə vaxtımız olmurdu. Mənim günlərlə səngərdən çıxmadığım
vaxtlar olub. Ermənilər orda elə güclüydü ki, səngərdən çıxanı
vururdular. Mən Umudlu kəndində elə xəstələndim, demək olar ki, bir
tərəfim qurudu. Hospitalda istədilər ki, məni orduya yarasız yazıb
evə buraxsınlar, razı olmadım. Çünki hər gün qohum-qardaş
yaralanırdı, şəhid olurdu. Xocalı hadisəsi də o vaxt baş verdi. Mən
bunun travmasını yaşayırdım!
"...ermənilər indi Yevlaxda oturmuşdular"
- Yenidən döyüşə getdiniz yəni...
- Hospitaldan qayıtdım, Rəhim Qazıyevin əmisi oğlu Məmməd
Qazıyevin batalyonuna yazıldım. Oraya Sumqayıtdan iki maşın əsgər
gətirmişdilər. Biz orda 400 əsgər idik. Gecə Mərzili istiqamətində
"karyer" deyilən yerə girdik. Səhər biz ordan çıxanda ermənilər
çıxanı biçirdilər. Çoxlu yaralımız oldu, səkkiz əsgər yoldaşımızın
meyiti orda qaldı. Onlar yuxarıda idilər, biz isə düzənlikdə. Amma
elə vururdular ki, bizimkiləri, bir də görürdün, kiminsə qolu sənin
üstünə düşdü. Bölük komandirimiz də orada şəhid oldu. Mən onların
bəzilərini ordan çıxara bildim. Sonra Tahir adlı bir əsgərimizi
vurdular, tikə-tikə olmuşdu. Bu döyüşlərin birində – Ağdamda idi,
deyəsən – ermənilər, az qalırdı, səngərlərimizə girsinlər. Bizim
əsgərlərdən biri əsir düşməsin deyə, özünü partlatdı. Bu xatirə
deyil, bu, bizim faciəmiz idi! Bunu necə unudum mən? Tapşırıq var
idi ki, həmin ərazini düşməndən təmizləməliyik. Var gücümüzü
toplayıb döyüşdük və oranı aldıq. Ermənilərin demək olar ki, hamısı
sərxoş idi. Bu da xeyrimizə oldu və erməniləri leş kimi qırdıq.
Özümü də 20-ə yaxın şəhid verdik. Əgər həmin döyüşdə bizi ermənilər
yensəydilər, indi Yevlaxda oturmuşdular. Amma biz orada qəhrəmanlıq
edib, qalib gəldik. Bu döyüşlərdə Şirin Mirzəyev Napoleon kimi
bizimlə yatırdı. Ordunun quruculuğunda ona borcluyduq. Bizdə çoxlu
xanımlar da döyüşürdü, onlar əsl qəhrəman idilər. Onlardan
rəhmətlik Sevil Abbasov, Mərziyyə, Solmaz xanım… Çox idilər
unutmuşam adlarını, biz onlarla bacımız kimi davranırdıq, onlar elə
kişi kimi idilər. Bir-birimizə "qaqa" deyirdik. Onlar irəlidə
gedirdi, bizim kişi əsgərlər də onlara baxıb, utanıb qaçmırdılar.
Bizdə snayper Nərminə, kəşfiyyatçı Diləfruz vardı. Mən onların
timsalında əsil qəhrəman Azərbaycan qadınını gördüm. Hospitalda da
xanımlar çox idi. Onlara ömür boyu minnətdaram... Elə döyüşlərimiz
olub ki, Şirin Mirzəyevin taktikasıyla, sadəcə, avtomatla iki saata
Naxçıvaniki almışdıq.
Yox oldu, toza çevrildi...
- Qarakənd istiqamətində gedən döyüşlərdə yanımda bir əsgər
vardı. Döyüş vaxtı tankla onu necə vurdularsa, oğlan yox oldu,
sanki toza çevrildi. Ölənlərimiz çox idi, düzü. Bilirsiz, o vaxtı
yoldan tutulan adamla döyüş qazanmaq olmazdı, amma elə oğlanlar
vardı ki, institutu atıb gəlirdilər. Biz orduya başqa ruhda
getmişdik. Deyirdik ki, dılğır erməniləri qovacağıq və buna əmin
idik. İndi məni ən çox ağrıdan və düşündürən budur: Necə oldu ki,
biz uduzduq, o torpaqlar işğal olundu...
O, əsl döyüşçü idi
- Deyirsiniz, jurnalist Rey Kərimoğlu da sizinlə
olub...
- Hə, Rey də bizimlə idi. Soruşsanız, deyəcək, dəhşətli səhnələr
baş verirdi. Könüllü döyüşə gələn uşaqlar geri qaçmağa belə
utanırdılar. İndi jurnalist kimi tanıdığımız Rey Kərimoğlu əsil
döyüşçü idi. O da çox qəhrəmanlıqlar edib. Reylə orta məktəbdə
oxumuşuq. Uşaqlıqdan savadlı, ağıllı idi, amma sonra döyüşlərdə də
özünü göstərdi. Sonra Rey kəşfiyyata getdi. Bizim sonuncu döyüşümüz
Ağdamın Kökəltmə əməliyyatında oldu. Mən "Qiyaslı batalyonu"nda
idim. Bizə səhər tezdən xəbər gəldi ki, ermənilər hücuma keçirlər.
Biz ordan getdik "Kökəltmə" deyilən yerə. Bizim texnikamız çox zəif
idi. Onlar bizim kimi gözübağlı yox, taktikayla girirdilər döyüşə.
Biz isə texnikamız yox idi deyə döyüşə, necə gəldi, girirdik. Həm
tank idik, həm silah idik, həm də canlı əsgər... Orda bizim bir
snayperimiz vardı, çıxan ermənini vururdu, ara vermədən qırırdı
onları.
- Döyüşün nəticəsi necə oldu?
- Ermənilər böyük tələfat verib geri çəkildilər. Həmin döyüşdə
biz də 60 şəhid verdik. Ən mərd oğlanlarımız getdi o döyüşdə. Amma
döyüş bizim xeyirimizə başa çatdı. Ən faciəvi hal o idi ki,
səngərdən qaçan əsgərlər sonra gəlib özlərini elə apardılar, guya
qəhrəman bunlar imiş. Biz heç yada düşmədik.
1991-ci ildən 1996-cı ilədək bir nəfər də tanınmış adam yanımıza
gəlmədi. Amma imkanlı adamlar vardı, ora gəlib deyirdilər ki, sizin
qeyrətiniz, silahınız ürəyinizdir, bizim də pulumuz. Siz döyüşün,
biz qorxuruq, amma pulumuzla sizə nə lazımdırsa, edəcəyik. Bunu
açıq-açıq deyirdilər, amma ailələrimizə bir manat da kömək etmirdi
kimsə. Onsuz da biz oraya vətən torpağı üçün getmişdik. Qarşılıq
gözləmirdik... Nə bilim e, çox faciələr yaşaqdıq, çox...
Mən döyüşdə olanda bir uşağım baxımsızlıqdan
öldü
- Davam edin...
- 1996-cı ildə tərxis olundum, atəşkəs elan olunmuşdu. Bu gün
isə ayda, sadəcə, 47 manat veteran pulu alıram, iynə-dərmanla
yaşayıram. Qardaşım da ölüm ayağındadır. O da iynə-dərmanla
yaşayır. Ailəliyəm, iki övladım var. Bir övladım da mən döyüşəndə
tələf oldu, baxımsızlıqdan öldü. Mən bu müharibədən şikəst
qayıtdım. İndi ustalıq edib, ailəmi dolandırıram. Əgər sabah döyüş
başlasa, birinci mən gedərəm döyüşməyə. Bizim bu dəqiqə 85 min
veteranımız var, amma bu rəqəmin yarısıyla biz Ermənistanı alarıq,
texnikamız bu dəqiqə yüksək səviyyədədir. Əgər indiki silah,
texnika, nizam-intizam onda olsaydı, ermənilər bizə qalib gələ
bilməzdilər. Bəlkə də, Qərbi Azərbaycana qədər gedib çıxardıq. Bu
günsə ermənilər bizim ata-anamızın qəbrinin üstündə donuz
otarırlar.
Bu bizim yarımçıq qalan döyüşümüzdür...
- Sizcə, nə etməliyik?
- Müharibə! Bunun tək yolu müharibədir! Mən cavanlara qıymıram,
müharibə başlasın, biz veteranlar gedək döyüşək, Qarabağı xilas
edək! Ən böyük arzum ayaqyalın öz kəndimə getməkdir. Və sizi əmin
edim ki, bu gün müharibə başlasa, biz qalib gələcəyik. İndi bir
hərbi hissəmizdə olan texnika onda bütün cəbhədə olan
döyüşçülərimzdə yox idi. Bir də onda satqınlar da çox idi. Nə deyim
e, çox danışmaq olar bu haqda. Amma məni Qarabağın azadlığı
düşündürür, çünki bu bizim yarımçıq qalan döyşümüzdür. Bu döyüşü
tamamlamaq, başa çatdırmaq və qələbə qazanmaq üçün bircə yol var:
Müharibə!..
- Sağ olun, Rəhman bəy, müsahibəyə görə...
- Əslində, mən sizə təşəkkür edirəm ki, bizi xatırlayırsız.