"Məşhurların şəxsi həyatı"
layihəsində
1837-ci ildə Puşkinin
ölümündən sonra dul qalmış Natalya Nikolayevnaya qarşı ittihamlar
yağışı başladı. "Sən bütün dünyanın üz qarasısan, satqınsan və
şairin arvadısan".
Otuz yaşlı şair belə səhv edə bilərdimi?
İllər, əsrlər keçir, fəqət Natalya Qonçarovanın adını sakit
buraxmırlar. "Yalnız – gözəl, sadəcə - gözəl; ağıl, qəlb, ürək və
istedadın qüsursuz nümunəsi. Qılınc kimi kəsən çılpaq gözəllik. Və
nəhayət, məhv etdi". Marina Svetayeva Natalya Nikolayevna haqqında
belə yazırdı.
Puşkinin zövcəsini açıq-aşkar sevməyən Anna Axmatova onu "duel
qabağı əhvalatda Gekkernovun əlbiri", Niderland səfirinin "agenti"
adlandırır.
Və bütün bunlar hamısı Puşkinin "mənim Madonnam", "saf
füsünkarlığın saf nümunəsi" adlandırdığı bir varlıq haqqında idi?!
Otuz yaşlı şair belə səhv edə bilərdimi? Kimi vəsf etdiyini,
kiminlə evləndiyini görmürdümü?
Parlaq dul qadın...
Puşkin özünün dahiyanə intuisiyası ilə faciəni hiss edirdi.
Toydan əvvəl şair nişanlısının anasına yazırdı:
"Yalnız vərdiş və davamlı yaxınlıq mənə sizin qızınızın
bağlılığını bəxş edə bilər; mən zamanla onu özümə bağlayacağıma
ümid edə bilərəm, ancaq məndə onun xoşuna gələ biləcək heç nə
yoxdur; əgər o, mənimlə evlənməyə razı olsa, mən bunda yalnız onun
qəlbinin sakin etinasızlığını görəcəm... O, peşman olmaz ki? Mənə
onu yalanla ələ almış biri kimi baxmaz ki? Mənə qarşı ikrah hissi
duymaz ki? Allah şahiddir ki, mən onunçün ölməyə belə hazıram,
fəqət onu elə ertəsi günücə özünə yeni həyat yoldaşı seçmək
azadlığı olan parlaq bir dul qadın kimi qoyub getmək üçün
ölmək..."
Onu parlaq bir dul qadın kimi qoyub getmək üçün ölmək – evlənmək
üçün yaxşı motivdir! Şair sanki faciəli sonluğu lap əvvəldən hiss
edir və sanki mövhumi şəkildə pis əlamətləri izləyirdi: bax, nikah
mərasimi zamanı kilsədə üzərinə ikona və ya dua kitabları qoyulan
hündür stoldan xaç və İncil düşür; budur, şamlar keçir. "Bütün
bunlar pis əlamətlərdir!" – bət-bənizi ağarmış Puşkin deyir. Lakin
qorxunc əlamətlər nə qədər çox olurdusa, taleyə qarşı getmək istəyi
də bir o qədər güclənirdi.
Türk gilizləri altında
"Ölümlə təhdid edən hər şey ölüm ürəyi üçün anlaşılmaz həzz
ehtiva edir" – sən demə, bunları o özü haqda deyirmiş! Və həmişə
taleyə qarşı cəsarətlə, mərd-mərdanə, bir kişi və bir zadəgan kimi
addımlayırdı: duelə çıxır, türk gilizləri altında çapır,
qaraçılarla avaralanır, kart oynayır və uduzurdu…
"Döyüşdə bir həzz var, ölkədə qaranlıq dərin uçurum..."
Dərinlik, qaranlıq uçurum şairi həmişə başdan çıxarır, valeh
edirdi. Rusiyanın birinci gözəli ilə evlənmək isə elə həmin
uçurumun özü deyildimi? Fəqət sakit, səssiz var olmaqdansa, dərin
uçuruma doğru getmək daha yaxşıdır. O səssizlik şair üçün deyildi!
Və o öz seçimindən heç vaxt təəssüflənmir. Çünki bu bir şairin və
bir dahinin seçimi idi.
"Mən səninlə evlənməli idim, çünki bütün ömrüm boyu sənsiz
xoşbəxt ola bilməzdim", - toylarından üç il sonra şair arvadına
yazırdı.
Natalya Nikolayevna da Puşkin kimi adi ailədə doğulmamışdı. Ana
nənəsi gözəl Ulrika rotmistr (çar ordusunda atlı qoşun hissəsində
və jandarmeriyada kapitana bərabər zabit rütbəsi - tərc.),
Liflyandiyada yaşayan Karl Lipxart və Marqaret fon Fitinqoffun qızı
idi, İsveç baronu Moris fon Posseyə ərə getmişdi. Lakin qızları
dünyaya gəldikdən sonra cütlük ayrılır və knyaz Potyomkinin
sevimlisi İvan Aleksandroviç Zaqryajski Ulrikanı Peterburqa
aparır.
Zaqryajskinin Rusiyada artıq ailəsi – arvadı, oğlu və iki qızı
var idi. Əməlli-başlı qalmaqal qopandan sonra İvan Aleksandroviç
gözəl Ulrikanı öz ailəsinin himayəsində qoyub Moskvaya yola düşür.
Ulrika, çox güman ki, sarsıntıdan tezliklə, otuz yaşında dünyasını
dəyişir və dünyaya gətirdiyi qızı Natalyanı isə Zaqryajskinin
qanuni arvadı öz doğma övladı kimi tərbiyə edir.
Peterburqda Zaqryajski bacıları cəmiyyətə Natalya ilə birlikdə
çıxırdılar. Nüfuzlu bibiləri Natalya Kirillovna Zaqryajskinin
himayədarlığı sayəsində bacıların hamısı I Aleksandrın xanımı
imperatriçə Yelizaveta Alekseyevnanın saray xanımları mühitinə
daxil olmuşdular. Natalya İvanovna saraya elə tez öyrəşdi ki,
tezliklə imperatriçənin sevgilisi - kavalerqard (çar ordusunda
qvardiya süvari hissələri tərkibinə daxil olan polklardan birinin
əsgər və ya zabiti – tərc.) Oxotnikovu öz əlinə alır. Oxotnikov
teatrdan çıxarkən qətlə yetirildikdən sonra Natalya İvanovnanı
tələsik Kətan zavodunun sahibkarının oğlu Nikolay Afanasyeviç
Qonçarova ərə verirlər. Nikah mərasimində I Aleksandr başda olmaqla
bütün imperator ailəsi iştirak edirdi.
Eynən atası kimi
Natalya İvanovna təhsilli, ağıllı və yaraşıqlı həyat yoldaşını
sevmirdi və bütün evlilik həyatı boyu tədricən ruhdan düşüb
səfilliyə doğru yuvarlanırdı. Həyatının sonuna yaxın sərxoşluğa
qurşanmış, əxlaqsızlığın dibinə bataraq lakeylərlə əlaqələrdən belə
çəkinmirdi. Əri bu həyata dözə bilməyib ağlını itirir, dəli olur.
Çılğın və sərt xarakterli Natalya İvanovna qızlarına qarşı da çox
amansız rəftar edirdi: onları bağlı qapı arxasında saxlayır,
acından öldürür, şilləlləyərək cəzalandırırdı. Bütün bunlar, təbii
ki, bir-birindən çox fərqlənən qızların xarakterində əks olunmaya
bilməzdi. Böyük qızı Yekaterina anasına çəkmişdi – temperamentli və
dalaşqan idi; ortancıl Aleksandrina xeyli sakit, kiçik qızı Natalya
isə sakit, az danışan və bir qədər də özünə qapalı idi, eynən atası
kimi...
Natalya çəkingən və utancaq bir qız kimi böyümüşdü. Şairə olmağı
arzulayırdı. Elə məhz bu səbəbdən də ölkəsinin dahi şairi Puşkin on
altı yaşlı bu qızın qarşısında dayananda onu sanki yarımallah
sandı. Şairin diqqəti və heyranlığından qürurlanan gənc qız
xoşbəxtlikdən işıq saçaraq öz qəlbini ona verir – dərhal və
həmişəlik. Təbii ki, Natalya onu öz temperamentinin imkan verdiyi
kimi sevirdi – sakit və təmkinlə, heç bir artıq emosiyalar olmadan.
Puşkin isə özünün cənublu xarakterinin bütün çılğınlığı ilə,
ehtirasla sevirdi. Ancaq əsas çətinlik bunda deyildi…
Bir nömrəli şairin bir nömrəli xanımı
Ta qədimdən görmüşük ki, xoşbəxtlik həmişə insan həsədinin
hədəfinə çevrilir. Mütləq xoşbəxtlik isə başqaları tərəfindən eyni
dərəcədə mütləq paxıllıqla qarşılanır. Belə bir xoşbəxtlik üçün
Puşkinlərin hər şeyi var idi: o, Rusiyanın bir nömrəli şairi idi,
arvadı isə bir nömrəli gözəl xanımı. Bu, çoxlarını qıcıqlandırırdı.
Narazılar arasında I Nikolay da var idi.
Çar Puşkini sevmirdi, ancaq o, ağıllı adam idi və şairin
cəmiyyətin həyatında necə bir rol oynadığnı yaxşı başa düşürdü. O,
Natalya Nikalolayevnanın gözəlliyinə də laqeyd deyildi. Onu daima
sarayda görmək üçün çar Puşkinə kamer-yunker (inqilabdan qabaq
Rusiyada kamergerdən kiçik olan saray rütbəsi – tərc) rütbəsi
verir.
İmperator istəyir...
"Srağagün mən kamer-yunker rütbəsinə layiq görülmüşəm (bu, mənim
yaşıma qətiyyən münasib deyil)", —Puşkin 1834-cü il yanvarın 1-də
gündəliyinə yazırdı. — Ancaq saray Natalya Nikolayevnanın Aniçkov
sarayında rəqs etməyini istəyir…"
"Saray istəyir" – bu ifadəni "imperator istəyir", - deyə amlamaq
lazımdır. Əlbəttə, həm də Natalya istəyirdi. Onun cəmi iyirmi iki
yaşı vardı, gəncdi, gözəldi, kübar cəmiyyətində parlamaq,
heyranlıqla dolu baxışları üzərində hiss etmək istəyirdi. Odur ki,
ərinin kəndə getmək təklifini hiddətlə qarşılayır: "Çox gözəl
yerdir! Küləyin vıyıltısını, saatların döyüntüsünü, canavarların
ulaşmasını dinləmək. Sən ağlını itirmisən!"
Puşkin arvadına güzəştə gedir, ancaq əzab çəkir, çünki ballar və
dəbdəbəli libaslar çox böyük xərclər təlləb edirdi. O isə getdikcə
daha da artan borcun içində batırdı. Çar Puşkini məhkəməyə verir və
bununla da onu özündən asılı vəziyyətə salır. O, tələb edir ki,
Puşkin bütün saray tədbirlərində xanımı ilə iştirak etməlidir.
Puşkin özünün bütün ailə çəkişmələrinin günahkarı sandığı I
Nikolaya qəzəblənir, Natalyanı ona qısqanırdı. "Çarın yanında çox
əzilib-büzülmə..." - şair 1833-cü ilin oktyabrında Boldindən
arvadına yazırdı. 1834-cü ilin yayında isə daha dəqiq ifadə edir:
"... mən elə sarsılmışdım ki, nə iləsə fikrimi dağıtmaq lazım idi.
Hər şeydə o (çar) günahkardır..."
Puşkin bir an olsa belə öz Natalyasının məsumluğuna və
sədaqətinə şübhə etmirdi. O, qayınanasına yazırdı: "Mənim arvadım
çox gözəldir və getdikcə bu əziz, saf, mehriban varlığı daha çox
sevirəm. Mən Tanrı qarşısında heç nə ilə ona layiq deyiləm".
Lakin Natalya Nikolayevnanın özünə yazılmış məktublarda gizli
həyəcan hiss olunur. Həm də bu həyəcan arvadından daha çox özünə,
öz ad-sanına görə idi. Şairin adı isə həqiqətən də təhlükə altında
idi. Qonçarova nə qədər təmiz və günahsız olsa da, çarın açıq-aşkar
onun yan-yörəsinə keçməsi şayiələrin yayılmasına əsas verirdi. Yox,
gənc çütlüyün səadətini bağışlamaq olmazdı, elə şairin özünü də
bağışlamaq olmazdı: o, hər bir hərəkəti ilə, söhbətləri, şeirləri
ilə kübar "cəmiyyətinə" meydan oxuyurdu.
Ən son eşidən adam
Puşkinin Natalya Nikolayevnaya ünvanladığı məktublar getdikcə
daha narahat və gərgin olmağa başlayır: "Əzizim, - o, 1836-cı ilin
mayında yazırdı, - bəzi söz-söhbətlər gəzir, mən tam mənasi ilə nə
olduğunu bilmirəm. Çünki ər, adətən öz arvadı haqqında gəzən
şayiələri şəhərdə ən son eşidən adam olur; ancaq görünür, sən öz
naz-qəmzən və amansızlığınla kimisə elə bir ümidsiz vəziyyətə
çatdırmısan ki, o, çarəsizcəsinə süni gözəllərin hərəmxanasında
özünə təsəlli tapır…"
Lakin tezliklə Puşkinin özü ümidsiz və çarəsiz vəziyyətə
çatdırılır. Çardan asılılıq, pulsuzluq, borclar, böhtan və şayiələr
şairi bu həddə gətirib çıxarır. Və Puşkin üçün ən çətin, ağır bir
zamanda Dantes meydana çıxır. Onun şairin ölümündə nə kimi rol
oynaması haqqında az yazılmayıb. Ancaq yenə də müəyyənlik və
aydınlığa ehtiyac var.
Şairin ölümünün əsas günahkarı
Bəlkə də Dantes bu dünyanın gücləri tərəfindən Puşkinə cəza
vermək üçün yalnız bir vasitə idi. Axı Jorj Dantes kimi hər şeyi
ölçüb-biçən bir şöhrətpərəstin rus sarayındakı parlaq karyerasını
bir qadın üçün alt-üst etməsinə inanmaq çox çətindir. O, çox gözəl
bilirdi ki, Puşkinlə duelə çıxdıqdan sonra vəzifəsindən çıxarıb
Rusiyadan geri göndərəcəklər, necə ki, elə də oldu... Bəlkə də
Dantes Puşkina ilə münasibətə qərar vermiş çarın "örtüyü" idi.
Dantes, əlbəttə ki, öz rolunu oynayır, lakin bir şey yəqindir:
şairin ölümünün əsas günahkarı o deyildi.
"Puşkinin ölümünün səbəbkarı ayrı-ayrı şəxslər deyildi – tək-tək
götürüldükdə nə Dantes, nə Gekkern, yaxud da nə Nesselrode... Qatil
cəmiyyətin siyasi və silki etiqadını amansızcasına damğalayan və
özünün zəhərli, ölməz sarkazmlarını düz onların üzlərinə çırpan
şairin qatı düşməni olan Peterburq kübar mühiti idi".
İndi isə tapın – bu sətirlər kimə məxsusdur: Puşkinin dostunamı,
pərstişkarınamı? Qətiyyən yox! Bunu Dantesin kuzeni, sekundantı
(duel şahidi – tərc.) və çətin ki, şairin tərəfini tutacaq vikont
(Fransa və İngiltərədə zadəgan rütbəsi – tərc.) Arşiak yazırdı.
"Bəli, əlbəttə, onu kübar cəmiyyəti məhv etdi – P.A.Vyazemski
A.O.Smirnovaya məktubunda baş verənləri belə dəyərləndirirdi. –
Lənətə gəlmiş məktublar, lənətə gəlmiş şayiələr hər tərəfdən onun
üstünə yağırdı. Fəlakətin bir səbəbi də onun çılğın və qapalı
xarakteri idi..."
"Sənin heç bir günahın yoxdur"
Məgər təəccüblü deyilmi ki, Puşkinin bilavasitə qatillərinin
"günahını alıb" gözəl arvadının, dörd uşaq anasının boynuna
qoyurlar? Halbuki Puşkinin özü son nəfəsinədək Natalyanın
məsumluğuna zərrə qədər də olsa, şübhə etmirdi. Ölümcül yaralanmış
Puşkini evə gətirəndə o, arvadını görüb deyir: "Mən necə də şadam
ki, səni bir daha görürəm və sənə sarıla bilirəm! Mənim əzizim, nə
olur-olsun, sənin heç bir günahın yoxdur və sən özünü
günahlandırmamalısan!"
Jukovski də S.L.Puşkinə məktubunda şairin son saatlarından
danışarkən bunu təsdiq edir: "Arvadım burdadır, - o dedi. – Onu
aparın. Yazıq məsumcasına hər şeyə dözür! Onu məhv edəcəklər".
Natalya Nikolayevnanı hamıdan daha yaxşı tanıyan şairin özünə
inanmaq olardımı? Amma inanmadılar, ittiham etdilər.
"Müşahidəçilər" onun haqqında ballarda gördüklərinə əsasən mühakimə
irəli sürürdülər. Çünki bu "təkəbbürlü", "laqeyd" gözəl ballarda
parlayırdı. Bəlkə bütün bu kübar "qaragürühü" ilə elə təkəbbürlü
olmaq və meşşan yelbeyinlərin güllələrini özünə yaxın buraxmamalı,
I Nikolayın və Dantesin nəvazişlərinə cavab verməməli idi? Azacıq
sayıqlığı zəifləyir, bir anlıq unudur, gülümsəyir və dərhal –
çirkin pıçıltılar, istehzalı təbəssümmlər, şayiələr...
Natalya isə elə təcrübəsiz, elə sadəlövh idi ki, heç nəyi
gizlətmədən hər şeyi ərinə danışırdı – kim nəvaziş göstərdi, kim
məktub yazdı... hər şeyi danışır, həm də kimə (?) - afrikalı
Otelloya! Müqəddəs sadəlik məhz budur! O, arvadına inanır, onu heç
kəsin anlamayacağı qədər anlayır: "Sənin qəlbini isə üzündən daha
çox sevirəm". Amma eyni zamanda da özü ilə bacara bilmir, kobudluq
edir, despot kimi davranır, qısanclığı ilə göz yaşlarına səbəb
olurdu...
Bir də deyirdilər ki, onun çox yarıtmaq evdarlığı var idi. Ancaq
bu "pis sahibə" əri uzun müddətə Peterburqda olmayanda böyük evi
təkcə idarə edir, uşaqların tərbiyəsi ilə məşğul olur,
kreditorlarla danışıqlar aparır, "Sovremennik" jurnalı üçün
kağızları axtarıb tapır, naşirlərlə danışıqlar aparırdı və s.
Ən çətin vaxtlarda, kreditorlar Puşkini sıxma-boğmaya salanda
isə qardaşı Dmitriyə məktub yazıb kömək göstərməsini xahiş edir.
Məhz bu məktublar onun ərinə olan münasibətini hər sözdən daha
gözəl ifadə edir. Budur, 1836-cı il tarixli məktubdan bir
parça:
"Mən hər cür xırda təsərrüfat qayğıları ilə ərimi narahat etmək
istəmirəm, onsuz da görürəm ki, o, necə kədərli, necə çarəsizdir,
gecələr yata bilmir və təbii ki, belə vəziyyətdə bizi yaşamaq üçün
lazımi şəkildə təmin edəcək qədər işləyə də bilmir: yaza bilməsi
üçün onun başı "ayıq" (qayğılardan uzaq –tərc.) olmalıdır... Ərim
öz nəzakət və təmənnasızlığını dəfələrlə mənə sübut edib və mənim
də öz tərəfimdən onun vəziyyətini yüngülləşdirməyim tamamilə
ədalətli olar; uzağı sənin mənə təyin edəcəyin məbləğ uşaqlara
xərclənəcək. Bu isə çox xeyirxah məqsəddir... "
Natalya Nikolayevnanın ərinin yaradıcılığına qarşı laqeyd
olmasına dair söylənilən ittihamlar da mənasız səslənir. Əksinə,
Puşkin ona yazdığı məktublarda bütün ədəbi işləri barədə ona
ətraflı məlumat verir.
Natalya Nikolyevna Puşkinlə ailə quranda çox gənc və təcrübəsiz
idi. Onun bir qadın kimi tam mənasıyla çiçəkləndiyi dövr yalnız
otuz yaşında başlayır... Təəssüf ki, o vaxt artıq Puşkin həyatda
yox idi.
Lakin onun bir qadın kimi ən gözəl keyfiyyətlərini ikinci əri –
general Lanskoy tam mənasıyla qiymətləndirə bilir. O, arvadına
pərəstiş edir, dörd bir yanını onun portretləri ilə bəzəyir,
Natalya da ona səmimi sədaqətlə cavab verirdi.
Rahat ol, heç bir fransız məni...
Budur, bu da artıq yetkinləşmiş, həyatın amansız sınaqlarından
keçmiş bir qadının ərinə yazdığı məktub:
"Mənə elə gəlir ki, sən qısqandığını sübut etmək istəyitsən.
Rahat ol, heç bir fransız məni öz rusumdan uzaqlaşdıra bilməz. Boş,
mənasız sözlər sənin məhəbbətin kimi bir sevgini əvəz edə bilməz.
Tanrının yardımı ilə sənə belə bir hissi təlqin edərək onun üstə
əsirəm. Mən indi müvəffəqiyyətdən başım gicəllənəcək yaşda deyiləm.
Elə düşünmək olar ki, mən bu 37 ili boş-boşuna yaşamışam. Bu yaş
qadına həyat təcrübəsi verir və mən sözə əsl qiymətini verə
bilirəm.
Allaha və həyat yoldaşına olan sevgidən başqa hər şey boş,
mənasız bir şeydir. Həm də ələlxüsus əgər o həyat yoldaşı mənim
ərim kimi sevirsə… Mən səndən razıyam, sən də məndən. Ətrafda nə
isə aramaq nəyimizə gərəkdir…"
Puşkin onu bu cür tanımırdı – gənc, təcrübəsiz qız kimi deyil,
alicənablıq və nəciblik, sakin bir ləyaqətlə dolu yetkin bir qadın
kimi tanımırdı.
Və buna ancaq təəssüf etmək olar.
Tərcümə etdi: Təhminə C.B.