Axar.az-ın "Millətin
vəkilləri" layihəsinin qonağı millət vəkili, İqtisadi və Sosial
İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidir.
Manatın məzənnəsi qorunacaq
- Əli müəllim, son zamanlar dünya bazarında neftin
qiymətinin düşməsi ölkədə narahatlıqla izlənilir. Sizcə, bu qiymət
enməsi Azərbaycana necə təsir edə bilər?
- Dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində 2014-cü
ilin ikinci yarısından başlanan olaylar 2015-ci ildə də davam edir.
Son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu bir qədər
azalsa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin
qiymətinin aşağı düşməsi Azərbycan iqtisadiyyatına təsirsiz
ötüşmür. Bu il Azərbaycanın ümumi daxili məhsulunun 35 faizə
qədəri, büdcə gəlirlərinin 65 faizi, xarici ticarətin 90 faizindən
çoxu neft amili ilə bağlı olacağından, dünya bazarında neftin
qiymətinin hər ucuzlaşan dollarına görə ölkəmizin ÜDM-si təqribən
226 milyon manat, ixrac 260 milyon dollar, büdcə gəlirləri 26,5
milyon dollar azalır. Bununla belə, dünya bazarında neftin
qiymətinin aşağı düşməsi Azərbaycana Rusiya qədər dağıdıcı təsir
göstərməyəcək. Çünki Rusiya ilə müqayisədə Azərbaycanın iqtisadi
manevr imkanları daha güclüdür. Bütün xarici konyukturanın
pisləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı makroiqtisadi
tarazlığını qoruyub saxlaya bilir. Özündən əvvəlki illərdə olduğu
kimi, ötən il də Azərbaycan tədiyyə balansının cari hesabını
profisitlə başa vurdu. 2014-cü ildə tədiyyə balansının cari
hesabında profisit 11 milyard dollardan çox oldu. Azərbaycanın
ixracının həcmi idxalı 2,6 dəfə üstələyir. Bununla yanaşı,
Azərbaycanın 50 milyard dolların üstündə olan strateji valyuta
ehtiyatları ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji
ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik
əmtəə və xidmət idxalını örtür. Həmin göstəricilər belə bir fikir
söyləməyə əsas verir ki, hökumət və Mərkəzi Bank 2014-cü ildə
olduğu kimi, 2015-ci ildə də ümumiyyətlə makroiqtisadi sabitliyi,
eləcə də valyuta bazarında çevik tənzimləmə tədbirlərini davam
etdirməklə makroiqtisadi sabitliyin çox mühüm komponenti olan
manatın nisbi sabitliyini qoruyub saxlaya biləcək. Əsas çox
itkilərimiz daha çox neft gəlirləri ilə bağlı olacaq.
Prezident ədalətli qərar verdi
- Neftin ucuzlaşması fonunda benzinin 2 qəpik də olsa,
qalxmasını və Prezidentin müdaxiləsi ilə yenidən enməsini necə izah
edərdiniz?
- Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrə
mənfi, neft istehlakçısı olan ölkələri iqtisadiyyatlarına isə
müsbət təsir göstərir. Yəni neftin qiyməti aşağı düşəndə neft hasil
edən ölkələrin neftdən əldə etdikləri gəlir azalır. Ölkə
iqtisadiyyatında neftin payı nə qədər yüksək olarsa, gəlirlər də
bir o qədər çox azalır. Ona görə də neft hasil edən ölkələr belə
şəraitdə neftin qiymətinin aşağı düşməsindən doğan itkiləri
azaltmadqan ötrü müxtəlif manevrlər edir. Bunlardan biri vergiləri,
ikincisi isə benzinin qiymətini qaldırmaqdır. Məsələn, neftin
qiyməti kəskin surtdə aşağı düşməyə başlayanda Rusiyada benzinin
qiymətini bahalaşdırdı. Türkmənistan da belə addım atdı. Lakin
Azərbaycanda benzinin qiymətinin 2 qəpik artırılması Rusiya və
digər ölkələrdən fərqli səbəbdən oldu, yəni bu, yol vergisinin
yığılma qaydasındasındakı dəyişikliklə bağlı idi. Bu elə bir ciddi
rəqəm olmasa da, bunun hansı məqsəd daşımasından asılı olmayaraq,
əhali səbəbinin açıqlanmasını istədi. Amma aidiyyəti hökumət
strukturı öz addımlarını əhaliyə yetərincə izah edə
bilmədiklərindən, benzinin qiymətinin artırılması ciddi narazılıq
doğurdu. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, yanvarın 14-də Tarif (qiymət) Şurasının
növbədənkənar iclasında neft məhsullarının qiymətlərinə yenidən
baxıldı və 12 yanvar tarixli qərar ləğv edildi.
Əgər yol vergisinin ləğv edilməsi müqabilində benzinin
qiymətinin artırılmasından il ərzində 2015-ci ilin büdcəsinə cəmi
78 milyon manat vəsait daxil olacağını nəzərə alsaq, belə kiçik
məbləğdən heç nə itrmirik, yəni yeni variantda da büdcə həmin
məbləği götürəcək. Amma məsələ bundadır ki, prezidentin təklif
etdiyi variant daha ədalətlidir. Çünki bu variantda həm büdcə
uduzmur, həm də əhali ən azı 78 milyon manat uduşlu olur.
- Sizcə, neftin qiymətinin aşağı düşməsindən sonra
2015-ci ilin büdcəsinə yenidən baxılmasına ehtiyac
varmı?
- Azərbaycan büdcəsində neft amilinin payı 65 faiz təşkil etsə
də, onun 53 faizindən çoxu birbaşa Dövlət Neft Fondundan
götürüldüyündən və deməli, bir növ sığortalanmış məbləğ olduğundan,
neftin qiymətinin aşağı düşməsi büdcəmizə 11-12 faizlik xüsusi
çəkiyə görə təsir edə bilir. Belə ki, Azərbaycanın 2015-ci il
büdcəsinin 19,4 milyard manatlıq gəlirlərinin 53 faizindən çoxu
birbaşa Dövlət Neft Fondundan, 35 faizə yaxını qeyri-neft
sahələrindən, 12 faizə qədəri və ya 2,3 milyard manatı isə birbaşa
Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar təşkil
edəcək. Ona görə də neftin qiymətinin hazırkı 50 dollar ətrafında
qalması bir il davam edərsə, 1.060 milyon manat ziyan vuracaq. Yəni
bir aylıq ziyan büdcə gəlirlərinin təqribən 0,5 faizi, 1 illik
ziyan isə 5,3 faizi qədərdir. Belə şəritdə isə müəyyən ikinci,
üçüncü, dördüncü dərəcəli layihələrin bir hissəsini ertələmək lazım
gələcək, vəssalam, yəni xüsusi təsir etməyəcək. 2015-ci ilin əsas
layihələri dayandırılmayacaq. Çünki bu layihələr daha çox
Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz
Dəhlizinin fəaliyyətinin təmin edilməsi ilə bağlı çox zəruri
layihələrdir. Ona görə də neftin qiymətindən asılı olmayaraq, bu
layihələr mütləq həyata keçiriləcək. Həm də neftin qiymətinin aşağı
düşməsinin törətdiyi fəsadlardan Azərbaycan ən az itki ilə çıxan
ölkələrdən biri olacaq. Amma ən pessimist variantda belə 2015-ci
ildə büdcə xərclərinin kəskin surətdə ixtisar edilməsinə,
tikintiləri kütləvi surətdə saxlamağa, bəzi ölkələrdə olduğu kimi,
maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac
olmayacaq. Manatın məzənnəsi nisbi sabitliyini saxlaya biləcək,
inflyasiya MDB ölkələrinin orta statistik səviyyəsindən aşağı
olacaq.
Bu, gələcəyə qoyulan sərmayədir
- Bu il Avropa Olimpiya oyunları ilk dəfə olaraq
Azərbaycanda keçiriləcək. Bu tədbir Azərbaycan iqtisadiyyatına nə
verəcək?
- Beynəlxalq idman tədbirlərindən yüksək gəlir götürmək heç bir
ölkədə əsas məqsəd deyil. Belə tədbirlr gəlir naminə yox, idmanı
inkişaf etdirmək, həmin tədbirə ev sahibliyi edən ölkənin imicini
qaldırmaq baxımından əhəmiyyətlidir. Avropa Oyunları Azərbaycanın
dünyaya yeni keyfiyyət halında təqdim olunması üçün çox önəmli
tədbirlərdən biridir. Birinci Avropa Oyunları Avroviziya mahnı
müsabiqəsindən sonra Azərbaycanda keçiriləcək ən böyük tədbir
olacaq. Birinci Avropa Oyunları üçün 2015-ci ilin büdcəsində 1,3
milyard manat vəsait nəzərdə tutulub. Bu, həmin oyunları vaxtında
və dünya standartlarına uyğun səviyyədə keçirməyə imkan verəcək.
Birinci Avropa Oyunları üçün ayrılan vəsaiti gələcəyə yatırılan
sərmayə kimi özünü daha geniş səpkidə təsdiq edəcək. Birinci Avropa
Oyunları çərçivəsində Bakıda köhnə binaların bərpası, təmir işləri,
yolların bərpası, yeni yolların çəkilməsi və s. hazırlıqlar
görülür. Şəhərimizdə yeni stadionlar, idman obyektləri inşa olunur,
ümumilikdə beş yeni obyekt tikilib: Bakı Su İdmanı Mərkəzi, Milli
Gimnastika Arenası, BMX Veloparkı və Bakı İdman Zalında müvafiq
idman yarışları keçiriləcək. Bundan əlavə, tikilməkdə olan Milli
Stadionda yüngül atletika yarışları, eyni zamanda möhtəşəm açılış
və bağlanış mərasimləri keçiriləcək. Bununla yanaşı bir sıra mövcud
obyektlər də rekonstruksiya edilir. İnşa və təmir olunan idman
qurğularının tikintisi zamanı xeyli sayda Azərbaycan vətəndaşları
işlə təmin olunur ki, bu da məşğulluğa müsbət təsir göstərir.
Oyunlar zamanı ölkəyə çoxlu sayda turist gələcək ki, bu da həm
Azərbaycana əlavə pul qoyuluşudur, həm də Azərbaycanın dünyada
tanıdılması, təbliği üçün önəmlidir.
Seçicilərin əhvali-ruhiyyəsi əsas versə…
- Əli müəllim, qarşıdan parlament seçkiləri gəlir.
Namizədliyinizi bir daha irəli sürəcəksiniz?
- Milli Məclisə seçkilərə hələ 10 aya qədər vaxt qalır. Bu
müddət ərzində seçkidə iştirak etmək arzusunda olan hər kəs öz
gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona
münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv
dəyərləndirmklə hərəkət etməlidir. Platformamı və həmin istiqamətdə
gördüklərimi və görə bildiklərimi obyektiv dəyərləndirməklə, əgər
seçicilərin əhvali-ruhiyyəsi növbəti dəfə də namizədliyimi irəli
sürməyə əsas versə, onda parlament seçkilərinə qatılacam.
- Bu beş ildə Əli Məsimli öz seçicilərinə nə
verib?
- Milli Məclis hakimiyyətin yalnız qanunvericiliklə məşğul olan
qoludur. Amma deputata münasibətdə bu prinsip çox vaxt arxa planda
qalır. Bu baxımdan reallıq hisslərini itirməyən hər kəsə məlumdur
ki, mövcud qanunvericilik çərçıvəsində və Azərbaycan reallıqları
şəraitndə deputat nələri etməlidir, nələri edə bilər, nələri isə
bacarmaz. Deputatların xeyli hissəsi çalışır ki, bu prinsipə əməl
etsin. Bunu nəzərə alaraq mən seçicilərlə görüşlərimdə səmimi
surətdə bildirdim ki, insan həyatda daha çox 3 halda yalan danışır:
ovdan qayıdanda, əsgərlikdən qayıdanda, seçkiqabağı kampaniya
zamanı.
Seçkiqabağı təbliğat kompaniyası zamanı bəzi namizədlər öz
üzərlərinə ölkə prezidentinin, baş nazirinin səlahiyyətlərinə aid
məsələlər səviyyəsində öhdəliklər götürürlər və təbii ki,
seçiləndən sonra öz əsassız vədlərinin altından çıxa blmirlər. Çox
təəssüf ki, belə əsassız vədlər millət vəkili haqqında mənfi
fikirlər formalaşmasında ciddi rol oynayır. Ona görə də mən
seçicilrimə bildirmişəm ki, səlahiyyətlərim çərçivəsində əlimdən
gələni əsirgəməyəcək, bacardığımı edəcəyəm. Belə də edirəm.