Professor Aydın Dadaşovun
"Açıq dərsi"
Cərgə ilə aparılan alman əsirlərini sanki seyr edən
Məhəmməd Füzulinin heykəlinin müharibədən çox sonra 1962-ci ildə
qoyulmasından, Vaqif rolunu oynasa da, energetika mühəndisliyi
peşəsini seçməklə kinodan uzaqlaşmaqla ABŞ-da yaşayan Kamran
Rəcəblidən, finalda bəstəkarı Vasif Adıgözəlovun yazdığı, Oqtay
Ağayevin ifa etdiyi "Sən ey uşaqlıq’’ mahnısının populyarlıq
dərəcəsindən, o dövrdə adamların bir-birinə əl tutmasından, yardım
göstərməsindən, yaxud əksinə, amansızlığından, aktyorların
canlandırdığı personajlardan söz açılmaqla daim xatırlanan "Şərikli
çörək" filmi barədə...
Çörək ağacından asılanlar
9 dekabr 1966-cı ildə Ali Ssenariçilər və Rejissorlar kursunun
Bədii şurasının iclasında Lev Kulicanovun emalatxanasının məzunu
Alla Axundovanın diplom işinin müzakirəsində iki il ərzində,
öyrətməkdən daha çox materiala yazıçı sərbəstliyindən uzaq forma
verə bilən konstruktivizmi aşılamağın vacibliyini: "Yazıçı
sərbəstliyi əvəzinə dəmir əllə hadisəliliyi qurmaq imkanı üzə
çıxarılması kompozisiyadakı dağınıqlığı aradan qaldırmaqla daha
məhsuldar nəticə verər" deyən S.L.Lunqin iddiaçının personajlarına
sevgi hissini və mühiti detallarda canlandıran yaddaşını
dəyərləndirir. Pərakəndəlikdən, lüzumsuz səhnələrin təfərrüatlı
təsvirindən söz açaraq: "Kartoçkasını itirən oğlanı hamı, hər gələn
çörəklə, toyuqla, yaxmacı ilə yedizdirib doydurur. Əslində,
hansısa yad uşaq bol yağ yaxmacı ilə doydurulsa belə, mən diqqəti
buna yönəltməzdim. Ona yönəldərdim ki, fəlakət baş verib və
uşaqlar yardım etmək istəyirlər" etirazını bildirən İ.İ.Nusinov isə
özündən əvvəlki çıxışçının əksinə gedir. Artıq səhnələrə,
sahmansızlığa, hadisələrin bir xətt üzrə bağlanmadığına diqqət
çəkməklə, müəllifin yumor hissini də dəyərləndirən M.Y.Bleymanın:
"Burada gizlənən dəyərli bir lətifə vardır. Kartoçkanı itirən
oğlana hamı yardımçıdır. İtirdiyini tapanda hamı onu kələkbaz
adlandırır. Burada obrazlı bütövlük yaratmaq üçün nə istəsən var.
İndi ssenari laxlayır", filmin gələcək rejissoruna çərçivə
qoyulmadığını, çörəyin dəyərini vurğulamağın, verilən hər tikənin
qəhrəmanlıq dərəcəsinə qədər yüksəldilməsinin vacibliyini
söyləyərək məsləhətlərini verən A.Y.Kaplerin: "Kartoçkanın itməsi
səbəbi məni hədsiz dərəcədə sancdı. Kartoçkaları gizlədən bu
fəndgir ana həyatda olmayan yalandır. Halbuki belə çətin hərbi
vəziyyətdə səfərə yollanan ana səfərə çıxarkən çörək kartoçkalarını
kitabın arasına yox, ən görümlü yerə qoymalı, birbaşa divara
mıxlamalı idi ki, itməsin – bu, gerçək deyil" fikirləri
peşəkarların apardığı müzakirənin yüksək səviyyəsindən xəbər
verir.
Şamil Mahmudbəyovun 1969-cu ildə quruluş verdiyi "Şərikli
çörək" filmi rejissorun uşaq kinosu sahəsində tam püxtələşdiyinin
təsdiqinə çevrilir. Köhnə Bakı həyətinin halqavari dəmir
pillələri ilə yuxarı qalxan uşağın əlindəki vedrənin
üzüaşağı diyirlənərək suyun həyətə tökülməsi ilə yaranan
qalmaqaldan sonra alman əsirlərinin küçədən keçirilməsi
filmin zaman-məkan həllini göstərir. Əsirləri uzaqdan
müşahidə edən, cəsarətlə yaxınlaşıb yanınca gedən,
faşistsayağı salamlamaqla başındakı qəzet papağa qapaz alan
uşaqların arasında Vaqifin (Kamran Rəcəbli) atasının
cəbhədə, anasının isə ezamiyyətdə olduğundan tək
yaşayan bu balaca oğlanı diqqət mərkəzində saxlayır. Və
həyətdə şövqlə rəqs edən, mahnı oxuyan xırda uşaqların arasında
mürəbbə yaxması ilə peyda olan gonbul oğlana hər tərəfdən
yaxınlaşıb xorla "Çörək verənin özü çıxsın, verməyənin
gözü çıxsın" deyən ac uşaqların müşahidə metodu ilə lentə alınması
mühitin mənzərəsini rejissorun peşəkar üslubu hesabına açır.
Uzun, hay-küylü çörək növbəsində əllərinə sıra
nömrəsini yazanları bir xətt üzrə nizamlayan İsmayıl baba
(Ağahüseyn Cavadov) ilə xırda qara çörək tikələrinə
dikilən nəzərlər, uzanan uşaq, qoca əlləri fonunda
qəflətən Vaqifin çörək kartoçkasını itirdiyinin bəlli
olması fabulanı yaradır. Və bu fabulanın ekran həllində
ətrafdakıların, satıcının baxışları altında tərəzinin gözündəki
çörəyi əldə etmək hüququ verən kağız parçasını tapmaq üçün
ciblərini eşələyən Vaqifin susub göz yaşlarına qərq olmasının
yaratdığı pauza ürəkləri dağlayır. Məhz uşaqların, böyüklərin və
xüsusən satıcı ilə Vaqifin yaratdıqları bu pauza məqamı müharibədə
valideynlərini itirmiş kinoşünas İqor Zolotusskinin nəzərindən
qaçmır. Onun "İskusstvo kino" jurnalının 1971-ci il 2-ci sayındakı
"Erkən çağın çörəyi" məqaləsindəki: "Bu pauza ona görə müstəsna
əhəmiyyət daşıyır ki, Şamil Mahmudbəyovun filmi mətn deyil, təsvir
üzərində qurulur" qənaəti rejissorun peşəkar üslubunun sırf ekran
sənəti ilə bağlılığını üzə çıxarır. Məhz təsvirə önəm verilməsi
filmin dramaturji qüsurlarının da üzərindən sığal çəkilməsinə
şərait yaradır. 1971-ci ildə çıxan "Sovetskiy ekran" jurnalının
2-ci sayındakı "Həlledici dəyişkənlik sorağında" məqaləsində film
barədə: "Əsərə canlı müşahidələr gətirən müəlliflərin qədir–qiyməti
dramaturgiyanın açıq-aşkar zəifliyi ilə üzləşir; haradasa filmin
ortasında tamaşaçının gözlədiyi həlledici hadisə, vacib dəyişkənlik
baş vermir" yazan Anri Vartanov da ssenarinin qüsurlarını üzə
çıxarır.
Bununla belə, ssenaridəki ideyanın gücünə arxalanan quruluşçu
rejissor müşahidə metodu hesabına vəziyyətdən çıxa bilir. Gözünə
dəyən əzik kağızları açan, durmadan ciblərini eşələyib
çörəklə bağlı kağız parçasını tapmadıqda göz yaşlarına qərq olan
Vaqifi İsmayıl babanın ovundurması, evinə aparması humanizmi
canlandırır. Çörək pulu qazanmaq üçün qonşu Rozanın (Sofa
Bəsirzadə) yununu çırpan Vaqiflə ögey ataya sığınan Leylanın
(Tünzalə Namazova) üstünə mürəbbə sürtülmüş xırda çörək
parçalarını acgözlüklə yeyərkən iş sahibinə böyüklərsayağı
"tənəffüsə çıxmışıq" demələri uşaqlığın itirilməsini
səciyyələndirən mətnə-detala çevrilir. Yay günəşinin
qızdırdığı asfaltda çılpaq ayaqları az qala yanan Vaqifin
yolüstü hansısa qoca ilə qarının verdiyi başmaqları geyinərək
evdə tapa bilmədiyi İsmayıl babanın arxasınca məscidə girməsi,
eyni yerişlə gəzdiyi qoca ilə göyərti almaq üçün gəldiyi
bazarda siqaret və oğurluq toyuq satan Genkanı (Mirzağa
Mirzəyev) görməsi süjeti uzatsa da, evdə yeməyə nə isə
axtararaq qənddandan ovcuna tökdüyü şəkər tozu ilə
qidalanaraq tədricən yuxuya getməsi fabulaya təkan verən
aclığı vizuallaşdırır. Həyətdə toyuq-cücə saxlamağı Rozaya
qadağan edən evlər idarəsinin müdiri Paşa Balayeviç uzun
illər radioda "Xoruz baba" uşaq verilişinin aparıcısı
Hüseynağa Sadıqovun ifasında audiovizual etüd həllini
tapmaqla təsviri zənginləşdirir. Hini boş görən Rozanın
şivəni və toyuqları oğurlamış Mitya ilə dalaşan Vaqifin
damlarını qırlamaq müqabilində qırçı Məhəmmədin (Fazil
Salayev) yanında şagirdliyə düzəlməsi süjet-fabula
əlaqəsini nizamlayır. Qır qazanının altındakı odunların
alışdırılması, suyun vedrələrlə daşınması, qaynar qatı
məhlulun qarışdırılması hər an təhlükəni önə çəkən
ekspressiya yaradır. Qaynar qazanın üstünə dırmaşıb tüstüdə
itən Məhəmmədin yardımçısı Vaqifin də üz-gözünün hisə
bulaşması mühit-personaj əlaqələrini dolğunlaşdırır. Başında
radio asılmış dirəyin altında Bülbülün oxuduğu nəğmənin
müşayiəti ilə kasad naharını edən hüznlü qırçı Məhəmmədin
faşist dəbilqəsindən düzəltdiyi iri çömçə ilə qır
qarışdırması müharibənin, düşmənə nifrətin parlaq obrazını
yaradır. Və ürəkgetməsi (kontuziyası) tutmaqla qaynar
qırda yanan Məhəmməd cəbhədə yayındığı ölümünə
yaxınlaşır. Beləliklə, kinomuzun bədii həllini tapmış
parlaq bir epizodu aktyor Fazil Salayevin ifasında daha da
cilalanır.
***
22 oktyabr 1970-ci il tarixli "Şərq qapısı" qəzetindəki
"İstedadlı film ustaları" məqaləsində bu ekran əsərinin digər
məziyyətləri ilə yanaşı ifaçıların oyununa da nəzər salan İsa
Həbibovun istedadlı sənətkar Fazil Salayevin bu rolu barədə
yazdığı: "Bu obraz "Şərikli çörək" filmində ən yaxşı aktyor
müvəffəqiyyətidir. Heç şübhə yoxdur ki, qırçı Məhəmmədin
günorta vaxtı müharibəni düşünə-düşünə muğamata qulaq asarkən
yaşarmış gözlərinin ifadə etdiyi məna uzun müddət tamaşaçıların
yadından çıxmayacaqdır" fikirlər dərin müşahidənin nəticəsidir.
Vaqifin su satdığı bazarda hündürboylu Yeniyetməyə (Əbdül
Mahmudov) pencək əvəzinə kağız bükülüsünün sırınması baş
vermiş faciəni unutdursa da, qazandığı pula pay alıb
Məhəmmədin yanına xəstəxanaya gedən Vaqifə dostunun
ölümünün bəlli olması müharibə fəlakətini maneələri dəf
etməklə-dramaturji qanunla üzə çıxarır. Yaylıq
bağladığı dizinə kömürlə qaş-göz çəkərək yaratdığı
gəlinciyi oxşayan qızcığaz müharibənin yaratdığı məhdudiyyətin
audiovizual həllini verir. Yeşikdə quraşdırılmış
fırlanan şəkilli diskləri (taumatrop) nümayiş etdirməklə
"kefə baxan" Paris həyatını göstərən qocanın gəlişi ilə
canlanan həyətdə Ariflə süpürləşərkən yerə düşən kitabın
arasından tapdığı itmiş kartoçkanı götürüb çörək mağazasına
qaçan Vaqifin aldığı qara çörəyin xırda tikələrlə uşaqlar
arasında bölünməsi ümumi dərdlə birləşənlərin həmrəyliyini
uğurla nümayiş etdirir.
16 may 1970-ci il tarixli "Ədəbiyyat və incəsənət" qəzetindəki
"Şərikli çörək" məqaləsində: "Vaqifin yaşadığı həyətdəki uşaqlardan
Genka "qazanc" yolunu tapıb. O, toyuq da oğurlayır, su da satır.
Vaqifi də öz yolu ilə aparmaq üçün çox çalışır. Lakin çörək
kartoçkasını itirib, aclıq çəkən Vaqif Genkaya qoşulmur. Çünki
artıq o, yaxşı və pis adamları ayırmağı bacarır. Sonradan su
satmağa gedəndə də öz ürək təmizliyini, pisliklə barışmazlığını
biruzə verir" yazan Fərman Kərimzadə bütün məhrumiyyətlərə dözərək
mənəviyyatını qoruyan balaca qəhrəmanı dəqiq səciyyələndirir.
"Ulduz" jurnalının 1970-ci il 12-ci sayında, teatrşünas Atababa
Hacıbabayevin "Biz də şərikik" məqaləsində balaca Vaqif haqqındakı:
"O, bir parça çörək üçün hər bir əziyyətə dözür, lakin həmişə
vüqarla gəzməyə çalışır. Çörək qıt olsa da onun uşaq qəlbi
genişdir, həssasdır. O, çörəyin timsalında kədərini hamı ilə bölür,
evlər yıxan, el-obanı viran qoyan müharibə bu uşağın əzmini
qırmaqda acizdir" cümlələri də dəqiq müşahidənin məhsuludur.
Doğrudan da, bu filmin adına çıxarılan çörək müharibənin
məhrumiyyətlərinin obrazına çevrilə bilir. Finalda filmin
bəstəkarı Vasif Adıgözəlovun yazdığı, Oqtay Ağayevin
ifasında səslənən "Nəğmə susdu dodaqlarda" mahnısında
çiçəklərin dilə gəlməsi, atanın cəbhədə olduğunun,
laylaların nənnilərdə pozulduğunun, uşaqlığın uzaq
düşdüyünün, oyuncaq yoxluğunun, ata, ana səsinin
doyunca eşidilmədiyinin, buruqlar şəhərinin qoynunda
tikəni yarı bölməklə al səhərin gözlənildiyinin
təkrarlanması və müharibəyə dair "Hər şey cəbhə üçün"
şüarının su şırnağı ilə yuyulması mexaniki sonluq yaratsa
da, uşaqların su damlaları altında rəqsi mövzunu uğurla tamamlayır.
Fərman Kərimzadənin: "Filmin kompozisiyası maraqlıdır. Xüsusən
başlanğıc və sonluq yaxşı tapılıb. İlk kadrda Vaqifin əlindən
düşmüş vedrə dəmir pilləkənlə diyirlənir, su yağış kimi həyətə
tökülür. Əsər "yağışla" da qurtarır. Amma bu dəfə divara yazılmış
"Hər şey cəbhə üçün" şüarını yanğın söndürən kranı yuyur. Su yağış
kimi həyətə səpələnir... Müharibə qurtarıb, çətinliklər geridə
qalıb" cümlələri obrazlı bədii çərçivəni dəyərləndirir.
***
1 iyul 1997-ci il tarixli "Kino"
qəzetinin bütünlüklə Şamil Mahmudbəyova həsr olunmuş 1335-ci
sayında sənətkarın ana bir ata ayrı, böyük qardaşı
geologiya-mineralogiya elmləri doktoru, professor Adil Seyidovun
"Bir insanın taleyi və ya tərcümeyi-hal əvəzi" məqaləsindəki
faktları həyəcansız oxumaq olmur. Biz bu məqalədən ömrünün əlli
ilini kinomuzun inkişafına həsr etmiş sənətkarın, İrəvan
bəylərindən olan, seminariya təhsilli anası Şövkət xanım
Kazımbəylinin birinci əri Mirhidayət Seyidovun Cümhuriyyət
liderlərindən biri olub düşmənlər tərəfindən öldürüldükdən sonra
iki körpə uşaqla tək qaldığını, sovet hakimiyyətinin ilk illərində
Ordubadın raykom katibi, Naxçıvanın kənd təsərrüfatı naziri Fərəməz
Mahmudbəyovla ailə qurmasını, bu izdivacdan olan Şamilin atasının
həbsə alınaraq güllələnməsindən beş ay sonra dünyaya gəldiyini,
müharibədə yaralansa da, Berlinə qədər getdiyini öyrənirik.
Məqalədəki: "O, müəllimlərinin sevimli tələbələrindən biri idi. S.
Gerasimov onun böyük sənətkar olacağına ümid bəsləyirdi. Artıq
təhsilini başa vurub Bakıya qayıdandan sonra da müəllim və tələbə
arasındakı ünsiyyət doğmalıq münasibətlərinə çevrilmişdi. Şamil
Moskvaya gedəndə həmişə onların evində qonaq qalardı" xatirəsi
maraqlı məqamları işıqlandırır. Professorun: "İçməyi ilə bağlı
söz-söhbətlərə gəldikdə isə onu deyə bilərəm ki, qardaşım məndən
fərqli olaraq bir az bədbin, sənətkar kimi isə qəlbi kövrək idi.
Bir arada onu çox incitdilər. Son dövrdən isə danışmağa dəyməz. O
kökdə də sənətkar olar, pulu yox, bir fərli paltarı yox. Axı
sənətkarın qayğısına qalarlar, ona əl tutub kömək edərlər"
fikirləri sonda haqlı ittiham kimi səslənir.