Nikolay Alekseyeviç
Nekrasovun çox əcayib şəxsi həyatı olub.
O, 1846-cı ildə evli xanım Avdotya Panayevaya rast gəlir.
Qeyri-adi cəlbedici, çox qabiliyyətli, iradəli və ağıllı qadın olan
Avdotya əri İvan İvanoviç Panayevin evində toplanan ədəbiyyat
salonunun sahibəsi idi. Onların nikahını mezalyans (ictimai
vəziyyətləri bərabər olmayan şəxslərin evlənməsi – tərc.) hesab
edən gələcək qayınanasının iradəsi xilafına 19 yaşında Panayevə ərə
gedən Avdotya Yakovlevna çox tezliklə qonaqpərvər sahibəyə və evin
əsl ruhuna çevrilir. Onun iri gözləri, incə beli və sözsüz ki,
ədəbi istedadı gənc, lakin artıq kifayət qədər tanınmış
Çernışevski, Dobrolyubov, Turgenev və Belinskini Panayevlərin
dərnəyinə cəlb etmişdi. Əri isə, adlı-sanlı və zəngin ailədən
çıxmış, bütün məşhur jurnallarda dərc olunan uğurlu yazıçı çox
tezliklə subaylıq vərdişlərinə qayıdır. Şıq geyinərək
bəzənib-düzənir, veyil-veyil gəzir, əyyaşlıq edir, hər ətəyin
ardınca sürünürdü - müasirləri Panayevi belə xarakterizə edirlər.
Lakin buna baxmayaraq, onun zövcəsi qarşısına çıxan ilk adamın
ağuşuna atılmır. Hətta tezliklə Panayevlərin evinə dəvət olunan
Nekrasov da bu füsünkar qadının diqqətini cəlb etmək üçün çox
dəridən-qabıqdan çıxmışdı. Heç kəsə sirr deyildi ki, Fyodor
Dostoyevski də Avdotyaya dəlicəsinə vurulmuş, lakin sevgisinə
qarşılıq ala bilməmişdi. Ancaq bir dəfə Panayev cütlüyü və
Nekrasovun Kazan quberniyasına səfərlərinin birində Avdotya və
Nikolay Alekseyeviç bir-birilərinə sevgilərini etiraf edirlər və
qayıtdıqdan sonra Panayevlərin mənzilində vətəndaş nikahında
yaşamağa başlayırlar. Həm də Avdotyanın qanuni əri İvan İvanoviçlə
bir evdə... Çox böyük ictimai qınağa səbəb olan bu qəribə həyat nə
az, nə çox, düz 16 il, Panayevin ölümünədək davam edir. Nikolay
Alekseyeviç haqqında deyirdilər ki, o, başqasının evində yaşayır,
başqasının zövcəsini sevir, hələ bir qanuni ərə qısqançlıq
səhnələri də oynayır. Dostlarının çoxu ondan üz döndərirlər.
Sevgililər isə xoşbəxt idilər. Panayeva hamilə qalır, Nekrasov
ən gözəl şeirlərini – "Panayev silsiləsi"ni yaradır, bir çox
əsərləri cütlük birlikdə yazır və redaktə edirlər. Çox böyük uğur
qazanmış bir neçə roman iki müəllifə - Nekrasov və Stanitskiyə
(Avdotya Yakovlevnanın təxəllüsü) məxsusdur. Qeyd etmək lazımdır
ki, üçlük "Sovremennik" jurnalının yenidən bərpa edilməsi və
inkişafı işində həmfikir, mənəvi arxadaş idilər. Görünür, onların
bu yaradıcılıq ekstazı yazarların kifayət qədər orijinal həyat
tərzi ətrafında dolaşan meşşan dedi-qodusu və qeybətindən daha
dəyərli idi.
Tezliklə Avdotya Yakovlevnanın Nekrasovdan bir oğlu olur, ancaq
o, çox yaşamır.
Nikolay Alekseyeviç təxminən elə bu vaxtlar xəstələnir. Deyirlər
ki, onların münasibətlərinin pozulmasına gətirib çıxaran güclü əsəb
tutmaları, əhvali-ruhiyyənin dəyişməsi də məhz bununla bağlı idi.
İvan Panayevin ölümü də, Nekrasovla Avdotya Panayevanın ayrılması
da 1860-cı ilə təsadüf edir.
Şair ömrünün bu dönəmində tez-tez rəfiqələrini dəyişirdi, ancaq
onlardan biri ilə münasibətləri öz ciddiliyi ilə digərlərindən
fərqlənir. Fransız aktrisası Selina Lefren-Potçer və onun rus şairi
ilə məhəbbət macərası haqqında çox az yazırlar – güman etmək olar
ki, bunun səbəbi bu bağlılığın Nekrasovun yaradıcılığında heç bir
əhəmiyyətli iz qoymamasıdır. Lefrenin otuza yaxın yaşı vardı,
xususi gözəlliyi ilə seçilmirdi, amma füsünkar və fəhmli idi,
royalda çalıb oxuyurdu. Hekrasovla çətin anlaşırdılar, çünki şair
fransız dilini bilmirdi, o isə rus dilində bir-iki kəlmə
öyrənmişdi. Çox vaxt Lefren haqqında bir qədər kapital yığıb vətənə
dönmək üçün kişinin mövqeyindən istifadə edən klassik məşuqə kimi
danışırlar. Fransız aktrisası ilə məhəbbət macərası Avdotya
Yakovlevnanın gözləri önündə başlayır. Nekrasovun heç nəyi
gizlətməməsi və onu təsərrüfat müdirəsi rolunadək alçaltması
Panyevanı çox təhqir etmiş və incitmişdi. Odur ki, Panayeva 20
illik birgə həyatdan sonra onu tərk edir və çox keçmir ki,
"Sovremennik"in ədəbi katibi Qolovaçevə ərə gedərək yeganə qızını
dünyaya gətirir. Qolovaçevlə nikah xoşbəxt və uğurlu alınır. Onlar
13 il birlikdə yaşayırlar, lakin o, vərəm xəstəliyindən dünyasını
dəyişərək Avdotyanı 11 yaşlı uşaqla tək qoyur.
Maraqlıdır ki, şairin bütün yaxınları – bacıları, qohumları
Panayevanı Nekrasovun bütün rəfiqələrindən seçirdilər, ona heyran
olduqlarını bildirirdilər. Selina Lefrenin vaxtında da evin ailə
düzəni pozulmamışdı, lakin Nekrasovlar ailəsinin Panayeva ilə olan
münasibətinə o, heç yaxın da düşə bilməmişdi. Selinanın Parisdə
balaca oğlu var idi, bundan başqa o, tez-tez Peterburqun iqlimindən
şikayət edirdi və 1867-ci ildə Parisə gedərək bir daha heç vaxt
geri qayıtmadı. Onun gedişindən dərhal sonra Nekrasov Meyşenlə
görüşməyə başlayır. Gənc dul qadın Praskovya Nikolayevnanı Nekrasov
Yaroslavldan gətirmişdi. Bu qadın haqqında bircə bu məlumdur ki,
onu heç kim heç vaxt əlində kitab və ya musiqi aləti ilə görməyib.
Amma əvəzində şairin qara atında gəzməyi çox sevirdi və onu gənc
general arvadı sananda hədsiz sevinirdi. Sözün əsl mənasında bu
bəsit qadın Nikolay Alekseyeviçi tezliklə bezdirir, şairin
dostlarını və doğmalarını onun evindən uzaqlaşdırır və o,
Praskofyanı Yaroslavla geri göndərir.
Bu zaman Nekrasovun 48 yaşı var idi. Çox tezliklə ilk və yeganə
qanuni zövcəsi – sadə rəiyyət içərisindən çıxmış 19 yaşlı Fekla
Viktorova şairin həyatına daxil olur. Şair onun adını qətiyyən
bəyənmirdi, odur ki, Fekla Zinaya, Zinaida Nikolayevnaya çevrilir.
Şairin doğmalarının sözlərinə görə, Zina kök, tərtəmiz ev
qulluqçusuna bənzəyirdi, savadı yox idi, Peterburq mağazalarını
dolaşmaqdan ötrü ürəyi gedirdi, Nekrasovun əllərindən öpür, onun
şeirlərini əzbərləyirdi. O, inadla Nekrasova olmağa can atırdı və
56 yaşında ölümcül xərçəng xəstəliyinə düçar olmuş, bir dəri-bir
sümük qalmış şair Zina ilə nikah kəsdirir, yarım il sonra isə vəfat
edir.
Şairin vəsiyyətnaməsinə əsasən, "Çudovskaya Luka" malikanəsi və
Peterburqdakı mənzil Zinaya qalır. Şayiələrə görə, Zina bütün
bunların hamısını şairin qohumlarına paylayır. Halbuki sonralar
onlar Zinanı heç astanadan içəri də buraxmır, onu tanımaq belə
istəmirdilər. Beləliklə, Fekla-Zina Saratova qayıdır və son
gününədək çox qapalı və sadə həyat keçirir. Şair öz əsərlərinə olan
hüququ bacısı Anna Alekseyevna Butkeviçə vəsiyyət edir.
Nekrasov kifayət qədər imkanlı idi. O, "Sovremennik"in işinə
praktik yanaşması ilə fərqlənirdi. Bundan başqa onun çox əcaib bir
xüsusiyyəti var idi – kartda bəxti inanılmaz gətirirdi. Nekrasov
İ.İ.Panayevin "Sovremennik"ə qoyduğu pulu onun ölümündən sonra
arvadına qaytarmışdı. O, Lefrenə də maddi köməklik göstərirdi.
Deyirlər ki, Zina ilə münasibətlərinin lap başlanğıcında o, Parisə
Selinanıın yanına getmiş, 3-4 həftə orada qalmış və qayıtması üçün
ona yalvarmışdı. Demək olar ki, eyni vaxtda da dostlarına
Panayevadan ötrü darıxdığını yazırdı.
Hər necə də olsa, Nekrasovun macəraları çox idi. Lakin şairi
sevənlərin hamısına yaxşı məlumdur ki, "Nekrasovun qadınları"
içərisində onun irsinə layiq olan yeganəsi - Avdotya Yakovlevna
Panayeva idi.
Tərcümə etdi: Təhminə C.B.