"Türmə əhvalatları" layihəsində
Hilal kişinin hekayətlərinə qulaq asmaq hər kəsə nəsib
olmazdı. Amma mən onun bütün söhbətlərinin qulaq yoldaşı idim. Mənə
ürək qızdırırdı, həm də axı onu mən danışdıra bilirdim. Elə ilk
gündən qaradinməz adam olan Hilal kişinin nəbzini tutmağı
bacarmışdım. Beyləqanın Eyvazalılar kəndindən idi. Ali təhsilliydi,
uzun müddət zootexnik işləmişdi. Sovetlər dönəmində pis
yaşamayıb.
"Sonradan isə, dolanışıq çətinləşdi, başlı başını saxladı, mən
də zirəng adamam, itib batmadım", - deyirdi.
Heç olmasa hər ailədən bir nəfər
saxlayaydılar
Hilal kişi mal-qoyun oğurluğuna görə həbs olunmuşdu. Narkotik
satan, istifadə edən, ev yaran, adam bıçaqlayan məhbuslara
yuxarıdan aşağı baxardı. Deyirdi ki, bu, yaxşı hal deyil. Cinayət
edən də gərək milli adət-ənənəyə, mentalitetə uyğun cinayət edəsən.
Tutulması ilə bağlı isə həmişə:
- Mənə qarşı haqsızlıq olub. Özümlə bərabər 2 oğlumu, bacım
oğlanlarını, qardaşım oğlunu da tutublar. Gərək heç olmasa hər
ailədən bir nəfər saxlayaydılar, - deyirdi.
Hilal kişi hündürboy, sivriburun, yaşı 70-in həndəvərində
fırlanan cəld bir adamdı. Uzun-uzadı söhbət etməyi xoşlamasa da,
mənimlə söhbəti uzun çəkərdi. Bir də görərdin, bacısı oğlunu
göndərdi ardımca:
- Get, şairi çağır gəlsin, çay içək.
O, bacısı oğlu ilə birgə tibb məntəqəsində qalardı. Seçimi özü
etmişdi:
- Bu uşaq mənə oxşayıb. Bu uşağa görə ataların bəzi sözlərinə
inanmışam; qoç igid dayısına oxşayar. Yoxsa bu günün işini sabaha
qoyma, deyən atalar çox səhv danışıblar. Bunu deyən hər kimdirsə,
bizim Seyid kimi olub. ("Seyid" ayamalı dustaq – Əliyev Nizami,
Beyləqan icra hakimiyyəti başçısının müavini olmuşdu.
Sayılıb-seçilən, nüfuzlu ailədən idi. Elə özü də kifayət qədər
nüfuz sahibiydi. Yalan danışmaqda isə, ona çatan olmazdı.) Hilal
kişi deyirdi ki, axırıncı dəfə dəstəsi ilə Haramıya basqın edəndə
hiss etdim ki, bizim üçün "zasada" qurulub. Amma o qədər yol
gəlmişdik. Dedim, atalar deyib ki, bu günün işini sabaha qoymayaq,
gəlmişik, görək nə edirik. Və ilişdik.
Bacısı oğlu ardımca gəldikdə, vaxt tapan kimi, qaldığım otaqdan
2 otaq o tərəfə keçərdim, çay içib, söhbət edərdik.
Onun ailə üzvü olan başqa dustaqlar baraklarda qalırdı. Bir oğlu
isə azadlığa çıxmışdı. Hilal arada təəssüf edirdi:
- Kaş bu birini buraxaydılar. O, elə əvvəldən əfəl idi. Gedib
çöldə guya nə edəcək ki?
O, elə kişi deyil, halala haram qatmaz
Hilalın mal-qarası, qoyun-davarı xeyli idi. Özü içəridə olsa da,
çoban tutmuşdu və mal-heyvana nəzarəti yetərincə idi. Ərzağı,
pulu-parası daima vardı. Bic-bic gülüşləri də olardı. Həmin anda
xırda, qıyıq göz qapaqları kirpiklərin arasında tamam
"kilidlənərdi".
Söhbətə tutardım, istəyirdim cırnadam, alınmırdı.
- Hilal kişi, sən burdasan, birdən çoban atdı
sənə?
- Atmaz, - deyirdi.
Əl çəkmirdim:
- A kişi, axı sən də, uşaqlar da burdadır, hələ neçə il
də qalacaqsan, bu çoban da ki... iştaha diş altdadır da, bir də
gördün basıb yedi qoyunlarını. Hay da saldı ki, canavar aparıb,
xəstələnib, borana düşüb və sair.
- Eləməz, o, elə kişi deyil, halala haram qatmaz. Əmanətə
xəyanət etməz, - deyirdi Hilal kişi və xırda-xırda gülürdü.
- Bəs sən niyə edibsən? Camaatın mal-heyvan sürüsünü
aparıbsan? Bu da haramdır axı.
Əlini cibinə salardı. Daima oxuduğu yasin surəsini çıxarıb 3
dəfə öpüb gözünün üstünə qoyardı:
- Bu Quran mənə qənim olsun ki, halal adamın malını aparmamışam,
aparmaram da. Mən nazirin, prokurorun, pambıqla baş kəsib Haramıda
mal heyvan sürüsü saxlayanların yatağına, otlağına girmişəm. Özü də
əcəb eləmişəm.
Əsalandırırdı ki, heç kəs halal yolla bu qədər var-dövlət sahibi
ola bilməz. Mən də nə pislik eləmişəm ki? Onlardan götürüb
yetim-yesirə paylamışam.
Nəyi pisdir ki...
Onun "yetim-yesirləri" öz yaxınları idi. Qardaşı uşaqları,
bacısı uşaqları və sair.
- Nəyi pisdir ki, ev-eşik qurublar, evləniblər, əllərinə
damazlıq salıb, mal-heyvan sahibi olublar. Yoxsa aclarından
öləcəkdilər. Əslində, onlar sevinməli idilər ki, onların
sürülərindən gedən 10-15 qotur mal-qoyunla insanlar öz rifahlarını
yüksəldir.
Hilal kişi zootexnik olduğu üçün mal-heyvanın dərdini, onlara
qulluq qaydalarını yaxşı bilirdi. Bu baxımdan da təsərrüfatı böyük
idi. Çobanları haqda isə bunu deyirdi:
- Onlar bunu etməz, çünki halal adamdılar, yoxlamışam və
üstlərində nəzarətim var.
Hilal kişi ilə dostluğum onun Seyidə qarşı antipatiyasından
sonra başlamışdı. Mən Seyidin olan-olmayan söhbətlərini guya
dəqiqləşdirmək üçün Hilaldan soruşurdum. Hilalın ona qarşı çox
qəzəbli olduğunu bilirdim. Ondan söz açdıqda:
- Şair, ona baş qoşma. O boyda ağır nəsildən belə adamın çıxması
yaxşı hal deyil. Bu adam cavan yaşından vəzifələrdə işləyib. Düz
adam olmayıb. Mən də vəzifə sahibi olmuşam. Amma bu, əzazil idi,
kolxoz sədri olanda da, sonralar başqa vəzifələrdə çalışanda da
tabeçiliyində olanları incidirdi. Seyid olsa da, butulkanın içinə
girirdi. İçkidən başı aynımırdı. İndi namaz qılmasına baxma. Çıxan
kimi yenə də içəcək.
Gedin pul qazanın
Hilal düz deyirdi. Azadlıqda Seyidlə çox oturub-durduq. Arağa,
"ceyran südü" deyib, başına çəkirdi.
Bir də gördün, öz qohum-əqrəbasını yığdı başına, simsar adamları
da. Onlara öyüd-nəsihət verdi:
- Nədir boş-boşuna oturubsuz burda. Gedin pul qazanın.
- Haradan qazanaq, necə qazanaq, görmürsən, "zon"dayıq? Narkotik
sataq? - cavanlar gileylənirdi.
Bu cavablar Hilal kişinin xoşuna gəlməzdi:
- O işə girişsəz, əlinizi kəsərəm. Narkotik yaxşı əməl deyil.
Bax görürsən, dəstə düzəldiblər, pula futbol, voleybol oynayırlar,
ştanq qaldırırlar. Siz də qoşulun onlara. Mərc gəlin, nəyi yaxşı
bacarırsızsa, aranı qızışdırın, girişin yarışmağa. 1200 dustaq var
e burda. Hamısı ağıllı deyil ki, sizdən səfehi olanlar da var. Yenə
də gündəlik xərcinizi çıxararsız.
Yediyiniz burnunuzdan gələcək
Hilal kişi Cəzaçəkmə Müəssisəsinin nəzarətçiləri ilə də aranı
sazlamışdı. Arada onları tibb məntəqəsinin həyətindəki çay
süfrəsinə dəvət edib, öyüd-nəsihət də verirdi:
- Sizin qazandığınız halal deyil, əvvəl-axır yediyiniz
burnunuzdan gələcək. Bu dünyada da olmasa, o biri dünyada bunun
ağrısını çəkəcəksiz. Allah-taala sizə ona görə göz yumur ki, sizdən
yekələr daha çox harama əl qatır. Allah da uşaq deyil ki, deyir,
ayıbdır, gərək əvvəl o yekələri tıncıxdıram, sonra sizi. Siz də
fürsətdən istifadə edib, binəva dustaqları incidirsiz. Əllərində
olan 1-2 manat pulu alırsız. Ayıbdır. Sabah sizi tutsalar, siz
öləsiz bu ağacların bir dənə də düz budağı qalmayacaq, hamısını
kəsib paz düzəldib çalacaqlar sizə. Bax ona görə də insaflı
olun.
Nəzarətçilər çaylarını içər, gedəndə də "Ağsaqqal, bir siqaret
pulu ver", - deyib, 2-3 manatlarını alardılar. Amma əməllərindən əl
çəkməzdilər.
Bir dəfə zarafata Hilal kişidən soruşdum:
- Ağsaqqal, böyüyəndə nə olacaqsan?
Sualım ona ləzzət elədi.
- Düz deyirsən, şair, uşaq kimiyəm. Ürəyim kövrəkdir, təmiz
adamam, heç kəsin malında gözüm olmayıb, gərək zəmanəyə uyğun adam
olum. Mənim kimi təmiz adamlara bu dünyada yer yoxdu.
Bilmirdim məni dolayır, yoxsa həqiqətən özünü saf adam
bilir.
Öz qoyununu özünə satırdım
Az keçmirdi ki, söhbəti dəyişirdim və macəralarını nəql edirdi.
Nə vaxt kimin qoyun yataqlarına basqın ediblər, aparıb, harda, kimə
satıblar və sair.
- Hilal kişi, səndən yaxşı mal-qoyun oğrusu çıxar, bəlkə
böyüyəndə bu işlə məşğul olasan? - yenə zarafat
edirdim.
- Yox, həvəsdir-bəsdir. Bu dəfə qəssablıq edəcəm. Qoy indi də
başqaları oğurlayıb gətirib mənə satsınlar...
Onun ən çox həvəslə danışdığı bir hadisə vardı.
- Sən öl, şair, bir nəfərin qəssab dükanları vardı, həm də çoxlu
qoyun-quzusu. Kəsdiyimiz çörək gözümü tutsun, yalan deyirəmsə, onun
öz qoyunlarını özünə satırdım. Dostlaşmışdıq. Mən tutulanda
kədərləndi, dedi, sən mənim çörək ağacım idin...