Azərbaycanın, bütövlükdə türk dünyasının sevimli,
doğma-qərib şairi Məmməd İsmayılı soraqlayıb əlaqə saxladıq.
"Layihəmizin qonağı olarsınızmı?"- deyə soruşduq... razılığını
alıb, suallarımızı verdik.
Vətən də qürbətin içinə gəlir
- Məmməd bəy, "Soraq" layihəmizdə sizi soraqlayıb,
görüşüb hal-əhval tutmaq istədik. Yeriniz məlumdur, səsiniz-sədanız
eşidilir. Elə də uzaq deyilsiz, uzaqda yaşasanız da. Amma yenə də
soruşaq, sorağınızı alan, sizi deyib yada salanlar azalmayıb
ki?
- Yox, azalmayıb. Niyə də azalmalıdırki?! Dağ bulaqlarından
dənizə can atan çayın suyu çoxala-çoxala getməsə, hədəfinə çatarmı?
Yəni əsas səsin olmasıdır. Səs varsa, səda da olacaq. Bunları ona
görə deiyirəm ki, əksinə, son zamanlarda məni arayıb axtaranların
sayı daha da çoxalıb. Cəmi qırx il bundan əvvəl oxuyarkən Moskvadan
Bakıya – evə zəng etmək üçün bir gün əvvəldən sifariş verməli və
sonra da mərkəzi poçtdan Bakının yığılmasını 5-6 saat gözləməli
idin. İnrernet çağının dünyanı sarıb-sarmaladığı bir vaxtda əlaqə
üçün qonşuda yaşamaqla dünyanın başqa bir köşəsində yaşamağın elə
bir fərqi qalmayıb. Hardasa vətən də qürbətin içinə gəlir. Və bir
anlığa hərdən keçən əsrin iyirminci illərində Türkiyədə mühacirətdə
olan Almas İldırım kimi şairlərimizi düşünür və öz taleyimlə
paralellər aparır, hardasa, daha şanslı olduğumu düşünürəm… Hələ
mən Romadan çox uzaqlarda Rumıniyada qandallar çürüdən antik dövrün
qürbət şairi Ovidiyi, ya da İtaliyada 23 il hicrət həyatı yaşayan
Viktor Hüqonu demirəm. Tez-tez xatırlanmağıma gəldikdə isə bu,
bəlkə vətəndən uzaqda olmağımın gətirdiyi bir internet rüzgarıdır
ki, hardansa sevgilərin ən mübhəm yerindən mənə tərəf əsməyə
başlayıb…
Həyatım əslində...
- Bəs siz kimlərdən daha çox xəbər tutmaq, soraq almaq
istərdiz, amma axtarmadınız, axtarılmadınız.
- Yanlış anlama, mənim həyatım əslində bir dastan qəhrəmanının
həyatına bənzəyir və bir neçə mərhələsi var. Ömrünün 26 ilini
kənddə və rayonda yaşayan, yetimlikdən minbir əzabla qurtarmağa
çalışan, yel dəyirmanları ilə Don Kixot misalı təkbaşına savaşan,
zorla özünü təsdiq etməyə çalışan və bunu bacaran Məmməd İsmayılla
Bakıda yerini isitməmiş Moskvaya oxumağa gedən Məmməd İsmayıl
hardasa bir-birinin davamı idi. Təhsildən dönən Məmməd İsmayıl isə
bir başqa adam olacaqdı. Sonra arxasızlıqdan futbol topu kimi
vəzifədən vəzifəyə atılmalar, amma bütün əngəllərə rəğmən, hər
işlədiyi yerdə də silinməz izlər buraxan 1975-1995-ci illərin
qovğalı ara tarixi:
Mən olan zamanın qulağı kardı
Eşidən deyildi nə söyləsəm
də…
Və 1995-ci ildən 2015-ci ilə qədərki qürbət illəri… Bunları ona
görə uzun-uzadı söylədim ki, yollar boyu o qədər xatırlanası və
əsla xatırlanmayası adamlar və olaylar var ki! Hansı birindən söz
açasan:
Yaşaya-yaşaya axırda ömrün,
Bu gün var, sabah yox, zamanı
gəldi…
Artıq nə yazıq ki, yaşın yetmiş beşi dostlarımın seyrələn,
hardasa yox olan çağına düşdü. Axtarsan da tapmayacağını bildiyin
üçün aramağın da anlamı qalmır...
Hər şeyin sonu var, ən uzun çay da
Hardasa başlayıb hardasa bitir…
Türkiyəyə öz başıma getməmişdim
- Türkiyədə də Azərbaycanda olduğu kimi sevilirsiniz.
Hansı ölkənin sevgisi, sevinci sizə daha doğmadır?
- Türkiyəyə özbaşıma getməmişdim. Oradakı sevgi də səbəbsiz
deyil. Moskvada Ali Ədəbiyyat Kurslarında oxuyarkən yolum tez-tez
Türkiyə səfirliyinin binası önündən düşürdü. Bir dəfə necə oldusa
gözümün qabağından Türkiyədə işləməyim və sonralar yaşamalı
olacağım hadisələrin bir çoxu gəlib keçdi. Amma bunlar olmuşlar
deyil, olacaqlar idi. Onda hələ Sovet İttifaqının ən gülcü vaxtları
- yetmişinci illər idi. O zamanlar işləməyə yox, turist kimi də
Türkiyəyə getmək müşkül məsələydi. Həm də gözümün önündən niyə iki
il təhsil aldığım Moskvada işləmək yox, uzaq Türkiyədə işləməyim
keçməliydi?! Başıma gələcəklərin, öncəgörmələrin bir başqa sübutu
isə 1989-cu ildə yazdığım (yaxud yazdırılan!) "Mən
Dardanel boğazıyam, Hamı məndən keçib gedər"
misralarıdır. Və işarətlər mənə sadəcə Türkiyəninin hər hansı bir
yerində deyil, hətta onun hansı səmtində yaşayacağımı tam yeddi il
əvvəl xəbər vermişdi...
Bunları uzun-uzadı anlatmaqda deməyim odur ki, Türkiyə mənə
taleyimin seçimidir. Taleyin seçimi isə hər zaman gözəl olur, seçən
də sevinməli, seçilən də:
Arının mәnzili gәlәcәkdisә,
Keçmişi gözlәri dolan pәtәkdi.
Musanı dağlara çәkәn nәydisә
Mәni dә qürbәtә o çәkәcәkdi...
Bir toplumun yox, sadəcə, bir adamın inamlı sevgisi dünyanı
yerindən oynada bilər. Allah bizdən o inamlı sevgiləri əksik
eləməsin!
- Hər halda Türkiyə nə qədər doğma olsa da, qürbətdir.
Qürbətin havası sizi havalandırmır ki?
- Burası qürbәt diyarı
Hәr şey ölçülü-biçili.
Burda nә şәrab içilir,
Nә bir qәnirsiz gözәlin
Yolunda candan keçilir.
Sabah yolum vәtәn sarı
Yağmuru, çamuru, qarı,
Seli olmağa gedirәm.
Adam olmaqdan usandım
Dәli olmağa gәdirәm.
Türkiyəyə yeni gəldiyim vaxtlarda ilk tanış olduğum, aramızda
isti münasibət yaranan tanışlarımın ilk sözü: "Hocam, sana çay
ısmarlayalımmı?" - olurdu. Tez-tez təkrarlandığından ilk diqqətimi
çəkən də bu ifadələr olacaqdı. Sonralar öyrənəcəkdim ki, hardasa bu
bir bardaq çay Sovet dönəmi Azərbaycanının bir qonaqlığına
bərabərmiş. Səbəbinin nə olduğunu Azərbaycanda da eyni duruma
gəlindiyində anlayacaqdım. Daha etmirəm, əvvəllər Azərbaycanda
olanda vəzifənin xumarlığında mürgülüyən "dostlarıma" zəng edəndə
telefonda çox mehriban danışırdılar. Nə vaxt əlaqə saxlayıb görüşək
sualıma: "Sən narahat olma, mən özüm sənə zəng edəcəm" - cavabı
gəlirdi... Və bu o demək idi ki, adam bir daha səni aramayacaq!
Zənnimcə, bu, bütün müsbət adətlərimizin, münasibətlərimizin
üstündən xətt çəkən və insanları insan ağalığının əlindən alıb
pulun hökmranlığına verən kapitalizmin əsas fəsadlarından biridir.
Fərqi yox, məkan harasıdır, Türkiyəmi, Azərbaycanmı...
Şairin içində həmişə qürbət havası var
- Hələ Sovetlər dönəmində Bakıda barmaqla göstərilən
gənclik illərinizdə yazdığınız şeirlərinizdə bir qürbət havası
vardı. Əsrik üçün, uşaqlığınız keçən yurd, bir otaqlı ev üçün
qəribsəyərdiz. İndi bu qəriblik sizi tənhalıq kimi
sıxmırmı?
- Şairin içində həmişə qürbət havası var və olmalıdır da. Hәm dә
bu hava Əsrik üçün, uşaqlığın keçən yurd, bir otaqlı ev üçün
qəribsəməkdən daha çox, bilinçaltı bir şəkildə nəyə qəribsədiyini
bilməyə-bilməyə, keçici məskəndə əbədi vətən üçün qəribsəməkdir
bәlkә dә:
Dünya – sürgün yeridir.
Yenilik – köhnәlikdir,
Әnәnә – qayıdışdır.
Sabah tәzә gün deyil
Dünәnә qayıdışdır.
Ölüm ölmәk deyil ki,
Vәtәnә qayıdışdır...
Belə olduğuna inanmasaydım, heç "Bu yurddan
o yurda bir ayrı yol yox Tanrım, gәrәk elә ölüb
gedәsәn?" misralarını yazmazdım...
Dərdin ömrü ömrümüz qədər
- Məmməd bəy, adama elə gəlir ki, siz inciksiz. Yaşın,
nüfuzun bu vaxtında, vədəsində kövrək, incik olmaq necə
olur?
- Fridrix Nitşe deyirdi ki, ağrı hər zaman yaranma səbəbini,
niyəsini, nəyə görəsini axtarır. Ləzzətin isə belə bir dərdi
yoxdur, tapdığı ilə keçinəndir. Hardan gəldiyinin kökünü belə
düşünmür. Qadından həzz alan kişi, çox zaman bu həzzin mənbәyi olan
qadını belə unudur. Buna görə əzab çəkən insanla kef çəkən insanı
müqayisә etmək yalnışdır. Mən bildiyin
atalı-arxalı, yağ içində böyrək kimi böyüdülən "bəxtəvərlərdən"
deyiləm və nə yaxşı da ki, belədir. Tikan güllə gül, tikanla dil
tapır, insan insanla dil tapa bilmir, nə yazıq ki... İncik olaram,
əlbəttə. 19 idir qürbətdəyəm, hələ Azərbaycan adlanan məmləkətdə
adını ziyalı qoyan kəsimdən bircə nəfər də hayqırmadı ki, bu Məmməd
İsmayılı hansı suçuna görə canı qədər sevdiyi vətənindən didərgin
düşüb?! Hərdən adama elə gəlir ki, nəinki hayqırmaq, hətta bu
durumuma görə sevinənlər də çoxdur. Beləcə,
"Dәrdә dәyirmançı olmaq görәvim, Nә qәdәr
üyütdüm dәrd azalmadı". Sevincin ömrü bir an, dərdin
ömrü isə ömrümüz qədərdir. Dərdimiz ovçudur, bizsə ovları. Bizimlə
doğulan və hər zaman da bizdən öndə gedən ölüm isə tanrının var
etdiyi ən mahir oğrudur, sonda nəyimiz var çalıb aparır. Yetmiş beş
yox, lap yüz yetmiş beş il də yaşasan, yenə etdiklərinlə etmək
istədiklərin müqayisəyə gəlməz. İncik olmayıb da nə edəsən?
Durumundan razılığa səbəb yox ki...
Vətən mən çıxanda boynu bükükdü,
Boynu bükük qaldı məndən sonra da…
Dünyamızın coğrafi göbəyi
- Sizi daha çox nə çağırır? Nələrlə baş-başa qalmaq
istərdiniz?
- Hər bulaq çıxdığı yerin adından ad alır, insan da belədir.
Göbəyi harda kəsilib, dünyaya hardan boylanıb, ciyərlərinə ilk dəfə
dünyanın hansı səmtinin havasını çəkib, bu, çox önəmlidir. Bu
mənada, əlbəttə, məni ilk olaraq göbəyimin basdırıldığı yer -
Əsriyim çağırır. O kəndin sirli-sehirli dünyasını anlatmaqla
qurtarmaz. Bu, göydən anten saçlarımızla, yerdən ötürücü
ayaqlarımızla ruhumuza görünməz əllərlə hopdurulan ilahi bir
sevgidir. Və bu sevgini bilgisayar klaviyəsinə ötürməyə imkan yox!
Özbəöz Oğuz yurdu olan kəndimdən üzü Tanrı dağlarına, ordan da o
yana Himalay dağlarına qədər güneylə quzeyin türk vadisi uzanır. Və
taleyimə baxın ki, mən, türklüyün batı qurtaracağında yaşamalı və
işləməli, üzü günəşə Tanrı dağlarına baxmalı oldum. Bu türk vadisi
əslində dünyamızın coğrafi göbəyidir:
Əyilib su içən maraldı tayqa
Gözəllik önündə qatlanıb dizi.
Çağırar-çağırar məni də Baykal
Çağlayan qanımın qədim dənizi.
Sualınızın "nələrlə baş-başa qalmaq istərdiniz?" qisminə
gəldikdə isə… Həyatımda cəmi iki dəfə arzularımla imkanlarım
üst-üstə düşdü. (Doğrudur, işlədiyim başqa yerlərdə də nəsə
kimsənin etmədiyi, ya da etmək istəmədiyi, işlər etmişdim, amma…)
Keçən əsrin altmışıncı illərində Azərbaycan televiziya tarixində
ilk dəfə milli bir proqramın "Odlar diyarı" tele-jurnalının
yaradıcısı və redaktoru olmağım, ikincisi isə (və daha çox!!!)
1988-ci ildə yayın həyatına başlayan qurucusu və baş redaktoru
olduğum "Gənclik" və "Molodost" jurnallarındakı fəaliyyətim!
Cəsarətlə deyə bilərəm ki, o dönəm Azərbaycan mətbuatında cürət
edib kimsənin etmədiyi, ya da edə bilmədiyi işləri etdim.
Anamla bacımın məzarı...
Yeniyetməliyimin ilk çağlarında anam kolxozun camış fermasının
məhsuldarı idi. Yazları kəndimizin dağlara tərəf səmtində
cökələrin, zoğal ağaclarının bol olduğu bulaqlarıyla ünlü Çökəli
dərə vardı. Yazda dəyəmiz cökə ağacları və itburnu kollarının
dövrələdiyi yaşıl talada qərar tutmuşdu. Günlü yağışlı səhərlərin
birində dəyədən bayıra çıxdığımda yazılması mümkünsüz bir mənzərə
ilə qarşılaşacaqdım. Çevrədəki bütün itburnu kolları elə bil məni
heyrətləndirmək üçün sözləşib bir gecədə hamısı eyni vaxtda gül
açmışdı. Heç şübhəsiz içimə ilk şeir qığılcımları o təkrarsız
səhərdə düşəcəkdi. Və hər şeydən öncə o yerlərlə və dünayının ən
mübarək ana və bacısı olan, zamansız itirdiyim anamla bacımın
məzarları ilə baş-başa qalıb dualar oxumaq istərdim… Namərdlər,
adidən adi insanlıq haqqımı da əlimdən aldılar. Gündə görmək
istədiyim yerləri ildə bir dəfə də görə bilmirəm!
Gecələr xəyalən
- Kənddəki evinizin qapısı kimsə tərəfindən
döyülməyəndə, "Ağacdələn, döy qapımı, döy görüm" demişdiniz.
Qapınız döyülürmü? Başınıza nələr gəldi,
danışarsınızmı?
- Başıma nələrin gəldiyini sözlə danışdım da, danışacam da.
Qapımızın döyülüb-döyülmədiyi sualına qoy şeirimin misraları cavab
versin:
…Gecələr xəyalən kəndə gedərəm,
Çəpərlər dalından ulaşar itlər.
Çıxar yollarıma duruşunda qəm
Pərişan söyüdlər, salxım söyüdlər...
Düşüb qəriblərin yolu axşama,
İnsanın əməli görən gözüdür.
Bağlar arxasında görünən səma
Elə bil Allahın nurlu üzüdür.
Ayın şəfəqində çinar ağappaq,
Bayram xonçasını nurlayan şamdır!
O qoca qovağın kölgəsinə bax
Əlləri qoynunda qalan anamdır.
Görərəm taleyi pozulub haqdan,
Evimiz hələ də tənhadır, təkdir;
Yəqin sorağımı alıb uzaqdan
Sübhəcən gözləri yol çəkəcəkdir.
Dağlar arasında gecə qıfılbənd,
Qaranlıq dərələr qəm dolu tabaq.
Görərlər dərdimdən boğulur o kənd
Xoruzlar banlayar vaxtından qabaq.
Axı kim oyadıb inamı məndə,
Həyatı ölümlə baş-başa billəm.
Adna axşamları qayıtsam kəndə
Anamın ruhuyla rastlaşa billəm.
Bəlkə buna görə döyünür ürək,
Ruhların oyanan-Novruz ayıdır.
Anamın xəyalı pərvanələrtək
Nursuz evimizə dəyib qayıdır.
Kəmfürsət qohumlar, qanıb-qandırın,
Kim deyir doğmalar dönüb yad olsun.
Gedib evimizdə işıq yandırın
Yandırın, anamın ruhu şad olsun!
Allah üçün darıxmaq
- "Gəzməyə qürbət ölkə" deyiblər. Türkiyə sizin üçün
təkcə gəzmək üçün olmadı, yaşadınız və hazırda da yaşayırsınız.
Darıxırsınızmı?
- Bir zamanlar Allahın damarlarıma doldurduğu tərifi mümkünsüz
coşğu və ilham üçün darıxıram. Elə bir coşğu ki, onun həzzini
dünyada heç nə ilə müqayisə etmək olmaz. Görünür, dünyanın bir çox
önəmli sənətkarlarını qumara, içkiyə, uyuşdurucuya və bunların
arxasınca gələcək intihara sürükləyən Tanrı kəramətiylə atadan,
anadan hazır məhəbbət kimi ruhlara doldurulan enerjinin ömrün hansı
çağlarındasa buxarlanmasıdır. Gecələr dualarım hey bu yöndədir:
Allahım, nəyimi əlimdən alırsan al, yalnız özün verdiyin tükənməz
ilham enerjimə, yaşamaq eşqimə toxunma! Beləcə, uşaqlıqda,
gənclikdə deyil, insan qocalanda Allah üçün darıxır. Dünya
başdan-başa mistik olaylarla doludur. Könül gözü açıq olanlar
ətrafında çeşidli işarətlərin dönüb dolandığını görə bilir. Təbiət
dördqanadlı yoncası, günlü yağışı, göy qurşağı və nəsi, nəsiylə
sirlər aləmidir! Çox şükür ki, böyüdüyüm ortamın təsiriylə uşaqlıq
illərimdən bəri bu işarətlərin fərqindəyəm və onları "oxuya-oxuya"
həyatıma çəki-düzən verirəm. Bu işrətlər və onların təskinedici
diqtəsi olmasaydı, çətin ki, burada – Türkiyədə uzun müddət qala
bilərdim.
- Darıxmaq ən çox hara və kimlər üçündür?
- Darıxmaq sözünün kökü "dar"dır. İnsan dara düşdüyündə kimlər
üçünsə, nələr üçünsə darıxar. Bəzən bu kimlərin kimliyini, nələrin
nəliyini tapa bilmirik? Səbəbi məlum olmayan darıxmalar insanı
mistik dünyalara səsləyir. Bəlkə hansı ömrümüzdəsə və ya haçansa,
hardasa başqa dünyalarda gördüyümüz nəsnələr gözəgörünməz
çağrışımlarla bizi səsləyir? Və biz də bu səslərin oluşum
səbəblərini bilməyəndə darıxırıq. Sənə bəlkə qəribə gələcək, ömrüm
boyu təkrar-təkrar gördüyüm iki elə yuxum var ki, onları uzun zaman
görməyəndə darıxmaq azdır, canım sıxılır. O yuxularda gördüyüm
yerlər və hadisələr əsla bu dünyada görmədiyim, yaşamadığım
hadisələrdir. Gəldiyim yerlərin və ya ömrün sonunda gedəcəyim
yerlərin harasındansa çıxıb gəlirlər. Bir də tarixi yaddaşımızın
korluğundan əldən çıxartdığımız yerlər üçün darıxıram. Qürbətdə
sıxılan canımı dünyanın ən mübarək yerləri olan Kəlbəcərə, Laçına,
Şuşaya gedəbilməməyin ağrısı sıxır… sıxılma, görüm necə
sıxılmırsan?
Arası uzaqmı torpaqla dәnin,
Toxum dәn oldumu, kövşәnlәr bilәr…
Vәtәndә olanlar bilmәz, vәtәnin
Qәdrini qürbәtә düşәnlәr bilәr…
Yüz yerə yozulan əks-səda...
- Qurultaydakı çıxışınız birmənalı qarşılanmadı. Sizə
sonra iradlar da bildirildi. Amma çoxlarının ürəyincə olan çıxış
idi. Yuxarıda bəhs etdiyimiz inciklikdən dolayı hər hansı bir qəzəb
yox idi ki, çıxışınızda?
- Bu mövzuda danışmayacağımı düşünmüşdüm. Amma yenə də sual
ortaya çıxırsa, cavabını vermək gərəkir. Tənqidi çıxışıma gəldikdə
isə onun iki səbəbi var idi: birincisi, yaşadığım illər ərzində
xeyli demokratik aurası olan Türkiyədə qurultaylarda,
konfranslarda, hətda Böyük Millət Məclisi toplantılarında da kəskin
tənqidi qeydlərlə çıxış etmələrin adi hal olduğunu və tənqid
olunanların tənqidi top-tüfənglə qarşılamadığını, sonra da heç nə
olmamış kimi həyati münasibətlərin öz axarıyla sürüb getdiyini
görməyim idi. Bu göz alışqanlığım məni məkan dəyişiminin fərqinə
varmadan belə bir tənqidi çıxışa həvəsləndirə bilərdi. Qurultayın
birinci günü fasiləyə qədərki çıxışlara qulaq asanadək əsla çıxış
etmək niyyətim yox idi. Dəvət olunan qonaqların xalqın ən fəal,
aydın kəsimi sayılan şair və yazıçıların dalbadal çıxışlarının on
illərlə yığışan problemlərini gündəmə gətirmək yerinə ancaq bir
ünvana tərif oxuduqlarını görəndə çıxış etmək qərarına gəldim və…
çıxışımın Azərbaycan reallığında yüz yerə yozulan əks-sədası.
Anar mənim də adımı çəkmişdi
Özünüz fikirləşin 75 yaşlı, həm də qürbət də olsa, mikro
mühitindən məmnun bir adamın bu çıxışında məqsəd nə ola bilərdi?
Zatən qurultaydan əvvəl Birliyin başındakı adamı bir də yaşının
çoxluğuyla gündəmə gətirirdilərsə, ondan yaşı heç də az olmayan
mənim rəhbərlikdə yer almaq arzum ola bilərdimi? Qurultaydan sonra
mənim ada görə belə çıxış etdiyimi vurğulayanlar da yalan
danışırdılar. Guya mənə məlum deyildi ki, ad məsələsində Birlik
rəhbərliyinin təsir gücü nə qədərdir?! Anarın müsahibələrinin
birində "kimi xalq şairi görmək istəyirsən?" sualına verdiyi
cavabda 2-3 adamla birlikdə mənim də adımı çəkmişdi. Bu, üstüörtülü
də olsa, haqqını almayan, adı çəkilən adamlara bir mesaj idi:
Məndən olsa... Axı kimin verməsindən asılı olmayaraq yazıçılara
verilən adları Anarın adıyla bağlayırlar, nə də olsa təqdimatı
yazan (ya da yazdırılan!) odur. Bunları bilə-bilə mənim Anardan, ya
da Yazıçılar Birliyindən heç bir umacağım olmazdı. Və yeri
gəlmişkən onu da deyim ki, Yazıçılar Birliyinin nəyi varsa, beş on
işbazın yox, yarandığı gündən onun üzvü olan ölülü-dirili bütün
sənətkarların ortaq mülkiyyətidir.
Şopenhauer demişkən: "Ümumiyyətlə, öz daxili rahatlığını və
azadlığını - fərqi yoxdur, tamamən və ya qismən - hansısa
şan-şöhrət, rütbə, dəbdəbə, hörmət və şərəf uğrunda qurban vermək
ən böyük axmaqlıqdır..."
Böyük olanların dostları olmur...
- Məmməd bəy, sizin vaxtınızı aldıq. Bu müddət ərzində
mane olmadıq ki hər hansı işinizə?
- Yox, heç bir maneçiliyi yoxdur. Sadəcə, indi universitetdə
imtahan kağızlarının oxunan dönəmidir, suallarının cavabı da buna
görə gecikdi və bu vaxt darlığında cavablar da uzun oldu...
Dağlar dərələrin həsəd yeridir,
Böyük olanların dostları olmur…