Yuxarı

100 ilin şairlərinə qarışan riyaziyyatçı, filosof, şair…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
100 ilin şairlərinə qarışan riyaziyyatçı, filosof, şair…

"Gerçəkləşməyən arzular" layihəsi

Əli Şirin Şükürlü imzası ilk gündən oxucu diqqətini çəkmişdi. Ədəbiyyat biliciləri onun şeirlərindəki orjinallıqla bağlı müxtəlif fikirlər də səsləndirdi. İmzalar bolluğunda boy verən bu imzanın altında dərc olunan şeirlərin fəlsəfi yükü çox mətləblərdən xəbər verirdi. Sonradan isə Əli Şirin Şükürlü də şair, şeir bolluğunda 100 ilin şairlərinə qarışdı.

Amma imza itmədi. O, bu gün də yazır, müntəzəm dərc olunsa da, ədəbiyyat "arxeoloqları" nədənsə bu imzanı görmür.

O, şair olmaqla yanaşı həm riyazziyat, həm də fəlsəfə üzrə doktordur. "Gerçəkləşməyən arzular" layihəsində görüşmək istədiyimi bildirdim. İşdə olduğunu dedi və əlavə etdi ki, hazırda məşğulam. Bir az ərk, bir az zarafatla soruşdum:

- Əli Şirin, bu dəqiqə nə işlə məşğulsan?

- İşdəyəm də... Məlumatlara ötəri nəzər salıram. Sonra keçəcəm iş başına...

- Nə məlumatlardı elə səni özünə çəkib?

- Ümumi xəbərlər, ədəbiyyat səhifələri və sair...

- Sən riyaziyyatçısan, elmi dərəcən də var. Amma nədənsə dəqiq elmlərlə az maraqlanan adam kimi görünürsən.

- Elə görünür. Bildirim ki, elmi dərəcəmi riyaziyyatın çox maraqlı və geniş tətbiq sahəsi olan "Ehtimal nəzəriyyəsi" üzrə almışam. Elmin bu sahəsi və onun tətbiqi ilə bağlı elmi əsərlərim var. Son illər iki yeni məqalə hazırlamışam və müsbət rəy almışam. Amma təəssüf, hələ dərc etdirməmişəm. Ali məktəb tələbələri üçün "Ehtimal nəzəriyyəsinin elementləri" metodik vəsaitinin də müəllifi mənəm. Bundan savayı, yaradıcı sahədə də riyaziyyat mənim silahımdır, məntiqi təfəkkür formalaşdırması baxımından. Son illər riyazi məntiqə söykənən "Dünyaya yeni baxış" fəlsəfi essemi yazmışam və bu istiqamətdə iş davam edir. "İntellektual şeirlər"imə də az-çox bələdsən. Bütün bunlar dəqiq elmlərdən kənarda baş vermir. Bir də son vaxtlar daha çox düşüncə müstəvisində yeniliyə can atıram, elmin abstraksiyasını bədii-fəlsəfi düşüncə müstəvisində keçirməyə daha çox meyilliyəm.

Nəyi ehtimal etməyimizdən asılı olmayaraq

- "Ehtimal nəzəriyyəsi" dedin. Bəs həyatda necə, ehtimalların doğrulurmu? Daha çox nəyi ehtimal edirsən?

- Nə qədər istək var, o qədər də ehtimal var. Nəyi ehtimal etməyimizdən asılı olmayaraq, hər şey qanunauyğun şəkildə baş verir. Ehtimalım bəzən özünü döğruldur, bəzən də yox. Axı ehtimal təsadüfi hadisənin baş vermə ölçüsüdür. Təsadüfilik isə sırf subyektiv anlayışdır, yəni insan idrakından kənarda təsadüfilik olmur.

- İşdəsən, neçə illərdir dostluq edirik, amma hələ də nə işlə məşğulsan bilmirəm. Ümumiyyətlə, sənin işinin adı nədir?

- Uzun müddət yalnız elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşam. 2000-ci idən etibarən elmi-pedoqoji fəaliyyətlə yanaşı müxtəlif sahələrdə çalışıram. Hazırda "Şərq-Qərb" ASC (nəşriyyat-poliqrafiya müəssisəsi) Direktorlar Şurası sədrinin müşaviriyəm. Eyni zamanda BSU Yaradıcılıq Fakultəsində "Elmi təfəkkür və poeziya" movzusunda mühazirələr oxuyuram. Yeri gəlmişkən, qeyd edim ki, həm də bu mühazirələr əsasında metodik vəsait hazırlayıram.

- İstehsalatda olmaq yaxşıdır, yoxsa tələbələrin arasında?

- Hər birinin üstünlükləri var. Hazırda istehsalat həyatımım maddi tərəfini tənzimləyir, elmi-yaradıcı auditoriya isə mənəvi tərəfini.

- Əli, sən nələri arzuladın, nələrin ardınca uçmaq, qaçmaq istədin və gerçək olmadı?

- Səmimi deyirəm: ağlım kəsəni elmi-yaradıcı işlə məşğul olmağı arzulamışam. O işlə də məşğulam. Gerçək olmayan isə hələ ki, mükkəməl hesab etdiyim elmi-fəlsəfi modelimin ərsəyə gəlməməsidir. Buna da çalışıram. Ömür vəfa qılsa, qurduğum modeli daha samballı edəcəyimə ümidliyəm. Hazırkı modelim isə bədii yaradıcılığım üçün bir vasitədir, bunu mükkəməl düşüncə modelim də hesab edirəm. Düşünürəm ki, bədii mətnlərimin dəyərini artıracaq.

Uşaqlığım…

- Bunlar öz yerində və çox xoş. Amma çox istərdim ki, söhbətimiz sənin uşaqlıq, yeniyetməlik, gənclik illərinin də əhatəsində cəryan etsin. Əli, necə düşünürsən, uşaqlığın maraqlı keçib?

- Hə, maraqlı və sevgiylə dolu olub uşaqlıq illərim. Ziyalı ata məni daima özüylə müxtəlif şəhərləri gəzdirərdi. Ağıllı ana - təmkini, yerində söz demək qabiliyyəti adama örnək idi. Beş bacı - yeganə qardaşa sevgi və qayğılarını heç zaman əsirgəmirdilər və bu, hələ də davam edir. Qohumlar, dostlar, məktəb illəri - hamısı bir aləm idi, qardaş. Axı keçmişlə bağlı insan daha çox yaxşı məqamları xatırlamağa çalışır. Məncə, mənim uşaqlığım, əsil həqiqətdə, yaxşılıq və gözəlliklərlə zəngindir.

Mənimlə davranışın həddi olmalıdı

- Heç sənin ayağının büdrədiyi vaxtlar, badalaq-filan olmayıb?

- Belə hallar cəmiyyətdə hər zaman olur. Amma mən o anları unutmağa çalışıram. Əgər varlığımız kimlərisə narahat edirsə, bu, daha çox o adamların problemidir.

O qədər ucadayam, yıxılmaqdan qorxuram,

o qədər aşağıdayam,

Allah, səndən aşağıda,

yıxılmağa yerim yox, - Faiq, bu misralar təxminən 25 il bundan öncə qələmə alınıb.

- Demək o vaxtlardan o xislət sahiblərini görmüsən. Bu gün necədir? Ədəbi mühütdəsən, ətrafında həmişə istedadlı adamlar olub. Əxlaqında qüsur olmayan, sakit təbiətli bir adama, şairə qarşı münasibət yorucu, bezikdirici deyil ki? Qələm adamlarının münasibəti qaneedicidirmi?

- Ədəbi mühitdə özümə qarşı daha çox hörmət görmüşəm. Bilmirəm, bəlkə insanlara hörmətlə yanaşmağı bacarıram, bu onunla bağlıdı. Həm də ətrafımda olanlar bilirlər, mənimlə davranışın həddi olmalıdı. Yeri gələndə özümü, heysiyyatımı müdafiəyəyə həmişə hazıram - yəqin bunu da hiss edirlər. Hətta yaradıcılığımı da. Polemikaya isə daima hörmətlə yanaşıram. Elə səmimi tənqidə də. Amma yerli-yersiz inkar movqeyindən çıxış edənləri sevmirəm. Ədəbi mühitdə bunu qüsur hesab edirəm.

Kasıb hisslərə söykənən münasibətlər

- Sənin yaradıcılığına tənqidi mövqe bildirənlər kimdir ki?

- Son illəri çıxmaq şərti ilə əvvəllər təhlili yanaşmalar olub. Son illər isə araşdırma şəklində münasibət bildirilməyib. Bir də mən təkcə öz yaradıcılığımı nəzərdə tutmuram, ümumiyyətlə, o cür yanaşmanı - əsassız, düşüncəyə yox, daha cox kasıb hisslərə söykənən münasibətləri nəzərdə tuturam. Təkcə yaradıcı sahədə deyil, elə bütün sahələrdə.

- Ümumiyyətlə, tənqidimizin halı necədir? Ədəbi mühitdə qpuplaşmaların olması heç də sirr deyil, sən bu qruplaşmada varsanmı?

- Yox. Heç bir qruplaşmada yoxam. Amma fikir adamlarına müraciətm var. Yəqin dərc olunar. Onları ərklə bilik və istedadlarını səmərəli istifadə etməyə, bir-birinin mənəviyyatına silah kimi tuşlamamağa çağırıram.

- Sən bu çağırışı edirsənsə, demək, belələri var, kimdir onlar?

- Yaxın günlərdə müraciətim dərc olunar və ictimailəşər, yəqin. O müraciət dərc olunmazsa, səninlə bu movzuya qayıtmağa hazıram. Konkret məsələlər üzərində o zaman dayanarıq.

"Şou mənzərə"

- Bu, səncə sualdan yayınmaq kimi yozulmaz ki oxucular tərəfindən?

- Yox, qətiyyən. Tezliklə bu suala müsahibə olmasa da, sorğu şəklində qayıdarıq inşaallah. Birmənalı olaraq yayınmaqdan söhbət gedə bilməz. Baxmayaraq heç vaxt belə məsələlərə vaxt xərcləməyi sevməmişəm. Amma son vaxtlar narahatlığımı gizlədə bilmədim, seyrçi qismində dayanıb fikir adamlarından "şou mənzərə" yaradılmasına biganəlik nümayiş etdirmək istəmədim. Onları polemika müstəvisinə dəvət etmək qərarına gəldim. Özü də konkret mətnlər vasitəsilə.

- Bütün bunlar ondan xəbər verir ki, ədəbi məhsullarımıza qarşı diqqət heç də birmənalı deyil. Kim kiminlə dostdursa, onun yanındadır, onu da tərifləyir.

- Doğrudur. Şəxsi münasibətlərin "bəxş etdiyi xoşbəxtliklər" bütün sahələrdə olduğu kimi yaradıcı mühitdən də yan keçmir.

Mənə uğur arzula, qardaş

- Əli, sən özünü bizim ədəbi mühütdə harda görürsən? Fikirləşirsənmi ki, öz yerindəsən?

- Hansı mənada?

- Bir yazar, şair olaraq düşünmüsənmi zəif yazarlar daha çox gözə dəyir, nəinki sən...

- Bəzən düşünürəm. Amma bu məqama çox aludə olmamağa çalışıram. Söhbət bu məqama çatdısa, təvəzökarlıqdan uzaq olsa da ( baxmayaraq, təvəzökarlıq hər zaman yaxşı hal deyil), hesab edirəm elmi faktlardan və fəlsəfi dünyagörüşündən vasitə olaraq istifadə etməklə ədəbiyyatın "intellektual poeziya" qolunda yeni mərhələ yarada bilmişəm və bu istiqamətdə təkmilləşməyə meyilliyəm. Yəqin çox keçməz bu da gözə dəyər. Gözə dəyməsə belə öldü var, döndü yoxdu. Çünki yaradıcılıqda öz həqiqətimi tapmışam. Mənə uğur arzula, qardaş!

- Qayıdaq ədəbiyyatda tutacağın, yaxud tutmuş olduğun yerə, bu səni qane edirmi?

- Yox. Yerimdə saymağı sevmirəm. Monotonluqdan zəhləm gedir, dəyişmələrə meyilliyəm.

Özün dedin ki, səni az oxuyurlar

- Heç ürəyindən keçib ki, sənə xalq şairi adı verilsin?

- İnanırsan, Faiq, heç bu haqda düşünməmişəm? Amma istəyərdim əvvəlcə böyük oxucu auditoriyası bayağılıqdan uzaqlaşsın, ciddi sənəti qəbul eləsin, təkcə söhbət mənim yaradıcılığımdan getmir, ümumi sənəti nəzərdə tuturam. Axı səviyyəsiz oxucu təkcə zövqləri deyil, mətnləri də korlayır. Amma ad da yaxşı şeydir ha, xüsusilə, adam ona layiq olanda.

- Özünü layiq görürsən də demək?

- Yox, qardaş. Axı özün dedin ki, səni az oxuyurlar. Azlığın "xalq şairi" necə ola bilərəm?

Həyata keçən hər arzu qatildi

- O zaman elə azlığın "xalq şairi" olmaq yaxşıdır. Gileyli adama oxşasan da, bu müsahibədə heç ad çəkmədin.

- Yox, nə giley? Giley-güzar zəiflik əlamətidir, onda təmənna var, bizi kiçildər. Kiçiləndə də böyük işlərlə məşğul olmaq mümkün deyil.

- Əli, de, hansı arzularla yaşadın, amma sonda gerçəkləşdirə bilmədin?

- Nəyi isə arzulayarkən həyata keçmə ehtimalını nəzərə alıram. Bu mənada həyata keçməyən elə ciddi arzumu yada sala bilmirəm. Amma insan elə canlıdır ki, hər zaman nəyi isə istəyir, istəyirsə hər an arzu da doğulur. Bir şeirimin fəlsəfi-poetik bir misrası var: həyata keçən hər arzu qatildi əslində.

Tarix
2015.03.01 / 11:07
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla