Yuxarı

Ən məşhur müharibə şeiri kimə yazılıb? - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən məşhur müharibə şeiri kimə yazılıb? - Foto

"Nəsrin həsri" layihəsində:

Aktrisa Valentina Serova

Rus şairi Simonovun Valentina Serovaya yazdığı "Gözlə məni" şeiri dünyanın ən məşhur müharibə şeiri hesab olunur.

Bu şeir II Dünya müharibəsində alman ordusunun çəyirtkə basqını kimi Avropaya səpələndiyi bir vaxtda yazılıb. O zaman Hitler Almaniyası Avropanın böyük bir hissəsini işğal etmiş, silahının lüləsini Sovet İttifaqının ürəyinə – Stalinqrada tuşlamışdı. 1915-ci ilin 28 noyabrında Sankt Peterburqda doğulan Simonov müharibə başlayanda 24-25 yaşlarında idi.

Müharibənin ən qızğın çağında "Döyüş bayrağı" adlı qəzetdə işləyən Simonov rəhbərlik tərəfindən jurnalist kimi Stalinqrada göndərildi. Stalinqrad şəhəri təkcə strateji cəhətdən əlverişli olduğu üçün yox, həm də Stalinin adını daşıdığı üçün xüsusi önəm kəsb edirdi. Stalin bu şəhəri Hitlerlə öz arasında şərəf məsələsi hesab edirdi. Əgər almanlar bu şəhəri alsaydılar, Volqa çayını nəzarətdə saxlar və SSRİ-nin Asiya hissəsinə keçə bilərdilər. Hitler-Stalin qarşıdurmasının ən alovlu nöqtəsi Stalinqrad şəhəri idi.

Simonov cəbhəyə təkcə xəbərləri paytaxta ötürən jurnalist kimi deyil, həm də sıravi döyüşçü kimi gəlmişdi.

"Gözlə məni" şeiri yerdən və göydən daş parçaları yağdığı bir vaxtda yazılmışdı. Ölümə düşmən silahının lüləsindən baxan Simonov qarşısıalınmaz bir istəklə Valentina Serovanı arzulayırdı. O, çox-çox sonralar həmin anı belə xatırlayırdı:

"Ağlımı itirmək üzrə idim. Bunun qarşısını almaq üçün mütləq Serova ilə danışmalı, ona olan sevgimi, həsrətimi bildirməli idim".

Simonov "Gözlə məni" şeirini yazandan sonra onu vərəqə köçürdü, qəzetlərə yollaması üçün bir əsgərə verdi. Həmin ərəfədə müharibə alovu Günəş kimi göyə qalxıb od ələməyə başladı və Simonov şeirdən xəbər ala bilmədi. Amma əsgər yoldaşı onun xahişini yerinə yetirmişdi: şeir ünvana çatmış, hətta qəzetlərdə yayılaraq Sovet xalqının sevimli mahnısına çevrilmişdi. Daha sonra şeir yavaş-yavaş sərhədləri aşdı, əsgərlər, zabitlər ailələrinə yazdıqları məktubu Simonovun "Gözlə məni"si ilə bitirirdilər. Həmin dönəmdə cəbhədən gələn bütün əsgər meyitlərinin ürəyinin üstündən – sol döş cibindən bu şeir çıxırdı.

Cütlük dünya ölkələrinin zəruri savaşa girdiyi bir vaxtda təsadüfən tanış olmuşdu. Simonov ömrünün sonuna qədər sevdiyi Valentina Serovanı ilk dəfə Moskva yaxınlığında – dəmir yolu vağzalında görmüşdü. Həmin vaxt Sovet kinosunun məşhur aktrisası olan Serova sarı saçlı, incə və hündürboy bir qadın idi. Simonov onu, sadəcə, belə təsəvvür edirdi: "Serovanı sevməmək mümkünsüz idi".

Onlar 1942-ci ildə evlənmişdilər. Simonov həmişə Valentinaya "Sənin üzün mənim taleyimdir" deyirdi, ancaq bir anda həyat onun üzünü od püskürən müharibəyə tərəf çevirdi. O vaxtkı mövcud şəraitə baxmayaraq, Simonov sevimli qadınına məktub yazmağı unutmurdu. "Gözlə məni"dən başqa o, "Səninlə və sənsiz" adlı şeirini də ona yazmışdı. Onun üçün mühüm olan hər gün, hər dəqiqə, hər səhər, hər axşam öz sevgisini Serovaya bildirmək idi. Əks halda, özünün də dediyi kimi, ağlını itirə bilərdi.

II Dünya müharibəsi başa çatandan sonra Simonov Valentinanın yanına qayıtdı. Bəzi şeylərin yolunda getmədiyini elə ilk günlərdə anladı. Onsuz da, həyatın, insanların, münasibətlərin dəyişməsi təbii hal idi və baş vermiş müharibə bunların sürətlənməsini qaçılmaz edirdi. Valentina artıq Sovet kinosunun parlaq simalarından idi. Simonov isə hələ də Stalinqradda "yaşayırdı". O, sevdiyi qadını tanıya bilmirdi. Sanki müharibə dünyanın siyasi xəritəsindən daha çox, Valentina Serovanı dəyişmişdi. Simonov cəbhədən qalib qayıtsa da, öz torpağında, öz qucağında uduzmuşdu: Sarı saçlı, incə, hündürboy Serovasını itirmişdi. Qəzet və dərgilərdə Valentinanın o dönəmin məşhur aktyorları ilə fotolarını görən Simonovun sevgisi zərrəcə azalmırdı. Hətta hansısa hərəkəti ilə sevdiyi qadını incidəcəyindən ehtiyat edirdi. Bəlkə də, elə bu qorxuya görə 1957-ci ildə heç bir söz demədən onu tərk etdi. Konstantin Simonov bir vaxtlar yalvardığı qadını sakit bir Moskva səhərində, bir daha geri qayıtmamaq şərtilə atıb getdi. Bütün gücünü yaradıcılığa yönəltdi. "Müharibəsiz 20 gün", "Günlər və gecələr", "Müharibə günləri" kimi əsərlər yazdı. SSRİ Yazıçılar İttifaqında müəyyən bir vəzifə tutdu. Bundan başqa, o, müharibə başa çatandan sonra İosif Stalinin göstərişi ilə dünyanın bir çox ölkələrinə – Fransa, Yaponiya, Amerikaya gedib siyasi təbliğatla da məşğul olurdu.

Valentina Serova 1975-ci ildə vəfat etdi. Simonov onun dəfn mərasiminə qatılmadı. Səhəri gün Serovanın məzarının üstündə saxsı qabda bənövşə tapdılar. Qırmızı saxsıya bir kağız parçası da yapışdırılmışdı və əl yazısı ilə "Gözlə məni" yazılmışdı. Bu məktub və saxsı qab haqda Simonovdan dəfələrlə soruşsalar da, o, hər dəfəsində bu suala acı bir təbəssümlə cavab verirdi. Simonov illər öncə Valentinaya "Gözlə məni" demişdi. Bu dəfə gözləmə növbəsi onda idi... O, sevimli Valentinasına qovuşacağı günü gözləyirdi... və bu gün elə də uzaqda deyildi.

Simonov onun ölümündən dörd il sonra – 1979-cu ilin 28 avqustunda gözlərini Valentinanın üzünə açdı. Uzun illərdir onu gözləyən qadının yanına getdi.

Gözlə məni!

(Ülvi Bünyadzadənin tərcüməsində)

Gözlə məni, gözlə, gülüm,
Gəlməliyəm, gələcəm də.
Gözlə məni, gözlə, könlün
Qəm gölündə dincələndə
Gözlə məni bürküdə də,
Gözlə qarda, dumanda da.
Gözlə məni, gözlə, yenə,
Hamı məni unudanda.
Gözlə məni, gözlə, gözlə,
Təsəllisiz qalsan belə.
Bezdirsə də, gözləməyin.
Dost-qohumu yenə gözlə.
Kim ki, sənə "unut" deyir,
Umma ondan hörmət, gülüm.
Sən həyatın özündən də,
Gözləmə mərhəmət, gülüm.
Anam da, övladlarım da
Məni qəmgin xatırlasın,
Qoy ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni "bəxtsiz" - deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm,
Bir ölümün acığına.

Tarix
2015.03.07 / 14:13
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla