"Sevgi etirafı"
layihəsində
- Yaşım 43-dür. Bu ay 44 olacaq. Yaşayıram. "Həyat 5
günlükdür" deyənlər heç də səhv etməyib. Mən bu 44 ilimi elə 5
günlük ömür kimi yaşadım. Necə gəlib bu yaşa çatdım, heç
bilmədim...
Bu sözləri görüşdüyümüz gün dedi. Amma sosial şəbəkədəki
söhbətimiz zamanı tamam fərqli - dərdli danışmışdı. Həm də illərin
tanışı kimi müraciət etmişdi:
"Necəsən? Niyə bu vaxta qədər oyaqsan? Sən də mənim kimi ruhu
sərgərdansan?" - və digər buna bənzər sualları ilə başlayan
söhbətimiz bugünkü görüşümüzə vəsilə oldu. Onun bu səmimi, doğma
ərkindən ürəklənərək kimliyini və isti münasibətinin səbəbini də
soruşmuşdum. İllərin tanışı kimi yaddaşımda yeni kök salan bu
dostdan sosial şəbəkədəki uydurma adının anlamını da soruşdum:
- Burada qoyduğum ad ingilis sözüdür, "vəfalı" anlamını verir. O
ki qaldı illərin tanışı olmağıma... düz tapmısan. Mən səni
tanıyıram, elə sən də məni çox görmüsən.
Buna sevdalanmaq demək olar
Maraqlı gəldi. Bu dəfə mən onun gecə vaxtı niyə yatmadığını
soruşdum:
- Bilmirəm. Belə hallar məndə tez-tez olur, yata bilmirəm,
musiqiyə qulaq asıram, düşüb həyətdə gəzirəm, havamı
dəyişirəm...
- Deyəsən sevdalanmısan.
Söhbətimiz uzun çəkdi. O, bir neçə yazımın adını
çəkdi və bu gün doğrudan da qəhrəmanlarımın taleyini yaşadığını
dedi:
- Hə, buna sevdalanmaq demək olar, qadın hər zaman sevilmək
istəyir.
- Həyatında sevdadan, sevgidən bol olana
oxşayırsan.
- Həqiqi sevgi bir olar, ikinci də mümkündür, amma... nə
bilim.
Və qərara gəlmişdik ki, növbəti gün görüşək. Onu
metronun "Neftçilər" stansiyasının yaxınlığındakı yaşadığı binanın
qarşısında gözlədim. Gəldi və görən kimi tanıdım. Nəşriyyatda çox
görmüşdüm. Diqqətdə qalan qadın olduğu üçün tanımaya bilməzdim. Həm
də kifayət qədər nüfuzu və sambalı olan xanımlardan
idi...
Tanıdığımı dərhal hiss etdi. Bənizi təbəssümə büründü:
- Gördünmü?! Sənə dedim axı görən kimi tanıyacaqsan.
Hara gedəcəyimizi müəyyənləşdirdikdən sonra:
- İndi necəsən? Dünən elə yazırdın ki, elə bildim, bu
dəqiqə səni zorla kəcavəyə mindirirlər, sən də iki ayağını
dirəmisən bir başmağa, ər evinə getmək istəmirsən. Yazdığın
sözlərdən də göz yaşlarının ətri gəlirdi.
- Şairliyin tutmasın daha. Amma düz deyirsən, elə sən deyən kimi
idim. Dostluğumda az adam var, oyaq olanları hamı yazırdı ki, nə
olub, niyə bu vaxta qədər yatmamısan... Sənin işığın yanırdı, amma
yazmırdın. Şəxsən tanıdığım isə sən idin. Paylaşmaq, dərdləşmək
istəyirdim kiminləsə. Ona görə mənə yazılanları sənə yazdım, sən də
düz onluqdan vurdun, "sevdalanmısan" dedin. Amma bu gün heç o
vəziyyətdə deyildim. Görmürsən kefim kökdür? Amma təzədən zəng
edib, "yox" deyə bilmədim. Ayıb olardı.
Bu qadın "Sevgi etrafı" layihəsinin qonağı ola bilər,
deyə fikirləşdim.
- Nə olmuşdu axı? Sevgilinlə niyə mübahisə etmişdin?
Deyəsən bayram günü səni yada salmayıb. Bəlkə də düz edib. Görünür,
sən əvəzedicisən... onun ailəsi, xanımı ola bilər.
- Hə, elədir. Mənim heç kəsdən çəkinəcəyim yoxdur. 15 ildir
dulam. Həm də gözələm, gördüyün kimi. Yaxşısı budur, dediyin yerə
gedək, orda danışarıq.
Təxminən 20 dəqiqədən sonra üz-üzə oturub
söhbətimizi davam etdirdik. Xanım jurnalist özünün acınacaqlı həyat
hekayəsini dilə gətirdi:
- Adımı çəkmə, necə də olmasa redaktoram, tanıyırlar. Mən qərb
rayonlarından birində doğulmuşam. Ailəmiz çox ciddi idi. Atam
qəddarlığı ilə tanınmışdı. Hüseyn adında bir oğlan vardı, mən 5-ci
sinifdə oxuyandan vurulubmuş mənə. Elə uşaq vaxtlarımdan
gözəgəlimli idim. Məni sevdiyini isə sonralar bildim. Məktəbə
gedəndə məni salırdı yanına dərsə aparıb-gətirirdi. Qonşuluqda
olurdu. 5-10 ev aramız olardı. Sonradan hiss etdim ki, onu
görməyəndə darıxıram. Bir dəfə küçəni su basmışdı. Məni məktəbdən
gətirəndə qucağına aldı. Sıxdı məni bədəninə arxı keçirtdi. 5-6
addım da atdı. Heç istəmirdim məni qucağından yerə qoysun. Eləcə
bir neçə dəqiqə məni bədəninə sıxmış halda saxladı. Titrəyirdim.
Artıq 14 yaşım vardı onda. Sinəm-başım gözə girirdi. O isə sonuncu
sinifdə oxuyurdu. Evimizin bir pəncərəsi yola baxırdı. O pəncərənin
qarşısında bitirdi.
Əlini qoltuğumuzun altına salır...
- Sonra o, əsgər getdi.
Qayıdan kimi də mənim dalımca məktəbə gəldi. Mən də böyük qızam da.
Utandım bir az, amma o qədər sevindim ki... Evimizə qədər gətirdi,
bu dəfə qonum-qonşu, sinif uşaqları pıçhapıç saldı. Eləcə üzümə
baxdı və getdi evlərinə. Bir söz demədi. Amma bilirdim ki, bu
baxışlar tamam başqa baxışlardır. Hind kinolarındakı oğlanlar kimi
baxırdı mənə. Sonra gedib Bakıda işə düzəldi. Arada kəndə gələndə
bitirdi evimizin arxa pəncərəsi tərəfdə. Məktəbimizə bir müəllim
gəlmişdi. İdman müəllimi idi. Qızları da idmana cəlb edirdi.
Turnikə qalxmağımıza kömək edirdi. Əlini arxadan qoltuğumuzun
altına salır, sıxır və yuxarı qaldırırdı. Adama xoş gəlirdi. Mənə
elə gəlirdi ki, bunu edən Hüseyndir.
Jurnalist xanımın
sifətindəki sevincdən əsər əlamət qalmayıb. Gözləri yol çəkir,
qaşlarının üstündə, gözlərinin qırağındakı xırda cizgilər ağrılı
günlərin şahidi kimi bir-birinə qarışır. Sözarası öyrənirəm ki, iki
övladı var, ikisi də tələbədir.
- Uşaqlarının atası
Hüseyndir?
- Yox. Məni başqasına verdilər. Bakıda yaşayan uzaq
qohumlarımızdan biri, atamın gənclik dostu gəlib məni oğlu üçün
istədi. Atam dedi ki, 100 qız qurbandır sənin bir gəlişinə, verdim
qızı. Dəli oldum. Atama bir söz deyə bilmədim. Özümü xəstəliyə
vurdum. Anama, böyük bacıma dedim ki, mən ona getmək istəmirəm.
Dedilər ki, qız, ağlınmı çaşıb, nə olsun tanımırsan, görərsən,
bəyənərsən, sevərsən. Bu oğlanın əmisi qızı qardaşımın yoldaşı idi.
Mənim rəfiqəm idi. Ona dedim ki, bəs mən Hüseyni sevirəm. O da məni
ağıllı olmağa çağırdı:
"Hüseyn Bakıda gündə bir qızla gəzir, heç sənə "sevirəmmi"
deyib? - Yox, demədi, dedim. Amma bilirəm ki, o da məni sevir.
Başqasının artığı bizə lazım deyil
Mənim barmağıma üzük də taxdılar. Bir dəfə imkan tapıb Hüseynin
bacısına dedim ki, qardaşına de, vəziyyət budur, mən onu sevirəm,
əgər istəyirsə, gəlsin qaçırsın məni. Qız "başqasının artığı bizə
lazım deyil", - dedi. Siçan dərmanı içdim. Məni xəstəxanaya
çatdırdılar. Amma sinif yoldaşım Hüseynə deyibmiş. Mən xəstəxanada
ölümlə çarpışanda Hüseynin bacısı, anası, elə mənimkilər də hay
salıblar ki, guya nişan üzüyümü itirdiyimə görə özümü zəhərləmişəm.
Hüseyn gecədən keçmiş xəstəxanaya gəldi: - Bir üzük doğrudanmı belə
qiymətli idi ki, sən özünü öldürmək istədin? - dedi və getdi. Sinif
yoldaşım sonra onu inandırıb ki, bu heç də belə deyil. Hüseyni
inandıra bilmişdi. Bir də gəldi dedi ki, gedirəm, gəlib səni
aparacam.
Əclaf məni bir başa Bakıya gətirdi
Sağaldım. Həmin rəfiqəmin köməyi ilə Hüseyn mənimlə əlaqə
saxladı. Həftənin 5-ci gününə vədələşdik ki, qoşulub qaçaq. Uçmağa
qanadım yox idi. Qardaşımın yoldaşına – onu dost bilirdim özümə -
sevincimin səbəbini danışdım. Dedi ki, səni çox istəyirəm, heç kəsə
demərəm, qoşul qaç. İki gün hazırlıq gördük, özümlə götürəcəyim
paltarları yığdım. Sən demə o mənim başımın altına yastıq qoyub,
əmisi oğluna xəbər edib ki, bəs belə bir iş var. 5-ci gün nişanlım
gəldi. Atamla görüşdü, içəri dəvət etdilər, "yox, tələsirəm, -
dedi, - gəlmişəm qızı götürüb Gəncəyə aparam, bəzi şeylər almağa".
Atam dedi ki, nə olar, götür, get. "Yox, - dedim, əl çəkmədilər.
Axırı razılşadım. Dedim, onsuz da vaxta var. Gedib qayıdarıq, heç
kəs də şübhələnməz. Gecə də Hüseynlə qaçaram. Amma bu əclaf məni
birbaşa Bakıya gətirdi...
- Və...
- Və mənə toy etdilər. Bizim tərəfdən heç kəs gəlmədi. Nişanlı
olsam da, qoşulub qaçmağım atamı qəzəbləndirmişdi. Düz 19 gün ərimi
yaxın qoymadım. 20-ci gün özümü təslim etdim.
Sən qız deyilmişsən…
- Təslim olacaqdınsa, elə ilk gündən ağ bayraq
qaldıraydın da.
- Yox, mən Hüseyni sevirdim. Sadəcə, baldızım gəldi, mənə dedi
ki, sizin tərəfə xəbər etmək istəyirlər ki, sən qız deyilmişsən...
mənim indiki ağlım olsaydı, deyərdim, cəhənnəmə desinlər. Qorxdum,
biabır olmaq istəmədim. Qardaşlarım, atam, əmim uşaqları bütün
rayonda biabır olacaqdı. Və razılaşdım. Sonra qulaqlarımla eşitdim,
baldızımın əri dedi ki, "gördünüz, gördünüzmü, mənim dediyim oldu.
Başqa cür ola da bilməzdi". Sonradan Hüseynə xəbər göndərdim,
görüşmək istədim. Heç cavab da vermədi. Getdi Rusiyaya, indi də
qayıdıb gəlib rayonda yaşayır. Onu heç görmədim... Mən isə 15 ildən
sonra boşandım.
Dəfələrlə qarşımda diz çökmüşdü
- Niyə?
- O məni çox istəyirdi, dəfələrlə qarşımda diz çökmüşdü,
yalvarmışdı, dözürdüm. Sonra içkiyə qurşandı, evdə dava-dalaş
saldı, Hüseyni söyürdü, mən də boşandım.
- Bəs ötən axşam sənin qanını qaraldan kim
idi?
- Hüseyn.
- Bəs deyirdin Hüseyni heç görməmisən…
- Bu başqa Hüseyndir. Bir neçə dəfə məclislərdə təsadüfən
görüşmüşdük. Mənim haqqımda maraqlanıb, deyiblər, duldur. Düz 6
ildir onunla yaşayıram. Uşaqlarım da, anam da bilir. O mənim
canımdır. Adı da Hüseyndir, özü də Hüseynə oxşayır. Bu Hüseyni heç
vaxt tərk etmərəm. Mənim Hüseynimin eynisidir... özü heç vaxt mənim
olmayan Hüseynin.
- Axı sən bunları niyə danışırsan? Düşünürsən ki, mənim
üçün, oxucularımız üçün maraqlı ola bilər?
- Niyə də olmasın? Məsələn, mənim həyatımda baş verən bu olaylar
çox ibrətamizdir. Gərək hər kəs sevdiyinə qovuşa.
Həyatımda çox kişi olub
- Aydındır da, sənin həyatında 3 kişi olub, biri kama
çatmayan, biri taleyi, ailəsi uğursuz olan uşaqlarının atası, 3-cü
isə sənin kama çatmayan sevdiyinin adaşı, bənzəri...
Yandırdığı siqareti tutmağında da bir bayağılıq var.
Hekayətində də sevgi qarışıq ikrah olunası şeylər az deyil. Azacıq
fikrə gedib sonra səsinə bir qədər də kədər əlavə
edir:
- Həyatımda çox kişi olub. Ərim məni özünə bağlamaq üçün
oxutdurmuşdu. Təhsilim də vardı. Boşanandan sonra bir kişi ilə
təsadüfən söhbətimiz alındı. Məni xaraba nəşriyyata gətirdi,
jurnalist kimi işə başladım. Obyektlərə gedirdik və yaxşı pul
qazanırdıq. Mən gözəl olduğum üçün getdiyimiz yerdə yaxşı pul da
verirdilər. Elə olurdu, getdiyimiz adam deyirdi ki, indi üstümdə
pulum azdır, filan vaxtı gələrsiz. Filan vaxtda redaktorumun "vaxtı
olmurdu", mən gedirdim. Beləliklə, obyektlər çoxaldıqca kişilərin
də sayı çoxalırdı. Özümə ev aldım, maşınım var. Heç kəsə ehtiyacım
yoxdur. Amma bu həyat məni heç bezdirmədi. Həyatımı atam məhv
etdi.
- Səncə, sənin bu etirafın oxucuya nə
verəcək?
- Bilmirəm. Bircə onu bilirəm ki, mənim həyatımı atam məhv etdi.
Mən Hüseynə ərə getsəydim, ola bilsin ki, maşınım, Bakıda evim
olmazdı. Amma sevdiyim insan olacaqdı. Mən indi görüşdüyüm Hüseyni
də çox sevirəm. O, şairdir. Bir neçə kitabı da var. İmkanı da pis
deyil. Heç istəmirəm qadınlarımız mənim taleyimi yaşasınlar...
- Bax, sən tanınmış jurnalist xanımlardansan, dəfələrlə
görmüşəm ki, sənə hörmətlə yanaşırlar. İndi özünü necə var eləcə də
təqdim etdin, haqqında nə deyəcəklər?
- Şərtləşdiyimiz kimi, adım gizlin qalacaq, qəzetimin adı da
verilməyəcəksə, heç kəs bilməyəcək ki, bu mənəm. Həm də mən tək
deyiləm, mənim kimi jurnalist xanımlar yetərincədir. Ona görə də
sənin bu qəhrəmanının kim olduğunu heç bilməyəcəklər də. Həm də mən
artıq ora çox az-az gedirəm...