Bu gün "Cəbhə xətti"ndə Nizami Nəriman oğlu
Kərimovdur.
1967-ci ildə Ermənistanda dünyaya gəlib. 1984-cü ildə orta
məktəbi bitirən Nizami 1985-ci ildə Bakı şəhərində peşə məktəbinə
daxil olub və elə həmin il hərbi xidmətə yollanıb. 1987-ci ildə
Sovet ordusuna xidmətə, 1991-ci ildə isə könüllü olaraq Ağdama
döyüşə gedib. Ailəlidir, 2 qız övladı var.
Heykəlin altındakı erməni qərargahı
- İlk döyüşüm Muğanlı kəndində olub. Ermənicə bildiyimdən
ratsiyada onların danışığını başa düşürdüm. Minaları haralara
yerləşdirdiklərini bilirdim. Həmin döyüşdə ermənilər çox itki
verdilər. Hətda bizə deyirdilər ki, atəşi dayandırın.
Kəşfiyyata gecələr gedirdik. Məqsəd düşmən mövqelərini öyrənmək,
nələrin harda yerləşdirildiyini, onların hansı texnikaya sahib
olduqlarını müəyyənləşdirmək idi. Kəndlərin birində bir heykəl
vardı. Bizə məlumat vermişdilər ki, həmin heykəlin altında
ermənilərin qərargahı olmalıdır. O qədər atəş açmışdıq ki, heykəlin
bir qolu düşmüşdü. Heykəlin ətrafında 10 metrdən bir ermənilər
dururdu. Eşidirdik ki, orda yeyib-içib, deyib-gülürlər. Rəhmanla
sürünə-sürünə irəliləyirdik. Onları bir-birindən ayrı salıb tək-tək
aradan götürmək istəyirdik. Amma onlar tez-tez əvəz olunurdular
deyə, yorğun olmurdular. Sayları da çox olurdu. Bizim durduğumuz
yerlər arasında isə boşluqlar vardı, döyüşçü çatmırdı.
Rəhman, mən, Asif adlı komandir və ümümulikdə 6-7 nəfər bizə
gələn əmrdən sonra kəşfiyyata getmişdik. Bir də gördük ki, qarşıdan
həmin istiqamətdən ermənilər biz tərəfə gəlirlər. Əlimizdə avtomat,
durub baxdıq. Onlar bizi gördü, biz də onları. Komandir əli ilə
işarə edib arxaya çəkilməyimizi əmr verdi. Geri qayıtdıq. Qaranlıq
düşdüyü üçün Qarqar çayını keçə bilmirdik. Göstrəriş verdilər ki,
bu günlük dayanın.
Bir dəfə də kanala girdik. Su buz kimi idi. Erməni
kəşfiyyatçıları bizdən 20-30 metr yaxınlıqdan keçib Yusifcanlıya
tərəf döndülər. Böyrəklərim soyuqlamışdı. Sonra elə səngərdə
əməliyyat oldum kor bağırsağımdan. Cəmi bir iynə vurmuşdular.
Ürəyimdə fikirləçirdim ki, görəsən bunlarda başqa iynə-dərman
yoxdur?
Bizim kəşfiyyatda qadın döyüşçü yox idi, amma batalyonda
qadınlar vardı. Onlar bizə dayaq, kömək olurdular. Yaralıların
yaralarını sarımağa yardım edirdilər.
Çeçen kəşfiyyatçıları Salatının qatilini...
Bir dəfə səngərdə oturmuşduq. Ratsiyada dalğanı tutub erməniləri
dinləyirdim. Eşitdim ki, 20 dəqiqədən sonra kəndə hücum edəcəklər.
Məlumatı komandirə bildirim. O, səhv anladığımı düşündü və o qədər
əhəmiyyət vermədi. Özüm nömrələrin içində xəbər edə biləcəyim
nömrəni tapıb bildirim ki, bizə kömək lazımdır. Kömək gəldi. Bir
gözüm saatda idi. Dediyim kimi, düz 20 dəqiqə sonra ermənilər
artilleriya ilə ilk hücuma keçdilər və tanklar gəldi. Biz də 50-60
metrdən bir minamyot düzmüşdük. Onlar bizə kömək oldu. Bir qədər
sonra ön tərəfə gedəndə ermənilərin qanlı paltarlarını gördük.
Paltarları orda olsa da, bir meyit də yox idi. Hamısını
aparmışdılar. Bizdə əsirlərin sayı az idi. Bir əsiri incitməyə
qoymurdular ki, öz əsgərlərimizlə dəyişəcəyik. Bir erməniyə 3-4
azərbaycanlı əsir alırdıq. Bunun səbəbi məncə azərbaycanlıların
onlarda çox olması idi. Onlar çox, biz az idik döyüşdə. Bizdə
snayperlər də çox az idi. Sonradan bir neçə nəfəri Türkiyəyə təlimə
göndərdilər. Onlar qayıdanda artıq bizim peşəkar snayperlər oldu.
Amma bu, xeyli sonra idi.
Bir erməni qadın vardı - Janna. Ağ "Niva"da gəzirdi. Dəfələrdə
onu vurmağa cəhd etmişdik. Mən elə düşünürəm ki, Jannanı nivasi ilə
birlikdə çeçen kəşfiyyatçıları vurmuşdular. Salatın Əsgərovanı
öldürən isə səhv etmirəmsə, polkovnik idi. Onu da çeçenlər tutub
gətirmişdilər. Mən görməmişdim. Sonra bildim ki, onu 33-35
azərbaycanlı əsir ilə dəyişiblər. Hətta onu dəyişməklərinə pis
olmuşdum və əsəbiləşmişdim ki, axı niyə dəyişiblər?! Onu dilindən
asıb tikə-tikə doğramaq lazım idi".
Mənə torpaq lazımdı, pulu neynirəm?!.
Sonuncu döyüşüm uğurlu oldu. Heydər Əliyev hakimiyyətə yeni
gəlmişdi. Ermənilər qorxuya düşmüşdülər. Əliyevin şəxsi əmrinə görə
adi zabitin belə əmrinə tabe olmayanlar yerindəcə güllələnəcəkdi. O
qədər ciddi idi. Həmin vaxtlar bizə göstəriş verilmişdi ki,
kökəltmə məntəqəsində 1000 baş heyvanı və bir təpəni alaq.
Heyvanları da, təpəni də aldıq. Heyvanlardan bir neçəsi kəsilib
batalyonlara paylandı.
Güllücə kəndində indiki tanınmış generallardan Nəcməddin Sadıqov
idi. Biz Güllücəni qaytarmışdıq, elə həmin vaxt da Füzulidə
Horadizi geri almışdıq. O dövrdə belə bir deyim vardı: "Döyüşməyənə
qız verməyin". Heydər Əliyevin dövründə 5 erməni əsgər öldürənə
Milli Qəhraman, bir tank vurana üş milyon pul söz vermişdilər.
Hətta bəziləri avtomatı atıb, komandirə deyirdi ki, qranatamyot
verin mənə. Mənimçün əlbəttə, "döyüşməyənə qız verməyin" misalı
daha ciddi gəlirdi. Çünki mənə torpaq lazım idi, pul yox... Mənə
itirdiyim qanların heyfini almaq lazım idi.
1993-cü ilin dekabr ayı idi. Oturub silahları təmizləyirdik. Bu
vaxt aşağıdan işarə etdilər ki, ermənilər gəlir. Hamı atışa-atışa
çıxa bilmişdi. Mən qalmışdım. Bir təhər mən də uzaqlaşa bildim.
Təkbaşına kəndlərin kol-kosundan keçə-keçə yol axtarırıdım. Silahı
ürəyimə tutub əlimi tətiyin üstnüdə saxlayırdım. Əsir düşməkdən
qorxmurdum. Amma onlara əsir düşməkdənsə ölməyi üstün tuturdum.
Buna görə də bir patronu həmişə özüm üçün saxlayırdım.
Ölümdən də qorxmurdum. Demək, bir dəfə silahdaşlarlımla gedirik.
3-4 sm qalmışdı ki, ayağımı saxladım. Uşaqlara "dayanın!" dedim.
Ayağımın altında mina vardı. O zaman ayaqlarımı itirməkdən
qorxmuşdum. Ac qalırdıq. Yeyə bildyimiz yalnız alma olurdu bəzən. O
qədər alma yemişdik ki...
45 manat pensiya, 170 manat maaş
Yadımda qalan dəhşətli xatirələr çoxdu. Bir dəfə də kəşfiyyata
getmişdik. Gecə idi. Gözləməyə başladıq. Ermənilərlə aramızda 40-50
metr məsafə vardı. Hava işıqlanırdı. Hücum əmrini gözləyirdik. Amma
əksinə oldu. Bizə geri qayıtmağımızı əmr etdilər. Onların bizi
görməyi an məsələsi idi. Aramızdandan biri öskürdü. Bu zaman
ermənilər bunu eşitdi. Biz kanala doğru qaçdıq. Ordaki döyüşcüləri
adı ilə yox ləqəbləri ilə xatırlayırıq. Orda bizimlə 18 yaşlı bir
oğlan vardı. Ləqəbi "Malış" idi. Ona dedim ki, sürünə-sürünə get,
ermənilər yüksəklikdən vurmasınlar . Kanaldan keçərkən elə bildim
ki, mən də vurulmuşam. Düşündüm ki, bəlkə yaram yenidir deyə, hava
da soyuq olduğu üçün heç nə hiss etmirəm. Hamı ordan çıxdı. Axıra
mən qalmışdım. Kanaldan çıxanda gördüm ki, yerdə qanlı kəllə iliyi
var. "Malış"ı snayperlə başından vurmuşdular.
Qarabala adlı oğlan vardı. Onunla birlikdə ölümə belə getməyə
hazır idik. O qədər qeyrətli və etibarlı uşaq idi ki! 1993-cü ilin
noyabrı idi. Patron dalınca getmişdi. Qarabalanın maşınını
vurmuşdular. Sonra bildik ki, onun özünü də öldürüblər.
1994-cü ildə atəşkəsdan sonra da 5-6 ay müddətinə biz hərbidə
idik. Evə qayıdandan sonra atam deyirdi ki, gecələr sayıqlayıram.
Baxmayaraq ki, dövlətdən heç bir məvacib almıram, amma bu gün də
müharibə olsa, yenə gedərəm. 45 manat pensiya alıram. Hazırda
kompüter üzrə mütəxəssis işləyirəm. 170 manat maaş alıram.