"Cəbhə xətti" layihəsində:
Bu dəfə "Cəbhə xətti"mizdə Əliyev Cavanşir Vahid
ogludur.
O, 1974-cü il iyulun 18-də Qubadlı rayonunun Sarıyataq kəndində
anadan olub. 1991-ci ildə orta mətəbi bitirdikdən sonra BDU-nun
Hüquq fakültəsinə sənədlərini verib, lakin konkursa düşüb. Sonra
Birinci Qarabağ döyüşlərinə qatılıb. Bundan öncə kəndlərində
yaradılan özünümüdafiə batalyonunda döyüş təcrübəsi keçib. Ordudan
tərxis olduqdan sonra Azərbaycan Bədən Tərbiyəsi Akademiyasına
daxil olub, 2002-ci ildə oranı qırmızı diplomla bitirib. Evlidir,
iki övladı var.
- Cavanşir bəy, sizi cəbhə
xəttinə çəkən nə oldu?
Yazıdüzündən başlayan
yazı
Ali məktəbə qəbul ola bilmədikdən sonra düşündüm ki, vətənimin
müdafiəsinə qalxmalıyam. Elə də oldu, baxmayaraq ki, mən hələ
bundan öncə kəndimizdə yaradılan özünümüdafiə batalyonuna
qoşulmuşdum. Amma həqiqi hərbi xidmətə 1992-ci ildə çağırıldım.
Beləcə, məni Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin
batalyonuna götürdülər. Orada iki ay təlim keçdikdən sonra
göndərdilər ön cəbhəyə. İlk döyüşüm Yazıdüzü deyilən istiqamətdə
oldu.
İlk döyüş
- İlk döyüşdə əsgərdə hansı hislər olur?
- Mən artıq ilk döyüşüməcən müəyyən qədər döyüşüb-öyrəşmişdim,
böyüklərimdən təcrübə toplamışdım. Düzünü deyim, döyüşün öz
qorxusu, inamı, qüruru var. Mən yalnız qələbə haqda düşündüyüm üçün
qorxunu yenmişdim artıq.
Səhərə yaxın idi... Düşmən ağır texnikalarla müntəzəm olaraq
bizi atəşə tuturdu. Çünki biz mərkəzdə olurduq, onlar bizi atəşə
tutmaqla Laçın rayonu istiqamətində irəliləmək istəyirdilər. Bütün
istiqamətlərə gedən yol bizim mövqelərdən keçirdi. Burada çox
şiddətli atışmamız oldu, hər iki tərəf itki verdi. Onların 40-a
yaxın texnikasını məhv etdik və Laçının Güləbird istiqamətində
irəliləmələrinin qarşısını aldıq. Onların meyitləri də biz tərəfdə
qaldı. Həmin meyitləri Laçın rayonundan əsir götürülmüş bir ailə
ilə dəyişdik. Bu, çox uğurlu əməliyyat oldu. İnanın, biz döyüşlərdə
demək olar ki, həmişə düşmənin güclü texnikası qarşısında daha mərd
döyüşərək, sadəcə, qranatamyot və avtomatlarla onları darmadağın
etmişik. Amma nə olsun, bu gün torpaqlarımız işğaldadır. Məsələn, o
döyüşdən xatirimdə qalan bir şey var. Orada Biləsuvar rayonundan
Ziyafət adlı dostumun qarın nayihəsini mərmi dağıtmışdı. Əlimi
tutmuşdu, ölmək istəmirdi. Deyirdi, kömək edin... (gözləri dolur).
Mənə bir bıçaq və üstündəki silah maqazinini verdi, dedi ki, mənə
bir şey olsa, xatirə kimi saxlarsan. Amma şükürlər olsun ki, Allah
onu bizlərə bağışladı. Ölmədi. Heyf ki, 1995-ci ildən onu görə
bilmirəm.
8 saatlıq atşmadan sonra
1992-ci il dekabr ayının birində bəlkə də həyatım boyu
unuda bilməyəcəyim döyüş oldu. Ermənilər əvvəlcədən qurduğu plana
əsasən, Yuxarı Cibili-Əyin kəndi isdiqamətində hücuma keçib, bizim
durduğumuz Seyidhacı kəndini dörd bir tərəfdən mühasirəyə aldılar.
Burada qızğın və dəhşətli bir döyüşə girdik. 8 saatlıq atışmadan
sonra üstümüzə böyük texnikayla gəlməsinə baxmaraq, düşməni geri
oturtduq. Xeyli tələfat verdilər, meyitləri də biz tərəfdə qaldı,
qaçdılar. Bizim 3 yaralı, 5 şəhidimiz oldu. Bu, dəhşətli döyüş idi.
Mən bu döyüşdə uşaq vaxtı, sovet filimlərindəki səhnələri
xatırladım. Aman Allahım, bunu danışmaqla anlatmaq olmaz, ancaq
gərək yaşayasan. Bizi yüksəklikdən, dörd bir tərəfdən atəşə
tutmasına baxmayaraq, düşməni məhv etdik. Komandirimiz başda
olmalqa, hər kəs qəhrəmanlıq etdi. Bu döyüşdə əsas ona çalışırdıq
ki, nə olursa-olsun, yaralılarımızın, şəhidlərimizin düşmən əlinə
keçməsinə imkan verməyək.
Əliyar Əliyev üstümə cumdu...
Yeri gəlmişkən, rəhmətlik komandirim, Milli Qəhrəmanımız Əliyar
Əliyev Laçın istiqamətində ağır bir döyüşə girmişdi. Həmişəki kimi,
qüvvələr bərabər deyildi. Ermənilər rus ordusunun texnikasıyla
irəliləyirdi. O vaxtlar da mən bölük komandiri idim. Tabeliyimdə
yeni əsgərlər vardı, onlara təlim keçmişdim, amma yenə deyirəm,
güclər bərabər deyildi. İçi mən qarışıq, hər əsgərə cəmi 30
patronumuz vardı. O vaxt ordumuzda Suvarov adlı bir polkovnik
vardı, bizim 19 əsgəri elə bir yerdən döyüşə saldı ki, həmən yerdən
düşmən bizi tət-tək dənləyə bilərdi. Amma içimizdəki vətən sevgisi,
bir az da patrondan ağıllı istifadə etməmiz bizi xilas etdi. Burdan
çıxdıqdan sonra bizi rəhmətlik Əliyar komandirin yanına apardılar.
O, üstümə qəzəblə cumaraq dedi: "Kim sənə ixtiyar verib ki, bu
körpə əsgərləri belə təhlükəli döyüşə salmısan?" Mən də ona raport
verdim ki, Suvarov bizə əmr etdi, mən də çarəsiz qaldım, bunları
döyüşə saldım!
Aypara şəklində ölüm...
Bir dəfə də yenə ermənilər yüksəklikdən bizə ani hücuma
keçdilər, qızğın döyüş başladı. Təsəvvür edin ki, onlar aypara
şəklində bizi qıracaqdılar, yəni yüksəklikdən biz onlara aypara
şəklində görünürdük. Nə isə, bu döyüşdə 3 gün mühasirədə qaldıq.
Orada ayaqqabımı, geydiyim gedəkçəni, papağımı belə güllələr
dəlik-deşik etmişdi. Yəni o dərəcədə dəhşətli döyüş idi. Bizi ordan
komandirimiz xilas etdi. Komandir boynumdan tutub məni özüylə birgə
15 metr hündürlükdən aşağı atdı. Orda bir dostum qarnından
minamyotla vurulmuşdu. Bütün bağarsaqları, iç orqanları yerə
tökülmüşdü. Bilirsiz, bir insanın öz iç orqanlarını görə bilməsi,
"məni xilas edin" deməsi nə deməkdir! Sözlə izah edilməyəcək
dəhşətdir. Səsi hələ də qulaqlarımdadır. (Yenə gözləri
dolur...)
Yolumu gözləyən vardı
- Dəhşətli şeylər yaşamısız. Bəs sizin yolunuzu gözləyən
bir sevdiyiniz varmıydı? Yəqin bunu düşünmək də bir dəhşət
idi...
- Bəli, hər bir gənc kimi sevdiyim, yolumu gözləyən vardı, amma
nə olsun, anam da, ailəm də yolumu gözləyirdi. Vətən olmadansa bu
saydıqlarımızın heç biri var ola bilməz. Mən "Öncə Vətən"
dedim.
Erməniləri dəfn edirdik...
- Bizim döyüşçüləri onlarla necə müqaisə edərdiz?
Məsələn, əsir aldığınız, əlinizə keçən erməni meyitlərilə necə
davranırdınız? Axı onlar bizim dirilərə verilən işgəncələr bir
yana, hətta meyitlərimizdən belə qisas alıblar.
- Düzünü deyim də. Komandirlər bizə imkan vermirdi ki, onlara
işgəncə verək. Çünki biz əsirləri öz əsirlərimizlə dəyişirdik.
Qaldı ki müqayisəyə... Biz onların meyitləri iylənməsin deyə,
dəfn belə edirdik, onlarsa bizimkilərə qarşı vəhşilik edirdilər!
Belə də ki, sıravi türk əsgərini erməni generalı ilə belə müqaisə
etmək istəməzdim. Bütün hallarda bizim əsgərimiz şərəflidir,
qürurludur.
- Sevgidən söz düşmüşkən, sizin batalyonda xanım
döyüşçülər varmıydı - necə döyüşürdülər? Onlara münasibətiniz necə
idi?
- Bax, bu, həssas məsələdir, yaxşı ki, soruşdun. Biz bu gün
varlığımızı, əlimizdə qalan bu torpaqları da xanım döyüşçülərə
borcluyuq, desəm, yalan olmaz. Onlar bizim bütün dərdimizə,
yaramıza məlhəm idilər. Bizdə İradə adlı bir xanım vardı. Onu heç
unutmaq olarmı? Kişi kimi döyüşürdü, bizə kömək edirdi.
Düşmənin iki helikopterini
vuran Azad...
- Düşməni necə məhv edirdiz?
- Biz düşməni əsasən əks zərbələrlə məhv edirdik. Cəbrayıl
rayonunda Dağtumas yüksəkliyi deyilən bir yer var. 30 nəfər
həmən istiqamətdə döyüşə girdik. Dərviş Piri deyilən isdiqamətdə
bizim postumuz vardı, amma onlar bizdən bir kilometr uzaqdan həmin
istiqaməti minalamağa başladılar. Yenidən 3 tank, iki PDM, bir də
Janna adlı snayperin ağ "Niva"sı ilə hücuma keçdilər. Amma Allaha
şükür, onların texnikasını məhv etdik, sonra iki tank bizə köməyə
gəldi. Bu tankçılardan biri - Əlövsət... mən ona Milli Qəhrəman
deyərdim... - başladılar bizə köməyə. Sonra düşmənin o qədər
texnikası üstümüzə gəldi ki, geri çəkilməli olduq. Həmin döyüşdə
onun tankını vurdular. Şəhid oldu.
Azad adlı əsgərimiz isə düşmənin iki helikopterini pulemyotla
vurub salmışdı. Biz o helikopterin birini düzəldib Milli Orduda
ermənilərə qarşı isdifadə etməyə başladıq, biri isə yanaraq
düşmüşdü deyə, isdifadəsiz halda idi. Amma bu gün həmin qəhrəman
əsgər - Azad hardadı, ona nə qədər dəyər vermişik...
Həyatımı ona borcluyam
- O vaxt ayağınızı kəsmək istəyiblər...
- Mən bir müddət də kəşfiyyatda olmuşam. Bir gün bizə əmr gəldi
ki, düşmən tərəfə keçmək lazımdı. Keçdik. Həmin əməliyyatda
ayağımdan vurdular. Ayağımın bütün sümükləri qırılmışdı. Amma öncə
Allahıma, sonra bizim bir ləzgi cərrahımız vardı - Rafiq
doktor - ona borcluyam. Məni Bakıya aparıb ayağımı kəsmək
istəyirdilər. Amma o, izn vermədi. Altı ay ayağım göydən asılı
qalsa da, məni sağaltdı.
Müharibə kitabları
- Cavanşir bəy, demişdiz ki, müharibəyə aid kitablar
oxuyursuz, həqiqi müharibədə olanlarla bu kitablarda yazılanlar
arasında nə kimi fərq var?
- Mən bütün mövzularda kitab oxuyuram, eləcə də müharibə
mövzusunda. Kitab təqdimatlarına da gedirəm. Mənə kitab hədiyyə
edirlər. Gənclərimizi də mariflənndirirəm bu kitablarla. Qaldı
ki kitabadakıyla həqiqi döyüşün fərqinə, biri var, kimsə
təxəyyülüylə hərəkət edib kitab yazır, bir də var həqiqi döyüş.
Həqiqi döyüşün içində özün gözünlə şahid olursan bütün dəhşətlərə.
Kitablarda o dəhşətlərin mində biri də yoxdu.
Niyə oldu, nə üçün oldu - bilmirəm!
- Son döyüşünüz necə oldu?
- Sonuncu döyüşüm Qubadlının işğalından sonra oldu. Bizi Qubadlı
işğal olmuşdu deyə, Ağdam rayonuna gətirdilər. Orada daha bir
dəhşətli döyüşümüz oldu. Həmin ərəfədə ailəmə mənim də ölüm
xəbərimi vermişdilər, xalam oğlu, onun atası da itkin düşmüşdü
orda. Anam mənim və xalam oğlunun ölüm xəbərinə dözməyərək özünü o
vaxtlar məskunlaşdığımız sanatoriyanın 3 mərtəbəsindən atmışdı. Biz
evdə 3 qardaş idik, üçümüz də döyüşürdük, amma mən evin sonbeşiyi
olduğum üçün anam dözmürdü. İndi düşünürəm ki, 5 il döyüşdük, ancaq
hər şey puç oldu. Niyə oldu, nə üçün oldu - bilmirəm! Bu döyüşlərdə
əmim oğlu Aqil Məmmədov şəhid olub - Milli Qəhrəmandır, xalam
nəvəsi şəhid olub, əmim nəvəsi itkin düşüb, bibim oğlu da 1993-cü
ildə şəhid oldu. İki qardaşım Qarabağ qazisidir. Nəhayət, mən
mərhum Prezidentimiz Heydər Əliyevin sərəncamıyla, 1996-cı ildə
tərxis oldum. Başladım 8 nəfərlik ailəmizlə bir otaqlı evdə
yaşamağa. Gecə-gündüz işləyərək bir otaq daha tikdik. 1997-ci ildə
Bədən Tərbiyəsi Akademiyasına qəbul oldum, 2002-ci ildə akademiyanı
qırmızı diplomla bitirdim. Evləndim. Özüm idmançıyam, 1989-cu ildə
- 14 yaşımdaykən ağır atletika üzrə SSRİ idman ustası adını
almışdım. 2000-ci ildə Qubadlı rayonunun "Həkəri" futbol kulubunu
yaradıb təsis etmişəm, hazırda da futbol kulubumuz fəaliyyət
göztərir.
- Necə dolanırsız?
- Özüm futbol məşqçisi işləyirəm. 130 manat Prezident təqaüdü
alıram, 180 manat pensiya. Kirayədə yaşayıram. Söz yox, ailəmi
dolandırmaq üçün bu yetərli məbləğ deyil, amma Vətən sağ olsun, nə
edək? Bu gün Ali Baş Komandandan tək istəyim var: bizə silah
versin, əmr etsin nəslimin, şəhidimin yatdığı torpağı xilas edək.
Üzüqarayıq... torpaq alınsa, bir gün bu şəhərdə qalmaz, gedib
torpağımda yaşayaram.
Təşəkkür məktubları
- Gənclərimizə nə deyərdiniz?
- Gəlin, sizə bir şey deyim. Mən 17 il Qubadlı 2 saylı
məktəbində hərbi müəllim işləmişəm. Şagirdlərimə verdiyim təhsillə,
onların əsgərlikdə gösdərdiyi uğurlala bağlı mənə Müdafiə
Nazirliyindən təşəkkür məktubları gəlib. Gənclərə məsləhət görərdim
ki, hərbi sirləri mükümməl öyrənsinlər, vətəni qarşılıqsız sevməyi
öyrənsinlər. Qarşılıqsız edilən fədakarlıqlar uğurla, qürurla sona
çatır. Məsələn, dədəm Əli Türkiyənin Kahraman Maraş
vilayətindəndir, Nuru paşanın əsgəri olub. Buraya Bakını azad
etməyə gələndə döyüşdən geri qayıtmayıb. Nənəmlə evlənib. Bax, biz
bu kişilərin nəvə-nəticələriyik, türkük, qürurluyuq. Biz əsgər
doğulub, əsgər ölməliyik.