"Cəbhə xətti" layhəsinin
budəfəki qonağı Vaqif Əlisoydur.
O, 1954-cü il oktyabr ayının 1-də Qubadlı rayonunda dünyaya
gəlib. Əlisoylar ailəsi 1955-ci ildə Cəbrayıl rayonuna köçdükləri
üçün Vaqif buradakı Maksim Qorki adına orta məktəbdə təhsil alaraq
məktəbi fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə Azərbaycan
Pedoqoji Univerisitenin Filologiya fakültəsinə qəbul olan V.Əlisoy
1976-cı ildə təhsilini başa vurub, könüllü olaraq Kəlbəcər
rayonunun ən ucqar dağ kəndi olan Qaraxançallıda orta məktəb
müəllimi işləməyə yollanıb. 1979-cu ildə öz doğma rayonuna qayıdıb
və 1989-cu ilə qədər müəllim, sonra isə Cəbrayıl rayonunun Təhsil
Şöbəsində metodist olaraq çalışır.
1988-ci ildən ermənilərin Azərbaycan torpaqlarına yönələn soyğun
məqsədli hücumları kəskinləşdiyi üçün Vaqif bəy özünün gizli könülü
müdafiə dəstəsini yaradır. Bu könüllü özünümüdafiə dəstələri daha
sonra onlara kömək üçün göndərilmiş polis qrupu ilə birlikdə erməni
kəndlərinə hücum edərək əsir götürdükləri iki ermənini onların
oğurladıqları mal-qara ilə dəyişirlər. O, 1990-cı ilin 20 Yanvar
hadisələri ərəfəsində Rus-Sovet hərbçiləri tərəfindən həbs olunaraq
əvvəlcə Tiflisdə, sonra isə Rusiyada KQB zindanında məhkumluq
həyatı yaşayır. Orada burnu sındırılır, bir gecədə paslı kəlbətinlə
18 dişi birdən çıxarılır. Verilən işgəncələrin səbəbi isə yalnız 3
maddədə gizli idi: birinci maddə, guya Cəbrayıl rayonunda Sovet
hökumətinin devrilməsinə cəhd, ikinci, insanlardan kütləvi şəkildə
Kommunist Partiyası biletlərinin alınaraq yandırılmasına təşviq,
üçüncüsü isə, ermənilərlə milli ədavəti qızışdırmaq.
Qeyd edək ki, Vaqif müəllim bu hadisələr zamanı artıq evli idi
və iki körpə övladı vardı.
- O vaxt bizim məktəblərdəki təlim silahlarını, evimizdəki
qoşalülələri, kolxozlarda qarovulçulara verinlən silahları da
yığmışdılar. Halbuki, ruslar ermənilərin yaşadıqları Hadrut
rayonuna helikopterlərlə silah daşıyıb onları tam
silahlandırmışdılar. Biz, 1990-cı il martın 18-də rəhmətlik Tofiq
İsmayılovla Arif Məlikovun köməkliyi ilə azad olunduq. Rayonda ev
dustaqlığı yaşayırdıq, amma qapımızdakı rus əsgərlərinə araq, çaxır
verib gecələr qaçaraq öz fəaliyyətimizi davam etdirirdik. Və
nəhayyət, 1991-ci ildə Hadrurt rayonunda ermənilərin yaşadığı 14
kəndi OMON dəstələrinin köməyi ilə erməni terroristlərindən azad
etdik. Dinc əhalini isə İrəvana köçürdük.
Erməni qızını oğlu əsir düşmüş bir ana
saxlayırdı
Mənim ilk döyüşüm 1992-ci ilin avqustunda Quşçularda olub.
Dəhşətli döyüş idi. O döyüşdə 32 şəhid, 250-yə yaxın yaralımız
oldu. Amma çox uğurlu əməliyyat idi. Biz orda Xocalının qisasını
necə lazımdısa aldıq. Ermənilərdən çox sayda əsir də götürmüşdük.
Əsirlərə insan kimi davranırdıq, amma onlar bizimkilərə dəhşətli
işgəncələr verirdilər. Məsələn, bizim azad etdiyimiz Nail Məmmədov
vardı, onun sinəsinə odlu dəmirlə xaç işarəsi basmışdılar.
Qızlarımızın namusuna toxunurdular, qulaqlarını, burunlarını,
cinsiyyət orqanlarını kəsirdilər, ürəklərini çıxarıb ovuclarına
qoyurdular. Biz o əsirləri dəyişəndə bu dəhşətli səhnələrə baxmaqda
çətinlik çəkirdik.
O vaxt bizimkilər kəndlərə hücum edəndə Ağcabədidə tanınmış
akademik Ambarsumyanın nəvəsini əsir götürmüşdülər. Erməni qızını
oğlu əsir düşmüş ana saxlayırdı. Oğlunun xatirinə qıza öz qızı kimi
baxmışdı. Ermənilər də deyirdi ki, o qızı verin, biz də sizin
əsirləri verək. Biz əsirləri dəsyişəndə həmin erməni qız bizim bir
skelet şəklinə salınmış Teymur İbrahimov adlı əsiri görüb qışqırdı,
qorxdu. Qızın ata-anası əllərində Quran mənə and verdirdilər ki, bu
qıza toxunumusunuz, ya yox? Mən də dedim ki, biz ona toxunmamışıq,
amma baxın, siz bizim əsiri nə günə salmısınız, bizsə sizin əsirə
necə baxmışıq. Kəsəsi, həmin qızı 23 meyit və 2 canlı insanla
dəyişdik. Bizim olardan fərqimiz bu idi.
Əməliyyat yarıda saxlanıldı
Cəbrayılda Şaqat yüksəkliyi deyilən bir yer var idi. Ora əvvəl
bizdə idi, amma Hadrutda rusların sərhəd qoşunlarının xüsusi
təyinatlı bir dəstəsi var idi və onlar hücum edərək o yüksəkliyi
alıb ermənilərə təhvil vermişdilər. Biz Cəbrayıl rayonunda ermənini
bir qarış da irəli buraxmamışdıq. Özümüzü necə lazımdır, müdafiə
edirdik və ən uğurlu əməliyyatımız da "Sur" əməliyyatı olmuşdu.
Həmin əməliyyat sayəsində 15 erməni kəndini alaraq nəzarətimizdə
saxlamışdıq. Amma təəssüf ki, "Sur" əməliyyatları yarıda
saxlanıldı. Saxlanılmasaydı, hər şey fərqli ola bilərdi.
15 yaşlı əsgərimiz qollarımda şəhid oldu... Xocalı
qisası...
Bir günə mənə xəbər verdilər ki, Bakıdan bir vaqon əsgərlik
yaşına çatmayan gənc gəlib. Gəlib gördük ki, bunlar 15 yaşlarında
ancaq olarlar. Nə qədər israr etdik ki, qayıdın gedin evinizə,
dedilər ki, yoxe, icazə verin heç olmasa patron daşıyaq, kiçik
işlərə yarıyaq. Maşallah, hamısı da zirək uşaqlar idi. Bizdə
Cəbrayıl rayonunun Qaracalı kəndindən 15 yaşlı uşaq vardı, adı
Samir idi. Nə qədər deyirdik ki, get dərslərini oxu, getmirdi.
Bütün döyüşlərə qatılırdı. Silahlardan da tam istifadə edə bilirdi.
Cəbrayıla sonuncu hücum olanda mənim qollarımda şəhid oldu. Sonuncu
sözü də bu oldu ki, qoyma mən ölüm, Xocalının qısası tam alınmayıb
axı!
Cəbrayıl tərəfdən futbol oynayan Levon
Bir dəfə də belə oldu. Ermənilərlə əsir dəyişmə zamanı,
təsadüfən, uşaqlıqda birlikdə futbol oynadığım erməni ilə görüşdüm.
Həmin vaxt fikir verdim ki, onlardan biri gözlərini zilləyib, mənə
baxır. Mən də ona tərəf baxdım. Oxuculara qəribə gələ bilər, amma
bu, birdən üstümə cumub məni qucaqladı. "Vaqif, Vaqif", - deyə
qışqırdı. Yadıma düşdü ki, bu, Levondur. Məni qucaqlayıb, əl
çəkmirdi. Bizim uşaqların hamısıyla da duz-çörək kəsmişdi. O vaxt
biz Hadrutun komandasıyla fudbol oynayanda Levon cəbrayıllıların
tərəfindən oynayırdı. Deməyim odur ki, onların içində də belələri
var. Gedib arvad-uşağını da gətirib mənimlə görüşdürdü. Məncə,
onları içəridən ələ alıb, qələbə qazanmalıyıq. Qələbənin bir yolu
da budur.
Bizimlə ermənilər yox, ruslar döyüşürdü
Bir nüansı da əlavə edim ki, bizim tərəfdə qadın döyüşçülər də
var idi. Biz onlarsız, demək olar ki, heç nə idik. Hər dəfə hücuma
keçəndə yanında bir xanım döyüşçünün olması bilirsinizmi nə
deməkdir?! Bizə ruh yüksəkliyi verirdilər. Onlara çox şey
borcluyuq. Mən açıq deyim ki, Cəbrayıl xanımları əsl
qəhrəmandırlar. Onlar həmişə bizim yanımızda olublar. Onların
bizimlə döyüşməsi nizam-intizamın da yaranmasına kömək edirdi.
Açığını deyim ki, bizimlə ermənilər yox, Hadrutdakı xüsusi rus
təyinatlıları döyüşürdü. Nəzarətimizdə olan Daşbaşı postunda 15
əsgərimizi vəhşicəsinə öldürüb, başlarını kəsmişdilər, ürəklərini
çıxarmışdılar. Elə uşaqlar var idi ki, təslim olmayıb özünü
partlatmışdı. Onlar həmişə bizim meyitləri aparırdılar, bu dəfə
aparmamışdılar. Hücum edib oranı həmin dəqiqə aldıq. Amma
təcrübəsiz əsgərlərimiz meyitləri görəndə qorxdular.
400 nəfərlə hücum etdik
Şişqaya yüksəkliyindən bütün Hadrut yolu görünürdü. Oranı ələ
keçirib, hər yerə nəzarət etmək istəyirdik, amma bu qısa müddətdə
ermənilər dağların başıyla özlərinə yollar çəkmişdilər. Biz oraları
görəndə dəhşətə gəlmişdik. Bu Şişqayadakı əməliyiyyatımız "Ağ yol"
əməliyyatı adlanırdı. Səhər tezdənən 400 nəfərlə hücum etdik.
Əməliyyata indiki general Heydər Piriyev başçılıq edirdi. Amma
uğursuzluğa uğrayıb, 26 şəhid verdik. Əməliyyat, vaxtından tez
başladığı üçün uğursuzluqla nəticələndi. İnanın, ermənilərin o
qədər çox itkiləri var idi ki, onlar əsəbdən bizim meyitləri
yandırmışdılar. Bu vəhşilikləri edənlər əsasən İrəvan erməniləri
idi. Onların əksəriyyəti Daşnaqsütyun partiyasının üzvləri idi.
Türk-erməni fərqi
Bizim döyüşçülərlə erməni döyüşçülərinin fərqi bilirsimi
nədədir? Bizim onlarla fərqimiz ondadır ki, biz qorxmazıq, sadəcə,
avtomatla erməninin tanklı döyüşçüsünü məhv edə biləcək qədər
üstünük. Məsələn, bizim əsgərlər mühasirəyə düşüb, patronları
bitənə kimi döyüşüb, sonra patron qurtaranda iki döyüşçümüz Qarabağ
şikəstəsini oxuya-oxuya ermənilərin üstünə gediblər. Bunu mənə
əsirləri dəyişəndə erməni zabiti dedi. Bu, erməninin etirafı idi.
Bax, budur fərq.
Rejissor olsam...
Müharibə filmi çəksəm, o filmi necə çəkərdim? Əsil həqiqətləri
çəkərdim. O həqiqətləri ki, bizi məğlub duruma gətirib çıxarıb.
Belə deyim də, mən "Fəryad" filminə də baxmışam, son dövrlər Aqil
Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" filminə də. Əsil döyüş
səhnələrini orda görmüşəm. "Dolu"dakı döyüş səhnələri bizim
döyüşlərlə birə-bir eynidir.
Gənclərimizə...
Əvvəla onu deyim ki, bugünkü gənclikdən razı deyiləm. Bu
televiziya kanalları gənclərimizi məhv edib. Vətənpərvərlik çox
aşağı səviyədədir. 90-cı illərin gənclərini görmürəm. Gənclərə
deyirəm ki, mən qələbəyə gedən yolu görürəm. Bugünkü gənclər yox,
biz döyüşüb şəhid olmalıyıq. Bu döyüş bizim nəslin boynuna yazılıb.
Biz başladıq bu döyüşü, biz də bitirməliyik. Bir də hökumətimizə
çağrış edirəm: ölkəmizdə Avropa Oyunları keçiriləcək. Xaricdən çox
sayda idmançı gələcək. Nə qədər gec deyil, şəhərin müxtəlif
yerlərində xaricilərə Qarabağ həqiqətlərindən danışan
maarifləndirici lövhələr yerləşdirək.
Son olaraq, hər gün ilk açıb oxuduğum Axar.az saytının
rəhbərliyinə və kollektivinə bu layihə ilə bizi bir daha xalqa
xatırlatdığı üçün təşəkkür edirəm.
Sonuncü döyüş
1993-cü il avqust ayının 23-dən sonra tərxis oldum. Döyüşlərdən
qayıdandan sonra bir müddət gizli yaşadım. Haqqımda səhv məlumatlar
verilmişdi. Hətta döyüşə-döyüşə məni həbs etmək isdəyirdilər. Daha
sonralar üzə çıxdım. Bütün Cəbrayıl döyüşlərindəki həqiqətləri əks
etdirən silsilə yazılar, məqalələr yazdım. Qarabağı geri qaytarana
kimi yaşamağa məhkumuq...