"Böyük azərbaycanlılar"
layihəsində:
Şəki şəhər Rayonlararası Mühafizə şöbəsinin rəisi,
polkovnik-leytenant Müşfiq Cəbrayılov atası - Qarabağ uğrunda
döyüşlərdə canından keçən Azərbaycanın Milli Qəhrəmanı Mikayıl
Cəbrayılov və babası - Fransa milli partizan hərəkatının əfsanəvi
qəhrəmanı Əhmədiyyə Cəbrayılov haqqında heç yerdə açıqlamadığı
faktları Axar.az-a danışdı.
Qanlı kreslo
- Müşfiq bəy, əvvəlcə istəyirəm ki, bir neçə kəlmə
özünüz haqda danışasınız. Qəhrəmanlar ailəsində böyümək çoxmu
məsuliyyət tələb edib?
- Bəli. Mən ümumiyyətlə, uşaqlığımı yaşamamışam. Yaşımdan tez
böyüdüblər məni. Atdığım hər addımı ölçüb-biçmişəm, ətrafdakı
insanlar üçün yaşamışam. Babam Əhmədiyyə Cəbrayılov, atam Mikayıl
Cəbrayılov da özləri üçün deyil, xalq üçün yaşadılar. Mənə də
həyatda hər zaman özüm üçün deyil, insanlar üçün yaşamağı tövsiyə
ediblər.
- Azərbaycanın Milli Qəhrəmanı olan atanız Mikayıl
Cəbrayılovun sahə müvəkkili vəzifəsində baş leytenant rütbəsi
daşıması haqqında məlumatlıyıq. Yəqin siz də polis sıralarına məhz
atanızın yolunu davam etdirmək arzusu ilə qoşuldunuz.
- Ailəmizdə atamla yanaşı, əmim də polis vəzifəsində çalışıb.
Uşaqlıqdan atamın əynində xüsusi forma görəndə sevinirdim. Hər kəsə
bir vaxt böyüyüb polis olacağım haqqında danışırdım. Amma ürəyimdə,
beynimdə hər zaman məni narahat edən bir fikri bölüşmək istərdim
sizinlə. Mən bu kresloda atamın, babamın qanı hesabına əyləşmişəm.
Heç kəs düşünməsin ki, daşıdığım vəzifəyə görə fəxr edirəm və ya
qürur duyuram. Əslində, mən hər gün ölürəm. Şəhidlərin qanı yerdə
qalana qədər, biz övladlar narahat, əzabla yaşayacağıq.
Madam Janna: əsirlikdən tabutla qaçış
- Bizə öncə Fransanın əfsanəvi qəhrəmanı - babanız
Əhmədiyyə Cəbrayılov haqqında danışın.
- Babamgil altı qardaş olublar. Onlardan dördü müharibədə həlak
olub. Babamın əsgərliyi Böyük vətən müharibəsi illərinə təsadüf
edir. Lakin 1941-ci ildə Alman ordusunun Sovet ölkələrinə
hücumundan sonra babam faşistlər tərəfindən əsir götürülür. O,
minlərlə insanla bərabər "ölüm düşərgəsi" adlanan faşist
düşərgələrində saxlanılıb.
- Babanız öz xatirələrində əsirliyi necə təsvir
edirdi?
- Əslində, babam əsirliklə bağlı xatirələri bir o qədər də
yadına salmaq istəmirdi. Hər halda, söhbət düşmənlərdən və
əsirlikdən gedirsə, təbii ki, onları yağ-bal içində saxlamırdılar.
O, yalnız onu söyləyirdi ki, faşistlər əsirlərə o qədər işgəncə
verirdilər, səsləri bütün düşərgəyə yayılırdı və onların səsini
eşitməmək üçün babam ya bərkdən mahnı oxuyar, ya da şeir deyərmiş.
O bunu psixoloji gərginlikdən uzaqlaşmaq üçün edirmiş.
- Bilirik ki, ölüm düşərgəsindən olduqca az adam yaxa
qurtara bilib.
- Bəli, çox az sayda insan ölümdən geri dönüb və babam da
onların sırasında olub. Babam əsirlikdən ölüm düşərgəsində xadimə
işləyən madam Janna vasitəsilə qaçmağa müvəffəq olub. Madam Janna
babamı almanlar tərəfindən öldürülən türk əsilli ərinə bənzətdiyi
üçün öz həyatını təhlükəyə ataraq, onu əsirlikdən xilas edib.
Əhmədiyyə Cəbrayılov ölü əsirlərlə tabutda düşərgədən
çıxarılıb.
- Xeyirxah Jannanın sayəsində yenidən həyata dönən
Əhmədiyyə Cəbrayılovun sonrakı taleyi necə olub?
- Sonra babam Fransada milli partizan hərəkatına qoşularaq,
almanlarla mübarizəyə başlayır.
"Bərbər" partizan
- Onun ağır kəşfiyyatlarda iştirak etdiyini hamımız
bilirik. Onların bir neçəsini bizim üçün
danışarsınızmı?
- Heç bir yerdə açıqlamadığım hadisələri sizin üçün danışacağam.
Deməli, babam bir neçə partizanla plan quraraq almanların məhvinə
başlayır. Onun çox gözəl əl qabiliyyəti olub. Hələ əsgər getməzdən
əvvəl bərbər peşəsini mənimsədiyi üçün bu sahədə bildikləri ən ağır
anında onun köməyinə çatır. Təsəvvür edin ki, babam və bir neçə
partizan bərbərxana açırlar. Özü də orada bərbər çalışır, alman
əsgər və zabitlərinin başını qırxır, amma eyni zamanda onları
başlarından "məhrum edirdi". Partizanların işlətdikləri
bərbərxanada "sehrli" adlandırdıqları xüsusi kreslolar var idi.
Həmin kresloların bir düyməsi də olub. Faşistlər həmin kresloya
əyləşən kimi, babam düyməni basır və kreslo zirzəmiyə enirmiş.
Burada isə digər partizanlar aşağı enən "qonağın" həyatını
"söndürürdülər". Onlar bu minvalla yüzlərlə faşisti məhv edirlər.
Rus filmlərində partizanların bu şücaəti haqqında bəhs olunur.
- Bəs ağıllı almanlar nə əcəb
şübhələnmirdilər?
- Bir gün babamla partizanların bu "tilsimli" və "ölüm qoxulu"
bərbərxanasından şübhələnməyə başlayırlar. Onlar izləyib görürlər
ki, bərbərxanaya daxil olan alman əsgərləri oradan geri
qayıtmırlar. Və oranı mühasirəyə alırlar. Güclü atışma başlayır,
bir neçə partizan həlak olur, babam isə ağır yaralanır. Amma sağ
qalan partizan yoldaşların köməkliyi ilə təhlükəli yerdən
uzaqlaşaraq sığınacaqda gizlənməyə imkan tapır.
Əfsanəvi Xarqonun başına 10 min frank
- Almanların məhz babanızla bağlı qəzəbi bir çox kitab
və sənədli filmlərdə öz əksini tapıb.
- Təsəvvür edin ki, almanlar o zaman babamın başına on min frank
pul kəsirlər. Hətta, partizan dəstəsinin komandiri şəxsən deyirmiş
ki, mən Xarqonu (babamın ləqəblərindən biri idi) düşməndən çox
azərbaycanlılardan qoruyuram; qorxuram ki, pula şirniklənərək öz
millətindən olanlar onu satalar.
- Onun bir ləqəbini açıqladınız. Lakin eşitdiyimə görə,
onun bir neçə ləqəbi olub.
- Bir neçə deyil, çoxləqəbi olub. O, hər batalyonda bir ləqəblə
vuruşurdu ki, ələ keçməsin. Xarqo - fransız dilində qəhrəman
anlamını verir, amma digər ləqəbləri də olub: Ryus Armed - (rus
Əhməd), Mişel - Mikayıl adına oxşar (atamın adı).
Sizə bir hadisə də danışım. Fransanın prezidenti partizan
hərəkatının lideri Şarl de Qoll müharibə bitdikdən sonra bütün
qəhrəman adlarının siyahıya alınmasını əmr edir ki, onları
mükafatlandırsın. Babamın vuruşduğu batalyonda iyirmiyə yaxın ad
qeyd olunur. Təsəvvür edin ki, sonda mükafatlandırma zamanı məlum
olur ki, bütün adlar yalnız bir insana aid imiş - babam
Əhmədiyyəyə. Hər kəs, hətta prezident özü belə təəccübünü gizlədə
bilmir.
Şarl de Qollun Moskvaya xüsusi tapşırığı
- Fransa prezidentinin babanıza xüsusi diqqətindən bütün
dünya danışır. Amma əfsanəvi Xarqonun ona dediyi sözləri hər kəs
bilmir. Bəlkə bu haqda danışasınız?
- Şarl de Qoll babamı "Fəxri legion" ordeni ilə təltif edir. Ona
şəxsi ev, prezident dəftərxanasında vəzifə təklif edir. Babam isə
prezidentdən yalnız Azərbaycana qayıtmasında köməklik göstərməsini
xahiş edir. Qeyd edim ki, hazırda Fransadakı ən nəhəng avtomobil
zavodu babamın adını daşıyır.
- Qəribədir ki, bütün sadalanan şücaətlərə baxmayaraq,
Sovet dönənimdə Əhmədiyyə Cəbrayılov kimi qəhrəmanları vətən xaini
adlandırır, onların məhvinə çalışırdılar.
- KQB-nin Sovet rejimindən aldığı xüsusi tapşırıqlar əsasında
babam dəfələrlə həbs edilir, cismani və mənəvi əzaba məruz qalır,
əl-ayaq dırnaqları çıxardılırdı. Yalnız 1966-cı ildə Fransa
Prezidenti Şarl de Qoll Əhmədiyyə Cəbrayılov üçün Moskvaya
gəldikdən sonra, babam Kənd Təsərrüfatı İnstitutuna daxil olur.
Daha sonra ona vəzifə verilir. Ümumiyyətlə, dörd-beş il boyunca o,
paradlarda ən böyük fransız generallarından irəlidə getmək hüququnu
qazanır ki, bu da Fransa tarixində yalnız çox mötəbər insanlara
nəsib olub.
- Bəs Əhmədiyyə Cəbrayılovun neçə övladı
olub?
- Babamın üç oğlan, dörd qız övladı olub. Amma bu yaxınlarda
fransalı jurnalistin apardığı araşdırma nəticəsində məlum olub ki,
babamın Fransada fransız qadından iki oğlu da var imiş. Oğulları
haqqında babam ilk dəfə yalnız 1989-cu ildə böyük bibimin toy günü
ona söyləyib. O, qızına yaxınlaşaraq bir qədər kədərli halda həmin
gün Fransada onun qardaşının da toy günü olduğunu söyləyib.
- Bəs ailə bu təzə xəbəri necə qarşıladı? Qohumlar
bununla maraqlandılarmı?
- Vallah, bibim söylənənlərin zarafat olduğunu düşünüb və bu
barədə heç kəsə deməyib. Yalnız indi yayılan məlumatlara görə,
babamın Mişel və Əli adlı oğulları iyirmi ilə yaxındır ki, Fransada
yaşayırlar. Hazırda isə onların hansı ölkədə yaşadıqları haqqında
heç bir məlumatımız yoxdur.
Əsirlikdən qayıtdı, qəzada dünyasını
dəyişdi
- Qaranlıq qalan daha bir məqam var. Babanızın müəmmalı
ölümü. Qəribədir ki, o boyda əsirlikdən canını qurtara bilən insan
həyatın əzablı illərinə tab gətirir, amma sonda adi bir yol
qəzasında dünyasını dəyişir?
- Ümumiyyətlə, insanın harada və hansı şəraitdə dünyasını
dəyişəcəyi bəlli deyil. Məsələn, deyirlər ki, hansı isə bir kənddə
Sona xala 116 yaşına çatıb, amma bəlkə də bu həmin Sona xala
ömründə bir yetimə belə əl tutmayıb, insanlara heç cüzi yaxşılığı
da dəyməyib. Mənim atam çox az yaşayıb. O, 38 yaşında Qarabağ
uğrunda gedən döyüşlərdə igidlik göstərərək, şəhidlik zirvəsinə
yüksəlib. Mən də öz növbəmdə hər zaman atam qədər az yaşayıb çox iş
görmək arzusunda olmuşam. Babam əslində az ömür sürməyib. 1994-cü
ildə 74 yaşıda küçədə dayanarkən onu avtomobil vurdu və xəstəxanada
dünyasını dəyişdi.
Babam olduqca güclü və eyni zamanda şən insan olub. Döyüşçü
dostları danışırdılar ki, o, hər dəfə kəşfiyyatdan qayıdanda əl
açıb oynayardı, qələbəsini bu cür qeyd edərdi. Azərbaycan şeiri və
sənətinin vurğunu idi. Mikayıl Müşfiqi o qədər çox sevirdi ki,
atama Müşfiq, mənə isə Mikayıl adını qoydu.
Əhmədiyyə Cəbrayılov tək Azərbaycana deyil, dünyaya səs salan
qəhrəman olub və bizi də öz ruhunda böyüdüb. Heç yadımdan çıxmır,
1990-cı ildə atamın dəfnində 5-6 min insan iştirak edirdi. Hər kəs
eşidə bilsin deyə, babam sözlərini qrammofonla söyləyirdi. O, atamı
son mənzilə yola salarkən, yalnız bir cümlə dedi: "Mən oğlumun
qanını bu xalqa halal edirəm!"