"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Kənan
Nəcəfovdur. 1966-cı ildə Ordubadın Üstüpü kəndində anadan olub, bu
kənddə orta təhsil alıb. 1984-cü ildə Sovet ordusunda hərbi xidmətə
çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Xalq Təsərrüfatı
Akademiyasına qəbul olunub.
Birinci qrup Qarabağ əlilidir. Evlidir, taksi fəaliyyəti
ilə məşğuldur...
400 erməniyə qarşı 40 azərbaycanlı...
- Kənan bəy, deyəsən döyüş yolun ali təhsili bitirməmiş
başlayıb?
- Bir növ - hə, bir növ - yox. Gəncədə ali təhsil alırdım, artıq
təhsilimizi bitirmək üzrəydik. Həmin ərəfələrdə Xalq Hərəkatı
başladı; öncə hərəkatda iştirak etdik. AXC-dən tapşırıq vermişdilər
ki, təxribatların qarşısını alaq. Çünki o vaxt Gəncədə xeyli erməni
yaşayırdı. Çalışırdıq ki, ermənilərin köçürülməsi zamanı hücumlar
olmasın, amma orada atışma oldu. İlk şəhidimizi də orada verdik.
Yəni bu mənada "hə" deyirəm. Təhsilimi bitirəndən sonra məni
təyinatla işləməyə göndərdilər. Amma işlədiyim kəndə o qədər şəhid
gəlirdi ki, özüm-özümdən utanırdım. Bir müddət işlədikdən sonra iki
dəfə ərizə verdim ki, məni də döyüşməyə aparsınlar. Ancaq o vaxt
təyinatla işləməyə göndərilənləri döyüşə aparmırdılar. Murovda
tanış uşaqlar vardı, onlar məni Seyfəliyə çağırdılar. Seyfəliyə
getdim, amma orada da sənədləri qəbul etmirdilər. Birtəhər
məqsədimə çatıb əsgər oldum, vuruşmağa başladım. İlk əsas döyüşü
Füzuli rayonunun Seyid Əhmədli kəndində duymuşam.
- Hansı döyüş xatirəniz sizin üçün
unudulmazdır?
- Çoxdur... Məsələn, birini danışım. Əbdülrəhmanlı kəndində
ermənilərlə döyüşümüz oldu. Laçından Qoşqar adlı oğlan vardı.
Deməli, xəbər gəldi ki, döyüşlərdə uşaqlarımız çox itki verib. Bu
bizə çox pis təsir etdi. Komandir məni ora təyin elədi. Hücum edib
ermənilərin "bilindaj"ını (sığınacaq) aldıq. 40 nəfərlə hücum
etmişdik. Orada, təxminən, 400 nəfərə yaxın erməni var idi. Onlar
bizdən qorxub qaçdılar. Təsəvvür edin, 400 erməni 40
azərbaycanlıdan necə qorxub qaçırdı. Biz artıq lazım olan o
yüksəkliyi aldıq. Yanımda Hacıqabuldan Qasım adlı bir oğlan vardı.
Anidən gördüm ki, otlar tərpənir. Tez "erməni!" – deyə qışqırdım.
Haradasa, 10 metr məsafə var idi. Qasım tullanıb erməninin silahını
təpiklə vurub yerə saldı. Əlbəyaxa davada biz 4 nəfər idik, onlar 6
nəfər. Amma hamısını tərksilah etdik. Belə şeyləri ancaq filmlərdə
görmək olar.
Qumbara ilə özünü tankın altına atdı
- Başqa hansı səhnə yadınızdan silinmir?
- Bizi Ağdamın Güllücə kəndinə hücum əməliyyatına gətirmişdilər.
Gəncədən Səid adlı bir oğlan iki nəfər başqa gənc subay əsgərə
döyüşə girməyə icazə vermədi. Dedi, mən evliyəm, siz subaysınız,
hələ heç nə görməmisiniz, özüm gedəcəm, siz qalın. Bir də Lətif
adlı oğlan vardı, onun üstünə mərmi düşdü. Tikə-tikə olmuşdu, bizə
çox asta səslə, "erməni gəlir, məni onlara buraxıb gedin", – dedi.
Bax, belə oğlanlar olub! Bizə o vaxt belə şeylər adi gəlirdi.
Uşaqlar özlərini tankın altına atırdılar. Bugünkü gənclik bu
şeyləri ancaq filmlərdə görüb. Mən əlində qumbara tutub özünü
erməni tankının altına atan igidlər görmüşəm!
- Kənan, istərdim bizə xanım döyüşçülərimizlə bağlı
xatirələrinizi də danışasınız. Kişi əsgərlərimizin onlara
bayramlarda maraqlı hədiyyələr bağışladığını
eşitmişik...
- Döyüşçü qadınlar bizim üçün ən güvənilir dost idilər.
Yadıma gəlir, mart ayının 19-u idi. Bizim uşaqlardan biri, –
Göyçaydan idi, – qızlarımıza bir dənə hələ açılmamış bənövşə
gətirdi. Bilirsiniz də, o vaxt bənövşə tapmaq olmur, amma əsgər
haradansa tapıb gətirmişdi. Bundan gözəl nə ola bilərdi? Qəhrəman
qadınlarımız var idi... Mən yaralanan döyüşdə orada bir tankımız
qalmışdı. Ağdamdan olan bir qadın vurulan tankımızı qoşub çəkmişdi
ki, erməniyə qalmasın. Bu döyüşçü qadınların çoxu ərini, oğlunu,
qardaşını, bəziləri də bütün ailəsini itirmişdi. Onlar, demək olar
ki, kişi idilər, bütün qadın hisslərini itirmişdilər! Artıq onlara
qadın kimi baxmaq mümkünsüz idi. Onların yeri cənnətlikdir!
Azərbaycan cəmiyyəti bu qadınlara həmişə borcludur.
Bir də gördüm ki, ayağım yoxdur
- Bəlkə də çox ağrılı olacaq, ancaq yaralanma səhnəsini
danışardınız... mümkünsə...
- Doğrusu, mən bunu heç yerdə danışmıram... 1994-cü il mayın
5-də Güllücə istiqamətində şiddətli döyüşlərin birində yaralandım.
Orada dəmir yolu qırağını mənə tapşırmışdılar. Səhər açılanda
ermənilər mövqelərimizi vurmağa başladılar. Məcbur qalıb özüm
kəşfiyyata getdim. Gördüm, ermənilər Su anbarı deyilən yerdə iki
DŞK, iki BMP yerləşdiriblər. Geri qayıdıb səngər qazdırdım.
Ermənilər DŞK-larla atmağa başladılar. Əsgər yoldaşım Qoşqardan
qumbaraatanı alıb, həmin mövqeni vurdum, onlar susdular.
Sürün-sürünə səngərə düşdüm. Yarım saat sonra hücum əmri verdim.
Tanklarımız da gəldi, mən heç kimi tanka yaxın getməyə qoymadım,
özüm tankın yanındaydım. Çünki tankın yanında getmək təhlükəli idi.
Tankçının biri özbaşına hərəkət edib hücuma keçmişdi, amma onu vura
bilmədilər. Kənardan mən də ata-ata arada ona baxırdım. Müdhiş
mənzərə idi. Elə bil, bir aslan təkbaşına çaqqalların içində
fırlanırdı. Biz də kənardan atırdıq ki, bunu vurmasınlar. İkinci
tank köməyə gələndə hərəkət etmək istədim, amma artıq ayağım yox
idi: ayağımın yana düşdüyünü gördüm. Uşaqlar məni bu halda görüb
duruxdular. Heç kimi yanıma qoymadım. Qışqırdım ki, siz döyüşün.
Tankımız məni görürdü, köməyə gələndə onu mərmiylə vurdular. Mərmi
tankçının başını apardı, tank öz-özünə işləyirdi. Əgər o tankçımız
olmasaydı, daha çox itkimiz olardı. Həmin tankçıya Milli Qəhrəman
adı da azdır... Qəribə səhnə idi, tank yananda qara bulud gəldi,
yağış yağdı.
General əmr verdi ki...
- Bəs necə xilas oldunuz?
- Mənə də çox maraqlıdır ki, o vəziyyətdə huşumu itirmədim.
Pulemyotu hazır vəziyyətdə qoydum ki, ermənilər gəlib məni əsir
almaq istəsələr, onları vurum. Bizim komandirimiz general Aydəmirov
məni soruşub. Deyiblər ki, Kənan vurulub. O da əmr verib ki, onu
xilas edib mənə məruzə edin. Onun əmriylə erməniləri əməlli-başlı
atəşə tutmuşdular. Birtəhər məni xilas etdilər, helikopterlə
Sumqayıta apardılar. General Aydəmirov özü də iki gün sonra yanıma
gəldi. Daha sonra mən tərxis oldum. 1995-ci ildə mənə Milli
Qəhrəman adı verilməsi haqda Müdafiə Nazirliyinə sənədlərim
göndərildi. Əmr verilmişdi, amma sonra necə oldu, mən də bilmirəm.
Yəqin, hərbi hissəmizin arxivindədir.
- Bizim əsgərlərlə erməni əsgərinin fərqi
nədədir?
- Fərq odur ki, onlar qorxaqdılar, onlar türkdən həmişə
qorxublar. Bu bir gerçəkdir. Biz onların səngərinə girəndə onlar
hətta yeməklərini də qoyub qaçırdılar. Bizdə bir qorxmazlıq var.
Goranboydan Qorçuyev Cəfər adlı qəhrəman var idi. Mən deyərdim ki,
bu şəxs gerçək insan, gerçək döyüşçü idi. Bu adam ölümə meydan
oxuyurdu. Heç vaxt başını əyməzdi. Həmişə başını dik tutub
döyüşərdi. Bir dəfə ermənilər Goranboya mərmi atdılar, düşdü
yanımıza. Mərminin ətrafında qız-gəlin də vardı, amma mərmi
partlamamışdı. Laçından bir gənc əsgər o mərmini götürüb kənara
tulladı. Dəhşətli an idi. Buna ürək lazımdır. Yenə deyirəm, əminəm
ki, indiki gənclər bunu ancaq filmlərdə görə bilərlər. Bir dəfə
təlimdə komandirimiz İlqar Hüseynovun botu cırılmışdı. Biz dedik
ki, xəbər edək, təzə bot göndərsinlər. Razı olmadı, əşya çantasını
ayağına bağlayıb o qarlı yolu elə getdi. Hətta yemək bişirmək üçün
şərait yox idi. Deyərdim ki, dünyanın ən yaxşı qazanı dəbilqədir
("kaska" - gülür). Bizim döyüşçülər çox çətinliklərlə
üzləşiblər.
- Film demişkən, siz film çəksəydiniz, Qarabağdakı
savaşı necə canlandırardınız? Ümumiyyətlə, Qarabağ savaşının
filmlərdə gördüyümüz savaşdan fərqi nədədir?
- Bu gün çəkilən savaş filmləri bir qəpiklik deyil. Məsələn, mən
belə çəkərdim: Atəşkəs elan olunur, güllə səsi kəsilən kimi
bülbüllər oxumağa başlayır. Ya da Azərbaycan tərəfdən bir quş bir
çöp götürür, aparır Ermənistan tərəfdə özünə yuva tikir. Məsələn,
belə bir şey çəkərdim: Burada yaralanan bir qazini göndərirlər
Türkiyəyə. Orada onu bir erməni qızı müalicə edir. Bu gün filmlərdə
qırmızı dodaqlı qadın çəkirlər. Axı müharibədə qırmızıdodaq qadın
harada olub? Müharibənin rəngi bəllidir – boz!
Əgər indi erməni döyüşçü ilə
qarşılaşsaydım...
- Bəs siz özünüz döyüşdüyünüz erməni qazisiylə
qarşılaşsanız, onunla necə davranardınız?
- Normal münasibət bəsləyər, oturub müharibə haqda onunla
danışardım. Mən erməniyə yox, ona dəstək verən, onu küyləyən rusa,
farsa düşmənəm. Məsələn, erməni bizim musiqini, yeməyi öz adına
çıxır. Bu, belə də olmalıdır. Onlar gözünü açandan "Sarıtel"lə
böyüyüblər, bizə qulluq edə-edə dolma yeyiblər. Mənim erməni adlı
problemim yoxdur. Biz əsas kökə enməliyik. Bu işlərin kökündə rus,
fars durur. Erməni kimdir ki, mən ona düşmən olum, nifrət edim? Mən
ermənini rəqib bilməyi özümə təhqir sayaram.
- Bəs onda belə sual doğur: erməni qızıyla azərbaycanlı
oğlanın evliliyinə, sevgili olmasına necə baxırsınız?
- Burada qəbahətli nəsə yoxdur. Erməni ilə azərinin evlənməsinə
normal baxıram. Əgər bir şeyin içində insana sevgi varsa,
ümumiyyətlə, sevgi varsa, bura kin qatmaq lazım deyil.
- Bəs müharibə istəyirsiniz?
- Qətiyyən! Müharibə dəhşətli şeydir. Mənim necə döyüşdüyümü
soruşsanız, çox Qarabağ qazisi sizə danışa bilər. Mən orada çox
dəhşətlər görmüşəm. İstəmirəm ki, yenə müharibə olsun, cavanlarımız
ölsün, qadınlarımız ağlar qalsın. Bu məsələ sülh yolu ilə həll
olunmalıdır. Amma sabah döyüş olsa, yenə də çəkinəmədən gedərəm.
Mən hər kəsə qarşı torpağımı qorumağa hazıram.
- Son olaraq, Azərbaycan gəncliyindən razısınız? Onlara
bir Qarabağ qazisi kimi nə deyərdiniz?
- Bəli, bu gün gəncliyimizdən razıyam. Niyə də olmayım? Bəs
gənclik necə olmalıdır ki? Azərbaycan gəncliyinin səs-sorağı
Amerikadan gəlir. Gəncliyimizə yalnız intellekt arzu edirəm və
Hüseyn Cavidin sözləri ilə fikrimi bitirirəm:
"Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız
mədəniyyət, mədəniyyət, mədəniyyət!"