İbad Hüseynovdan çox bəhs
edilib. Haqqında yüzlərlə məqalə, onlarla kitab yazılıb, film
çəkilib. Onunla görüşüb "Xatirə dəftəri"ni vərəqlədik, uşaqlıq,
yeniyetməlik və gənclik illərinə birgə səyahət etdik.
Dəcəl pioner
- İbad bəy, sizin haqqınızda həm Azərbaycan
vətəndaşının, həm də düşmənlərimizin kifayət qədər məlumatı var.
Sizinlə bir qədər fərqli söhbət etmək, ötən anlara qayıtmaq
istəyirəm. Məktəbli, pioner olmusunuz...
- Bəli, olmuşam, hər kəsin uşaqlıq illəri, yeniyetməlik anları
olub və çox maraqlı idi o günlərim.
- Necə xatırlayırsınız?
- Bu haqda həmişə fikirləşirəm. Amma hələ heç kəs məndən o
günləri soruşmayıb. Uşaqlıq illərində çox dəcəl idim. Günüm həmişə
dava-dalaşda keçərdi. O qədər xatirələrim var ki...
Erməni qızlarını...
- Məsələn, kimlərlə dalaşardın, dəcəlliyin hara
qədərdir?
- Yadıma gəlir, məktəbli olarkən bizi hər il 1 Mayda parada
aparardılar. İndiki Xocavənd rayon mərkəzində olardı nümayiş. Mənim
rezindən "raqatka"m vardı. Erməni qızları əllərində şar, gül-çiçək
dəstəsi sıra ilə gedərdi. Onları vurardım. Bir dəfə də getmişdik,
paradın qızğın vaxtı idi, tribunanın qarşısından keçirdik, cibimdən
"raqatka"nı çıxarıb erməniləri, onların əlindəki şarları vurdum.
Möhkəm dava düşdü, parad dağıldı. Bizdən milisə şikayət etdilər.
Şöbəyə apardılar. Valideynlər gəldi. Bir az başağrısı oldu.
- Demək, uşaq vaxtından onlara qarşı antipatiyan
vardı.
- Mənim Həsən adlı babam vardı, bizə həmişə ermənilərdən
danışardı. Uşaqlıqdan beynimizə köçmüşdü ki, ermənilər düşmənimizdi
– babalarım, kəndin ağsaqqalları ermənilərin xəyanətkar olmasından,
zaman-zaman bizim millətə pislik, nankorluq etməsindən çox
danışardı.
- Erməniyə nifrətin belə yaranıb, demək.
- Uşaq vaxtı çox davakar olmuşam. Atam həmişə deyərdi ki, bu
uşaqda nəsə qeyri-adilik var. O bunları deyəndə, mənim hardasa 10
yaşım olardı. Heç vaxt evə əliboş gəlməzdim. Hara gedərdimsə, nəsə
gətirərdim. Gecədən keçmiş qoyunlarımızı harada otluq vardısa, ora
aparardım, bir-iki saat doyuzdurub gələrdim.
- Axı bu başqasının həyətinə, ya da dövlətin qoruğuna
basqın idi.
- Mən bunu oğurluq kimi görməmişəm. Qoyunları ermənilər tərəfə
aparıb onların sahəsini otarardım. Oranın Xasay kişi adlı qoruqçusu
vardı. Bütün uşaqlar ondan qorxardı. Bir dəfə uşaqlarla qoyunları
saldıq otlağa. Gəlib apardı, onun elə itləri vardı ki, canavar da
qorxardı o itlərdən. Qoyunları salmışdı bir fermaya. Uşaqlar dedi,
gedək valideynlərimizə deyək. Qoymadım. Fermanın arxa tərəfi dağlıq
hissəyə söykənirdi. Uşaqları həvəsləndirdim, həmin yerdən fermanın
banını söküb girdim pəyəyə. Beləliklə, qoyunları çıxartdıq. Biz
uşaq idik, qoyunlar bizdən ağır olardı. Xasay kişi səhər gələndə
görür ki, pəyənin qapısı bağlıdır, damı sökülüb, qoyunlar da
yoxdur. Dəhşətə gəlib ki, qoyunlar özü çixa bilməz. Xasay kişi bizə
gəldi, atamdan soruşdu ki, qoyunlar hanı? Atam dedi, qoyunlar
səndəydi. Xasay qayıtdı ki, sən oğlunu çağır, soruşum, görüm necə
çıxardıb qoyunları. Atam məni çağırdı, mən də olduğu kimi
danışdım.
Anama dedi ki, bu İbadı haradan almısan?
İbad bir neçə macəra danışır, üz-gözündə o illərin sevinci,
fərəhi var, qara gözlərinin dərinliyində saf bir uşaq təmizliyi
görünür. O bu hadisələri danışdıqda hələ ki, qan-qada, müharibə
görmədiyi günlərini yaşayır. Üzündə qəribə, sevinc dolu bir ifadə
görünür:
- Bir dəfə də anam, atam oturmuşduq həyətimizdə. Qonşuda bir
kişi vardı, bizə gəldi, anama dedi ki, bu İbadı haradan almısan? Bu
uşaqda qeyri-adilik var, de görüm, bu nə sirdir? Atam həmin kişiyə
acıqla, "sarsaq-sarsaq danışma", - dedi.
- Yaxşı, bəs özün bu davakarlığın, qorxmazlığın sirri
nədir, heç fikirləşmədin? Yəqin, qardaşlarından xasiyyətinə görə
fərqlənirdin.
- Qardaşlarımın hamısı qorxmaz idi. Müharibə vaxtı biz 5 qardaş
döyüşün ən qaynar yerlərində olduq. Mən, sadəcə, uşaq vaxtdan
çılğın olmuşam. Atam da qorxmaz kişi olub, özü də ovçu idi. Bir
dəfə anam dedi, bəs İbad bətnimdə olanda kişi mənə xəlvət canavar
ürəyinin kababını yedirdib. Deyir, mən bunu sonradan bilmişdim.
- İbad bəy, bütün bunlar kənd uşaqları ilə çöldə-bayırda
olan hadisələrdir. Bəs məktəbdə necə idin, müəllimləri incitmirdin
ki?
- Bir dəfə sinif uşaqlarını götürdüm, keçdik məktəbin arxasına.
Nə isə oyun oynayırdıq. Bütün məktəb isə dəhlizə toplaşmışdı,
hansısa tədbirə hazırlıq idi. Mənim bu hərəkətim direktorumuz
Həsrət müəllimi əsəbiləşdirdi. Məktəbin ikinci mərtəbəsindən
tullandı biz olan yerə və düşdü mənim boynuma. Mən onu itələyib
qaçmaq istəyəndə çiynimdən yapışıb dartdı, pencəyimin çiyni
cırıldı. Nə isə, acığım tutdu, çəpəri dartıb saldım bunun üstünə.
Axşam bir neçə müəllim bizə gəldi. Dedilər, oğlunuz bizə qarşı
kobudluq etdi, hasarı üstümüzə aşırtdı.
Ara, Muğanlı daha yoxdur, onu yandırmışıq
- Bəs ən böyük istəyin nə idi? Yoxsa dava-dalaş başını
elə qatmışdı, heç gələcək haqda fikirləşmirdin?
- İdmana böyük marağım vardı. Müharibə olmasaydı, bəlkə də, mən
idmanda böyük uğurlar qazanmışdım. Uşaq vaxtımdan idmanla məşğul
olmuşam, əsas da əlbəyaxa döyüş idman növləri ilə. 1988-ci ildə
hərbi xidmətə getdim, orada da idmandan uzaqlaşmadım. İdmana
marağımı və yaxşı idmançı olduğumu görüb hərbi hissənin idman
zalını mənə tapşırdılar. Bir dəfə məşqdən çıxanda gördüm
televiziyada Bakını göstərirlər. Yanvarın 21-i idi. Bakıdakı yanvar
faciəsini göstərirdilər. Bütün azərbaycanlı əsgərləri yığdım,
gördüklərimi dedim, dəqiqləşdirdik və bildik ki, Bakıda qırğın
olub. Oturaq aksiya keçirdik. Düz 5 gün heç nə yemədik, içmədik,
təlimlərə çıxmadıq. Azərbaycanlı zabitləri gətirdilər ki, onlar
bizi başa salsınlar – burda aclıq etmək olmaz. Buna son qoyun,
yoxsa hamınızı güllələyib Amur çayına atarlar. Dağılışmadıq.
Altıncı gün Hərbi Dairədən, Mayorov familiyalı bir general-mayor
gəldi. Təsəvvür edin, hərbi hissənin bütün zabitləri əsim-əsim
əsirdi. Bizə "qiyamçı" deyirdilər. O gəldikdən sonra bizi yığdılar
zala. Onun danışdığını bir azərbaycanlı zabit tərcümə eləyirdi.
Öyüd-nəsihət verdi. Sonda dedi, kimin sözü var, eşidirəm. Əlimi
qaldırdım, dedim ki, bəs Bakıda qırğın olub, silahsız xalqımızı
qırıblar, bu biri tərəfdən də ermənilər Qarabağa hücum edir,
göndərin Qarabağa, orada xidmətimizi davam etdirək. Məni
dinlədikdən sonra yanına çağırdı, əlini çiynimə qoydu, dedi ki, bəs
narahat olmayın, o torpaqlar hamısı bir ölkəyə məxsusdur, biz
özümüz Azərbaycanı qoruyuruq. Dedim, bəs necə qoruyursunuz ki,
Bakıda o boyda qırğın olub. Ona dedim ki, mən dünən kəndimizə zəng
etmək istədim, Martunidə poçtda işləyən erməni mənə dedi ki, ara,
Muğanlı daha yoxdur, onu yandırmışıq. General əmr elədi ki, bizi
başqa-başqa hərbi hissələrə dağıtsınlar. Yeni hərbi hissədə də
dayanmadım. Xidmətimin başa çatmasına 4 ay qalmış mənim hərbi
biletimə möhür vurub azad etdilər, "çıx get" dedilər. Pulsuz idim.
Azərbaycanlıları tapdım, pul yığıb məni Bakıya yola saldılar. O ki
qaldı nə arzulayırdım? Deyim, uşaq vaxtından Brüslinin filmlərinin
çox sevirdim. Heç bir filmini buraxmazdım. Yəni bütün məşqləri onun
istiqamətində eləyirdim. Qoyuna gedəndə də, ot çalmağa gedəndə
idman eləyirdim. İnanırdım ki, tanınmış idmançı olacam. Həmişə
birinci olmaq istəmişəm. İstəmişəm haqqımda danışılsın, məni
tərifləsinlər. Valideynlərim məni həmişə tərifləyərdi. Bundan
ləzzət alırdım.
-Yaxşı, valideynlər tərifləyirdi. Bəs məktəbdə
müəllimlərin?
- Müəllimlərim əvvəllər ailəmizə şikayət edirdi, deyirdilər ki,
davakardı. Çox sonralar məktəblilərlə məni görüşə çağırmışdılar. O
zaman Həsrət müəllim çıxışında dedi, mən İbaddan belə qəhrəmanlığı
gözləyirdim. Bir söz də deyim, inan, mən heç vaxt uduzmazdım.
Müharibədə də heç vaxt uduzmadım. Bizim bölgədə gedən bütün
döyüşlərin önündə olmuşam. Bunun şahidi olanlar var. Melkumyandan
danışırlar, o hadisə mənim sonuncu döyüşümdə olub. Onu öldürdükdən
3 ay sonra ağır yaralandım.
Mənim ermənin başını kəsdiyim…
- Yaxşı İbad bəy, görürəm səni daha çox müharibə özünə
çəkir. Axı necə oldu ki, Melkumyan söhbəti gündəmə gəldi? Sən onu
öldürmüsən, üstündən nə qədər vaxt keçib, döyüşmüsən, yaralanmısan,
sağalmısan, atəşkəs...
- Düz deyirsən, heç mənim özümün də xəbərim olmadan, uzun
vaxtdan sonra "onu kim öldürüb?" deyə araşdırdılar. Mən döyüşlərimi
açıqlamağı sevməmişəm. Bu, bizim borcumuz idi, düşünmürdük ki, bizə
nə vaxtsa "sağ ol" deyəcəklər. Deyim də bu necə bilindi. Şuşanın
icra başçısı vardı, rəhmətlik Nizami Bəhmənov. Bir dəfə mənim
erməninin başını kəsdiyim şəkil onu əlinə düşüb, maraqlanıb ki, bu
kimdir? Deyiblər, Muğanlıdan İbaddır. Götürüb qardaşım Eyvaza zəng
vurub. Mənim haqqımda soruşub, o da deyib ki, qardaşımdır. O da
qardaşıma deyib ki, bəs xəbərin varmı, qardaşının kəsdiyi baş
Melkumyanındır? Mənim nömrəmi alıb. Zəng elədi, "haradasan?" –
dedi, Bakıda olduğumu bilib, yanına çağırdı. Nə isə, getdim. Xeyli
söhbət etdi. ANS-in müxbiri vardı – Etibar, onu göndərdi evimizə,
dedilər, danış, razı olmadım çəkilişə. Kameranı stolun üstünə
qoydular, "yaxşı, elə-belə bizə danış" dedilər. Demə, gizlində
çəkirmişlər. Sonra veriliş gedəndə mənə zəng vurdular ki, bax.
Bizimkilər əlaqəyə girib, geri çağırırdı
- Müharibənin izləri təkcə xatirələrində qalmır.
Yaralanmısan, bədənində qəlpə yaralarının izləri də var. Sonuncu
döyüş yaddaşında necə qalıb?
- Mənim bütün döyüşlərim yadımdadır. Bizim postlarla erməni
postunun arasında xeyli məsafə vardı. Hər gün kəşfiyyatçılardan
ibarət dəstə ilə bu qədər məsafəni qət edir, düşmənin arxasına
keçib geri qayıdırdım. Komandanlığa dedim ki, biz səngərimizi elə
orada da qazıb, müşahidə məntəqələrimizi qura bilərik. Razılıq
vermədilər. Mənim isə beynimə nə düşdüsə, ağlım nəyi diktə etdisə,
onu da etmək kimi bir xasiyyətim var. Kəşfiyyatçılarla nəzərdə
tutduğum yerə qədər getdik, səngəri qazdırdım, dedim, bu gündən
bizim səngərimiz və postumuz bura olacaq. Ermənilər bizi güclü
atəşə tutdu, cavablarını verib, yerimizi möhkəmləndirdik.
Bizimkilər əlaqəyə girib, geri çağırırdı. Radistə dedim ki, aparatı
söndür. Özüm də otluqda uzandım, guya yatıram. Məni yuxu aparır,
əsgərlər radistə deyir ki, rabitəni açıq qoy, bizi çağırsınlar
düşək. Bu da açır. Bu zaman böyük qardaşım Eyvaz əlaqəyə girir,
məni çağırır. Getmək istəmədim. Qardaşım dedi, səni görməyə
gəlmişəm, gəl, görüm, qayıdarsan. Razılaşdım. Sürücüm Akiflə
getdik. Bir qədər aralanan kimi minaya düşmüşük. 3 ay sonra
hospitalda özümə gəldim. Akif isə şəhid olmuşdu.
Erməni bizi bizdən yaxşı tanıyır
Divar boyu İbadın döyüşçü yoldaşları, Türkiyə Prezidenti
Ərdoğanla şəkilləri. Azərbaycanın millət vəkilləri və digər
tanınmış adamları ilə şəkilləri və hədiyyə olunmuş qiymətli əşyalar
sıralanıb. Öyrənirəm ki, bu yaxınlarda Ankarada qəhrəmanımızın
adına küçə də verilib. Verəcəyim sualı gözləmir:
- Onlar məni özlərinin qəhrəmanı hesab edirlər. Deyim ki, bütün
dünya məni araşdırıb qurtarıb, amma bizimkilər hələ də araşdırır.
Bax Qarabağ niyə getdi? Mən həmişə deyirəm, biz beş barmaq kimi
səpələnmişik, hələ yumruğu tuta bilməmişik. Ona görə də hələ
müharibə haqda söz gedə bilməz. Mümkün deyil. Erməni bizi bizdən
yaxşı tanıyır. Biz nə vaxt birləşsək, erməni torpaqları qoyub
qaçacaq. Mən 21 yaşımda 12 rütbəli ermənini öldürdüm, biri sağ
qaldı, onun da qulağını kəsdim gətirdim. Bilirsən, bu gün mən də
özüm özümə baxanda şübhələndim ki, bu mən idimmi? İndi Melkumyanın
başını kəsmədiyimi deyənləri qınamıram.
Sənədlər hazırdır, 2 min dollar verin
keçsin
- Axı haqqında yazırlar, film çəkirlər, ta uşaqlıqdan
ermənilərlə düz deməmisən, amma giley də hiss olundu. Nə olub, sənə
olan münasibətdə nəsə xoşagəlməzlik var?
- Biz Milli Qəhrəman adı qazanmaq üçün döyüşmədik. Biz Milli
Qəhrəman adı almaq istəsəydik, beş qardaş beşimiz də alardıq. Bizim
tərəflərin döyüşçüsü də, komandiri də biz olmuşuq. 20 min hektar
torpağı saxlamışıq, bizdədir. Dağlıq Qarabağda yeganə yer bizim
vuruşduğumuz ərazi və mənim özbaşıma qazdırdığım səngər, qurduğum
postdur ki, orada Azərbaycanın bayrağı dalğalanır. Hospitaldan
çıxdıqdan sonra səngərə getmişdim. Ulu öndər də gəlmişdi.
Komandirim dedi ki, çıx, görüş. Mən çəlikdə idim, çıxmadım, Ali Baş
komandanın qarşısında şikəst döyüşçü kimi görünmək istəmədim.
Haqqımda ona bəhs etmişdilər, Ulu öndər özü demişdi ki, o, bu
gündən Azərbaycanın Milli Qəhrəmanıdır. Sənədlərini göndərin.
Sənədləri göndərdikdən sonra məndən… "şirinlik" istədilər.
- Kim istəmişdi?
- Qardaşımı Müdafiə Nazirliyinə çağırmışdılar, demişdilər ki,
bəs sənədlər hazırdır, "şirinlik" verin, keçsin. Eyvaz qardaşım da
demişdi ki, bizə pullə veriləcək Milli Qəhrəman adı lazım deyil.
Ulu öndərin ağzından çıxıb, elə Milli Qəhrəmandır. Ona görə də mənə
Azərbaycan Bayrağı Milli Ordeni verdilər.
Heydər Əliyev zəng edir
Heydər Əliyev toyum günü mənimlə telefonda danışdı. Demək,
1999-cu ilin noyabrında, toyumdan iki gün qabaq rabitə naziri Nadir
müəllim mənə telefon hədiyyə elədi. Həmin nömrəni indi də
işlədirəm. Dedilər ki, telefon açıq qalsın, sənə zəng gələcək. Toy
günü getdik Şəhidlər xiyabanına. Xiyabana girəndə telefonuma zəng
gəldi, açdım, Bəylər müəllimin səsiydi. Dedi ki, bəs indi sizinlə
cənab prezident danışacaq. Prezident məni təbrik etdi, dedi,
Türkiyəyə səfərə gedirəm, səninlə yol üstə danışıram. Heyf, zamanım
olmadığı üçün sənin toyunda ola bilmədim. Amma mənim nümayəndələrim
sənin toyundadır.
- Toy harada oldu?
- "Azərbaycan" şadlıq evindəydi. Gəldim gördüm toyda deputatlar,
cənab prezidentin şöbə müdiri, başqa nümayəndələri və hədiyyəsi.
Şəxsi imzası ilə. Toy gedə-gedə xəbərləri qoşdular, xəbərlərdə
getdi onun təbrik sözləri.
- Bəs o gələnlərdən pul yazdıran oldu?
- Mənə elə gəlir ki, yox. Prezident həm də dedi ki, Rəfael
Allahverdiyevə tapşırmışam, səninlə görüşəcək. Toyu edib getdik
rayona. Səhəri mənə zəng gəldi, açdım, dedi ki, bəs Rəfael
müəllimin köməkçisidir – Mir Əyyub, təcili gəl, prezident səni
tapşırıb. Getdim, mer məni görəndə soruşdu ki, sən kimsən? Dedim
döyüşçüyəm. Onda da çəlikdəydim. O görüşdən sonra mənə ev tikmək
üçün torpaq sahəsi, bir də 10 min dollar pul verdilər…