"Səfillər" layihəsində
Az qala ilan kimi sürünürdü. Dirsəklərini dayaq etmişdi,
dizdən kəsilmiş ayaqlarından bir neçə qarış aşağı toza bulaşmış
şalvarının balağı isə ilan quyruğu kimi idi, arxasınca tozda çığır
salırdı. İnsanların ayaqlarının altından sürünərək özünə rahat yer
axtarırdı...
Qarşı tərəfə keçirəm, üzünün cizgilərinə, gözlərinin ifadəsinə
baxmaq istəyindən yaranan marağın ağrısı məni rahat buraxmır. Mənə
tərəf sürünür. Əynindəki paltarın fərqinə indi varıram: əsgər
geyimindədir. Yaşı haradasa 45-50 arasında dəyişə bilər. Yaşıl
gözləri, sarı bənizi, ağzında çürük dişləri və tər-təmiz taraş
olunmuş sifəti...
Ayaqlarımın bərabərində dayanır, boynunu yuxarı qaldırıb baxır.
Yaşıl, şüşə kimi soyuq gözlərdə yalvarış, dərd, ağrı, iztirab
yoxdur. Xırıltılı səsi - mənə elə gəlir ki, bu səs toza batıb -
boğazından sürtünə-sürtünə çölə çıxır:
- Qardaşımsan, bir siqaret yandır, ver.
Siqareti onun damağına qoyuram. Şalvarından gələn sidik iyi
ağzından qoxuyan araq iyinə qarışıb burnumu dalayır. Bu iydə yay
vaxtları vağzal ayaqyolusunun üfunəti var sanki... Tez yuxarı
qalxıram. O isə siqareti dəlicəsinə sümürür. Arxası üstə çevrilir,
dirsəkləri yükdən azad olur. Yuxarı, göy üzünə, eyni zamanda
ətrafdan keçən insanların sifətinə aşağıdan baxır. Sifətində
məmnunluq var. Dərindən nəfəs alıb, söyüş söyür:
- Hamısı p.. yeyir, gəlsin, görüm mənə nə edəcəklər... Öz puluma
içirəm, əcəb eləyirəm...
Kənara çəkilib onu diqqətdə saxlayıram. Siqareti dodaqlarının
arasında möhkəm sıxıb, cəld qıvrılır, ilansayağı fırlanıb kürəyini
səkinin üstündəki düralümindən olan
məhəccərə söykəyir. Əlini qoltuğuna aparır, əzik əsgər papağını
çıxarıb çırpır. Sol qolu üstə dirsəklənib papağı çənəsindən bir
qədər aşağı yolun üstünə qoyur. Qəpiklər, manatlıqlar papağın
üstünə səpilir. Şəklini çəkmək istəyirəm, elə bu zaman ötkəm bir
qadın səsi qulağımın dibində tər şillə kimi açılır:
- Özünü yığışdır, niyə o yetimin şəklini çəkirsən? Çəkməlidirsə,
get əzizlərinin şəklini çək...
Qırmızısifət, 30-35 yaşlı qadındır. Ovcundakı günəbaxan dənəsini
çırtlayır, az qala qabıqları sifətimə tüpürsün. Hirslidir həm
də...
- Şəklini çəkib, söhbət edib, onun haqqında yazı yazmaq
istəyirəm, bəlkə bunun ona bir köməyi oldu.
Əslində, qadının hücumunun ardından gözləniləcək təhqirdən
mühafizə olunmaq instinkti idi mənim bu cavabım.
- Get işinin dalınca. Yazı yazmaq istəyir, yazanımız əskikdir
elə. Kim kömək olacaq? Get görüm burdan, qoy yetim çörəyini
qazansın..
- Məhbubə, o "brat"dı, onunla işin olmasın, yoxsa sənin,
bilirsən də... - söyüşün biri bir qəpik. Ətrafdan keçən qadınlar
üzünü kənara tutur, sanki bununla qulaqlarına pambıq
tıxayırlar...
Məhbubə adlanan qadın tez dizləri üstə çökür, arxa durduğu,
qoruduğu şikəstin üzündən, alnından öpür:
- Sən əsəbiləşmə, sən hirslənmə, yenə də sudurqan tutar, özündən
gedərsən, sənə sakit olmaq lazımdır...
- Rədd ol burdan, daha özümdən getməyəcəm, - ilan kimi qıvrılan
şikəst daha qəzəblidir. Hamınız gözümün qabağından...
Cavan oğlanlardan bir neçəsi qımışır:
- Qaqaş yenə də başladı, lüləyini tutacaq əlində, sulayacaq hər
yeri...
Görünür o, burda daima olur, onu tanıyırlar,- deyə
fikirləşirəm.
Qadın qəzəblənir, kiminsə ardınca asıb-kəsir, üzü "Əhmədli"
metrosunun qarşı tərəfində sıralanan kafelərə tərəf hirsini
boşaldır:
- İndi gedib, dədəsinin ağzına p... qoyaram, bilər özbaşınalıq
etmək necə olur, - sonra şikəstə tərəf bir qədərdə yaxın durur, -
ona dedim ki, sənə "obed" versin, daha araq niyə içirdir?
- Öz puluma içmişəm, o verməyib, yarısını da sonra içəcəm.
Şikəst adam saymazyana papağın içinə tökülən manatlıqları
dəstələyir. Hələ də pərt durduğumu görüb mənə göz vurur:
- Səndə 5 manatlıq varsa, ver xırdalayım...
Qadın kənara çəkilir. Bu dəfə ağlayır:
- Başımıza haranın daşını tökək?
Məhbubəyə yazığım gəlir, halına acıyıram, yaxın gəlib, ona heç
də pis niyyətimin olmadığını deyirəm:
- Bu da mənim peşəmdir, işimin adı budur.
Qadının könlünü almaq cəhdim, əslində yazacağım yeni "Səfil"im
haqda ətraflı öyrənmək istəyim idi. Qırmızı sifətində illərin
ağrısı var. Dərdini paylaşır:
- Qardaşımdır. Müharibəni qara gələydi. İki ayağını mina
apardı... Varımız, dövlətimiz hamısı getdi, sağalda bilmədik.
Anamın ürəyi partladı, atam havalandı. İki xəstənin əlində
bezaram.
Sonra yenə də şikəst kişiyə ürək yandırıcı bir nəzər
yetirdi:
- Cavan oğlan idi, istədiyi vardı. Bu belə olandan sonra... Kim
gələrdi buna, qoşuldu başqasına ərə getdi. Qardaşım yazıq da
qurşandı içkiyə...
Hıçqırtı səsi, sinəsinin qalxıb enməsi, yanağı boyu sellənən göz
yaşı ürək parçalayır.
- Hər gün çimizdirirəm, yoldaşımla buna görə hər gün
dalaşıram... Evdə ayaqyoluna da getmir. İt kimi harada durur, ora
da siyiyir... atmaq da olmur...
Qadın danışır, amma gözaltı "qardaşım" dediyi şikəsti də
izləyir. Hiss edirəm ki, bacardığı qədər ona qarşı mərhəmət hissi
oyatmaq istəyir.
- Niyə axı qoyursan dilənsin, müharibə veteranıdır,
yəqin ki, təqaüd də alır.
- Özü istəyir. Deyir, sizə möhtac olmaq istəmirəm. Atamın
dərmanlarını özüm alacam, deyir. Söz də demək olmur, söyür hamını,
özüm qazanıb, özüm də yeyirəm, - deyir.
- Onun təqaüdü özünə yetmirmi?
Deyəsən suallarım ürəyincə olmur, qadının söhbət etmək fikrinin
olmadığı əminliyi var mən də. Əynindəki qolsuz gödəkcənin cibindən
tum çıxarır. Mənə də təklif edir. Alıram. Özümü bir qədər də məhrəm
göstərirəm:
- O, müharibəyə gedib ki, qalib gəlsin, amma gör nə
vəziyyətdədir. Məhbubə xanım, qardaşınız harada vuruşub, necə olub,
minaya düşüb?
- Qarabağda vuruşub. Sonra minaya düşüb, qarnı, beli "askol"
yeridir. Ayaqlarını isə hospitalda kəsdilər. Şaxta vurmuşdu. Bu
bizə böyük bir dərddir. Sən yazma ha... Onsuz da polis qoymur
yazığı işləsin, özünə pul qazansın.
- Polis niyə imkan vermir ki? Bayaqdan görürəm iki polis
onunla zarafat da edirdi. Qardaşının adı nədir?
- Adı Rakifdir...Yaxşı, başa düşən polislər də var... Amma eləsi
də var, qoymur yazığı çörək pulu, dərman pulu qazansın, pensiya
alırsan, çıx get deyir. Sən canın heç pensiya ilə dolanmaq
olar?
Bu zaman yenə də səs-küy qalxır. Rakif 30-35 yaşlı bir kişini
söyür.
- Burax qolumu, oğraş, getmirəm sizə. Sənin arvadın da yava
gəzəndir, yalançıdır, mən elə burda yatacam, hava yaxşıdır. Sizə
getmirəm.
Həmin adam Rakifin qolunu buraxır, ətrafa baxıb, kənarda dayanan
ağ rəngli "Hunday- Sonata" avtomobilinə oturur. Rakif isə, üzünü
yana çevirib, sağ qolunun üstünə dirsəklənir, səkidən avtomobil
yoluna özünün təbii borcunu yerinə yetirir. Məhbubə sürücüyə
yaxınlaşır, nə haqdasa danışırlar. Bu dəfə mən Rakifə yaxınlaşıram.
Rakif qoynundan çıxardığı araq şüşəsini başına çəkir. Ona siqaret
təklif edirəm.
- Qardaşımsan, - deyib, məni arağa qonaq etmək istəyir. Təşəkkür
edirəm:
- O sənin bacındır? - soruşuram
- Yox. Məni aldadır, deyir, pul yığ sənə arvad alım. Guya məni
lox bilirlər. Əri də o kişidir. Mənim heç nəyim deyil onlar.
Onların evində kirayədə qalıram. Ərinin adı Asifdir. Mənim
şoferimdir. Hara desəm aparır, gətirir. Pulumu da
oğurlayırlar...
- Bəs dedi qardaşımdır...
- P... yeyir. Onlar məni saxlayırlar...
Yenə də ilan tək qıvrılır:
- Az, Məhbubə, sən bur gəl.
Qadın yaxınlaşır. Rakifi məzəmmət edir.
- O, sənə nə deyir ki, deyir, gedək evə də, gecdir. Sənə nə
pislik edib?
- Məhbubə xanım, bəs Rakif deyir ki, sən onun bacısı
deyilsən.
- Sən canın get işinin dalıyca. Görmürsən "kontujnudu", alkaş
olub? Onun dediklərinə inancaqsan?
Sonra Rakifə tərəf dönür:
- O sənə nə pislik edib? Səni qaraçılar oğurlayanda yazıq 1 ay
yatmadı, gecə-gündüz şəhəri dolaşdı, axır gətirdi evə.
Mənə tərəf çevrilir:
- Sənə heç bir andım yoxdur, amma düz deyirəm, bunu qaraçılar
oğurlamışdı, Asif axtarıb tapdı, neçəsi ilə dava-dalaş edib geri
aldı gətirdi.
Rakifin kefi ala buluddadır, dodaqlarının altında Hind filmindən
mahnı oxuyur:
- Məhbubə, Məhbubə, ay-ay, ay, məhbubə...
Əsgər papağının içi pulla doludur. Bir-iki dəfə kağız
əskinasları qoltuq cibinə də qoyan Rakif arada araq şüşəsini başına
çəkməyi də unutmur. Məni özünə həmsöhbət bilir:
- Bunlar məni çimməyə də qoymur. Pulumu da alırlar. Qohumum
deyillər. Əri evdə olmayanda deyir, sənə ərə gələcəm, amma gəlmir,
məni aldadır.
Məhbubə ona yalvarır:
- Başına dönüm, az iç də, olmaz axı, gecdir, gedək evə...
Rakif gözlənilmədən razılaşır:
- Yaxşı gedək, get, Asifə de gəlsin, məni götürsün.
Məhbubə ərinin ardınca yolu keçir. Mən Rakifə əyilib
soruşuram:
- Sən harada vuruşurdun, necə oldu minaya düşdün? Döyüş
vaxtı şəkil çəkdirmisən?
İlan kimi fısıldayır, üzmə baxır, dirsəklərini dayaq verib,
başını bir qədər də yuxarı qaldırır:
- Mən vuruşmamışam. Minaya da düşməmişəm... Bunun qardaşı ilə
Rostovda dəmir yolunda işləyirdim, "piyan" olmuşam, relsin üstündə
yatıb qalmışam, qatar keçib ayaqlarımın üstündən...