"Dahilərin qadınları" layihəsində:
Çexov
"Mənsiz necə yaşayırsan? Sənsiz çox darıxıram... Sənin
məktubların olmasa, burada tamam donub qalaram... Yaxşı yata
bilirsənmi, vaxtlı-vaxtında yeyirsənmi? Hamısını yaz. Bəs səhhətin
necədir? Öpürəm. Tanrı səni qorusun!"
"Evə indicə gəldim, sənin göndərdiyin açıqcanı tapıb öpdüm...
Sənsiz hər yan necə də bomboşdur! Anton, əzizim, yoxluğun necə də
ağırdır! Sənin yanında çox rahat oluram. Məhəbbətini hiss etməyi, o
əsrarlı gözlərinə baxmağı, sevimli üzünə tamaşa etməyi çox
sevirəm..."
"Füsunkar xanım" – Liliya Seyfullina Olqa Knipperə həsr etdiyi
məqaləsində onu belə adlandırmışdı. Məşhur aktyor Vasili Kaçalovun
oğlu Vadim Şveruboviç isə deyirdi ki, "heç kəsin timsalında kübar
cəmiyyət xanımı ilə aktrisanın birləşdiyi belə əsrarəngiz bir
varlıq" görməyib.
Olqa Leonardovna Knipper-Çexova üç Avropa dilində gözəl danışır,
dünya tarixi və ədəbiyyatını dərindən bilirdi.
Onun gözəl əxlaqı və qüsursuz zərifliyi həmişə ətrafdakılara xoş
təsir bağışlayırdı. İnsanlarla hiylə və riyadan uzaq bir
münasibətdə olan Olqa heç vaxt özü haqqında təəssürat yaratmağın
qayğısına qalmırdı. Hər kəsə sevinc və xeyirxahlıq bəxş etmək onun
təbii tələbatı idi.
Onun təkcə səhnə istedadı deyil, həyatsevərliyi də insanları
məftun edirdi: mülayimlik, həyatdakı hər şeyə - kitablara, rəsm
əsərlərinə, musiqiyə, tamaşaya, rəqsə, dənizə, ulduzlara, ətirlərə,
rənglərə və əlbəttə ki, insanlara qarşı hədsiz sevgi və
maraq...
Məşhur ingilis rejissoru, şairi və daima ideal teatr axtarışında
olan Qordon Kreq ömrünün ahıl yaşlarında ona yazırdı: "Siz həyatdan
necə də əsrarəngiz bir həyat düzəltməyi bacarmısınız... "
Olqa Leopoldovna zəngin ailədə dünyaya gəlmişdi. Onun atası
mühəndis-texnoloq idi, ailəsi Moskvaya köçənədək Vyatski
quberniyasında zavod direktoru idi. Anası – Anna İvanovnanın gözəl
səsi var idi və yaxşı piano çalırdı.
Özəl qadın gimnaziyasını bitirdikdən sonra Olqa əcnəbi dil
səriştəsini təkmilləşdirmək üzərində işləyir, bədii tərcümələr
edir, musiqi və rəssamlıqla məşğul olur. Atası onun gələcəyini
tərcüməçi və rəssam kimi görürdü, hətta qızının rəsmlərini Vladimir
Mayakovskiyə də göstərmişdi. Atasının ölümündən sonra ailənin maddi
durumu pisləşir. Anna İvanovna Filarmoniya məktəbində nəğmə dərsi
deməyə başlayır. Olqa da musiqi tədrisi ilə məşğul olurdu.
Teatr
O, tez-tez uşaqlıq və ilk gənclik illərində böyük məmnuniyyətlə
oynadığı həvəskar tamaşaları xatırlayır. Səhnədə oynamaq həvəsi
gün-gündən daha da alovlanır. Anasından gizlin Malıy teatr
nəzdindəki məktəbə daxil olur. Lakin cəmi bir aydan sonra (yoxlama
imtahanından sonra) ona məktəbi tərk etməyi məsləhət bilirlər.
Əlbəttə, növbəti il qəbul oluna bilərdi. Onun yeri daha nüfuzlu bir
iddiaçıya verilir. Məlum olur ki, Olqa dörd şagird arasında
himayəçisiz qəbul olunan yeganə qızdır. Səhnə ehtirası ilə
dolub-daşan Olqa üçün bunun necə bir ağır zərbə olduğunu təsəvvür
etmək o qədər də çətin deyil!
Bu vaxtadək qızının aktrisalıq karyerası əleyhinə olan anası
onun necə əzab çəkdiyini görüb tanışları vasitəsilə Olqanı məktəbə
bərpa edir. Olqa V.İ.Nemiroviç-Dançenko və A.A.Fedotovun sinfinə
düşür.
Üç illik təhsil müddəti bir quş kimi gəlib keçir. Məktəbi
bitirəndə K.S.Stanislavski Nemiroviç-Dançenkonun yetirmələrinə
baxmaq üçün onun tələbələrinin hazırladığı tamaşaya baxmağa
gəlir.
Həmin vaxt Moskvada Stanislavski ilə Nemiroviç-Dançenkonun yeni
teatr yaradacaqları haqqında şayiələr gəzirdi. 1898-ci ilin
iyununda teatr məktəbini uğurla başa vuran Knipper və daha iki
nəfər tələbə - M.Q.Savitskaya və V.E.Meyerhold Bədii teatra dəvət
alırlar. Bu teatrın səhnəsində qoyulan Çexov tamaşalarında onun ilk
tərəf müqabilləri də məhz onlar olurlar.
Artistlərin məşq etdikləri tamaşalardan biri də "Çayka" idi.
Gələcək ifaçılar pyesin ssenarisini oxuyarkən çaşıb-qalmışdılar ki,
ümumiyyətlə, onu oynamaq mümkün olacaqdımı? Lakin zamanla, bu pyesə
vurğun olan Nemiroviç-Dançenkonun təsirilə gənc artistlər əsərin
yüksək bədii sadəliyini və mükəmməlliyini dərk etdilər.
Çexovla görüş
Anton Pavloviç istəmədən Nemiroviç-Dançenkonun "Çayka"nın Bədii
teatrın səhnəsində oynanılması təklifinə razı olur. Bu işə ürəksiz
razılaşmasının səbəbi isə o idi ki, "Çayka"nın "qanadları"
Peterburqda, Aleksandr teatrında "qırılmışdı". Hətta Rusiyanın ən
yaxşı aktrisası V.F.Komissarjevskayanın tamaşada iştirakı da onu
xilas edə bilməmişdi.
1898-ci ilin sentyabrında Anton Pavloviç Bədii teatra öz
pyesinin məşqlərinə baxmağa gəlir. Yazıçı şəxsiyyətinin cazibəsi,
onun sadəliyi, incə yumoru artistləri valeh edir. Olqa Leonardovna
da ona vurulur. "Çar Fyodor İohannoviç" pyesinin məşqlərində
Kinipperi şahzadə İrina rolunda görən Çexovda da ona qarşı rəğbət
hissi oyanır.
Sonralar Olqa Leonardovna xatırlayırdı ki, bütün 1898-ci il onun
həyatında böyük işıqlı bayramlarla əlamətdar olub: teatr məktəbini
bitirir, Moskva Bədii teatrına dəvət olunur və Çexovla görüşür.
Anton Pavloviç Olqanın yaddaşında fiziki cəhətdən zəif, lakin
xarakter və mənəviyyat baxımından möhkəm şəxsiyyət kimi qalır.
Tanış olduqları dövr yazıçının həyatının olduqca gərgin, maraqlı və
mürəkkəb dönəmləri idi. O, bu illərdə Bədii teatrın səhnəsində
böyük müvəffəqiyyətlə oynanılan "Vanya dayı", "Üç bacı", "Albalı
bağı" pyeslərini yazır.
"Üç bacı"dakı Maşa və "Albalı bağı"ndakı Lyubov Andreyevna
Ranevski rolları məxsusi olaraq O.L.Knipper üçün yazılmışdı və
aktrisa bu rolları çox böyük ruh yüksəkliyi ilə oynayırdı. Hətta,
demək olar ki, oynamırdı, öz qəhrəmanlarının həyatını yaşayır,
onlara çevrilirdi. Bu barədə o dövrün müasirlərinin çoxu danışırdı.
1900-cu ildə Qorki ona belə yazırdı: "Siz – sözün həqiqi mənasında
aktrisasınız. Siz ağıllı, sağlam ruhlu insansınız və ən yaxşısı isə
odur ki, Siz hiss etməyi bacarırsınız!"
Xəstəliyi üzündən uzun müddət Krımda yaşayan Anton Pavloviçə
duyduğu hisslər Olqa Leonardovnanın həyatında və bir aktrisa kimi
yetişməyində necə bir rol oynayıb?
Ədəbiyyatda təsirli belletrist bir mənzərə mövcuddur: Yaltaya
"zəncirlənmiş", atılmış, darıxan yazıçı və qayğısız, başı teatrdakı
uğurlarına qarışmış yelbeyin aktrisa.
Lakin əgər onların yazışmalarını diqqətlə, qərəzsiz oxusaq, onda
böyük, xoşbəxt və haradasa, əlbəttə ki, faciəvi sonuclanan bir
məhəbbət tarixçəsinin şahidi olarıq.
Aydın olur ki, nə "gözəl Lika" (Mizinova), nə yazıçı Lidiya
Avilova, nə də Yalta sakini madam Bonye yazıçının "həqiqi",
"pünhan" əyləncəsi olub.
"Əgər biz indi birlikdə deyiliksə, bunda nə sən günahkarsan, nə
də mən. Yeganə günahkar şeytanın mənim canıma işlətdiyi basil
(çöpşəkilli mikrob - tərc.) və səninsə qəlbinə saldığı incəsənət
sevgisidir". Anton Pavloviç Yaltadan həyat yoldaşına belə yazırdı.
Həqiqətən də onların talelərini birləşdirən bütün altı il
bir-birini əvəzləyən, həlqələri iztirablı ayrılıq və görüş
həsrətindən toxunmuş zəncirdən ibarət idi.
Maraqlıdır ki, hələ 1895-ci ildə Çexov A.S.Suvorinə məktubunda
yarıciddi-yarızarafat yazırdı: "Əgər siz bunu istəyirsinizsə, mən
evlənərəm. Lakin bir şərtim var: hər şey indiyədək necə idisə,
eləcə də qalmalıdır, yəni o, Moskvada yaşamalıdır, mən isə kənddə
(yazıçı o zaman Melixovda yaşayırdı) və mən onu görməyə gedərəm.
Hər gün, hər səhər davam edən xoşbəxtliyə mən tab gətirə bilmərəm.
Söz verirəm ki, çox gözəl həyat yoldaşı olacam, lakin mənə elə bir
qadın verin ki, Ay kimi olsun, yəni mənim səmamda hər gün
doğmasın!" Belə də olur. 1901-ci ilin mayında nikah kəsdirəndən
sonra onlar yalnız avqustun axırınacan birlikdə oldular, sonra isə
ayrılıqlar və görüşlər... Və ... və... bir ömür beləcə...
Tərcümə etdi: Təhminə C.B.