"Cəbhə xətti" layihəsində
Abit Öztürk 1969-cu ildə Toqatda dünyaya gəlib. Evlidir,
üç oğlu var. Hazırda Türkiyə Böyük Millət Məclisində işləyir.
1992-ci ilin sonlarından 1993-cü ilin avqustuna qədər Qarabağda
döyüşüb.
"Erməni əsgəri çox qorxaqdır"
- Türkiyə vətəndaşı olduğunuz halda necə oldu ki,
Qarabağ savaşına qatıldınız?
- Erməni hərbi birləşmələri rus ordusunun köməkliyi ilə Qarabağı
işğal etməyə başlayanda Türkiyədəki millətçilər də ayağa qalxdı.
Mən həmin vaxt Qazi Universitetində təhsil alırdım. Millətçilərin
başqanı idim. Ruslar, Qərb ölkələri ermənilərin yanında idi. "Türk
millətçiləri olaraq biz də azərbaycanlı türk qardaşlarımızın
yanında olmalıyıq", – deyə düşündüm və könüllü olaraq Qarabağda
döyüşmək üçün Azərbaycana gəldim.
- Müharibənin canlı şahidi kimi, sizcə, erməni əsgəri
ilə türk əsgərinin fərqi nədir?
- Türk əsgəri vətəni, milləti üçün qəhrəmancasına döyüşür.
Ermənilər isə silahsız insanları, qocaları, qadınları və uşaqları
qətlə yetirirlər. Erməni əsgəri çox qorxaqdır.
"Özümü saxlaya bilməyib mən də ağladım"
- Hansı döyüş xatirəniz unudulmazdır?
- Həyatımda bir çox xoşbəxt və çətin anlarım oldu. Azərbaycanlı
qardaşlarımla birgə düşmənə qarşı döyüşməyim mənim üçün böyük
xoşbəxtlik idi. Onlara eyni səngərdə xidmət etdim, eyni yeməyi
yedim, eyni bardaqdan su içdim. Bir hadisə yadıma düşəndə hələ də
özümə gələ bilmirəm... Bir dəfə Gəncədə hospitala gəldik,
yaralılarımız var idi. Orda bir ana məni qucaqlayıb ağlamağa
başladı. Yanımdakı azərbaycanlıdan "Niyə ağlayır?" – deyə soruşdum.
Dedi ki, onun oğlu da könüllü döyüşə gəlib, amma ondan xəbər ala
bilmirlər. Ona görə də hər gün gəlib burda oğlunu axtarır. Elə
bilib ki, onun oğluyam... Özümü saxlaya bilməyib mən də
ağladım.
- Heç nə vaxtsa müharibəyə getdiyinizə görə peşman
olmusunuzmu?
- Azərbaycanda döyüşdüyümə görə heç vaxt peşman olmadım. Qardaş
öz qardaşı üçün etdiyi bir əmələ görə peşman ola bilərmi?!
- Müharibə haqda necə bir film çəkərdiniz?
- Heç bilmirəm ki, müharibə haqda necə film çəkərdim. Film və
müharibə tamam ayrı-ayrı şeylərdir. Müharibədə ölənlər yenidən
dirilmir, buna görə də döyüşlər filmlərdəki kimi zövqverici deyil,
kədərlidir.
"Gözlərimə inana bilmədim"
- Türkiyədə sizin Qarabağa gəlib döyüşməyinizə necə
baxdılar və müharibə başlasa, yenidən döyüşərdinizmi?
- Səngərdə yaşadıqlarımı Türkiyədə heç kimə danışa bilmədim.
Bunlar, sadəcə, yaşamaq üçündür. O tarixi anları sözlərə sığdırmaq
olmur. Azərbaycan mənə çox doğmadır. Əlbəttə ki, sabah müharibə
olsa, yenə gəlib döyüşərəm.
- Müharibədən sonra Azərbaycana
qayıtdınızmı?
- Hə, qayıtdım, 2014-cü ildə gəlmişdim Azərbaycana. İnanın, 22
il yuxularıma girən bir diyarı canlı-canlı yenidən görmək məni çox
xoşbəxt etdi. Dağlarını, gözəl təbiətini gəzdim... Bakı küçələri
mənə qəribə bir rahatlıq bəxş etdi. Sonra döyüşdüyüm yerləri
gördüm. Orada 22 il əvvəl yazdığım yazıları da tapdım, "Abit"
yazmışdım, hələ də silinməyib. İnanın ki, həmin an yaşadığım
hissləri sözlə ifadə etmək mənim üçün çox çətindir. Gedib su
içdiyim bulaqdan yenə su içdim... İndi də xatırlayanda qəribə
hisslər keçirirəm. İnanıram ki, ədalət yerini tutacaq və torpaqlar
geri qayıdacaq.