Yuxarı

“Erməni diversantı” Bakı türməsinə belə düşdü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni diversantı” Bakı türməsinə belə düşdü

"Türmə əhvalatları" layihəsində

Həbsxana həyatında nə də olmasa, ötənləri xatırlamaq, xatirələri yada salmaq, götür-qoy etmək üçün vaxt çox olur. Sayılıb-seçilən, hörmət sahibi olan dustağın danışıqları həmişə maraqla qarşılanır.

Ağdam əhlindən olan Arzumanın da vaxtının çoxu ətrafına toplaşan, onun hörmətini saxlayan adamlara maraqla qarşılanan söhbətlər etməkdə keçirdi. Bu dəfə də tibb məntəqəsinin həyətindəki tut ağacının altına "az aşın duzu olmayan" yerlilərini toplayıb söhbət edirdi. Yaxın gəldim, yer göstərdi, söhbətini davam etdi.

- Vallah, nəşə kişi çörəyi imiş. Allah ağı, qaranı çıxardanın evini yıxsın...

Həmin gün Arzuman ayaqlarını ayaqlarının üstünə aşırdıb, təsbehini oynada-oynada çox danışdı. Əhllərindən olan, narkotik ilə məşğul, iynə vuran həmyerlilərini danladıqdan sonra üzünü mənə tutdu:

- Şair, sən ölməyəsən, yalan demirəm, bunlar hamısı ciyərli oğlanlardır. Bir yerdə vuruşmuşuq. Bu Fərəcovu görürsən də, - baxışları ilə boynunu bükərək çömbəlmiş halda oturan Feyruzu göstərdi. - Bu başı batmış bilirsənmi necə oğul olub? Danışım, hesabını götür. Bir dəfə ermənilər yaşayan kəndə girdik. Xeyli əsir götürmüşdük. Bir erməni döyüşçüsü vardı, həmin kənddən idi, onun anası da mülkü əsirlərin arasında imiş. Mən gəlib çatana qədər həmin qadını oğlunun gözünün qabağında lüt-üryan eləyib, sonra da tüpürüb qadının qasığına, deyib ki, bax, bu oğraş oğlunu oradan dünyaya gətiribsən, istəsəm, sənə nə isə edərəm, amma etmirəm, qadınsan, səni komandir gələnə qədər buraxıram, qaç get, erməni axçilərinə de ki, bir də belə nakişi doğmasınlar. Qadına əlini də vurmayıb, əsgərlərə deyib ki, toxunmayın, qoy keçsin getsin, gedib həqiqəti danışacaq... Gəldim, saldım qapazın altına, özbaşınalıq etdiyinə görə, amma çox istəyirdim bunu, ciyərli oğlan idi.

- Bəs indi istəmirsən?

- Yox, indi daş olub bunun başına, iynəyə oturub, damara işləyir. Özü də ikinci "xotkasıdır". Çoxdu beləsi...

Sarı ləqəbli dustaq irişdi:

- Fərəcov əfəldir. Gərək ermənini, anasının gözünü qabağında öldürəydi... Mən olsam, öldürərdim.

Arzumanın yanakı baxışı Sarının şit gülüşünə son qoymadı. Əksinə, Sarı cibindən zər çıxardı, üzünü Arzumana tutub:

- Ağsaqqal, ataq? - dedi.

Arzuman başını yana çevirdi. Köks ötürdü:

- Uşaqlar özlərini məhv elədi...

Arzuman döyüşçü olmuşdu. Ağdamın müdafiəsində vuruşmuşdu. Könüllü batalyonlar ləğv edildikdən sonra köçkün kimi Bakıya yığışmış ailəsinin yanına qayıtmışdı. Dediyinə görə, pis dolanmırmış. Binə bazarında dükanı varmış.

- Mərdimazarlar imkan vermədi. İşimin yaxşı getdiyini görüb burunladılar. Bilirsən də, bazarda xain adam çox olur. Biri vardı, alverimin yaxşı olmasını qəbul edə bilmirdi. Məni sancırdı, ardımca, elə üzümə də deyirdi ki, yaxşı kişi olsaydın, rayonun ermənidə olmazdı. Deyirdim ki, işğal olunan Azərbaycan torpağıdır, bu sənin də rayonun ola bilərdi. Belə sözlər məni bezdirirdi. 4 il vuruşmuşdum, mənə döyüşçü demirdi, qaçqın deyirdi. O qədər danışdı, əskik söz dedi ki, dözmədim, ona yaxşı kişi olduğumu sübut etdim. Axırda da gəlib düşdüm bura.

- Necə etdin? Nə etdin? – səbirsizliklə soruşdum.

- Günlərin bir günü 3 nəfər yaxın dostumla əynimizə hərbi paltar geyindik. Əlimizdə də oyuncaq avtomat, gecədən keçmiş girdik bunun evinə. Sifətimizdə maska vardı, guya erməni diversantıyıq, ailəni bütünlüklə "əsir" götürdük. Yalvardı, yaxardı. Ermənicə, rusca danışırdıq. Sizi sağ-salamat bir şərtlə buraxarıq, gərək bizimlə əməkdaşlıq edəsən. Dedim, əgər bu xəbər bir yerə çatsa, sənin sülaləni məhv edəcəyik. Şərtim də bu oldu ki, tanıdığı müharibə iştirakçıları, onların mənzilləri haqda məlumat versin. Razılaşdı. Uşağının başından əski papağını da götürüb xəlvəti gəldiyimiz kimi, sakitcə də həyətdən çıxdıq. İki gün bazara gəlmədi. 3-cü gün göründü. Halı özündə deyildi. Əvvəlki adama oxşamırdı heç.

- Nə olub? - soruşdum. Heç, - dedi. Günortaya yaxın mənimlə maraqlandı, harda yaşayıram və sair. Zarafat etdim:

- Adə, bəlkə məni o gün sizi əsir götürən erməniyə təhvil vermək istəyirsən? - dedim.

Duruxdu: - Nə erməni, başına hava gəlib? - dedi. Yaxın adamları da çağırıb hadisəni olduğu kimi danışdım, dedim:

- Bu adam, mənə həmişə deyirdi ki, yaxşı kişi olsan, erməniyə torpağını verməzdin. Guya mən qorxağam. Bu namərdə başa sala bilmədim ki, müharibə, düşmənlə üz-üzə olmaq, xainlərlə, satqınlarla dolu olan yerdə döyüşmək nədir. Özünüz şahid idiniz ki, məni hey sancırdı. Evinə getdim, hasarı aşdım. Həyətdə idi, ailəsi və iki oğlu. Bunları əsir götürdüm. Dedim, erməniyəm, bizimlə əməkdaşlıq elə, öldürməyim, razılaşdı. İndi deyin, bu qorxaq və nakişidir, yoxsa mən?

Boynuna almırdı, uşağının qənimət götürdüyüm papağını göstərdim, duruxdu. Üstümə hücum çəkdi, itələdim yıxıldı yerə. Başı döşəməyə çırpıldı. Dedi, gör sənin başına nə oyun açacam, dediyini elədi də...

- Nə etdi ki?

- Məndən polisə şikayət etdi. Apardılar məni. Yazmışdı ki, 3 nəfərlə evinə silahlı basqın etmişəm, pulunu almışam, evindən satlıq mallarını aparmışam. Polisdə hər şeyi olduğu kimi danışdım, dedim, düz deyir, həyətinə girmişəm, amma tək olmuşam, söhbət də belə olub. Yoldaşlarımı ələ vermədim. Bazardakı dostlar da təsdiq etdi ki, mən hadisəni olduğu kimi danışmışam, orda da demişəm ki, tək olmuşam, məqsədim də onun özünün qorxaq olduğunu sübut etmək olub.

Beləliklə, Məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum olundum. Artıq 4 ildir burdayam və bu 4 ildə işim ancaq bu günün avaralarını, dünənin döyüşçülərini düz yola çəkməkdir, - deyib yenidən əlini Feyruza tərəfə uzatdı.

Feyruz hələ də sakit durmuşdu. Arzumanın tənqidinə qulaq asırdı. Sifətində utancaq ifadə də vardı:

- Ağa, ağrıyıram... canım ağrıyır, iynələnib kimə nə edirik ki? Nə edirik özümüzə edirik də... Seyid Lazım ağanın cəddinə and olsun, iynə vurandan sonra elə rahat oluram ki! Unuduram hər şeyi, Ağdama qayıdıram, kəndimizə dönürəm, istəyirəm bizi buraxalar, deyələr ki, onsuz da burda içəridə iynə vura-vura, vərəmləyib ölürsüz, ala bir baş nəşəni vur bədənə, get gir səngərə, vuruş, kişi kimi öl. Getməsəm, Seyid Fuğara ağanın tüpürcəyi mənə qənim olsun.

Andı məni diksindirdi:

- Nə? Seyid Füğaranın tüpürcəyi?

- Hə də... Mən uşaq olanda dilim qadağlı imiş, danışa bilmirmişəm, anam aparıb Seyidin yanına. Alıb qucağına, ağzıma tüpürüb, əlini başıma çəkib, 100 ildən çox yaşayacaq, deyib. Ona görə qorxmurdum, hər döyüşdə qabaqda gedirdim, bilirdim ki, Ağanın nəzəri üstümdədir...

Tarix
2015.06.13 / 09:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla