Yuxarı

Mustafa: “Fərəh Pəhləvi mənim olmalı idi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafa: “Fərəh Pəhləvi mənim olmalı idi”

Salam vermədən oturması, stolun üstündəki domino daşlarını çevirib qarışdırması heç kəsin xoşuna gəlmədi. Onun bu hərəkətinə etiraz səslərini çıxaranlarla yanaşı, stol arxasından duranlar da oldu. Bu yekəxana adamın oyunun maraqlı anındakı yaşına, boy-buxununa yaraşmayan davranışı tərbiyəsiz bir hərəkət idi. Təkcə oyundakı cütlük yox, oyuna maraqla tamaşa edib növbəsini gözləyənlər də bu harın kişinin hərəkətinə qəzəbləndi:

- Sən kimsən, a kişi, görmürsən oyun gedir?

Çağırılmamış qonaq yerini rahatladı, ayaqlarını üst-üstə qoydu, üst-başına əl gəzdirirmiş kimi pencəyinin ətəyinə sığal çəkdi:

- Görürəm da bə oyun gedir. Adımsa Mustafadır. Başqa sözün var, niyə? Adım – Gizir oğlu Mustafa bəy. Bu da mənim şəxsiyyət vəsiqəm.

Sərxoş olması aşkar bilinirdi. Yaşlı adamlar əllərini burunlarının ucunda yelpik etdilər, içkinin üfunətini qovdular. Mustafa isə onlara heç fikir də vermədi, əlini pencəyinin qoyun cibinə salıb portmanatını çıxartdı. Oradakı şəxsiyyət vəsiqəsini qarşısındakı kök kişinin burnuna qədər yaxınlaşdırdı:

- Başqa sözün var?

Domino daşlarını acıqlı halda stolun üstündə qarışdırıb Mustafaya tərəf döndüm:

- "Praporşik"in oğlu, sənə şəxsiyyət vəsiqəsi də verilib? Eybi yoxdur, o qədər maşını olmayan, amma sürücülük vəsiqəsi olanlar var ki...

Mustafa sol əli ilə qalstukunu boşaltdı, köynəyinin yuxarı düyməsini açdı, sağ əli ilə biləyimdən yapışdı, ağzı qulağına tərəf, başı isə az qala çənəmə qədər əyildi:

- Sən məni tanıyırsan? Bilirsən, kim olmuşam? Mənim atam praporşik olmayıb, böyük bir trestin "upravlyayuşşisi" olub. Elə mən də yüksək vəzifələrdə işləmişəm. Nazirlər Kabinetində də işləmişəm, bildin?

Ağzından çıxan sözlər qulağımın pərdəsini, nəfəsindən gələn araq qoxusu isə burnumu qıcıqlayırdı. Əlini hirslə əlimin üstündən kənara itələdim. Ayağa durdum və uzaqlaşdım. Yaşlı və içkili olması şeytana lənət oxumağıma səbəb oldu.

- Oynayan varsa, gəlsin.

Bu, Mustafanın səsi idi, domino daşlarını qarışdırırdı.

Bilgəh sanatoriyasında istirahət və müalicə olunanların əksəriyyəti domino, nərd, şahmat oynayan yaşlı adamlardır. Onların bəziləri neçə illərdir ki, bir-birlərini elə buradan da tanıyır. Bəziləri dost olaraq vədələşib elə burada da görüşürlər. Həm müalicə olunur, həm də istirahət edirlər. Mustafa isə deyəsən, təzə gələnlərdən idi. Hər halda yuxarıda nəql etdiyim hadisədən sonra dəfələrlə müalicədə olanlar onu tanımadıqlarını dedilər. Elə Mustafanın da ətrafında kimsə olmazdı.

O hadisədən sonra tez-tez qarşılaşası olduq. Fikir vermişdim, onun geyimi fərqli idi. Daim kostyumda olurdu. Elə bil, bura istirahətə yox, rəsmi görüşə, yaxud iclasa gəlib. 30 ildən sonra təsadüfən tapışdığım əsgər yoldaşımın məni görməyə gəldiyi gün Mustafa ilə daha yaxından tanış oldum. O, qəfildən bizim stolumuzun kənarında peyda oldu, stul çəkdi, dəvət gözləmədən oturdu. Xidmətçi oğlana ərklə stəkan gətirməyi tapşırdı. Oğlanın gətirdiyi stəkana diqqətlə baxıb, özünə çay süzdü. Sonra cibindən bir açar çıxardı:

- Al bu açarı, get mənim otağıma. Soyuducudan yarımçıq arağı götür, bir az pendir, soyutma ət, üzüm, iki dənə pomidor-xiyar, turşu götür, gətir bura.

- Baş üstə, Mustafa dayı, - deyib, oğlan cəld korpusa tərəf getdi.

Mustafa özündən razı halda gərnəşdi, özünə çay süzüb içdi. Üzünü mənə tərəf tutdu:

- Yerazsan sən?

- Yox...

- Özünü çox yekə apardın e... o gün. Bu gün səninlə araq içəcəyik. Yaxından tanış olacağıq. Mən hər il gəlirəm bura. Heç kəslə işim olmaz, dostum-zadım da yoxdur burada. O rayonlardan gələn kişilərə baxıram, öyümə tutur məni. Görüşəndə, ayrılanda elə qucaqlaşır, elə ağlaşırlar ki... Deyən yoxdur ki, adə, ölümə gedirsiniz? Budur da 2-3 saatlıq yoldur, gedin bir-birinizi görün...

Əsgər yoldaşıma işarə etdim ki, duraq. Mustafa bunu hiss etdi, mane oldu:

- Otur, sən Allah. Söhbət edək, dünən içkili idim, belə də kişi içər də...

Ayaqlarıma acığım tutdu, yerimədiyinə görə. Getmədim. Suallar verdi, cavab verdim. Əsgər yoldaşımla heç maraqlanmadı da...

Xidmətçi oğlan onun dediklərini gətirdikdən sonra, "içəcəksənmi?" deyə, bizə yenidən təklif etdi, "yox" dedik. Özünə araq süzdü. Xiyar turşusu ilə dodaqlarını şirələyib, arağı içdi. Başını sudan çıxmış adam kimi silkələdi.

- Bah, ceyran südüdür e... gərək içəydiz.

Söz sözü çəkdi, xeyli danışdıq. Əsgər yoldaşımın mənə müraciətimdən yazıçı olduğumu bildi. Oxuduqları kitabların adını çəkdi. Zəngin mütaliəsi olduğu qənaətinə gəldim. Söhbətimiz alınırdı. Araq bitənə yaxın Mustafanın gözləri doldu. Artıq bir-birimizə bir qədər isinişmişdik.

- Mənim hər şeyim var. 4 oğul, 3 qız, nəvələrim də ki maşallah, ürküt say... Amma mənə baxmırlar.

- Niyə ki, istirahətə göndəriblər, yəqin ki, diqqətləri də üstündədir, niyə gileylənirsən?

- Evlənməyə qoymurlar. Hamısı vəzifədədir. Oğlanlarım qalıb bir tərəfdə, kürəkənlərim özünü cırıb-dağıdır, bizə nə deyərlər, sən evlənsən, abrımız gedər. Guya evlənsəm, üzüqara çıxaram, bunlar pərt olar.

Onun danışıq tərzində, sözlərin tələffüzündə maraqlı görünəcək, əyləniləcək çox şeylər vardı. Diqqət kəsildiyimizi görüb:

- Arvadım 9 ildir ölüb. Qocalmışam. Təqaüdüm yüksəkdir. Heç kəsə ehtiyacım yoxdur, mənə də, arvadıma da bəs deyənə qədər çatar. Qoymurlar ki...

Mustafa arağın axırına çıxdıqdan sonra ayaqlarını ayaqlarının üstünə aşırdı. Başı köksünə əyildi. 1-2 dəqiqə mürgü döydü. Sonra yuxudan hövlnak ayılıbmış kimi diksindi. Sərxoş gözləri ilə üzümə baxdı.

- Mən gün görmüşəm e. Sən isə o gün mənə deyirsən ki, şəxsiyyət deyilsən, sənə şəxsiyyət vəsiqəsini səhv edib veriblər. Heç xəcalət çəkdin? Əlbəttə yox, axı mən düzgün eləmədim o gün...

Sonra başladı həyatını vərəqləməyə. Ötənlərə qarşı bir təəssüf vardı sanki səsində:

- Mən Ordubadda doğulmuşam. Kəndimizdən ilk adamam ki ali təhsilim var. Yüksək vəzifələrdə çalışmışam. Hamıya yaxşılıq etmişəm. Atam erkən ölüb, bacılarımı ərə vermişəm, qardaşlarımı evləndirib ev, övlad sahibi edib sonra özüm ailə qurmuşam. Məndən kiçik bacı-qardaşlarımın balaları mənim balalarımdan böyükdür. Onlardan yaxşı vəzifə tutanları da var, deputat olanı da... Hər kəs özü üçün oldu, mən isə özüm üçün ola bilmədim.

Əsgər yoldaşımın Mustafaya diqqətlə qulaq kəsilməsi mənə də sirayət edir. Qoca kişidir, qoy danışsın, yüngülləşsin. Mustafa isə arağın köməyi ilə hələ ötən günlərin əhatəsindədir.

- Cavan idim. Müharibə təzə bitmişdi. Texnikumu bitirmişdim. Məni rayonun su-tikinti idarəsinə rəis qoydular. Kəndləri gəzirdim. Əhalini su ilə təchiz edirdik. Arxlarla, borularla su çəkirdik. Artezian quyular sonralar qazıldı. Yaxşı işləyirdim. Nə deyim, qazancım da pis olmurdu. Sovet hökuməti dərya idi, ha ye, dağıt qurtarmırdı ki. Çox adamlara iş vermişdim. Adlarını yazmışdım, işə gəlmirdilər. Mənim də qazancım pis deyildi...

Mustafa nimçədə qalan qaynadılmış ət parçasının son tikəsini də ağzına tərəf apardı. Çeynədi, boğazından aşağı yola saldıqdan sonra davam etdi:

- Hələ buranın yeməyini yeməmişəm. Soyuducum doludur. Övladlarım hər şey alır, gətirir.

Fəxrlə uşaqlarından bəhs edir və birdən yenə də təəssüflənir:

- Amma məni evlənməyə qoymurlar.

- Əşi, yaşın 80-ni keçib yəqin, hara evlənirsən, - deyib balalarına haqq qazandırıram.

- Ailə adama elə bu yaşda lazımdır. Biş-düş eləsin, paltarını yusun, arada su töksün, yaxalanasan...

- Qulluqçu götür.

- Olmaz. Ancaq ailə... Ailə başqa şeydir.

Sonra yenə də mürgü döydü, xatirələrinin girovunda idi, deyəsən:

- Mən subay olanda o boyda Naxçıvanda 2 il özümə qız axtardım. Qohum, əqrəba, xala, bibi, başlarına yaylıq atıb qapı-qapı gəzdilər. Abırlı, ismətli qızlar idi hamısı. Amma eləsi vardı məni bəyənmədi, eləsini də mən bəyənmədim. Mənim idealım Fərəh Pəhləvi idi. Ona oxşar qız almalı idim. Görünüşü, gözəlliyi başqa cür ola bilməzdi. Sevirdim onu, xəyalımda həmişə o, mənə çay gətirər, işdən yorğun gələndə ayaqlarımı yuyar və mənə uşaq doğardı. Fərəhlənərdim. İşlərimin öhdəsindən də elə gözəl gələrdim ki, xəyallarımın xanımı mənə görə utanmasın, elə bilirdim ki, məni izləyir.

Gülümsədi. Və indi fikir verdim ki, Mustafa yaşından çox cavan görünür. Bəlkə də elə ona görədir ki, bir dəfə də olsun ona Mustafa kişi deyə müraciət etmədim.

- Bir kənd vardı, orada su quyusu qazırdıq. Mən də artıq daha böyük vəzifə sahibi idim. Xidməti maşınımda gəldim. Məktəbin direktoru məni günorta evinə qonaq apardı. Getdim. Həyətdə stolu bəzəmişdilər. Müəllimin qızı yemək gətirəndə gördüm. Bu, elə xəyallarımın xanımı idi. Xalamı apardım o evə, dedim, anası ilə danış. Danışdılar. Qızı mənə vermədilər. Dedilər ki, Naxçıvanda da evi olmalıdır. Mənim də Naxçıvanda evim vardı. Amma dedim ki, kənddə yaşayacağam. "Yox" dedilər. Bir də görüblər ki, qızları saralıb-solur. 10 gündən sonra dərdini soruşublar. Gəlinlərinə deyib ki, Mustafanı sevirəm. Onsuz yaşaya bilmərəm. Beləcə, xalama deyiblər. Bax belə oldu mənim ailə qurmağım.

Yoldaşım birdən-birə rəhmətə getdi. Qalmışam o boyda evdə tək. Nəvələrim, balalarım baş çəkir. Amma evlənmək istəyirəm. Hey araq içirəm, "piyan" olmuram amma. Hərəkətlərim, danışdıqlarım yadımda qalır.

Mustafa ikinci arağı da gətizdirdi. Yenə də tək içdi, təklifini qəbul etmədik. Bu dəfə də idarə müdiri işlədiyi vaxtlardakı əməllərindən bəhs etdi. Xeyli məzəli hadisələr danışdı. Birdən yenə də gözləri domino oynayanlara sataşdı:

- Gedim oyunu pozum, yoxsa axırda mübahisə edib dava salacaqlar, - deyib ayaqları bir-birinə dolaşa-dolaşa qocaların şirin-şirin domino oynadıqları stola yaxınlaşdı...

Tarix
2015.10.30 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla