Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı
Fəridə Hicran Talıb qızıdır Vəliyevadır. Fəridə Ağdam rayonunun
Seyidli kəndində anadan olub. Orta məktbi bitirdikdən sonra Bakı
Dövlət Univerisitetinin filalogiya fakultəsinə daxil olub.
Universiteti bitirdikdən sonra Ağdam şəhər 8 nömrəli orta məktəbdə
müəllimə və dərs hissə müdiri çalışıb. Ailəlidir bir övladı
var.
Vəzirov deyirdi ki...
1988-ci ildə Qarabağda əməliyyatlar başlayanda ən fəallardan
idim. Daha sonra Əsgərana yürüş başladı. Elə ilk itkimizi də orda
verdik, Bəxtiyarla Əli şəhid oldu. Onlar yaxın qohumlarımız idilər.
366-cı atıcı alayın hücumuna məruz qaldıq. Ruslarla ermənilərin
birləşmiş hərbi dəstələri bizə hücum edirdi. Özümüzü yabayla,
baltayla, bellə müdafiə etməyə başlamışdıq. O vaxtkı rəhbərlik
bacarıqsız idi. Əbdürrəhman Vəzirov hakimiyyətə gətiriləndə hamıya
deyirdi ki, hər kəs öz erməni kirvəsini tapsın, əlaqə yaratsın.
Bəlkə onda nəsə edə bildik. İnsanlar başa düşürdü ki, bu sözlərin
heç bir mənası yoxdur.
Qrad düşdü, nənəm həlak oldu...
Bizim ailədən atam, qardaşım, mən mübarizə aparırdıq. Təsəvvür
edin, Ağdamdan hər ailədən bir, ya iki nəfər fərdi şəkildə
mübarizəyə qalxmışdı. Dayım oğlu universitetdə oxuduğu zaman hərbi
əməliyyatlarda iştirak edirdi. O yaralansa da, sağ qaldı. Hazırda
polis sıralarındadır. Şuşanın işğalını yaxşı xatırlayıram. Sonra
isə Xocalı faciəsi baş verdi. Onlarla uşaq meyiti daşımışıq. Həmin
vaxt mən AzərTAC-da müxbir işləyirdim.
İnsanlar ayaqyalın Ağdam şəhər meydanına toplaşırdılar.
Bacardığımız qədər onları evə aparıb kömək edirdik. Bir dəfə
evimizə qrad düşdü və nənəm həlak oldu. Məcbur qalıb, evi tərk
etdik və Bakıya gəldik. Amma mən yenidən cəbhə bölgəsinə
qayıtdım...
Güllələmək istəsəm də, bacarmadım...
Xocalı faciəsindən bəhs edən kitab yazdım. Kitab iki dildə - rus
və azərbaycanca nəşr olunub. Kitabda dərc olunan ölü və yaralıların
şəkillərini özüm çəkmişəm. Gördüyüm hər şeyi yazmışam. Bir xatirə
danışım sizə, bunu heç unuda bilmirəm. Bir kişi Ağdamın mərkəzində
əlində silahı, dəli kimi qışqırırdı ki, oğlum Elşadı ermənilər
vurdu. O, nə qədər çalışsa da, geri dönə bilmədi. Erməniyə əsir
düşməməsi üçün güllələmək istəsəm də, bacarmadım. Ciyərini güllə
dağıtmışdı. Çox keçmədi ki, canını tapşırdı...
Bakıya ayaqlarını soyuq vurmuş əsgərlər daşıyırdıq. O vaxt
Nizami Süleymanov və Səadət Paşayev bizə pul yardımları edirdi.
Deyirdilər ki, onlara pal-paltar alın. Çünki insanlar az qala
çılpaq idilər.
Uşaq velosiped istədi, 5 dəqiqə sonra
öldü...
Tez-tez xəstəxanaları gəzirdim. Bir uşaq yaralanmışdı. O uşaq
dedi ki, mənə velosiped ala bilərsən?. Dedim ki, əlbəttə alaram.
Uşağın ağ ciyəri parçalanmışdı. Evin sonbeşiyi imiş. Bu son
istəyini deyəndən 5 dəqiqə sonra öldü. Uşağın ölümündən sonra
saçlarım biz-biz olmuşdu. Qaynar su ilə yuyurdum, yenə
düzəlmirdi.
Kreml qarşısında mitinq
Xalq Cəbhəsi məni Milli Qəhrəman Çingiz Mustafayevlə Moskvaya
göndərdi. Həmin günün səhəri Çingizi müsahibəyə apardılar. Mən isə
Kremlin qarşısında kiçik mitinq keçirdim. Orada məni söyən
ermənilər də var idi, müdafiə edənlər də. Bir çox jurnalistlərə, o
cümlədən Türkiyədən olanlara vəziyyəti başa salırdım. Cəbhəyanı
ərazilərə aparırdım ki, yazsınlar, bütün dünya bu məsələlərdən agah
olsun.
İki gözüm də tutulmuşdu...
Nəhayət yaralandım. Güclü atışma nəticəsində hərə bir tərəfə
dağıldı, mən ortada qaldım. Bizə qrad atdılar. Zərbə məni
torpaqqarışıq yerə çırpdı. Kəllə-beyin travması almışdım. Məni öncə
torpaqdan çıxardılar, Ağdam rayon mərkəzi xəstəxanasına apardılar.
Sonra Bakıya, göz xəstəxanasına gətirildim. Hər iki gözüm
tutulmuşdu. Bizə çox pis baxırdılar xəstəxanada. Sonradan Xanım
Xəlilovanın dəstəyi ilə cəbhəçilər yardım etdi. Sağaldıqdan sonra
yenidən cəbhə bölgəsinə getdim...
Cəbhədə sevgi...
Bir sevdiyim var idi. Könüllülərdən idi. Onu özümdən çox
sevirdim. İndi yalnız xatirəsi qalır – barmağımdakı üzük onun
hədiyyəsidir. Başqa bir xanım jurnalistin də sevdiyi oğlan var idi.
Ancaq o həlak oldu...
1994-cü ilin sonlarında tərxis olundum. Akademiyada aspirant
idim. Yazdığım kitab əl-əl gəzirdi. İstəyirəm ki, indiki
jurnalistlər Qarabağdan çox yazıb-pozsunlar, o hadisələri
unutmayaq.
Nə yaxşı ki, bu layihəniz var. Axar.az saytına, onun
rəhbərliyinə öz minnətdarlığımı bildirirəm...