"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Gülpəri Bulud qızı Sərkərovadır. G.Sərkərova 1963-cü
il fevralın 13-də Şamaxı rayonunun Nərimankənd kəndində anadan
olub. Orada 10 illik orta məktəbi bitirərək Şamaxı Pedoqoji
məktəbinə sənədlərini versə də, qəbul ola bilməyib. Sonra rayonun
mərkəzi əmanət bankında böyük xəzinədar vəzifəsində çalışıb.
Birinci Qarabağ müharibəsi veteranıdır. Evlidir, iki övladı
var.
"Ay zalım, öldükdən sonra pasportlarımız nəyinə lazım
olacaq?"
Atam traktorçu olub. Uşaqlığımdan oğlan kimi atama köməklik
etmişəm, qardaşlarımla birikdə. Hələ 1988-ci ildə bu proseslər
başlayanda uşaq deyildim, hər şeyi eşidirdim, ağlım kəsirdi.
Nəhayət, 1991-1992-ci illərdə müharibə başladı. Hər gün meyitlər,
yaralılar gəlirdi. Müharibəyə getməyə qərar verdim. Hərbi
komissarlığa ərizə yazdım. Amma valideynlərimin bundan xəbəri yox
idi. Xəbər gəldi ki, hazırlaş, Qarabağa gedirsən. Məni yola salmaq
üçün rayonun bütün vəzifəliləri gəlmişdi.
1992-ci ilin fevralında böyük bir dəstə ilə Ağdam rayonuna
getdik. Kəndlər verilmişdi… Qaçqınlarımız ağlayıb, imdad
diləyirdilər. Şirin Mirzəyevin batalyonunda əvvəl rabitəçi kimi
qulluq etdim. Sonra Ş.Mirzəyevlə görüşüb döyüşmək istədiyimi dedim.
O da məni göndərdi Ədalət Zeynalovun batalyonuna. İlk döyüşüm Abdal
Gülablıda oldu. Nədənsə, bizim pasportlarımızı yığırdılar. Bir
döyüşçümüz var idi, Rəsul... rəhmətlik… Pasport yığana dedi ki, ay
zalım, öldükdən sonra pasportlarımız nəyinə lazım olacaq?..
"Son nəfəsinə qədər "Qarbağ ermənilərindir"
dedi…"
Bizim ora getməyimizə səbəb vertolyotumuzun o ərazidə vurlması
idi. Vurulanları xilas etdik. Pilot rus idi, şəhid olmuşdu. Güllə
yağışı altında olsa da, erməniləri oradan qovub çıxara bildik.
Xeyli silah-sursat götürdük.
Məni hələ yoxlayırdılar, döyüşə tam hazır deyildim. Daha sonra
Naxçıvanikdə çoxlu itkilərimiz oldu. Şakir adında bir əsgərimiz də
şəhid oldu. Tank komandiri idi. Şakirin tankı minaya düşdü.
Ayaqları üzülmüşdü. Onu tankdan çıxardıq. Anidən ayaqlarının
olmadığını görüb əlləriylə dizinə vurub dedi: "Vay, mənim ayaqlarım
yoxdu ki?!". Bu sözləri deyəndən sonra gözlərini əbədi yumdu…
Düşünürəm, ürəyi partladı. Özünə gələndən sonra bilsəydi,
yaşayardı. Şakirin qardaşı da başqa batalyonda döyüşürdü.
Tutduğumuz erməni əsir ilə normal davranırdıq. Şirin Mirzəyev
qoymurdu incidək. Deyirdi, əsirlə davranma qaydaları var. Amma
Şakirin qardaşı həmin əsirin başını Şakirin qəbri üstə kəsdi…
Əslində, başını kəsməyəcəkdik. Biz ondan "bu torpaqlar kimindir"
soruşanda, deyirdi ki, ermənilərindir. Şakirin qardaşı bir az
torpaqla duzu qarışdırıb onun boğazına tökərək dedi ki, bax, bu
duzlu torpaq sizindir. Qarabağ isə Azərbaycanındır. Erməni əsir
başı kəsilə-kəsilə son nəfəsinə qədər "Qarbağ ermənilərindir"
dedi…
Beş qızı, bir oğlu yetim qaldı…
Bizim döyüşçülərin çoxunun şəhid olmasına səbəb, onların tibb
maşınında yox, tankların üstündə hospitala gətirilməsi idi. Sonra
Şamaxıda böyük əziyyətlə bir tibb maşını aldım. Lakin bir qədər
sonra maşın Sırxavənddə minaya düşdü.
Yaxşı texnikamız var idi. Vəngə qədər gedib çıxmışdıq. Bu qədər
əziyyətə baxmayaraq, arxadan kömək gəlmədi. Ermənilərin
mühasirəsinə düşdük. İki tərəfdən də xeyli itki oldu. Biz meyitləri
oradan çıxaranda maşının içi qanla dolmuşdu. Bu, dəhşətli mənzərə
idi. Siz bunu ancaq filmlərdə görə bilərsiniz. Şəhid olanların
əksəriyyəti yeni gələn əsgərlər idi. Döyüş gedən yer laləlikdi,
yanından da çay axırdı. Həmin çay lalələrdən seçilmirdi,
qıpqırmızıydı. Döyüşdə Şirin Mirzəyevin müavini itkin düşdü. Beş
qızı, bir oğlu yetim qaldı…
Erməni əsir məndən bal istəyirdi…
11 nəfər idik. Qadın təkcə mən idim. Hər dəfə kəşfiyyata gedəndə
bir neçə erməni gətirirdik. Əksəri Bakı ermənisi idi. Onlar bizdən
çox yaxşılıq görmüşdü. Təsəvvür edin, mədəsi ağrıyan əsir məndən
bal istəyirdi.
3 illk xidmət zamanı çox dəhşətlər görmüşəm, yaşamışam. Bu gün
isə heç yada da düşmürəm. Aldığım maaşı son qəpiyədək döyüş yolunda
xəcləmişəm. Peşman deyiləm. 1994-ci il dekabrda təxris olundum.
Buna səbəb isə bir hadisə oldu…
Məzuniyyətə gəlmişdim. Qardaşım sevincək mənimlə görüşməyə
gələndə anidən əli ilişdi, sobanın üstündəki qaynar çaydan ikimizin
də üstünə aşdı. Ciddi yanıq xəsarətləri aldıq. Bu səbəbdən
döyüşlərə qayıda bilmədim.
Xocalını mən görmüşəm, rus qadınları yox!
Tərxis olduqdan sonra rayonda müəyyən qədər hörmət olunsa da,
ümumilikdə qayğıdan uzaq qalmışam. Öz işimə qayıtdım. Lakin orada
işləyə bilmədim. Bakıya gəldim. Jurnalist Zemfira Məhərrəmli ilə
görüşdüm. Mənə iş təklif etdi. Beləcə, Çilov adasında yerləşən neft
sənaye kompleksində işə düzəldim. Orada bir keçmiş döyüşçü ilə
tanış olub ailə qurdum. Hazırda 45 manat təqaüd alıram. Nə ev, nə
də maşın verilib bizə…
İndiki gənclərə vətəni sevməyi, qorumağı tövsiyə edirəm. Bu
vətən bizimdir.
Bir dəfə həmkarlar ittifaqının sədri Emin müəllimə zəng edib
dedim ki, qardaş, Xocalı faciəsini sən yox, mən görmüşəm.
Tədbirlərə dəvət etdiyin rus qadınları yox, mən döyüşmüşəm. Cavab
verə bilmədi…
Arzu edirəm ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın.
Qaytarılmasa, gedib döyüşək, torpağımızı alaq. Bu gün Ali Baş
Komandan əmr versə, yenə gedib döyüşərəm.