"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Mehdiyev
Əlisəfa Pəsərəng oğludur. Mehdiyev Əlisəfa Pəsərəng oğlu 1962-ci il
sentyabrın 4-də Ağcabədi rayonunun Qaravəlli kəndində dünyaya
gəlib.
Uşaqlıq illəri və müharibə
Uşaqlıqdan ailədə fərqli keyfiyyətlərimlə seçilirdim. Orta
məktəbi 8-ci sinfə qədər oxumuşam. 7-ci sinifdə oxuyanda Qaravəlli
kənd orta məktəbində böyük bir tədbir keçirilirdi. Tədbirin
aparıcısı mən idim. Tədbirdə Ağcabədinin komsomol katibi Həqiqət
xanım qonaq idi. O mənim tədbirdəki nitq və aparıcılıq
qabiliyyətimi gördü və mənə dedi ki, sabah Ağcabədiyə gəl. O məni
rayonun Sürət qəzetinin redaktoru ilə tanış etdi. Mənə orada
jurnalistikanı başa saldılar. Yazmaq nədir, necədir? Sonra mənim
yazılarım çap olundu. Bu məni həvəsləndirdi. Amma bir gün sırf
təsadüf nəticəsində bir gözəl qızın şəklini çəkdim. Elə bir inforik
halda çəkdim ki, bir də gördüm, qardaşım məni silkələyir. Atam
gəlib söz deyib, mən eşitməmişəm. BDU-da oxuyan böyük qardaşım
gəldi, məni Əzimzadəyə apardı. Asanlıqla qəbul oldum.1980-ci ildə
Əzimzadəni bitirib əsgərliyə getdim. Əsgərlikdən qayıdandan sonra o
zaman şərait emalatxana imkan yox idi. Sənətşünaslıqla məşğul
olmağa başladım. Dünyanın məşhur rəssam-heykəltəraşları haqqında
məqalələr yazırdım. BDU-nun jurnalistika fakültəsini 1991-ci ildə
bitirdim. Təyinatımı Turan informasiya agentliyinə verdilər.
1992-ci ildə könüllü olaraq döyüşə getdim. Gördüm ki, bu nizami
ordu deyil. Sabuncu rayon Hərbi Komissarlığına müraciət etdim ki,
mən döyüşə getmək istəyirəm. Briqada komandirinə məruzə etdim.
Dedim, mən ehtiyatda olan leytenant Mehdiyevəm, xidmət üçün
gəlmişəm. Mənə baxıb gülümsədi və dedi ki, "bu dəqiqə camaatı atla
qovub, itlə tuturuq, amma bu balacaboy, ali təhsilli oğlan gəlib
ki, mən döyüşə getmək istəyirəm".
Ona görə də mənim sənədlərim birbaşa Müdafiə Nazirliyinə getdi
və məni mayor vəzifəsində tabor komandirinin şəxsi heyətlə iş üzrə
müavini təyin etdilər.
İlk döyüş xatirəsi...
İlk döyüşüm Füzuli rayonunda oldu. Qaraxanbəyli istiqamətində
düşməni 20 km geri oturtmaqla başladıq. Biz Kundələn çayının yuxarı
hissələrinə getdik. Balabəhmənlini, Əhmədbəylini aşağı-yuxarı
Kürdmahmudlu kəndlərini, birinci-ikinci-üçüncü Alxanlını azad
etdik.
Həmin döyüşdə mən 10 əsgər itirdim. Bu qədər itki verməyimizə
səbəb təcrübəsizlik idi. Döyüşə 3 ay təlim keçmiş əsgərlər
gətirilirdi. 28 zabit içərisində cəmi 3 kadr zabit vardı. Mən ağır
yaralanıb, yola çıxırdım, maşınlar saxlamırdı. Əli silahlılar
xalqın inamını qırmışdı. Döyüşənlərlə döyüşməyənlər arasında
inamsızlıq, etibarsızlıq var idi. Üst-üstə güllə, qəlpə yarası
aldım, amma yenə də səngərə qayıtdım. Cəmiyyətdə olan çaxnaşma və
narazılıq Qarabağın itirilməsinə səbəb oldu.
Son nəfəsində dedi ki, komandir...
Bütün döyüş boyu 456 əsgərim olub. Bunlardan 21-i fərari oldu.
172 nəfəri sağ qaldı. O vaxt üçün bu, gözəl nəticə idi. Bütöv
batalyonlar dağılırdı, amma bu batalyon sona kimi döyüşdü. Mən
əsgərlərimin hamısını sevirdim. Fərarilik edənləri də başa
düşürdüm: onlar döyüş üçün doğulmamışdılar. Döyüşən oğullar ayrı
idi. Bir əsgərin içini mərmi dağıtmışdı. O, son anda məndən soruşdu
ki, komandir necə döyüşdüm? Dedim, əla! Əhsən!
Müharibəni görən adam üçün müharibə heç vaxt bitmir. Həmişə sən
müharibə içindəsən. Vay o günə ki, onu illərlə yaşayasan.
İtirdiyini geri ala bilməyəsən. Sanki Tanrı məni həmişə qoruyurdu.
Yüngül yaralar alırdım. Qəlpə qolumu cırıb keçmişdi, güllə əlimi
deşmişdi. Qarşı tərəfi özüm üçün heç vaxt vahimə bilmədim. Mən
döyüşə gedəndə sanki ova gedirdim. Atamın ailəsinin sayından çox
düşmən öldürmüşəm.
Azərbaycan ordusu ilə erməni ordusu arasında
fərq
Erməni ordusu bu döyüş üçün hazırlıq keçmişdi. Ermənistandan 16
min adam Rusiyanın ayrı-ayrı hərbi bazalarında təlim keçmişdi. Biz
isə onlara qarşı durmaq üçün zamanımızı itirə bilməzdik. Vaxtında
təlimlər keçə bilmədik, buna daxili münaqişələr imkan vermədi. Olar
işğalçı ordu idi, muzdlu əsgərlər gətirilmişdi. Bizim əsir
götürdüklərimizin içərisində erməni, rus, qaradərili döyüşçüləri
var idi. Qarabağın itirilməsinin səbəbi biz tərəfdən gücün hazır
olmaması idi.