"Türmə əhvalatı"
layihəsi
Gülşən xanım mənə verdiyi sözün üstündə durdu. Zəng edib
hal-əhval tutduqdan sonra məni dustaq həyatı yaşamış Ziba adlı bir
qadınla görüşdürmək istədiyini dedi. İmkan tapıb özü haqda yazdığım
yazılarda bəzi məqamlara iradını bildirmək də yadından
çıxmadı:
- Sənə danışdığım bəzi hadisələrin üstündən keçibsən,
yazmamısan, niyə?
- Nə bilim, uzun və təkrar olacaqdı, həm də düşündüm ki,
oxucular buna inanmaz. İstəmədim bilsinlər ki, belə nadan, qəddar,
puldan ötrü bütün dəyərləri tapdaq altına alan insanlarımız
var.
- Guya bilmirlər? Hamının vaxtı çatacaq...
Ziba ilə görüşmək üçün vaxtı və yeri dəqiqləşdirdik. Və səhəri
gün deyilən yerə getdim. Gülsüm yox idi. Zibanı isə narahat
duruşundan tanıdım. Yaxınlaşdım və özümü təqdim etdim.
- Səni tanıyacaqdım. Gülsüm müəllimə kompüterdə şəklini
göstərmişdi. Özünün vaxtı olmadı. Qardaşı ailəsi ilə Türkiyəyə
gedib, uşaqlara baxır, evdədir.
Ziba ilə rahat bir guşə tapıb oturduq. Bu qadın davranışı, özünü
sərbəst aparması ilə heç də günahsız yerə həbs həyatı yatana
oxşamırdı. Qadında az müşahidə olunan çevik hərəkətləri vardı.
Sanki məni illər öncə tanıyırmış kimi aparırdı özünü. Sifətində
çapıq vardı. Sol biləyinə "Turan" yazılmışdı. Baxışlarımı tutdu,
əlini çevirdi, yazı görünmədi:
- Nəvəmin adıdır... Mən qazsız su içəcəm, - əlavə etdi.
Çantasından siqaret çıxardı, alışqan yarımçıq siqaret qutusunun
içində idi. Dodaqları ilə siqaretin süzgəcini ehmal, incitmək
istəmirmiş kimi tutdu, yandırıb tüstünü əvvəlcə içinə çəkdi, sonra
isə bayıra üflədi.
Ərimi mən öldürməmişəm
- Ziba xanım, necə oldu həbs olundun, ərini necə
öldürdün?
- Bu, çox acınacaqlı bir haldır. Mənim ərimin ölümü ilə bağlı
həbs olunmağım iki nəsli bir-birinə düşmən etdi. İndi də
bir-birimizin toyuna kədərlənir, qarğış edir, yasımıza sevinirik.
Amma mən ərimi öldürmədim.
- Bəs, niyə belə oldu?
- Ərimin imkanları çox böyük idi. İş adamı idi. Müstəqilliyin
ilk günlərində Ukraynadan vaqonlarla qənd, şəkər tozu gətirirdi.
İşləri yaxşı gedirdi, qazancından cəbhəyə göndərirdi, əsgərlərə
pal-paltar, silah-sursat alırdı. Onu tanıyırlar, hörmət
edirdilər...
- Bəs, bu imkanların sahibinin ölümü niyə sənin adına
yazılırdı?
- Mən hələ də bilmirəm bu necə oldu. Özündən soruşmaq gərəkdir,
özü də ki haradadır, Allah bilir. Nə ölməsi bilindi, nə də qalması.
Mən belə düşünürəm ki, o ölməyib, sağdır. Xalam qızına qoşulub,
cəhənnəm olub...
Ziba başına gələnləri sakit, adi bir məişət hadisəsini
danışırmış kimi nəql edirdi:
- Danışacam sənə, gəlmişəm ki, danışam. Bu, çox uzun
söhbətdir.
Dəfələrlə onu ölümlə hədələmişdim
Axı ola bilməz, necə yəni adamın ölüm xəbəri yayılsın, özü də
ölkəni tərk eləsin və bu haqda heç kəsin xəbəri olmasın? Zibanın nə
danışacağı mənim üçün çox maraqlı idi, lakin səbirsizlik etdim:
- Bu, axı necə ola bilər? Əgər sən deyəndirsə, ərin
həqiqətən ölkəni tərk edibsə, sərhəd xidmətində qeydə alınmalı idi
axı. Axtarışa versələr, bilinəcəkdi.
- O vaxtlar sərhəd, demək olar ki, yox idi. 1992-ci ilin xaosu
yadına düşmür? Müharibə gedirdi ölkədə. Hələ o vaxtlar Sovet
pasportu qüvvədə idi. SSRİ-nin bu başından girib, o biri başından
asanlıqla çıxmaq olurdu.
Bardaqdakı sudan içdi, yenidən siqaret yandırdı:
- Bunu lap sonralar çəkməyə başladım. İçəridə öyrəndim, yaxşı
vərdiş deyil.
Ziba yerini bir qədər də rahatlayırmış kimi stulun üstündə
ləngərlədi, söhbətinə davam etdi:
- Əslində, ərimin ölməsinə görə məndən şübhələnə bilərdilər.
Onun qudurğanlığı, başqa qadınlara meyil salmağı məni o həddə
çatdırmışdı ki, dəfələrlə onu ölümlə hədələmişdim. Azyaşlı qızımın,
qayınlarımın, baldızımın, qayınanamın yanında olmuşdu belə
söhbətlər. O isə məni inandırmaq istəyirdi, and-aman edirdi ki,
mənə xəyanət etmir. Hətta xalam qızını onun yanında mühasib kimi
işə götürməsini xahiş etmişdim. Xalamın qızı texnikum tələbəsi idi.
Valideynləri rayonda yaşayırdı, kasıb idilər. O da mənə demişdi ki,
Rəhmandan nahaq şübhələnirsən, o, sənə xəyanət etməz, bütün günü
onun yanındayam.
Körpə idi, 18 yaşa təzə girmişdi, gözəl, yaraşıqlı qız idi.
Rahat idim ki, Rəhman, heç olmasa, "qızım" dediyi bu uşaqdan
utanar, ailəsinə sədaqətli olar. Xalam qızı bizimlə olurdu. Ev
işlərində mənə kömək edirdi. Rəhmana deyirdim ki, biz harasa
gedəndə onu da özümüzlə aparaq. Ərim onu çox istəyirdi. Bəzən
yorğun olurdu. Dərs, iş, evdə mənə kömək etməsi və ən başlıcası da
ərimlə aramızda olan dedi-qodu, dava-dalaş ona pis təsir edirdi.
Bir gün Gülyaz, yəni xalam qızı, ayrıca ev tutub qalacağını dedi.
Ona öyrəşmişdim, istəmirdim getsin. Heç yaş fərqimiz də çox
deyildi. Məndən cəmi 8 yaş kiçik idi. O, mənim həm də rəfiqəm
sayılırdı. Mane olmaq istədim, razılaşmadı. Rəhmana dedim, çalış,
fikrindən daşındır. Dedi, cavan qızdır, bəlkə, biz onu sıxırıq,
gəzməyə, evdə sərbəst olmağa can atır, amma alınmır. Qoy getsin,
gözümüz onsuz da üstündədir... Kirayə ev tutmağa razı olmadıq. Biz
şəhər kənarında olduğumuz üçün şəhərdəki birotaqlı evimizi ona
verdik.
Beləcə günlərin bir günü Rəhman dedi ki, Gülyaz işə gəlmir, bir
maraqlan. Evə getdim, yox idi. Şkafı axtardım, paltarlarını da
götürüb getmişdi.
Rayonla əlaqə saxladıq, onlar da xəbərsiz idilər. Başımız
Gülyaza qarışdı. Harada ola bilər? Rəhman da evdən soyumuşdu. İşi
ilə bağlı Rusiyada, Ukraynada olurdu, evə gec-gec gəlirdi. Qızım
atasız darıxırdı. Bilirdim ki, görüşdüyü var. Bir neçə dəfə də
mübahisəmiz düşdü. Dedim, sən öl, səni öldürtdürərəm, izin-tozun da
tapılmaz. Bunu qohum-əqrəba mənə irad tutdu. "Kişinin qazancı evdə,
özü çöldə olar", - dedilər. Cavan idik, o, məndən 7 yaş böyük idi.
Günlərin bir günü səs-sorağı gəlmədi. Əvvəlcə çox dərinə getmədik
ki, harada olsa, gələr, amma gəlmədi. Ofisinə getdik, boş idi.
Binanın sahibi ilə görüşdük, dedi, buranı təhvil verib, yoxdur,
özünə başqa yerdə ofis götürəcəyini deyib. Polisə xəbər verdik.
İstintaq, araşdırma-filan, axır ki, dayandılar mənim üstümdə.
Şahidlər də vardı. Mənim onu necə hədələdiyimi dedilər. Etiraf
etdim ki, bu söz-söhbət olub. Hiss edirdim ki, kimlərsə onun
öldüyünü sübuta yetirmək üçün çalışır, günahı da mənim boynuma
yıxır. Ərimin ofisində yoxlanış aparıblar. Son günlərin gündəliyi
tapılıb ki, evə getməyə qorxur, yoldaşım məni ölümlə hədələyir və
sair. Xalam qızının yox olmasının da səbəbini məndə görürdü.
Beləliklə, bizim müstəntiqlər ərimin itməsini ölüm kimi
sənədləşdirdi. Mən sifarişçi kimi həbs olundum. Dəfələrlə işgəncəyə
məruz qaldım, istəyirdilər, muzdlu qatilin adını deyəm. İki ildən
çox istintaq davam etdi, heç nə sübut olunmadı. Amma həbsdən yayına
bilmədim: 29 yaşımda 8 il həbs cəzası aldım. İçəridə bir nəfərlə
mübahisəm oldu, onun üzünə şırım atdım, 2 il də əlavə olundu. 40
yaşıma 6 ay qalmış azadlığa buraxıldım.
(Ardı var)