"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Səttarov Xanlar Səftər oğludur. O, 1943-cü ildə Yeni
Suraxanı kəndində anadan olub. Xanlar bəy burada boya-başa çatıb.
1960-cı ildə Rusiyanın Krasnodar vilayətində hərbi peşə məktəbinə
qəbul olub. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır,
"İgidliyə görə" medalı ilə təltif edilib. Birinci Qarabağ
müharibəsində kapitan pilot kimi iştirak edib. Ailəlidir, 3 övladı
var.
Qırıcıları Zabrat aeroportuna qaçırdıq
Mənim əmim İkinci Dünya müharibəsində vuruşub, sonra almanlara
əsir düşüb. 1960-cı illərədək ondan xəbərsiz olmuşuq. Əmim
tapıldığı üçün mən Rusiyada qəbul olduğum hərbi peşə məktəbini
yarımçıq qoydum. Bilirsiniz, o vaxt müharibədə əsir düşüb Avropada
yaşayanların qohumlarını hərbi məktəbdə oxumağa qoymurdular. Mən də
buna görə hərbi təhsilimi gəlib ölkəmdə davam etdirdim və ən yüksək
mərtəbələrə qədər gəlib çıxdım.
Yadıma gəlir, 1988-ci ildə biz Qarabağ zonasına uçuşlar həyata
keçirirdik, həmin vaxtı da ermənilər Əsgəranda bizim vətəndaşları
qətlə yetirirdilər. Moskvadan nümayəndə heyəti gəlmişdi, mənə
dedilər ki, sənlə uçub ora gedəcəyik, sən oraları yaxşı tanıyırsan.
Ancaq ora uçmaq çətin idi. Biz həmin vaxt ərzaq, həkim aparırdıq
oralara. 1992-ci ildə əmr gəldi ki, Səngəçaldan iki qırıcı təyyarə
qaçırmaq lazımdır. Həmin hərbi hissəyə isə ruslar nəzarət edirdi.
Biz 6 nəfər ora getdik, öz uşaqlarımız şərait yaratdılar,
qırıcıları işə salaraq Zabrat aeroportuna qaçırdıq. Tərslikdən
qırıcını iki nəfər idarə etməli idi. Mənə ikinci pilot çatmadı
deyə, tək sürüb gətirdim Zabrata. Azərbaycanda ilk qırıcı təyyarə
bazasını yaratdıq. 1992-ci il aprelin 11-də döyüş bölgəsinə
komandir kimi qırıcı təyyarə ilə yollandım. Bizə əmr gəlirdi, biz
də konkret koordinatlarla vurub, məhv edirdik. Ya da piyada
hücumundan əvvəl gedib ərazini ermənilərdən təmizləyirdik, sonra
piyadalarımız rahat şəkildə hücuma keçirdilər.
Artilleriyamız erməni tanklarını məhv etdi
Bir dəfə bizim 3 helikopterimizi göndərdilər ki, gedin, erməni
qərargahlarını vurun. Məni də Tərtərdən Ağdərəyə göndərdilər.
Dedilər ki, bizim ordu buradan keçəcək, sən öndə get, onların
keçəcəyi yolları təmizlə, erməniləri vur. Yollandım ora, baxdım ki,
tanklar dayanıb. Biz də, erməni də eyni - rus tankı sürür. İndi
bilmirəm, bu bizimdir, ya erməninin. Tez əlaqəyə çıxıb dedim ki,
bizim filan istiqamətdə tanklarımız var? Elə bu an ermənilər mənim
yerimi tankla vurdular. Oradan birtəhər uzaqlaşdım. Amma sağ olsun
artilleriyamız, həmin erməni tanklarını məhv etdi.
Beyləqandan əmr verdilər ki, gedin Ağcabədiyə, orada sizə
koordinatlar verəcəklər. Getdik ora, hər şeyi bizə izah etdilər,
amma izah etdikləri ərazini vurmaq çətin idi. Biz oradakı erməni
texnikasını məhv etməli idik ki, piyadalarımız hücuma keçsin. Mən
kəndə çatmamış birdən həmin kənddən atmağa başladılar. Kənd bizim
olduğu üçün mən ata bilmədim, amma inanın, helikopter dəlik-deşik
oldu. Geri dönüb dedim ki, bəs, deyirdiniz, bu kənd bizim kənddir?
Necə oldu ki, məni öz kəndimizdən vurdular? Sonra bildim ki,
ermənilər mənim başıma pul qoyub.
Bir dəfə də əmr verildi, mən həyat yoldaşımla həmin əraziyə
uçdum, bizi orada da vurdular. Yoldaşım yaralandı, ikinci pilotum
da yaralandı, amma geri dönmədim, erməninin həmin texnikasını atəşə
tutaraq, məhv etdim. Daha sonra isə yaralıları, həyat yoldaşımı
hospitala çatdırdım.
Bizim o əməliyyatımız əfsanələşib
May ayı idi, bizi çağırdılar Ağstafaya. Dedilər ki, erməni Qazax
rayonunu topla vurur. Milli Qəhrəman Zakir Yusifovla gedib həmin
ərazinin xəritəsi ilə tanış olduq. Düşündük ki, bunları necə vuraq.
Nə isə, mən sürətlə qalxıb ilk zərbəni endirdim, Zakir də eyni
qayda ilə atdı, məhv etdik erməni texnikasını. İnanın, bu yaxında
nazirlik xəttiylə yoldaşımla Türkiyənin Dənizli şəhərinə müalicəyə
getmişdik, orada təsadüfən həmin kəndin sakini bu hadisəni mənim
özümə danışdı. Əvvəlcə mənim Xanlar olub-olmadığımı soruşdu, sonra
hər şey necə olub, elə də danışdı. Sən demə, bu əməliyyatımız kənd
sakinləri arasında 23 ildir əfsanələşib. Doğrudan da, çox uğurlu
əməliyyat idi. Mənim özümə də xoş gəldi bunun yadda qalması.
Mənə Nəcməddin Sadıqov tapşırıq verirdi
Novruz bayramı idi, bizə xəbər gəldi ki, pilotlarımızı vurublar,
gedib onları oradan çıxarmaq lazımdır. Amma onu da dedilər ki,
bizim pilotlar yox, ruslar getsin. Bayram vaxtı özümüzkülər
vurulmasın, çünki vurulma riski çox idi. Ancaq elə idi ki, onları
ora tək buraxmaq doğru olmazdı, təcrübəsiz idilər, həmin əraziləri
yaxşı tanımırdılar. Elə oldu ki, həyat yoldaşımı götürüb getdim
həmin əraziyə. Onunla döyüşdə birgə hərəkət edirdik. Ağcabədi
ərazisinə getdik - mənə tapşırığı general Nəcməddin Sadıqov
verirdi. Həmin rus pilotlar bir gün işlədilər, ancaq çox təcrübəsiz
idilər. Elə oldu ki, rus pilotun birini raketlə vurub saldılar. O
biri rus istədi onu çıxarsın, amma risk edə bilmədi, çünki həmin
ərazi vurulurdu. Özüm hərəkətə keçib getdim ora, onları çıxarıb
xilas etdim.
Heydər Əliyev çox sevdiyim...
1988-ci ildən 1994-cü ilədək müharibədə oldum. Çox çətin
döyüşlərim olub. Məsələn, Xocalı faciəsi olanda ora ilk dəfə mən
uçmuşam. Xocalıdan onlarla yaralı, meyit daşımışam. Ora meyitləri
axtarmağa 11 əsgər də aparmışdım, onlardan ikisini atışma zamanı
vurdular.
1994-cü ilin may ayında atəşkəs oldu, biz tərxis olunduq.
1997-ci ildə Heydər Əliyev Aviasiya Akademiyasını yeni bitirmiş
zabitlərin diplom alma mərasiminə gəlmişdi. Onunla görüşüb,
söhbətləşə bildik. Heydər Əliyev çox sevdiyim bir dövlət başçısı
idi. Mən hələ 1969-cu ildən onun tərəfdarı idim. Şükürlər olsun ki,
indi ordumuzda hər cür texnika - qırıcılar, helikopterlər var. Bu
gün lazım olsa, mən xidmət etməyə hazıram. Gənclərimizə arzu edirəm
ki, vətəni qarşılıqsız sevsinlər. Son olaraq, sizin Axar.az saytına
təşəkkür edirəm ki, bizi yada salırsınız.