Yuxarı

Bu əmri bizə Nəcməddin Sadıqov vermişdi...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu əmri bizə Nəcməddin Sadıqov vermişdi...

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Yusifov Süliddin Bəhman oğludur. O, 1964-cü ildə Tərtərin Səhlabad kəndində anadan olub. Tərtər rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədridir. Evlidir, 3 övladı var.

Beş qardaş idik, dördümüz döyüşürdük…

Orta məktəbi bitirdikdən sonra, 1982-1984-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşam. Sonra vətənə qayıdıb müxtəlif işlərdə çalışdım. Döyüşlərə könüllü qatılmışam. Tərtərli olsam da, Mingəçevir rayonunda qeydiyyatda idim və orada çalışırdım. 1990-cı ildə müharibədə iştirak etmək məqsədi ilə Tərtər rayonuna qeydiyyata düşdüm. Sonra Tərtər özünümüdafiə batalyonunda xidmətə başladım. Beş qardaş idik. Dördümüz döyüşürdük.

***

Sərdar Həmidov icra başçısı təyin olunduqdan sonra qızğın döyüşlər başladı. Onun rəhbərliyi ilə 1992-ci il avqustun 6-da əməliyyata başladıq. Artıq sentyabrın 1-də Drambon və Çıldıran yüksəkliyini tutmuşduq. 24 gün ərzində Lülə saz (Akopkamari), Çardaqlıda 25 kilometr irəliləyərək bölgəni ermənilərdən təmizlədik. Həmin döyüşlərdə xeyli erməni hərbçisini məhv etdik.

32 erməni meyiti saydıq…

Sentyabrın 1-i idi. Drambonda idik. Həmin ərazidə ermənilərin çoxlu texnikası vardı. Bu texnikaları rus əsgərləri işlədirdi. Çox dəqiq atırdılar. Orada cüzi itki verdik, bir neçə əsgərimiz şəhid oldu.

Komandirimiz Vəzir bəy əməliyyat planı hazırladı. 45 nəfərlik kəşfiyyat dəstəsi erməni texnikasının arxasına keçə bildi. Əməliyyat o qədər həssaslıqla hazırlandı ki, hətta öskürən əsgəri belə geri qaytarırdılar. Məqsədimiz erməni texnikasını məhv etmək idi. Çünki bu, dəstənin rahat hərəkət etməsi üçün çox vacib idi. Vəzir bəy qumbaraatanla erməni tankını vurdu. Dəhşətli atışma başladı. Ermənilər planımızdan xəbər tutmuşdu. Başqa bir tank üstümüzə hücuma keçdi. Vəzir bəy ikinci tankı da vurdu. Artıq bizim piyada dəstələri də gəlib çatdı. 32 erməni meyiti saydıq.

Ərazini tərk edən kimi ermənilər oranı vurdu. Bizim əsgərlərdən də bir neçə nəfər həlak oldu. Qayıdıb onların meyitini götürə bilmədik. Həmin gün Çıldıran yüksəkliyini aldıq. Bu əmri bizə Nəcməddin Sadıqov vermişdi…

42 erməni qırdıq, 1 əsgərimiz şəhid oldu

1992-ci il 6 avqustda Çardaqlıda əməliyyat keçirdik. Əməliyyatda Lənkəran, Mingəçevir və Tərtər batalyonu iştirak edirdi. Düşmənin cəbhə xəttini yardıq, öldürüdüyümzü öldürdük, yaralanan yaralandı. Səhəri ermənilərin Akopkamaridən Çardaqlıya qaçdıqlarını gördük. 8-9 avqustda kəşfiyyat əməliyyatı keçirildi. Ermənilərin gizləndiyi yeri tapmaq istəyirdik. Nəhayət, ermənilərin düşərgəsini aşkar etdik. Postda 7 əsgər qoymuşdular. Arxada isə canlı texnika və yemək anbarları var idi…

Komandirimiz Vəzirin əmisi oğlanları Xocalıda əsir düşmüşdü. O istəyirdi ki, 7 ermənini sağ tutub onlarla dəyişsin. Bizim əsgərlərdən biri atəş açdı. Ermənilər duyuq düşdü. Komandir postda duran 7 erməninin hamısını öldürdü. Həmin gün 42 erməni qırdıq, Çardaqlı alındı. Yalnız bir əsgərimiz şəhid olmuşdu.

Güllə böyrümü deşib keçdi…

26 fevral, 1993-cü il. Ermənilər zülmlə azad etdiyimiz əraziləri bir güllə belə atmadan işğal edirdi. Çünki qüvvələrimiz geri çəkilmişdi. Ermənilərin əsas məqsədi Platinanı almaq idi. Nəcməddin Sadıqov bizim briqadanın həmin əraziyə göndərilməsi barədə tapşırıq verdi. Günorta saat 12-də bizi həmin mövqedən çıxarıb Turbazaya göndərdilər. İnqilab adlı igid əsgər vardı. Bizi ona tapşırmışdılar. Həmin əraziyə çatdıq, əməliyyat başladı. Ermənilərin tutduğu ərazinin arxası göl olduğundan qaçmağa yer yox idi. Düşməni geri oturtduq. Ancaq onların arxasına keçib hücum etdiyimiz üçün əlavə qüvvələrindən xəbərsiz idik…

Düşmən əks-hücuma keçdi. Döyüşün qızğın vaxtı bir ağacın arxasında erməni olduğunu gördüm. Aramızda 25-30 metr məsafə var idi. Xəzinəni doldurmaq istəyirdim ki, ağacın arxasından çıxaraq mənə atəş açdı. Güllə böyrümü deşib keçdi…

***

1993-cü ildə tərxis oldum. Hökumətin bütün imtiyazlarından yararlanmışam.

Gəncliyimizə demək istəyirəm ki, təhsil alsınlar, valideynlərini, vətəni çox sevsinlər.

Tarix
2015.12.28 / 11:15
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla