"Cəbhə xətti" layihəsinin
qonağı Əsədov Qabil Məşədi Əli oğludur. Q.Əsədov 1965-ci ildə Ağdaş
rayonunda anadan olub, Birinci Qarabağ müharibəsi
iştirakçısıdır.
Nə savadlı hərbçilərimiz, nə də normal texnikamız
vardı
- Ağdaşda orta məktəbi bitirdikdən sonra Bakıya köçdüm. Sonra
milli azadlıq hərəkatına qoşuldum. Sovetin mənə verdiyi bütün
vəsiqələri, hətta hərbi bileti belə yandırdım. Çünki rejimə nifrət
edirdim. Bu nifrət 20 Yanvar hadisələrindən sonra daha da artdı.
Sonra Milli Müdafiə Şurası yaradıldı və mən onlara qoşuldum. Bu
şuranın məqsədi Milli Ordunun təşkilində və təchizində iştirak
etmək idi. Sonra biz Şıxov batalyonunu çox böyük çətinliklə
yaratdıq. Vəziyyət o qədər pis idi ki, Şuşaya getməyə məcbur olduq.
Buradan da döyüş yolum başladı.
Tələbə olmağıma baxmayaraq, təhsilimi, bütün planlarımı saxlayıb
Qarabağın könüllü müdafiə batalyonuna qoşulmuşdum. Nə savadlı
hərbçilərimiz, nə də normal texnikamız vardı. Sonumuzu düşünmədən
mübarizə aparırdıq. Bizə peşəkar hərbçilər lazım idi...
Əsgər ölümləri adiləşirdi...
Vahid komandanlıq yox idi. OMON-çular, Kərkicahan batalyonu və
s. silahlı qruplaşmalar var idi. Məsələn, Şuşanın özünümüdafiə
batalyonu vardı. Ancaq əsgərlər təcrübəsiz idi.
***
Gecələr toplaşıb otururduq. Yanımdakı əsgərin ayağı ayağıma
dəyəndə hiss edirdim ki, soyuqdan əsir. Onlara məzəli əhvalatlar
danışırdım ki, qorxu, həyəcan olmasın. Müharibə çox dəhşətlidir.
Bunu yaşamayan bilməz. Qorxan əsgərlərimizi qınamıram. 20 yaşında
gənc necə olmalıdır? Elə vaxt olurdu ki, bu gün deyib-güldüyüm 5
əsgər sabah əməliyyatlarda şəhid olurdu. Ancaq bir günə o da
adiləşirdi. Çünki vətən hər şeydən əzizdir, canımızdan da keçməli
idik.
Ölsəm, anamdan üzr istəyin...
Sumqayıtdan bir əsgər vardı. Dedi ki, sabah döyüşdə ölsəm, gedib
mənim adımdan anamdan üzr istəyərsiz. Çünki o məni döyüşə
buraxmırdı. Ona qulaq asmadım. Deyərsiniz ki, məni bağışlasın.
***
Göyçaylı Elçinin 20 yaşı olardı. Sovet ordusundan qaçıb Şuşaya
könüllü gəlmişdi. Hücum əməliyyatında Elçin çox ağır yaralandı.
Rəngi saralmışdı. Qucağımda idi. Qışqırırdı ki, ölürəm, qoymayın
anam ağlasın. O, evin tək övladı idi. Elçini xəstəxanaya çatdıra
bilmədik, yolda keçindi.
Xankəndinə qədər azad edəcəkdik
Döyüşlərin birində düşmənə hücum etdik. Onlar bütün silahları
qoyub qaçmışdılar. Ancaq başqa mövqedən bizim postlara hücum edib
bir hərbçimizin qulağını kəsmişdilər. Bunu eşidən Milli Qəhrəman
Ramiz Qəmbərov bir gün sonra hücum əməliyyatı qurdu və ermənilərin
8 kəndini ələ keçirdik. Saysız-hesabsız erməni qırdıq. Bu hücum
bütün ölkəyə yayılmışdı. Xankəndinə qədər torpaqları azad
edəcəkdik. Amma arxa cəbhədən dəstək gəlmədi. Rusların 366-cı alayı
hücuma keçdi, geri çəkilməyə məcbur olduq. Həmin gün ermənilər
rabitə vasitəsi ilə mənə dedilər ki, Ayaz Mütəllibov sizi satır,
biz isə kef edirik. Siz acından öləcəksiniz.
Ramiz Qəmbərov yanımda canını tapşırırdı. Gözlərini açdı. Dodağı
tərpəndi. Ancaq mənə heç nə deyə bilmədi. Bütün daxili orqanları
dağılmışdı. Çox istərdim ki, son sözlərini eşidəm. Ancaq qismət
olmadı...
Tofiq tapançasını çıxarıb başıma dirədi
ki...
Tofiq Oğuz kimi qəhrəman komandirimiz var idi. Bir dəfə Tofiq
Oğuz məni bir posta göndərirdi. Getmədim. Çünki onları tək qoymaq
istəmirdim. Tofiq tapançasını çıxarıb başıma dirədi ki, səni
müharibə qanunlarına görə vura bilərəm. Əmr edirəm, get. Məcbur
qalıb posta getdim. Bu, Tofiq bəylə son görüşüm oldu.
Niyə ölmədiniz orda?..
1992-ci ildə tərxis oldum. Müqavilə ilə hərbi xidməti davam
etdirməyimi təklif etsələr də, razı olmadım. Müharibədən
qayıtdıqdan sonra uzun müddət mülki həyata uyğunlaşa bilmədim.
Vətənim işğaldadır, şəhidlərin ruhu od tutub yanır. Döyüşlərdən
sonra küskün idik. İndi də eləyik. Bəziləri hətta bizə deyirdilər
ki, niyə siz ölmədiniz orda?..
Sübut edə bilmirəm ki, veteranam…
Hazırda dövlətin heç bir imtiyazından yararlanmıram. Veteran
vəsiqəmi ala bilmirəm. Məhkəmədə sübut edə bilmirəm ki, veteranam.
Yeganə məqsədim bu adı, vəsiqəni alıb övladıma göstərməkdir.
***
Gənclərimizə güvənirik. Bu vətəni onlar xilas edəcək. Bu gün də
döyüşə hazıram. Ali Baş Komandan əmr versin, gedib İrəvana çıxaq.
18 yaşlı körpələrə saxlamayaq bu yarıda qalan haqq-hesabı...