"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Alman Ənvər
oğlu Abbasovdur. O 1968-ci ildə Füzuli rayonunda anadan olub.
1987-ci ildə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Birinci
Qarabağ müharibəsi iştirakçısıdır, ailəlidir.
Ölüm çanağı
- 1990-cı ildə Sovet ordusundan qayıtmışam. 1991-ci ildə könüllü
olaraq Füzuli rayonunda 814-saylı batalyonda döyüşə yollanmışam.
Həmin vaxt dəhşətli döyüşlər gedirdi. 1991-ci il dekabr ayında
batalyonumuzdan Abbasov Bəxtiyarı şəhid verəndə 3-4 gün özümə gələ
bilmədim. Ən dəhşətlisi o idi ki, Bəxtiyar səriştəsiz komandirimiz
ucbatından şəhid oldu. O, Qaradağlıda Kösbək deyilən yerdə öldü,
oraya "Ölüm çanağı" da deyirdilər. Çox çətin yer idi. Həmin
vaxtlarda bölük komandiri idim. Döyüşdüyüm vaxtlarda irili-xırdalı
əməliyyatlarda iştirak etmişəm. Mənim döyüşdüyüm müddət Ayaz
Mütəllimov-Elçibəy hakimiyyətini əhatə edən dövr idi. Həmin vaxtlar
özümüzkülərin bizə güllə atmasının da şahidi olmuşuq. Onlara sual
verirdik ki, niyə bizə güllə atırsınız? Cavab belə idi ki, bizi
polislər buna məcbur edib.
Bəxtiyarın erməni dilini bilməsi...
Mən döyüşlərə getməyimin əsas səbəbkarı Elxan bəy idi. Onun
nəsli rayonun ən sayılan, qəhrəman nəsillərindən idi. Biz bir dəfə
may ayında əməliyyat keçirdik, amma yaxşı alınmadı. Səbəb isə
texnikamızın zəif olması idi.
Avtomatla döyüşə girirdik, təsəvvür edin ki, avtomatı atırdın,
açılmırdı. Buna baxmayaraq, komandirimiz Elxan bəyin hörməti,
güvəni əsgərləri irəli aparırdı. Məsələn, ilk şəhidimiz Bəxtiyarın
erməni dilini bilməsi bizim əməliyyatlara çox kömək edəcəkdi, amma
olmadı. Bilirsiniz, bizim uduzmağımızın səbəbləri belə şeylər idi.
Bəxtiyarın ölümünə səbəb olan komandiri bütün gücümlə çalışıb
oradan uzaqlaşdırdım.
Mən Füzuli rayonunun hər istiqamətində döyüşmüşəm. Ermənilər
alçaq millətdir. Onların əsirlərini gətirmişdilər ki, əsirlərimizlə
dəyişək. Bizim barmağımız da onlara dəymədi, əsirlə davranma
qaydası var axı. Alçaqları bir kəlmə danışdıra bilmədik. Həmin
əsirlərdən biri orada öldü.
Bu anı heç vaxt unutmaram
Doğrusu, 23 il keçib, mənim də yaddaşımda çox şey qalmayıb.
Gözəl bayram günlərimiz olub, ad günlərimiz olub. Yadıma gəlir,
Saatlı rayonundan cəbhəçilər yardım gətirirdilər, əsgərlər üçün
konsert təşkil edirdilər. Həmin vaxtlarda mən yaralı idim. Bir
xanım vardı, bizdə döyüşlərə də gedirdi, tibb bacılığı da edirdi.
Təəssüf ki, şəhid oldu.
Döyüşlərin birində yaralanan əsgərimizi hospitala çatdırmağa
çalışırdıq. Bir əsgərimiz mənim qucağımda idi, qan aparırdı. Nəfəs
alanda ağzından qan tökülürdü. Mən bunun qoltuğunun altına əlimi
salmışdım. Elə bilirdim ki, əlim paltarındadır. Ha çalışırdım ki,
sıxmacla bağlayım, əlim irəli getmirdi! Sən demə, əlim bunun
paltarında yox, yarasının içindəymiş. Yəni yarası o qədər dərin
idi. Bunu ölənəcən unutmaram. Onu sarısam da, qan dayanmırdı. Çox
cüssəli əsgər idi. Təəssüf ki, hospitalda şəhid oldu.
Beynini götürüb dəfn elədim...
Hər bir əsgərimə qayğı ilə yanaşırdım. Bir dəfə axşam Xaxollu
kəndindən xəbər gəldi ki, ermənilər bizimkilərdən iki nəfəri girov
götürüb. Həmin şəxsləri başlarından vurandan sonra motosikletlə
sürüyüb aparmışdılar. Onlardan birinin beyni yola dağılmışdı.
İnanın, həmin adamın qardaşı qorxudan beyninə əlini vurmadı, amma
mən yerdən beyini götürüb dəfn etdim. Baxın, biz belə zülmlər
yaşamışıq. Müharibə bizi məhv etdi!
Mənim yaralanmağım da qəribə oldu. Bu, döyüşdə baş vermədi,
adicə postda durduğum yerdə məni ombamdan vurdular, ağır
yaralandım. Hətta qıçımın biri qısadır. Buna baxmayaraq,
gəncliyimdə yaxşı futbolçu idim deyə, indi də futbol oynayıram,
necə lazımdır hərəkət edirəm. Mən yaralanandan sonra tərxis
olundum. Ailəmin yanına gəldim. Atamın maddi vəziyyəti yaxşı idi.
Bu da həyatımda öz yerini tutub.
15 dəqiqəlik filmlər...
Mən Məşəl İctimai Birliyini yaratmışam. Burada fəaliyyətim var,
qazilərimizin problemləri ilə məşğulam. Prezident təqaüdü, pensiya
alıram. Gənclərimizə səslənirəm: Qorxmayın, vətəni sevin, sahib
çıxın. Bu vətən bizimdir. Bir də deyim ki, ölkəmizdə çəkilən
filmlər gülməlidir. Qarabağla bağlı filmləri belə çəkməsinlər,
adicə çeçen mücahidlərinin meşənin içində çəkdiyi 15 dəqiqəlik
filmlərə baxın və film necə çəkilir öyrənin. Ayıbdır vallah!
1991-ci ildə ailə qurandan qısa müddət sonra döyüşlərə getmişəm.
1992-ci ildə övladım dünyaya gəlib. Sözün düzü, yeni ailə qurmuş
birinin döyüşdə olması çətin idi, amma vətənimi darda qoya
bilməzdim. Öncə vətən, sonra hər şey! Mən fəxr edirəm ki, atam,
anam, yoldaşım mənim könüllü sürətdə döyüşə getməyimə "yox"
demədilər. Təəssüf ki, ortalıqda veyil-veyil gəzənlər çox idi.