Onu çoxdan, hələ tələbə olan vaxtlardan tanıyırdım.
Azərbaycan nəşriyyatında tanış olmuşduq. O, hansısa qəzetə oxuduğu
universitetdən təcrübəyə göndərilmişdi. Eyni mərtəbədə
işlədiyimizdən tez-tez qarşılaşardıq. Diqqət çəkən görünüşü vardı,
elə xasiyyəti də pis deyildi. Demək olmazdı ki, onunla yaxın dost
idik, amma münasibətlərimiz salam-əleyk, hal-əhval tutmaqla da
kifayətlənmirdi. İş sonunda evlərinə qədər apardığım da olmuşdu.
Həmişə də səmimi söhbət edərdik.
Hə, unutmamış onu da deyim ki, bu qarayanız, suyuşirin qız
istiqanlı olduğu qədər də istedadlı idi. Arada şeir yazırdı və
yazdığı şeirlərə fikrimi soruşurdu. Bizi ədəbiyyata bağlılığımız da
dost edə bilərdi.
Adı Töhfə olan bu tələbə qız sanki təcrübəyə gəldiyi qəzet
redaksiyasına bir töhfə kimi gətirilmişdi. Təcrübə sonu yoxa çıxdı.
Redaksiyaya gəlmədi, zəng vurmadı, axtarmadı və sözsüz ki,
axtarılmadı da...
Amma bir müddət sonra yaşadığı əraziyə yaxın bir yerdə təsadüfi
görüşümüz oldu. Niyə görünmədiyini, hansı redaksiyada işlədiyini
soruşdum.
- Qəzet işi mənlik deyil, - dedi.
Əlavə də etdi ki, nişanlanıb, ərə gedəcəyi oğlan onun işləməsini
istəmir:
- Məktəbi isə qurtarmağıma icazə verdi. Bir ilim qalıb, dedim,
qoy qurtarım, əziyyətim hədər olmasın.
Sonra da dil boğaza qoymadan gələcək həyat yoldaşından bəhs
etdi:
- Nişanlım anamın yaxın qohumudur. Mən ona əvvəllər dayı
deyirdim. Düz 12 yaş məndən böyükdür. Rusiyada yaşayıb, ailəsi də
olub. İndi ağıllanıb, qayıdıb ki, özümüzünkülərdən biri ilə ailə
qursun, oğul-uşaq, ev-eşik sahibi olsun. Anamla məsləhətləşib, ailə
qurmaq istədiyini deyib.
- Anan da deyib ki, qız mənim evimdə, hara çöllərə
düşürsən...
- Yox. Anam da qohum-əqrəbanın qarıyıb evdə qalmış, ərə gedib
bəxtı gətirməyən dul qalan qızlarını yada salıb, bir-bir sadalayıb,
şəkillərini göstərib. Bu isə hamıya dodaq büzüb. Əlini mənim
şəklimin üstünə qoyub, məni bəyəndiyini deyib.
- Yaş fərqiniz çoxdur axı, - deməyimi elə bil çoxdan
gözləyirmiş, əlüstü dilləndi:
- 35 yaşı var. Mənim də əsil ərə gedən vaxtımdır. İnan, anam
mənə onun fikrini deyəndən sonra ona dayı kimi yox, bir kişi kimi,
ər kimi baxdım və hiss etdim ki, o məni, mən yetimi xoşbəxt edə
bilər. Yaşı çoxdur, düzdür, amma həyatı başa düşür, təcrübəsi var,
yoxsa indi kimə ərə gedəsən - tanımaya, bilməzə. Görmüşəm də... Elə
Nəşriyyatda olanda fikir verdim, nəvəsi olan kişilər, atam yaşında
olanlar adamın ardınca görməmiş kimi baxırdı, indi yaxşı kişi
tapmaq asan deyil. Yaxşıları da çoxdan aparıblar, gecikmişik.
Töhfə bunları sevinə-sevinə, gözlərindəki sevinc selini ətrafa
yaz yağışı kimi səpələyə-səpələyə mənə danışmışdı o zaman. Və mənim
onun gələcək ərinə paxıllığım tutmuşdu. Əvvəllər olduğu kimi, ona
yenə də yaxından diqqətlə fikir vermişdim: Yaraşıqlı idi, gözəl
idi, sinəsi, ayaqları hər kəsi yoldan çıxara biləcək qədər
diqqətçəkən idi. Amma mən heç vaxt ona pis gözlə baxmamışdım və
baxmazdım da. Yuxarıda dediklərim isə əslində ona verdiyim dəyər
idi. Ona maraq məndə heç zaman olmamışdı. Mən onun ailə sahibi
olmasına, ana olmasına sevinə bilərdim ancaq. Doğrusu, onun gələcək
əri haqda belə danışması nədənsə ürəyimcə olmadı. Rusiyada yüz
oyundan çıxıb, başı əhlət daşına dəyəndən sonra qohumunun qızına
evlənmək istəməsinə xoş baxmadım. Mən Töhfəyə, "o səni xoşbəxt edə
bilməz" də demədim. Onun məndən gözlədiyi sözləri dedim:
- Allah xoşbəxt eləsin.
Bu günlərdə "Neftçilər" metrosuna yaxın yerdə Töhfə ilə yenə
qarşılaşdıq. Salam verdi, adımı çəkdi, tanımadın? - soruşdu.
Tanıdım. 10 ildən artıq vaxt keçmişdi. İndi onun qadın olaraq ən
gözəl və yaraşıqlı vaxtları olmalıydı. Yenə də mehriban idi. Amma
sifətində də, baxışlarında da, qulaqlarının yanından üzüaşağı
sallanan qara saçlarındakı nazik ağ cığırlarda da bir kədər vardı,
elə bil. Hal-əhval tutduq. Günün axırı idi, yorğun sifətinə
baxdım:
- Ay qız, sən axı Rusiyada olmalı idin, bir az da
dəyişmisən, - əslində çox dəyişmişdi, - oğul uşaq basıb yəqin səni,
- zarafatla dedim.
- Yox, Rusiyaya gedə bilmədik. Uşağım da olmadı. Əvəzində
bədbəxt olduq, çöllərdə qaldıq, - dedi.
Ərini yox, anasını soruşdum. Əlindəki dərman dolu sellofan
paketi göstərdi:
- Anam yaxşı deyil, öləcək. Bu dərmanlar onu müalicə etmir,
ağrılarını azaldır, - yazıq səslə əlavə etdi.
Artıq onun ailə dramı mənə bəlli olurdu. Yazığım gəldi. İşsiz
olduğunu da yaxın bildiyi adama necə danışarlarsa, elə o cür də
mənə danışdı:
- Satıcı kimi işə düzəlmişdim. "Nargilə" tərəfdə paltar mağazası
idi. Çıxdım işdən.
- Niyə ki, evinizə yaxın idi.
- Yox, biz orda yaşamırıq. O ev yoxdur, satmışdıq. İşdə isə tab
gətirə bilmədim, 12 saat ayaq üstə durmaq olardı? Həm də maaş az
idi. Bir yandan da Allah mənə bəxt vermədi, tale vermədi, bir az
gözəgəlimli bədən verdi, o da başıma bəla oldu, mağazanın müdiri
məni həm belə işlətmək istədi, həm də elə, - əlinin əvvəl içini,
sonra da çölünü göstərdi, bu mağaza müdirinin ona olan münasibətinə
işarə idi. - Dözmədim. Qovdu işdən.
Töhfə ilə söhbətimizi başqa vaxta saxladıq. Həm o tələsirdi, həm
də mənim vaxtım az idi.
İki gündən sonrakı görüşümüzdə tamam fərqli görünürdü.
- Qız, cavanlaşdın ki sən, o gün səni qaramat basmışdı,
- zarafatım xoşuna gəldi. Özümü tərifləmək olmasın, mən qadınlarla
dil tapa bilirəm axı. Zarafatıma eynən mənim kimi cavab
verdi:
- Bildim ki, məni harasa dəvət edəcəksən, sənin yanında
yaraşıqlı, şık geyinmiş xanım olmalıdır axı. Saçımı düzəltdirdim,
özümə əl buladım. Yazıq anam, gördüm yataqdan mənə tərəf boylanır,
dedim nədir, ay arvad, görüşə gedirəm də, inanırsan, sevindi,
arvad.
Töhfə nə qədər özünü şən göstərmək istəsə də, alınmırdı.
Gözlərinin altındakı nəzərəçarpan qırışlar onun iztirablarının xətt
yazısıydı, elə bil. Onunla xiyaban boyu var-gəl edərək söhbət
etdik, harasa dəvət etməyimi heç özü də istəmədi:
- Elə-belə, sözgəlişi dedim, bayaq ki, harasa dəvət edərsən,
indi onsuz da hər şey qanı qiymətinədir, gəzişək bir az. Belə
yaxşıdır. Yadırğamışam qoşa gəzməyə, adamlar tanış olduqları qadını
qapalı yerə dəvət etməkdən sevinirlər.
- Sənin ogünkü durumun məni doğrudan-doğruya narahat
etdi. Nə oldu sizə? Niyə bura, "Neftçilər"ə köçdünüz, axı eviniz
pis yerdə deyildi, ərin necə oldu?
Sualları ona görə ard-arda düzdüm ki, Töhfə hələ də narahat idi,
seçimini özü etsin, nədən, haradan istəsə, oradan da danışsın.
Danışdı.
- Yadına gəlir də, mənim nişanlım, anamın qohumu, mənim dayı
dediyim adam, sənin indi ərin deyə soruşduğun?
- Hə, elə onu soruşuram, sən onu çox istədiyini
deyirdin.
- Deyirdim, kaş onu Əzrail istəyəydi, mən yox, o biqeyrət bizi
düzlərdə qoydu...
Ətrafa baxdı, ağacların sıx olan yerinə çəkildi, məni də yanına
çağırdı, siqaret istədi. Verdim və tələsik:
- Danış, necə oldu axı, o sənin qohumun idi, sən də təhsilli
xanım, eviniz vardı, anan da işləyirdi, bu vəziyyətə düşdünüz?
Töhfə susmadı, ah da çəkmədi, sanki çoxdan məşq edibmiş kimi
siqaretdən bir-iki qullab vurub atdı və başladı başına gələn
hadisəni, özünün acınacaqlı taleyini danışmağa:
- Anamın qohumu anama məni bəyəndiyini, məni xoşbəxt edə
biləcəyini demişdi, inandırmışdı ona dediklərini. Anam da məni
inandırdı ki, bundan yaxşı seçim ola bilməz. Dünyanın hər yerində
olub, edəcəyi oğraşlıqları edib, gözləri toxdur, indi təmiz ailə
istəyir. İstəyir ki, özünə bab olan birini tapsın, nə olsun ki yaşı
çoxdur. Yaraşıqlı oğlandır, insanlarla münasibət qurmağı bacarır,
mədənidir...
Birdən danışığına ara verdi, istehza ilə anasının təhrini
çıxartdı:
- Oğlan ha, o oğraşın böyüyü imiş. Mədəniyyətsizin də yekəsi...
Nə isə, mənim də ürəyim atlandı, elə bil onu gözləyirmişəm. Özün
görmüşdün ki, ardımca nə qədər baxanlar vardı, görüşdüyüm, söhbət
edib sınaqdan çıxardıqlarım da az olmamışdı. Hər birində nəsə
çatmırdı. Anam da qorxurdu, yetirənə vermək istəmirdi məni. Tanımaq
istəyirdi məni verəcəyi adamı və bunu da özünün adamı bildi. Bizim
kimimiz vardı ki? Anam və mən. Bütün qohumlar Gürcüstanda,
Rusiyada. Bakıda yetim kimi idik. Atam anamı qoyub getmişdi, heç
mənim üzümü də görməmişdi. O, bədbəxtin qızı da bir adam tapıb ərə
gedə bilməmişdi. Məni məktəbə qoyana kimi iki kişi ilə yaşamışdı,
onlarda anamdan doyub getmişdilər arvadlarının, uşaqlarının yanına.
Hamı mənim biqeyrət atam deyildi ki, cavan arvadını qarnı burnunda
qoyub gedəydi. Anama şər atıbmış ki, qarnındakı məndən deyil,
xəstəxananın baş həkimindəndir. Hə bax, anamın gözü qorxmuşdu,
istəmirdi mən də onun taleyini yaşayam. Tibb bacısı idi axı anam,
yaxşı pulu vardı, evimiz də içi dolu... yaxşı pul qazanırmış da.
Atam da ona görə şübhələnib ki, baş həkimlə arasında nəsə
olarmış.
- Nə bilirsən, bəlkə atan elə düz
şübhələnib?
- Hardaydı anamda o bəxt, baş həkimlə... Nə bilim, anam axı çox
gözəl olub. Nə isə, bu adam mənə elçi düşdü, anam məni yola
gətirdi, razılaşdım. İndi anam ölüm ayağındadır, amma mən ona
qarğış etmirəm, onu acılamıram ki, məni bədbəxt edib. Yox, mənim
könlüm olmasaydı, anam ha desin, getməzdim. Günah məndə oldu.
- Bəs toya heç dəvət də etmədin.
- Nə toy, Allah kəsəydi o toyu, necə ki, sonra kəsdi... Bir-iki
qohum-əqrəba tapıldı, elə bizim evdə qonaqlıq oldu, yedik içdik,
şənləndik. Mənim də tələbə yoldaşlarım gəlmişdi. Məni çox istəyən
biri vardı, yadına gələr bəlkə də, nəşriyyata da gəlirdi, onu da
dəvət etmişdim. Elə toyda imkan tapıb dedi ki, gec deyil,
istəyirsən elə indicə qaçırdım səni. Dedim, axmaqsan? Amma yaman
romantik hadisə olardı ha, qəzetlər yazacaqdı... Kaş qaçıraydı
məni, atsaydı da bu qədər ağrımazdım. Ona haqq qazandırardım məni
sonradan atsaydı. Ər qucağına girdiyi vaxtda başqasına qoşulub
qaçanı atmaq olar da. Heç anam da məni görəndə özünü günahkar
bilməzdi, mən də anamın qohumlarının nakişi olduqlarını
bilməzdim.
- Sən ona çox bağlı idin, danışmışdın axı
mənə.
- Hə, o yaxşı idi axı əvvəllər. Heç sonralar da kobud olmadı, nə
etdisə, bizim razılığımızla etdi. Evliliyimizin ilk günlərində hər
şey ürəyimiz istəyən kimi oldu. Bilirsən toy necə qurtardı?
- Hardan bilim axı..
- Deyim də... qonaqlar dağılışdı. Anam qonşuda gecələdi, mən öz
evimdən öz evimə gəlin köçdüm. Bu otaqdan o biri otağa. O, elə
yaxşı idi ki... Bir müddət yeyib yatdı, məni universitetə aparıb
gətirdi. Qızlar həsədimi çəkdilər, yaraşıqlı idi axı vurğun vurmuş.
Bir dəfə anama dedi ki, iş qurmaq istəyirəm, utanıram, sən
gətirirsən, mən yeyib yatıram. Pul lazımdır, olsa, yaxşı iş
quraram. Pul isə o dediyi qədər yox idi. Anam xahiş etdi, dostları
ona iş düzəltdi. Bir-iki ay işlədi, yox, bu mənlik deyil, biznes
qurmaq gərəkdir, dedi. Pul lazım idi. Pul isə yoxdur. Axırı çıxış
yolunu özü tapdı. Evi sataq, həyət evi alaq, qalan pula isə Çindən
mal gətirim, yer götürüm sataq. Axırı anam razılaşdı. Mən
istəmədim. Amma nə edim, tək anam bizi dolandıra bilməzdi. Evi
satdıq. Amma o... pulu götürüb aradan çıxdı.
Addımlarımızı yavaşıtdıq, sonra dayandıq. O, hansı ümidlərlə
ailə qurmağa razı olmuşdu, bəs niyə belə oldu? Bu sualları verə
bilmədim. Özü danışdı:
- Bir-iki aydan sonra onun qadın hesabına yaşadığının əminliyi
oldu məndə. Anama dedim ki, bu axı heç sənin dediyin adam deyil.
"Ver yeyim, ört yatımdır" bununku. Anam dedi, özümüzünküdür, bizə
sahib çıxar. Son vaxtlar isə içkili olurdu. Səbəbini soruşduqda,
"işsizliyin dərdindən içirəm", - deyirdi. Axırda da belə. Evi
satdıq, kirayə ev tutduq. Başladıq ev axtarmağa. Hər evə bir mız
qoyurdu. Sonra dedi ki, Binə Ticarət Mərkəzində yer götürmək
istəyir. Birlikdə getdik. Yer götürdük, behin də verdik. Anama dedi
ki, qoy bir-iki dəfə Çinə gedim-gəlim, pulumuzun üstünə daha çox
pul gəlsin. Sonra ev alarıq. Razılaşmaya bilmədik. O, hazırlıq
işlərini gördü və o gedən getdi.
- Hara getdi, Çinə?
- Yox, Rusiyadadı. Anam onun yerini tapdı, pulu geri ala
bilmirik. İndi ümumiyyətlə ondan soraq yoxdur. Kirayələrdə qalırıq.
Anam xəstələndi, ciyərləri əldən çıxıb, ayaqları şişib. Heç yerdə
işləmir. Qeydiyyatımız da yoxdur. Mən işə düzəldim. Hər yerdə də
məni işə götürənlər sevgi elan etdi, başqa cür işləmək olmurdu.
İşlədiyim yerdə başqa qadınlar, qızlar da vardı, məndən gözəli də,
açıq-saçıq geyinəni də. Amma onlara heç "padxod" etmirdilər, mənə
ilişirdilər. Kimsəm yox idi axı, işə düzələndə faciəmi dilə
gətirirdim, yazıqları gəlsin, işə götürsünlər deyə. Götürürdülər,
istəkləri baş tutmurdu, hansısa bəhanə ilə məni işdən çıxarırdılar.
Mən ali təhsilliyəm. O vaxt jurnalistikanı seçdim, bunu da
bacarmadım. İş gəzirəm, lap kafedə olsun. İşləyərəm. Lap
sevgililəri kimi saxlasınlar, razıyam, amma işləyim, anamı yaşada
bilim heç olmasa...
Töhfəyə zəng gəldi, telefona baxıb kənara çəkildi. Kimləsə
pıçıltı ilə danışdı, vaxtının olmadığını dedi, sabah gündüz zəng
etməsini istədi.
Danışıqdan sonra iyrənirmiş kimi telefona baxdı və dedi:
- Bu adam da anamın yerlisidir. Anam ona ağız açıb, mənim üçün
iş xahiş edib. O isə neçə dəfədir hər gün axşam saat 7-dən sonra
zəng vurur ki, gəl görüşək, işlə bağlı danışaq... Niyə axı,
axşamlar gedib aşpaz, qabyuyan da olsa, işləyərəm.
Birdən çox ciddi halda soruşdu:
- Məni gəmidə işə düzəldə bilərsən? Axı sənin orda tanışların
var... Anam öləndən sonra da gəmidə qalaram, pul yığaram ev alaram,
orda yaxşıdır maaş yəqin ki...
- Düzəldə bilərəm, - dedim. Gərək rəhbərliklə danışım,
aşpaza ehtiyac vardı...
...Töhfənin sənədlərini artıq dənizçilik idarələrindən birinin
kadrlar şöbəsi qəbul edib...