Kababın qoxusunu haradan olur-olsun hiss edəndə
istər-istəməz mədəndə arzular baş qaldırır. O dəqiqə odun üstündə
qızaran dadlı təamı ağzında hiss etmək istəyirsən. Elə biz də kabab
iyinə getmişdik, amma fikrimizdən vaz keçib reportaj hazırlamaq
qərarına gəldik.
Montin qəsəbəsinin ara küçələrində, insanların qələbəlik
yerində, yol kənarında tüstülənən manqallardan gələn kabab iyi bizi
özünə çəkdi.
Bakıda heç vaxt küçənin ortasında belə yemək satılan yerlər
görmədiyim üçün açıq havada hazırlanıb satılan bu möhtəşam təam
məni daha da cəlb etdi. Deyim ki, kababçılarla söhbət kababından
özündən heç də az ləzzətli olmurmuş. Biz bildik, siz də bilin.
Təkcə Qarabağı ermənilərə vermədik...
Mahir dayı ilə bir balaca söhbət edəndən sonra, nə qədər maraqlı
bir insan olduğu anlaşıldı.
Montində qaçqın yataqxanasında qalır. Köçkünlükdən əvvəl müəllim
işləyirmiş. Amma Bakıya gələndən sonra bircə dəfə də sinif otağına
girməyib. Əlqərəz, Fizuli rayon sakini Mahir Huseynov müəllimlik
sənətinin daşını o vaxtdan atıb, yapışıb manqaldan. Mahir dayı
"təkcə Qarabağı ermənilərə vermədik deyir, orda ruhumuzu da qoyub
çıxdıq",- deyir.
Xatirlələr dumanında
"Səhər-səhər itlərin, xoruzların səsinə qalxıb həvəslə işə
gedirdim. Məktəbə çatana qədər, yol boyu uşaqlar məni salamlayırdı.
Çox gözəl günlər idi. İnsan heç vaxt yaşadığı günləri düzgün
qiymətləndirə bilmir. Həmin vaxtlar üçün burnumun ucu
göynəyir".
Kababçı Mahir müəllim...
Hiss olunur ki, 60 yaşlı bu insanın ürəyi doludur, onunla
əgər keçmiş günlərdən söhbət açmaq istəsən, içindəki acının,
yanğının şahidi olarsan, belə lap dəqiq desək, ürəyin kabab olar.
Bunu söhbətmizin binasındanca anlamışdım.
Mahir dayıya əvvəllər "Mahir müəllim" deyərmişlər, indi isə
"kababçı Mahir".
Kababdan çıxan çörək
Bütün ümidlərini, xatirələrini, uşaqlıq illərinin hamsını
itirib. Dediyinə görə, 10 ildir ki, çörəyi kababdan çıxır.
Müəllimlikdən sonra kababçı işləmək onun üçün elə də asan
deyil.
"Bir var qışın soyuğunda dayanıb, kabab bişirəsən - bu işdən,
sadəcə, qazanc götürmək olar, bir də var, əlində sinif jurnalı
gələcəyin həkimləri, müəllimləri, böyük adamları oxuyan siniflərə
girəsən. Çox ağır dərddir.
Yelpiklə manqalda qızarmaqda olan közü həvəslə yelləyir. Hava da
külək. Deyəsən bunu sırf vərdişdən edir. Manqalın külü tez-tez
üstümüzə tökülür. Yaşarmış gözündən külü təmizləyə-təmizləyə,
"Bakının külündən belə, vətən qoxusu almaq olmur",- deyir. "Qarabağ
şikəstəsi"ni züm-zümə eləyə-eləyə şişləri çevirir.
Yaxınlaşıb kabab almaq istəyən müştərilərə heç əhəmiyyət vermir.
Müştəri kababını alıb lal-dinməz gedir. Yeri gəlmişkən bir şiş
kababın qiyməti 3 manatdır.
Evdəkilərlə də danışmıram
"Mən ümumiyyətlə, Qarabağdan sonra bütün dərdlərimi içimə
atmışam. Üç övladım var, evdəkilərlə də danışmıram. Ancaq ürəyimdə
vərə-vürd edirəm. Yaşlaşdıqca torpaq adamı özünə çəkir. Amma
təsəvvür edəndə ki, o torpağa dönə bilməyəcəm, bilirsiz... bunu
sözlə başa salmaq çox çətindir".
Manhettendə kababçı
"Bir dəfə bir əcnəbi ilə yaxşı söhbət etdik. Elə sizin kimi,
yaxınlaşıb kababla-filan maraqlandı. Yanında tərcüməçisi də vardı.
Ona vətən həsrətindən, evimi itirdiyimdən, ağır dolanışığımdan
danışdım. Mənə dedi ki, gəl, səni aparım Amerikaya, hər şey
yadından çıxacaq (gülür). Təsəvvürünüə gətir də, Amerikada kababçı
işləyirsən...
Dedim, o kinolarda gördüyüm Manhetten var e, orda da yaşasam,
Qarabağ Qarabağdı e-e. O da cavab verdi ki, onda ermənilər elə bunu
bildiyi üçün oranı işğal edib də.
Bu əcnəbiyə hörmətim birə-beş artdı, elə bildim, Qarabağı geri
qaytardıq. Xarici vətəndaş, özü də iş adamına oxşayırdı, mənim
bildiyim həqiqəti bilirdi. Gözlərim doldu o anda, nə doldu...
Sağ olsun, ara-sıra mənə baş çəkməyə də gəlir".
Onlar olmasaydı, ölərdim
"Güzəranım, yaxşıdı, ailəmi dolandıra bilirəm, onlar üçün
yaşayıram. Olmasaydılar, ölərdim. Bundan sonra heç bir mənası
yoxdur həyatın. Daha nə fərqi - kababçı işləyim, ya müəllim.
Tüstü, salamat qal...
Yenə də gözləri dolur, onun acısını anlayıb, söhbəti kəsmək
istəyirəm. O da mənim narahatçılığımı başa düşür: "Sizi də çox
yormayım, hərdən mənə baş çəkməyi unutmayın, xeyli yüngülləşirəm
danışanda",- deyir. Söz verib ordan ayrılıram. Kabab iyi isə, hələ
xeyli arxamca gəlir...