Zeynəb Dərbəndli ilə "Azərbaycan" nəşriyyatında təsadüf
nəticəsində tanış olduq. Şeirlərini oxumuşdum, sözlərinə yazılan
mahnıları dinləmişdim. Şəxsi tanışlığımız isə şairə Nəcibə İlkinin
vasitəçiliyi ilə baş tutdu. Zeynəb xanım Dərbənddə yaşayır. Orada
ədəbi fəaliyyətlə məşğuldur. Bakı və Dərbənd arasında yaranan ədəbi
körpünün, ədəbi yolçuluğun yorulmazlarındandır.
Söz-sözü çəkdi, Zeynəb xanımdan qərib şəhərimizin sorağını
almaq, onu "Soraq" layihəsinin qonağı kimi görmək istədim.
- Zeynəb xanım, Dərbənddə yaşayıb-yaradırsınız. Amma
tez-tez Bakıda olursunuz, budəfəki gəlişiniz nə ilə
bağlıdır?
- Bəli, Dərbənddə yaşayıram, budəfəki gəlişim yeni mahnılarla,
dəvət olunduğum digər ədəbi tədbirlərlə bağlıdır.
- Biz Dərbəndi qərib şəhərimiz bilirik. Deyin, Dərbənd
yenə də dastanlarda deyildiyi kimi, dəmir qapı Dərbənddir, yoxsa
adi bir şəhər olaraq yaşayır?
- Bəli, Dərbənd elə dəmir qapıları ilə durur. Dərbənd Dədə
Qorqudun diyarı, tarixlər dastanıdır. Bu şəhərin adi ömür sürməsi,
adiləşməsi mümkün deyil.
- Dərbəndin adiləşməsi mümkün deyil, deyirsiniz, o zaman
deyin, bu gün nələr ötənləri xatırladır?
- Bu gün Dərbəndin qala divarları, şəhərdəki tarixi abidələr,
şəhər sakinlərinin özlərinin qan yaddaşının, genetik yaddaşının
diktəsi ilə daxili özgürlüyün, kimliyini qoruması sizin sualınıza
cavab olaraq hər şeyi deyir. Dərbəndin nələr xatırlatdığını bilmək
üçün Dərbəndi görmək lazımdır. Dərbəndin Narin Qalası bütün keçmişi
bu günün insanına narın-narın, həzin-həzin danışır.
Dərbənd mənə ana kimidir
- Zeynəb xanım, Bakı doğma şəhərimiz, paytaxtımızdır.
Siz özünüzü harada daha rahat hiss edirsiniz, Bakıda, yoxsa
Dərbənddə?
- Hamı bilir ki, mən Azərbaycana sıx bağlı insanam. Amma
doğulduğum ocağım Dərbənd mənə ana kimidir.
- Şeirlər yazırsınız, mahnılarla bağlı gəlmisiniz
dediniz. Başqa layihələriniz var, dediniz, həm də. Hansısa ədəbi
layihələrdir və bu layihə dərbəndlilərə nə verəcək?
- Bu layihə təkcə dərbəndlilərə deyil, bütün türk dünyasına
Zeynəb Dərbəndli imzasını təqdim etdi. Çünki layihəmizin adı hər
şeyi deyir: "Azərbaycan Türk Ədəbiyyatı Şöləni. Yeni ATƏŞ 2016".
Azərbaycan şairlərinin şeirlərindən ibarət almanax dərc
etdirdik.
Dərbəndin hansı bayraq altında...
- Çox gözəl. Deyin, Dərbənd ta qədimlərdən
aşıqlarımızın, şairlərimizin yaradıcılığında kök salıb. Bəs bu
şəhərin qədimiliyini insanlar öz xarakterində saxlaya
bilirmi?
- Doğrudur, Dərbənd aşıqların, şairlərin, şeirin, sənətin
beşiyidir. Qədim şəhərimizin bəzi adət-ənənələri hələ də qorunub
saxlanılır. Toy mərasimlərində və ya bayramlarda.
- Bəs dərbəndli yazarlar necə fəaliyyət göstərir?
Onların da əsas oxucusu Azərbaycandadır, deyəsən. Qədim şəhərimiz
başqa bir xalqın bayrağı altında qəribsəmir ki?
- Dərbənd, mən deyərdim, indiki zamanda çox sevilən şəhərdir.
Onun hansı bayraq altında olmağından asılı olmayaraq, o yenə də
Dədə Qorqudun vətənidir. O ki qaldı yazarlarımıza, onların
şeirlərindən daha çox kədər boylanır, nisgil görünür.
- Sizin yaradıcılığınıza qayıdaq, şeirlərinizdə əsas
nələrə üstünlük verirsiniz?
- Mən şeirlərimdə əsas Qarabağ mövzusuna, anama, vətənə,
dünyaya, xalqa, sevgiyə yer verirəm. Hər halın, hər ovqatın
şairiyəm. Mən iki elin yaradıcı qızıyam - Dağıstan və
Azərbaycanın.
Bakı mənim qürur yerimdir
- Bakıda gerçəkləşdirdiyiniz layihələrlə bağlı
yardımçınız varmı, yoxsa tək külüng çalırsınız?
- Əlbəttə var, axı tək əldən səs çıxmaz. Mənə ilk gündən bu
yolda əl tutan astaralı gənc bəstəkar Elmir Mədətoğlu olub. Hələ də
bir yerdə yaradırıq. Gözəl şairəmiz, mən deyərdim, mənə ana qədər
dəyərli olan, arzularımın çin olmasına dəstək verən gözəl insan,
mehriban ana - Nəcibə İlkinin qayğısını həmişə hiss etmişəm.
- Dərbənd üçün darıxırsınız, aydındır, bəs Bakı sizin
xatirələrinizə necə köçür?
- Bəli, Dərbənd mənim nəfəsimdir. Bakı mənim əvəzolunmaz
vətənimdir. Bakı adı gələndə, gözümdə keçmişin dastanları canlanır.
Bakı mənim qürur yerimdir.
- Sizin gülümsər gözünüz, kədərli simanız var, nədir bu
təzad?
- Mən həyatda çox şey itirmişəm. Atamı 11 yaşımda, anamı 8 il
öncə. Anam 16 il gözləri görmədən yaşayıb. Onun körpə uşaq kimi
qulluğunda dursam da, yenə də bir gecəlik haqqını qaytara
bilməmişəm. Anadangəlmə gözdən əliləm. Uşaq vaxtı məktəbə
getməmişəm, orta məktəb şagirdi, ali məktəb tələbəsi olmamışam.
Kiçik yaşlarımdan atasız böyümüşəm, kasıb ailə olmuşuq, çox əzablı
günlərim olub. Bütün bunları görən bir insanın gözündə sevinc ola
bilərmi?
Zeynəb xanımın sonuncu sualıma sualla cavab verməsinə
rəğmən, susmağa üstünlük verdim, sonra mövzunu dəyişdik. Xanım
şairə ilə Dərbəndin dərdə bənd olan günlərini birgə
yaşadıq.