"Toyxana" layihəsinin
budəfəki qonağı
"Toylar kraliçası" musiqi yarışmasının qalibi, son vaxtlar dediyi
meyxanalarla gündəmə gələn Samirə Yusifqızıdır.
Əvvəl meyxana deməyimə pis
baxırdılar
- Bir çoxları sizi müğənni kimi tanıdı. "Toylar
kraliçası" yarışmasının qalibi oldunuz. İndi meyxanaçı xanım kimi
məşhursunuz. Şairə, bəstəkar, müğənni. Necə oldu ki, meyxanaçı kimi
fəaliyyətə başladınız? Bir az bu haqda danışaq.
- Meyxana elə bir peşədir ki, onun nə məktəbi, nə müəllimi, nə
də diplomu var. Axırda deyəsən ki, mən bu məktəbi oxuyub bitirmişəm
və ali savadlı meyxana deyənəm. Elə bir təhsil yoxdur, yəqin vaxt
gələcək o da olacaq. Meyxana insanda fitri istedaddır ki, insanın
daxilindən gələn bir şeydir, onu da hər adam bacarmır. Hətta
deyərdim ki, kişilər üçün daha çətindir, nəinki qadınlar üçün.
Məndə də bu istedad var, özü də mən çoxdan deyirəm meyxananı. İlk
dəfə mən meyxananı 1994-cü ildə Ağasəlim Çıldaqla demişəm. Sadəcə
olaraq o vaxt müəyyən televiziya kanallarımız var idi ki, indi
onlar fəaliyyət göstərmir. Həmin dövrdə o kanallar məni çox dəvət
edirdilər, sadəcə, mən ali savadlı estrada müğənnisi olduğum üçün
qəti etiraz etmişdim. Həm də o vaxt pis baxırdılar, lakin sonra
gördüm ki, normal qarşılanır və insanlar sevir meyxananı.
Toylara min manata gedirəm
- Toylara müğənni kimi gedirsiniz, yoxsa meyxanaçı
kimi?
- Daha çox mənə müğənni kimi müraciət edirlər. Sadəcə, müğənni
kimi getdiyim toylarda da məndən meyxana deməyi istəyirlər
(gülür).
- Gizli deyilsə, toylara hansı məbləğə
gedirsiniz?
- Açığını desəm, bəlkə də Respublikada toya gedən ən ucuz
müğənni mənəm. Bütün toyu min manata oxuyuram, özü də canlı. Mən
heç bir toyu fonoqramla ifa etmirəm. Belədə isə yarım saatı 300-500
manata gedirəm.
- Meyxana sənəti kişilərə aiddir və meyxana çevrəsi
kişilərdən ibarətdir. Çətin deyil sizə onlarla dil
tapmaq?
- Çox çətindir, hətta elə məqamlar olub ki, həmkarım elə bir söz
deyib, mən acıq edib çıxmışam, məclisdirsə əgər, məclisi tərk
eləmişəm. Mənə çox pis təsir edib, amma sonra öz-özümə demişəm ki,
əşi... artıq bu meydana girmişəmsə, gərək heç nədən inciməyim.
Meyxana sənəti elədir ki, sataşmasan olmur.
- Sataşmaq dediniz. Bəs meyxanada söyüşə necə
baxırsınız?
- Yox, yaxşı baxmıram.
Oqtay meymuna oxşayır
- Sizdə heç olmayıb ki, yüngül formada da olsa, söyüş
işlədəsiniz?
- Yüngül formada olub. Özüm də hərdən Oqtaya ilişirəm, sadəcə,
Bakıda demək olar ki, olmayıb. Burdan kənarda, Rusiyada və başqa
yerlərdə olur. Mənim Oqtaya qarşı ən qatı söyüşüm "meymun" olar.
Çünki onsuz da Oqtay meymuna oxşayır (gülür).
- Oqtayın adını çəkdiniz. Toylara tək gedirsiniz, yoxsa
Oqtayla?
- Daha çox Oqtayla gedirik.
- Toy sahibi belə istəyir yoxsa necə?
- Bəli, tələbat çoxdur. Tamaşaçı bizi bir yerdə görməyə alışıb
deyə, dəvət edəndə də birgə çağırırlar toylara.
- Həyat yoldaşınızın buna münasibəti?
- Mənim üçün ailə hər zaman birinci dərəcəlidir. Mənə elə gəlir
ki, kişi qadınına inanırsa və yaxud qadın kişisinə inanırsa, heç
vaxt həmin ailədə söz-söhbət olmamalıdır. Çünki əgər bir insanın
canında varsa, heç Oqtay olmasın, başqa birisi olsun, o adam öz
bildiyini edəcək. Bizim evdə əksinə, toylara, xarıcı səfərlərə
Oqtayla gedəndə rahat olurlar. İcazə verirlər, bilirlər ki, Oqtay
yanımdadırsa, bir adam mənə artıq-əskik bir söz deyə bilməz.
- Çox dedilər ki, Oqtay sizin sevgiliniz və ya
yoldaşınızdı. Sizi qınayanlar da oldu. Yoldaşınız qısqanmır o
zaman?
Utanmır ee... düşüb kişilərin yanına
gəlir
- Təbii ki, bu ona təsir edir. Adətən biz məclislərə gedəndə o
da gedir bizimlə. Durur kənarda insanların fikirlərini dinləyir:
kim nə danışır bizim haqqımızda. Belə bir söz də eşidib ki,
deyiblər, "bu dee... gəldi sevgilisi ilə" və yaxud deyiblər ki,
"utanmır e, düşüb kişilərin yanına gəlir". Təbii ki, beş barmağın
beşi də bir deyil və yaxud da bir insanı hamı sevə bilməz. Məni
sevməyənlər də var, nifrət edənlər də, hətta təzyiq edənlər də. Mən
bunlara normal baxıram.
- Bu cür hallar evdə söz-söhbətə səbəb
olurmu?
- Müəyyən vaxt olur ki, səbir kasası daşır və əsəbiləşir.
Bacardığım qədər tez yoluna qoyuram.
- Oğlunuzun bütün bunlara münasibəti
necədir?
- Yaxşı. Oğlum özü bütün meyxanaçılar ilə dostdur. Mən Oqtayla
verilişdən-verilişə, toydan-toya görüşürəmsə, oğlum hər gün
görüşür. Oğlumla məndən daha yaxın dostdur.
Mənim rəqibim yoxdur
- Meyxana aləmində özünüzə kimi rəqib
görürsünüz?
- Heç kimi. Mənim rəqibim yoxdur. Əgər söhbət kişi meyxana
deyənlərdən gedirsə, hamısı mənə rəqibdir.
- Kimdir həmin rəqib dediyiniz şəxslər?
- Çoxdur, maşallah. Elə ən birinci rəqibim Oqtaydır. Daha sonra
Mehman Əhmədli, Elşən Xəzər, Ağamirzə, Kərim və sair. Hamısı da
mənim üçün güclü rəqibdir. Toylarda hətta xanım olduğum üçün mənə
çox güzəşt edirlər.
Mehman Əhmədlini seçərdim
- Verilişlərin birində 14 yaşlı bir xanım meyxana
deyərək, sizə qarşı xoş olmayan söz işlətdi. Sizcə bu, düşünülmüş
bir addım idi, yoxsa söz olaraq ağzından çıxdı?
- Onun aldığı tərbiyə odur. O qız evdə gözünü açıb görüb ki,
kiçik böyüyə ağzına gələni deyir. Böyük-kiçik münasibətləri
olmayıb. Şəxsən mən özümdən böyük kiməsə ağır söz desəm, elə
bilərəm ki, öz anama deyirəm. Olmaz elə şeylər, sadəcə olaraq
uşaqdır, nə deyim? Allah hidayət etsin onu.
- Meyxana deyişməsində kiminlə deyişmək istəyərdiniz,
daha çox kiminlə maraqlı olardı sizə?
- Kiminlə? (düşünür). Mən çox istəyərdim ki, Aydın Xırdalanlı
ilə deyişim. O, indi xəstədir, Allah şəfa versin. Aydında olan söz
bazası, mən deyərdim ki, bir çoxlarında yoxdur. Amma yarışma olsa,
özümə tərəf müqabili kimi, Mehman Əhmədlini seçərdim.
- Meyxananı, kişilərin qol güləşinə bənzətmisiz
heç?
- Bəli, haradasa hərfi mənada, hə. Orda qol gücü ilə qalib
olurlar, meyxanada da söz savaşıdır. Bu fikir döyüşüdür, beyin
döyüşüdür. Haradasa oxşarlıq var (gülür).
- Bir neçə duetiniz olub, hamısı da Oqtayla. Yeni bir
duet ortağınız ola bilərmi?
- Bəli, artıq Kərimlə duetim oldu. Çox gözəl də qarşılandı.
Hətta o mənə qoca qarı dedi (gülür). Təbii ki, cavabın verdim onun.
Mənə elə gəlir ki, bunun hələ əks-sədası bir çox yerdən
gələcək.