Axar.az-ın
növbəti qonağı, qalmaqallı rejissor Kənan Mahmudovdur. Kənan bəyin
bu aralar qolu çıxsa da, bizə zaman ayırıb, suallarımızı cavabsız
qoymadı.
Vüqar mənim üçün rəqib deyil
- Kənan bəy özünüzü necə hiss edirsiniz?
- Allah bundan betərindən qorusun. Bu sualı əgər qolum çıxan gün
versəydiniz, heç də yaxşı deyiləm deyərdim. Amma indi şükür ki,
yaxşıyam.
- "Ulduzların döyüşü" layihəsində, müğənni Nicat
Rəhimovla başladınız və qalib oldunuz. Növbəti döyüşünüz isə "Yeni
ulduz" layihəsindən tanıdığımız Vüqar Muradovla rinqə çıxdınız. Bu
dəfə isə nəticə ürəkaçan olmadı. Vüqar Muradov "Ulduzların döyüşü"
layihəsinin qalibi oldu. Bu, necə baş verdi? Bir az bu haqda
danışaq.
- Vüqar Muradov mənim üçün rəqib deyil. Çünki mən dünya
çempionları ilə oturub-dururam. İdman mənim xarakterimə, canıma
hopub. İstəsəm də, istəməsəm də həyatımın tərkib hissəsi olub
idman. Dostum Emil Hacıyev 9 dəfə dünya çempionu olub. Dörd dəfə
dünya çempionu olanda idmandan getmək istədi, mən qoymadım. Demişəm
ki, qanında var, qayıt. İdmana meylli olsam da, nədənsə
rejissorluğa daha çox üstünlük verdim. O ki qaldı layihədə
uduzmağıma, 30 saniyənin söhbəti oldu. Vüqar da əlini vicdanına,
kitabına qoyub deyə bilər ki, mənə qalib gəlmədi. Ortada görüntü
deyilən sübutlar var ki, o mənə qalib gəlmədi. Sadəcə, qolum çıxdı
deyə, məni oyundan uzaqlaşdırdılar. Oyundan uzaqlaşdıranda isə,
avtomatik olaraq oyun Vüqara qaldı.
- Bildiyimiz qədərilə Vüqar oyundan sonra sizə və sizin
ailənizə zəng edib halallıq alıb, hətta ağlayıb.
- (Gülür) O, bilirsiniz niyə ağlayırdı? Sevindiyindən...
inanmırdı ki, oyundan qalib çıxa bilər. Onun hisslərin başa düşürəm
və hörmətlə yanaşıram. Vüqar Azərbaycan oğludur. Onun ailəsinə və
şəxsiyyətinə zərrə qədər də sözüm yoxdur, ola da bilməz. Sadəcə,
həmin layihədə dostluq qalib gəldi. Başqa heç nə ola bilməz. Amma
bundan sonra Vüqarla 10 dəfə döyüşə çıxsam, 11 dəfə udaram.
- Dostlardan birinə demisiniz ki, mən Vüqarı çox
istəyirdim, hörmətim var idi, amma kövrəlib ağlamağından sonra onu
yenidən kəşf etdim.
- Bəli, həqiqətən də onun kövrək olduğunu kəşf etdim.
Mən meyxana deyəndə...
- Kənan bəy, siz idmançı, eyni zamanda da rejissorsunuz.
Bu yaxınlarda sizin ifanızda meyxana eşitdim. Meyxana hara Kənan MM
hara?
- Mənim nənəm şairə olub və bu istedad mənə nənəmdən keçib. O ki
qaldı meyxana deməyə, mən meyxana deyəndə, heç Namiq Qaraçuxurlu
meyxana demirdi. Meyxana deməyim, ədəbiyyata olan marağımdan irəli
gəlir. Lakin bu o demək deyil özümü meyxana aləmində görürəm.
- Bir çox şerlərin müəllifisiniz. Bu vaxta qədər həyat
yoldaşınıza həsr etdiyiniz şeir olub heç?
- Olub, "İstanbul" şerini həyat yoldaşıma həsr etmişəm.
- Yeni olaraq, hansı işləriniz var?
- "Bozbaş Pikçers"ə bədii film çəkirəm, ssenarisi mənə
məxsusdur.
Qələt etdilər, başlarını da, daşa
döydülər
- Mərhum Hüseyn Dəryanın ölümündən sonra, çoxları sizi
qınadı. Onun ölümündən istifadə edib efirdə özünü reklam edir kimi
sözlər deyildi. Bu haqda nə deyə bilərsiniz?
- Qələt etdilər, başlarını da daşa döydülər, - belə də yazın.
İmam Əli buyurub: "Haqqı söyləməyən axmaqdır". Mən özümü axmaq
saymıram, nə gördümsə, onu da dedim. Kim də inciyir, incisin.
- Cahangir Dərya ilə görüşürsünüz?
- Bəli, görüşürəm. Sonuncu dəfə mayın 30-da son zəng günü
görmüşəm. Hal-hazırda İstanbuldadır deyə, görə bilmirəm, amma mesaj
vasitəsilə yazışırıq.
- Fikrinizcə, niyə sizi gözü götürmiyənlərin sayı
çoxdur?
Bu haqda danışmaq
istəmirəm
- Adəm yaranandan bu günə qədər, haqqın tərəfdarı hər zaman az
olub. İmam Əli buyurub: "Əlinin içində firuzə qaş olsa, ətrafdan
sənə desələr ki, o firuzə qaş deyil, çürük qozdur, sən rahat ol.
Çünki Allah da bilir ki, o, firuzədir". İnsan güzgüyə baxanda özünü
tanıyır, ətrafım, dostlarım və ailəm məni tanıyırsa, bu mənə
yetərlidir. Əgər kiminsə gözü məni götürmürsə, demək ki, Allah
yaratdığı varlığı gözü götürmür.
- Bayaqdan Həzrəti Əlinin hədislərindən sitat
gətirirsiniz. İbadətlə məşğul olursunuz?
- Bu haqda danışmaq istəmirəm.
- Artıq Ramazan ayı başlayır, oruc tutmaq fikriniz
var?
- Bəli, inşallah.
- Şer yazırsınız. Bu vaxta qədər hansı müğənnilər sizin
sözlərinizə mahnı oxuyublar?
- Nüşabə Ələsgərli "Sındı aramızda olan körpülər", Nazpəri
Dostəliyeva "Ayrılıb gedirəm, mən bu şəhərdən", "Ləkə" filminin,
"Pərvanələrin rəqsi" serialının saundtreki və sair.
Qadın olaraq, zövqümdə
deyil
- Kənan Mahmudov müğənni olsaydı, kiminlə duet oxumaq
istəyərdi?
- Sami Yusiflə.
- Niyə məhz Sami Yusif?
- Çünki dini mahnılar oxuyur, insanın ruhunu oxşayır.
- Qadın müğənnilərdən kimi seçərdiniz?
- Şakiranı.
- Qadın olaraq bəyənirsiniz, ya necə?
- Xeyir, sadəcə ifa tərzini bəyənirəm. Qadın olaraq mənim
zövqümdə deyil.
- Başınıza gələn bir hadisəylə
sağollaşaq...
- Bir dəfə bir toyda idim. Tamada məni guya tanıyır (gülür).
Mənə söz verir danışmağa. Başladı məni təqdim etməyə: "Gəlsin mənim
dostum-qardaşım, canım-ciyərim Kənan M.Quliyev (gülür)..." Aqil
M.Quliyevlə mənim remiksim. Mənim adımla, onun soyadını qarışdırıb.
Çox güldük, yəni belə hallar çox olur.