Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı Teleqraf.com-a müsahibə
verib.
Ana olduqdan sonra ilk dəfə mətbuata danışan aparıcı gələcək
planlarından və ailəsindən danışıb.
- Xəzər televiziyasında iki verilişin – "Səni axtarıram"
və "Bizə danış" proqramlarının aparıcısı kimi fəaliyyətə
başlayırsınız. Əkiz övlad anası kimi iki layihədə çalışmaq sizə
çətin olmayacaq ki?
- Çətinliklər var. Desəm ki, çətinliklər yoxdur, qeyri-səmimi
səslənər. Bir həftə öncə 12 gün xaricdə çəkilişlərimiz oldu. Mənə
elə gəldi ki, o zaman 12 əsrlik vaxt yaşadım. Uşaqlarımdan uzaqda
əzab çəkirdim. Hər gün çəkilişdən gələn kimi ağlayırdım. Düzdür,
uşaqların fotolarını, şəkillərini göndərirdilər. 20 yaşında ana
olmamışam. 40 yaşında ana olmaq çox böyük məsuliyyətdir və insan
tamamilə fərqli olur. Sən də uşaq kimi olursan (gülür). Ona görə
bir az çətindir.
Mən özümü ciddi insan hesab edirəm. Əgər ciddi bir qərarı qəbul
etmisənsə, işini ortaya qoymalısan, kollektivi utandırmamalısan.
Sənə etibar və etimad göstərən insanların yanında pis vəziyyətdə
qalmamalısan. Ciddi insanam və işimə davam edirəm. Verlişimiz
sentyabrın 15-dən efirdə yayımlanacaq, inşallah. Hər şeyin yaxşı
olmasına çalışıram.
- "Səni axtarıram" verilişinin formatında dəyişiklik
etmisinizmi?
- Sirr qalsın…Verilişi izlədikdən sonra görəcəksiniz. Amma "Səni
axtarıram"ın konkret formatı bəllidir. İtmiş insanları ailələrinə
qovuşdururuq. "Bizə danış" verilişində, digər verilişlərimizdə
olduğu kimi milli-mənəvi dəyərlərimiz, azərbaycançılıq,
adət-ənənəmiz qorunacaq.
- "Bizə danış" verilişini Doğuş bəylə birlikdə
aparacaqsınız?
- Bu, sirr qalsın…Verilişimizi tamaşaçılar sentyabrın 15-də
16:00-da izləsinlər. Çox maraqlı olacaq. Təbii ki, birinci və
ikinci efirləri fərqli formatda təqdim edəcəyik. "Bizə danış" və
"Səni axtarıram" verilişində çox böyük komanda çalışır. İnanıram
ki, tamaşaçılarımızın, rəhbərliyimizin etimadını dorğuldacağıq.
- Xoşqədəm xanım, ATV-dən qalmaqallı şəkildə ayrıldınız
və bir çox problemlər yaşadınız. Bunları
unutmusunuzmu?
- Ümumiyyətlə, mən qalmaqalı sevməyən bir insanam. Yaxın ətrafım
da bilir, həmin hadisələr zamanı əlimdən gəldiyi qədər çalışdım ki,
dostcasına ayrılaq. Amma olmadı... Nə etməliyik? Ümumiyyətlə,
biləsiniz ki, keçmişlə yaşayan insan gələcəyə baxa bilməz. Bu
hadisələri və məni incidən məqamları çoxdan unutmuşam.
- ATV telekanalının prezidenti Vüqar Qaradağlı ilə
münasibətiniz gərgin olaraq qalırmı?
- Mən sizə dedim axı, bu hadisələri çoxdan unutmuşam. Mən yenə
deyirəm ki, keçmişlə yaşayan insan deyiləm. Sadəcə keçmişə baxıb
gələcəkdə eyni hadisələri yaşamamaq üçün yola davam edirəm.
Bölüşdürə bilməyəcək nəyimiz var ki? Bizim bir düşmənimiz var, o,
da ermənidir. Azərbaycanımızın pisi də, yaxşısı da mənimdir. Digər
tərəfdən o ayrı yerdə, mən ayrı yerdə çalışıram. Allah hamının
yolunu açıq etsin, mənim də onların içində.
- Neçə illik televiziya təcrübəniz var. Yeni sezon üçün
həyəcan varmı?
- Əlbəttə həyəcanlıyam. Ümumiyyətlə , 5-6 il müddətində hər dəfə
efirə çıxarkən mənə elə gəlir ki, ilk dəfə televiziyaya çıxıram.
İndi daha çox həyəcanlıyam. Fikrimcə, həyəcan məsuliyyətdən doğur.
Ömrümün sonuna qədər də efirə çıxsam bu həyəcan məndə olacaq.
- Mətbuatda bir müddət əvvəl köhnə kollektivinizlə iş
birliyinizə son qoyduğunuz haqqında xəbərlər
yazılmışdı…
- (Gülür). Allah yaxşı da, pis də yazanın canını sağ eləsin.
Əsas odur ki, 6 ildir mənimlə çalışan, layihələrimdə yanımda olan
insanların hamısını burada gördünüz. Yəqin ki, mən yaxşı rəhbər
olmasaydım, onlar mənim yanımda olmazdı. Eləcə də, onlar yaxşı işçi
olmasaydı, mənimlə işləyə bilməzdilər. Bəlkə də inanmayacasınız,
amma biz işdən baş açıb, nə deyilənləri eşidə, nə də yazılanları
oxuya bilirik.
- "Üç nöqtə" qəzetinin baş təsisçisi və baş
redaktorusunuz. Qəzetdən televiziya sahəsinə gəlib, tanınmış
teleaparıcı olmaq asan deyil. Buna necə nail oldunuz?
- Məni ATV-nin keçmiş vitse-prezidenti Həsən Abdullayev kəşf
edib. Ona çox təşəkkür edirəm. Düzdür, o, kanala layihə vermişdim,
amma Həsən müəllimə verməmişdilər. Bunu sonralar bildim. Belə ki,
məni Həsən müəllim Elçin Əlibəylinin verilişində kəşf edib. Həsən
müəllimlə razılığa gəldik. Səs-küylü və reytinqlərdə birinci olan
"Sən tək deyilsən" verilişi ilə televiziya fəaliyyətimə başladım.
Bilirsiniz ki, əvvəllər bir çox televiziyalara layihələr vermişdim.
Biri deyirdi ki, sponsor yoxdur, digəri deyirdi icazə almalıyam…
Televiziya mənim sevdiyim məkandır. Bir sözlə, televiziya mənim
ruhumdur, mən orada cavanlaşıram, nəfəs alıram. Uşaqlıqdan necə
arzu edirdimsə, o şəkildə də arzuma çatdım. Elə şeylər var ki, o
pul ilə alınmır, əvəz edilmir. Elə xoşbəxtliklər var ki, milyonlar
qazanıb, o xoşbəxtliyi əldə edə bilməzsən. Mən bu gün çox
xoşbəxtəm, çünki televiziyadayam, istədiyim yerdəyəm. İndi də daha
xoşbəxtəm, gördüyünüz kimi otağımdan Xəzərə baxıram.
- Xoşqədəm xanım, artıq işlərinizlə dünya çapında da
tanınmalısınız. Artıq xaricdə də sizi tanımalıdırlar…
- Mənə öz ölkəm kifayət edir. Bu, mənim fikrimdir bəlkə də
başqaları bunu qəbul etməz. Ancaq mənə görə başqa ölkədə kral və
kraliça olmaqdansa, öz ölkəndə ən ağır bir işdə belə çalışmaq daha
gözəldir. Etiraf edim ki, Türkiyədə 2015-2016 ci illərdə tanınmış
kanallardan təkliflər gəlib. Proqramı Doğuşla birlikdə aparmalı
idim, amma qəbul etmədim. Mənim hansısa ölkədə tanınmaq, məşhur
olmaq kimi bir istəyim yoxdur. Ancaq bir istəyim var: qaynar
nöqtələrin birində çalışdığım kanalın bölgə müxbiri olmaq.
- Qeyd etdiniz ki, Türkiyədə Doğuş bəylə birlikdə
veriliş aparmaq təklif edilib. Yəqin ki, Doğuş bəy daha çox sizin
Azərbaycanda deyil, Türkiyədə fəaliyyət göstərməyizi
istəyirdi...
- Dəfələrlə Doğuşla bu barədə söhbətlərimiz olub. Hətta bu
mövsümdə mənim təkrar ekranlara dönməyim gözlənilmədən baş verdi.
Çünki o, mənim çalışmağımı istəmirdi. Ancaq sonra Doğuşu razı sala
bildim. Doğrudur, Doğuşa uşaqlardan ayrı qalmaq çox çətindir. O,
uşaqları çox sevir. Düşünün ki, başqalarının övladına doğmasına
kimi yanaşan insan öz övladını necə sevər? Mənim üçün də bu, çox
çətindir. Uşaqlarımın atasız böyüməsini, ata üzünə həsrət qalmasını
istəmirəm. Ümumiyyətlə, mən həmişə oğlan uşaqlarından qaçmışam
(gülür ). Çünki oğlanları böyütmək çox çətindir.
- Siz Azərbaycanda, Doğuş bəy isə işləri ilə bağlı
Türkiyəyə tez-tez gedib-gəlir. Bu, çətin deyil ki?
- Əlbəttə ki, çətindir. Uşaqlarla daha da çətindir. Hər dəfə
onların təyyarə ilə səyahətindən sonra bizə uşaqların yeni yerə
adaptasiya olması üçün iki gün vaxt lazım olur.
- 2015-ci il sizin üçün çox çətin dövr oldu. O dönəmdə
Doğuş bəyin rolu nədən ibarət idi?
- Bir cümlə ilə ifadə edirəm ki, həqiqətən də yaxşı və pis gündə
yalnız insana ailəsi güc verir. Mən onu 2015-ci ildə hiss etdim və
min dəfə də Allahıma şükür edirəm ki, yaxşı ailəm var. Lazım olanda
sənə görə işindən, maraqlarından imtina edən bir ailə...
- Əkizlərinizdən birinin adını Azərbaycan adı qoyacağını
bildirmişdiniz. Amma hər ikisinin adını türk adı
qoymusunuz...
- Hər ikisinin adında Azərbaycan adı var. Əvvəlcə birinin türk,
digərinin isə Azərbaycan adı qoymağı düşünürdük. Sonra fikirləşdik
ki, övladlarımız əkizdirlər. Gələcəkdə problem ola bilər. Ona görə
də hər ikisinə həm türk, həm azərbaycan adı qoyduq, Arda Aslan,
Arın Araz.
- Arda Aslanın gələcəkdə futbolçu olmasını istəyirsiniz.
Bəlkə bununla razılaşmadı...
- Məncə, o, futbolçu olmayacaq. Çünki musiqi duyumu var,
kameralarla yaxşı işləyir. Yaxın günlərdə fotosessiya edirdik, Arın
Aras kameralara baxmırdı, amma Arda Aslan, maşallah, kameralarla
işləyirdi. Ona görə Doğuşa dedim ki, Ardadan əlini üz, o, futbolçu
olmayacaq (gülür ). Musiqi ilə yatır.
- Necə bir anasınız?
- Böyük oğlumu 18 yaşımda, əkizləri isə 40 yaşında dünyaya
gətirmişəm. İndi çox fərqlidir. Bəlkə də bu, çoxlu talelər, əzilən,
atılan uşaqlar gördüyüm üçün belədir. Qorxuram ki, birdən uşaqlara
nə isə olar, kimsə qucağına alanda yıxılar. İşə belə gələndə
uşaqlarıma baxıram, evdə kamera var. Onlar üçün çox darıxıram.
Qorxu ilə yaşadığıma görə, Doğuş da məni danlayır. Deyir ki, niyə
beləsən? Nədən qorxursan? Ailəmiz uşaqlarımın yanındadır, yenə də
həyəcan keçirirəm. Necə ana olacağımı bilmirəm. Amma istəyirəm ki,
uşaqlarım bizim övladımız olduğu üçün peşman olmasınlar. Bizim kimi
valideynləri olduğu üçün qürur duysunlar
- Xoşqədəm xanım, Siz Doğuş bəylə evlənərkən bir çox
insanlar inanmırdılar... Bu gün nümunəvi ailəniz var…
- Mən kiminsə inanıb-inanmamasını, fikirlərini əsas götürərək
addım atmıram. Mənə görə ailə müqəddəsdir. Və ora kimsə dil
uzatmamalıdır.
- Qız övladını çox sevdiyinizi qeyd etdiniz. Gələcəkdə
bu haqda düşünə bilərsinizmi?
- Hələ bir imkan verin, əkizləri böyüdüb, bir tərəfə çıxaraq…
(gülür). Ən çox anam qızımın olmasını istəyir. Oğlan olduğu
xəbərini eşidəndə bu qızın yenə də qızı olmadı deyib, pis oldu. Qız
və oğlan fərqi yoxdur, önəmlisi odur ki, Allah hər birimizə xeyirli
övlad nəsib etsin.
- Övladlarınızın gələcəkdə Azərbaycanda, yoxsa Türkiyədə
yaşamasını istəyirsiniz?
- Bu, gələcəyin işidir. Amma Doğuşun gözündən və qulağında uzaq
bir söz demək istəyirəm. Öz ölkəmdən kənarda yaşamaq mənim üçün çox
çətindir. Bunu tam səmimiyyətimlə deyirəm ki, dünyanın ən gözəl
ölkəsində istədiyim bir həyatı mənə versələr belə, Azərbaycanda
kiçicik bir daxmada yaşamağı seçərəm.
- Doğuş bəy, hazırda Türkiyədə, siz Azərbaycandasınız.
Doğuş bəyi qısqanırsınızmı?
- Bəlkə də fikirlərim birmənalı qarşılanmayacaq. Ancaq tam
səmimi etiraf edirəm ki, Doğuşu heç vaxt qısqanmıram. İstər iş,
istərsə də ailə həyatında insanların bir-birinə inamı varsa, orada
inamsızlıqdan söhbət gedə bilməz. Doğuş ailəsinə, övladlarına bağlı
insandır.
- 2005-ci ildə millət vəkiliyinə namizədliyinizi irəli
sürdünüz. Müəyyən səbəblərdən baş tutmadı. Yenidən namizədliyinizi
verəcəksinizmi?
- Axı mən sizə dedim ki, keçmişlə yaşamıram, televiziyanı çox
sevirəm. Öz yerimdə xoşbəxtəm. Gələcək planlarımda belə arzum,
istəyim yoxdur. Gələcəkdə gözəl filmlər, seriallar çəkəcəyik.
Onunla da bağlı işlərimiz yekunlaşıb. Çox gözəl ssenarilər yazılıb.
Sadəcə televiziyamızın rəhbərliyi bu istəyimin bir müddətdən sonra
reallaşmasını istədi. Səbəb vaxtımın daha çox hissəsinin iki böyük
layihəmə sərf olunması ilə bağlıdır. Bu işlər yoluna düşdükdən
sonra o arzumu reallaşdıracağıq.