Yuxarı

Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Şərif Ağayarın Kult.az-a müsahibəsi:

- Şərif, deyəsən, təzə roman yazmısınız. Anonsunu versəniz də, ətraflı məlumat yoxdur. Həm də postmodernist əsər olduğunu vurğulamışdınız. Necə düşünürsünüz, bu əsər o biri əsərlərinizi “kölgədə” qoya biləcək?

- Postmodernist vasitələrdən də istifadə olunub. Məncə, ən azı mənim yaradıcılığım üçün yeni səhifədir. Lakin son sözü tənqidçilər və oxucular deyəcək.

- Nədənsə, yaradıcılığınız çox zaman kənd nəsri, estetikası, bəzən köhnə dil kimi qiymətləndirilib. Halbuki özünüz buna qarşısınız. Bəlkə daha çox mövzularınız rol oynayıb?

- İndi elə bir bölgü yoxdur. Vaxtı ilə nəsrimizdə aqrar dil daha dominant olub – problem burdadır. Bunun da obyektiv səbəbləri var. Azərbaycan sovetlər vaxtında aqrar ölkə idi. İndi də tam urbanistik mədəniyyətə sahib deyilik. Nəsr dilimiz də tam müasirləşməyib. Biz buna çalışmalıyıq. Dediyiniz irad və ya tənqid məni xarakterizə etmir. Məndə ümumiyyətlə kənd yoxdur. O dağılıb. Şəhər də yoxdur. Çünki oranı vətən kimi hiss eləməyimə imkan verməyiblər. Məndə daha çox səhra var, qaçqın qəsəbəsi var, əyalət şəhəri var və s. Bu da olmalıdır. Şəhərdən yazmağı üstünlük saymaq gülməlidir. Ən vacibi yaza bilməkdir. Əslində, mən nəsr dilimizin yeniləşməsi üçün çalışan, zəhmət çəkən və buna az-çox nail olan çox az imzalardanam. Kənd-şəhər bölgüsü əsasən yaza bilməyən və ona-buna “mız” qoyan şəxslərin işidir. Onların məntiqi ilə Folkner də, Markes də kənd yazıçısıdır. Sadəcə, bu imzaların əzəmətindən qorxub danışmırlar. Özümüzə gələndə irad tutmağa məqam axtarırlar.

- Onda deyə bilərikmi bu “dava”nın əsasını 60-cılar qoyub? Məsələn, Anara bu baxımdan şəhər, Əkrəm Əylisliyə də kənd yazıçısı deyirlər.

- Sovet tənqidçiləri yaratmışdı bu bölgünü. Nə Avropada vardı, nə Amerikada, nə də Latın Amerikasında. Bizimkilər də onları imitasiya edirdilər. Həmişə olduğu kimi.

- Bir dəfə gənclərdən biri demişdi ki, Şərif Ağayarın 50 yaşı var, amma hələ də qalmaqal, dava arxasındadı. Anarla davanı nəzərdə tuturdu. Haqlı olduğu məqam varmı, sizcə?

- Hər şeylə barışan, ömrünün bütün nöqtələrində ağ bayraq qaldıran gənc daha qorxuludur. O sözləri deyən adam məsələnin mahiyyətini anlamayıb. Azadlıq tərəfdarı bir yazarla sovetdən qalan totalitar bir qurum əbədi və barışmaz savaşdadır. İnsan buna məhkumdur.

- Amma görünür, AYB ilə dava edən yazarlar məğlub oldular. Məsələn, AYB-yə qarşı ən sərt çıxışlar edən adamlar da sonda ora üzv oldular. Bu, sizcə, həmin şəxslərin gücsüzlüyüdür, yoxsa, Anarın gücü?

- AYB-nin zahiri qələbəsi mürtəce çarizmin qələbəsinə bənzəyir. Mütərəqqi olmayan hər şey məğlubdur. AYB sovet avtoritarizmin uzantısı kimi mövcuddur. Həm də bu necə qələbədir ki, 5 min üzvü olan bir təşkilatdan beş-on nəfərlik AYO qədər ciddi imza çıxmadı. Ədəbiyyat siyasətə bənzəməz. Maddi maraqlar naminə səngər dəyişdirəni məğlub sayırıqsa, o səngər özü məğlubiyyətin birbaşa özüdür. Orada sadəcə, maddi təminat var. Vəssalam! Kim o yolu seçirsə, uğurlar olsun. Azad ədəbiyyat yaxşı bir imza itirə bilər, lakin ən böyük itki ilə o imza özü üzləşir. Anarın yanı həqiqi yaradıcılığın iflas nöqtəsidir. Yanlış budaqda əbədiyyət nəğmələri oxuya bilməzsən.

- Anar sədrlikdən gedəndən sonra AYB ilə bağlı iddialar var. Biri deyir, ləğv olunacaq, biri deyir, yeni sədr dəyişiklik edəcək. Ümumiyyətlə, konkret olaraq buranı necə görmək istəyərdiniz?

- AYB işinə gələndə qeyri-hökumət təşkilatı, gəlməyəndə dövlət komitəsi kimi fəaliyyət göstərən repressiv mahiyyətli bir qurumdur. Bir az da lətifəvari yerdir. Hamı ədəbiyyatın bütün üstün məziyyətlərini əlinin dalı ilə itələyib yaşlı bir kişinin başına yığışıb və siyasi hakimiyyəti şəxsiyyətə pərəstiş zamanının məddahları kimi tərənnüm edərək nə isə qoparmağa çalışır. Bu sistemi sivil dünyanın ciddi bir yazıçısına başa sala bilməzsən. Bu növ qələm əhlinə yalnız geridə qalmış postsovet respublikalarında rast gələrsən. Türkiyənin də daha çox ədəbi işbazlarını orada görə bilərsən. Onların da çoxu içində gülür AYB-yə. Ciddi intellektual kəsim isə açıq-aydın gülür. Bu Qəzzafi zehniyyəti mənəvi iflas məkanıdır. Məncə, bu barədə çox danışmağa da dəyməz.

- Amma siz özünüz AYB-yə iki dəfə üzv olmusunuz. Ömrün hansısa çağında üçüncü də gözlənilirmi?

- Bizdə doğru sözü deyən adamı mütləq gözdən salmağa çalışırlar. Mən AYB-yə iki dəfə üzv olmamışam. Bu barədə bir müsahibəmdə ətraflı danışmışam, təkrara lüzum görmürəm. Amma işdir, qocalıb ağlımı itirsəm və səhvimi yenə təkrarlasam, mənim də yazıçı kimi iflasım başlayacaq. Belə bir hadisə baş versə, xahiş edirəm, mənim üçün ağlayasınız. “Pis yazıçı deyildi” deyəsiniz.

- Şərif bəy, bir məsələdə daim müzakirə yaradır. Məsələn, siz Anar və onun zehniyyətini qəbul etmirsiniz, amma Kamal Abdullanı sevirsiniz. Onlar həm dost, həm də əqidaşdırlar. Tutaq ki, Kamal Abdulla Anarın yerindədir, onda necə olacaqdı? Bəlkə şəxsi münasibətlər də təsir edir məsələlərə?

- Əvvəla, Kamal Abdullanın Anarla dost olduğunu düşünmürəm. Anar uğur qazanan, adı daim çəkilən, əsərlərindən davamlı bəhs olunan heç bir yazıçını sevməz. İkinci, mənim təkcə Kamal Abdulla ilə deyil, iqtidarda olan, vəzifədə olan, hətta AYB-də işləyən bir çox insanla normal münasibətim var. Bu barədə kifayət qədər tolerantam. Çünki bütün bunlar şəxsi məsələlərdir. Anarın özü ilə də şəxsi düşmənçiliyim yoxdur. Mən ədəbiyyatdakı totalitarizmin əleyhinəyəm. Özümü o istedadsız bozluqda görmürəm və bu bozluğun ədəbi mühiti bürüməsindən narahat oluram. Buna görə o bozluğun boz kardinalı da haqlı olaraq məni sevmir, haqqımda söz-söhbət, təhqir-hədyan yaydırıb alçaltmaq istəyir. Mümkün qədər hər şeydən kənar saxlayıb deaktiv etmək istəyir. Həqiqəti deyən adamı alçaltmağa çalışmaq da, onu diri-diri yox saymaq da Stalin repressiyaından qalma metoddur. Nə edəsən?

- Folkner deyir ki, ən mükəmməl nəsr 40 yaşdan sonra yaranır. Şərif Ağayar yazıb, ya hələ yazacaq?

- Hər ikisi.

- Deyəsən, bu məsələlərdə bir az eqoistsiniz. Konkret deyək, hazırda Azərbaycanda Şərif Ağayardan yaxşı kim yazır? Hansı ki, məsələn, ona baxırsınız, deyirsiniz, kaş bu əsəri mən yazardım, bu cür yazıçı olardım?

- Mən mükəmməllik deyəndə öz yazdıqlarımın içindəki daha mükəmməlini nəzərdə tuturam. Zahirən eqoist görünürəm. Gerçəkdə isə bəzən heç nəyə yaramadığımı düşünüb depressiya yaşadığım vaxtlar da olur. Mən bircə həqiqətə şübhə etmirəm: ədəbiyyatda səmimiyəm və haqqın tərəfindəyəm. Bu da yaxşı yazmağın astanası deməkdir. Çox sevdiyim və kaş mənim olaydı deyə düşündüyüm əsərlər olub və var. Məsələn, “Saatları tənzimləmə institutu”, “Məhşər” romanı, “Dəyirman” povesti, Mübariz Örənin “Balıq gülüşü” hekayəsi, Ataqamın “Dişlək alma”sı, Nərmin Kamalın “Ülvi küçəsi” və s. Çoxdur belə mətnlər. Mən nəinki eqoist deyiləm, hətta adamları normadan da artıq təqdir edirəm. İşıq görəndə sevinirəm və onun sönməsindən qorxuram. Ədəbiyyata səmimi yanaşan istənilən şəxsi özümdən böyük sanıram. Çünki bizdə çatışmayan budur. İstedad barədə heç vaxt problemimiz olmayıb.

- Sizcə, bu sualda səmimi oldunuz? Konkret ad çəkə bilərsiniz ki, bu adam küll halında məndən yaxşıdır? Yoxsa, bütün hallarda ən yaxşı sizsiniz?

- Elə bir düşüncəm yoxdur, axı. Nə küll halında məndən yaxşı var, nə mən hamıdan yaxşıyam. Hərənin öz işi var. Hərə öz yolunda yaxşı və pisdir. Ədəbiyyat yarış deyil.

- Bəs gənclər necə, yəqin buna rahat cavab verə bilərsiniz? Müasir Azərbaycan ədəbiyyatında üç ən yaxşı gənc yazıçı kimdir sizcə?

- “Üç ən Yaxşı olmur. Bunlar çox şərti şeylərdir. Gənclərin belə rahat, belə tez təslim olması məni narahat edir. Az istisna ilə çox mənfəətpərəst olublar. Komfort onları aldadıb. Otuza çatmamış qocalıblar.

- Bəlkə təslim olan gənclərdən ad çəkəsiniz?

- İnanın, dilim gəlmir. Adamlara son ana qədər inanmaq istəyirəm. Ədəbiyyatı dəyişmək olmaz. İstedadı 40-dan adladmaq çox çətindir. Elə iş də budur.

- Elə bil, gənclərdən bir az çəkindiniz axı? Sanki ad çəkib, onların təslim olduğunu deyib, düşmən qazanmaq istəmirsiniz…

- Çəkinmək deyil. Sərt söz deməyə qıymıram. Gəncliyin həmişə avantajı var. Onlarla bağlı niyyətim işıqlıdır.

- Şərif bəy, yazıçı azadlığını vacib bilirsiniz. Özünüzü doğrudan azad hesab edirsiniz?

- Bəli, azadam. Bir yazıçı Bakıda yaşaya-yaşaya nə qədər azad ola bilərsə, o qədər azadam və əsla özümü nümunə hesab etmirəm. Ən azı bu mövzuda narahatam.

- Məsələn, bu azadlığınız iş yerinə görə dəyişirmi? Sizi “Kulis”ə rəhbər dövrünüzdə bir qədər sakit, “Qanun” nəşriyyatında işləyərkən bir qədər alovlu xatırlamaq mümkündür.

- İş yerinin qaydalarına əməl etmək adi etik normadır. Bu qaydalar bəlli bir sərhədi keçəndə çıxıb getmişəm həmişə. Tək “Kulis”dən yox, Mədəniyyət Nazirliyindən də buna görə çıxmışam. “Qanun”da daha azad mühit var, bəli, çünki müstəqil qurumdur. Onu da deyim ki, azadlıq təkcə nəyəsə qadağa qoyulması deyil. İş şərtləri, vaxt azadlığı, istədiyini edə bilməmək... Çox səbəblər var.

Tarix
2024.06.08 / 07:00
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Bu ölkələr Ermənistanı alqışladı - İrandan səs yoxdur

Bu məsələləri tərəfdaşlarımızla həll etməliyik - Əliyev

Bu, yalnız başlanğıcdır, çünki... – Prezident

“Avronyus”da İlham Əliyevin müsahibəsi yayımlandı

Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Blinkenin zənginin pərdəarxası: ABŞ niyə tələsir?

Bu qadağa tətbiq olunarsa… - Sosioloq çağırış etdi

Rusiya Cənubi Qafqaza “dönür”: Primakov doktrinası...

İrəvan il sonu üçün sülhə, yoxsa savaşa hazırlaşır?

Lekornu sevinir: “Sezar”ları bu ölkələrə satdıq!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla