Son illər Heydər Əliyev Fondunun dəstəyi və
təşkilatçılığı ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri
həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən olan Qəbələ
Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin
rəğbətini qazanıb.
Axar.az xəbər verir ki, iyulun 30-dan başlayaraq qədim Qəbələ
şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu
musiqi festivalına yenidən ev sahibliyi edəcək. Avqustun 5-dək
davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak
edəcəklər.
Hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi
ərazidə ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətinin,
idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park
və bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma
sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.
Qəbələ şəhərinin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil
yolunun kənarına, müxtəlif otel və istirahət mərkəzlərinə
festivalla bağlı yerləşdirilən plakatlar diqqəti xüsusilə cəlb
edir. Əhalinin bu festivala olan marağını artırmaq üçün Bakı,
Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və Gəncənin mərkəzi meydanlarına,
park və küçələrinə xüsusi plakatlar quraşdırılıb, müxtəlif
broşürlər paylanılıb. Bundan əlavə, festivalın keçiriləcəyi Heydər
Əliyev Konqres Mərkəzinin böyük zalında, eləcə də qonaqların
yerləşəcəyi beşulduzlu "Qafqaz Resorte" və "Qafqaz Riverside"
otellərində hazırlıq işləri başa çatmaq üzrədir. Hazırda Heydər
Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək
konsertlər üçün möhtəşəm səhnə quraşdırılır.
Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış
mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
İyulun 31-də Vyana Akademik Orkestri səhnəyə çıxacaq. Orkestrin
bədii rəhbəri Martin Haselblokdur. Həmin gün tamaşaçılar
İspaniyanın "Suite Española" şirkətinin təqdimatında flamenkoya da
baxa biləcəklər. Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad
Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna
Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər.
Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü
Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin
Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova
(qanun) ilə eyni səhnəni bölüşəcək.
Avqustun 2-də Fuad İsmayılovun xatirəsinə musiqi proqramı təqdim
ediləcək. Həmin gün Kubanın "Gənc klassiklər" ansamblı da çıxış
edəcək. "Kiyev virtuozları" orkestrinin çıxışı avqustun 3-4-də
olacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə
Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil
Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov
(bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano)
Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları
dinləniləcək. Festivalın sonuncu günündə - avqustun 5-də piano
musiqisi axşamı təşkil olunacaq. Festival "Kiyev virtuozları"
orkestrinin konserti ilə başa çatacaq.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun
2-dən 5-dək fortepiano müsabiqəsi keçiriləcək.