İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış
mərasimi olub.
Axar.az xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres
Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə
keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin
inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: "Əziz dostlar!
Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının
və qonaqlarının üzünə açır.
Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan
Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin
qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin – Qafqaz
Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası
dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif
xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində
yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun
təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər
beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və
sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi
tanınmaqdadır.
2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli
musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu.
Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi
mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar
arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə
xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz
beynəlxalq nüfuzunu ildən-ilə artırır.
Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların,
sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və
bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak
etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin
ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri
təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli
şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə
öz töhfəsini verir.
Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi
dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama
çevriləcəkdir.
Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın
heyranedici mühitində xoş ünsiyyət arzulayıram".
Sonra xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan
Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının
dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət
Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin,
C.Rossininin əsərləri səsləndirilib. İfaçılar - Dövlət Akademik
Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərovun,
Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin
çıxışları alqışlarla qarşılanıb.
Daha sonra festivalın xüsusi qonaqları olan bəstəkar və müğənni,
SSRİ xalq artisti və əməkdar incəsənət xadimi, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlunun ifası dinlənilib. Polad
Bülbüloğlunu gənc dirijor Murtuza Bülbülün idarəsi ilə Azərbaycan
Dövlət Simfonik Orkestri müşayiət edib.