ABBA ötən əsrin ən məşhur
musiqi qruplarından biri, bəlkə də birincisidir.
Axar.az ABBA qrupunun üzvü Aqneta Feltskoq haqda yazını Samirə
Əşrəfin tərcüməsində təqdim edir:
Qonşuluqdakı piano…
Ötən əsrin ən məşhur qruplarından olan ABBA-nın qadın
ifaçılarından Aqneta Feltskoq 1950-ci il aprelin 5-də İsveçin
Yençepinq şəhərində anadan olub. Onun atası İnqvar Feltskoq uzun
illər şəhər mağazasında menecer işləyib. Anası Birqit Yoxanson isə
evdar qadın olub. Ailənin ən böyük övladı olan Aqnetanın özündən
sonra bir kiçik bacısı dünyaya gəlib.
Aqnetanın musiqiyə olan həvəsi ona atasından keçib. Atası hələ
cavan yaşlarından musiqi sənətinə dərin maraq duyub. Lakin
dolanışığın çətinliyi və imkansızlıq ona musiqi ilə bağlı
arzularını həyata keçirməsinə imkan verməyib. Gələcəkdə atasının bu
arzusunu reallaşdırmağa çalışan balaca Aqneta artıq 5 yaşının
tamamında ilk mahnısını yazır. O, həyət-bacada qumla, palçıqla
oynayan yaşıdlarından fərqli olaraq, gününü qonşularında - pianonun
arxasında keçirir. Aqnetanın 7 yaşı tamam olanda, ailəsi musiqiyə
olan marağını hiss edib, ona təzə piano hədiyyə edir. Bir müddət
sonra musiqi Aqneta üçün təkcə məşğuliyyət yox, həm də ehtiraslı
asılılığa çevrilir. Orta məktəbdə o qədər də fəal şagird olmayan
qızcığazın ən çox maraq duyduğu fənlər ədəbiyyat və dil dərsləri
olur. Aqnetanın 14 yaşı olanda musiqi müəlliməsi ona dərs keçməkdən
imtina edir. Bu imtinaya səbəb Aqnetanın bacarıqsız və ya savadsız
şagird olması yox, tam əksinə, onun hədsiz dərəcədə istedadlı
olması idi.
İlk uğurdan imtina...
Çox güclü musiqi duyumu və qabiliyyəti olan Aqneta tez bir
zamanda məktəbli yoldaşlarından ibarət "Kambers" adlı musiqi
qrupunu yaradır. Musiqi qrupu ilə birlikdə valideynlər üçün təşkil
olunmuş gecədə çox gözəl mahnılar ifa edən Aqneta uzun zaman həmin
gecədə iştirak edənlərin yadında qalır.
15 yaşı tamam olan kimi o, artıq kim və hansı sənətin sahibi
olacağını müəyyənləşdirir. Musiqi karyerasını yaratmaq üçün o, orta
məktəbi tərk edir. Özünü dolandıra bilməkdən ötrü avtomobil
kompaniyası yaradır. Paralel olaraq da özünə musiqi sahəsində kömək
edə biləcək tərəfdaşların axtarışına başlayır. Aqneta Berntr
Enqxardtın ansamblında solist kimi fəaliyyətə göstərir. Qısa
vaxtdan sonra o, kollektivin əsas üzvlərindən birinə çevrilir. Uzun
müddət həmin qrupla birgə işləyən Aqneta bir gün ansamblla birlikdə
Stokholmdakı səsyazma studiyasına gedir. Onun gedişindən bir neçə
gün sonra məşhur prodüser Lille Qerxard qrupun rəhbərliyinə zəng
vurub, Aqnetanın səsindən çox məmnun olduğunu deyir və təklif edir
ki, Aqneta ilə birlikdə solo albom hazırlasın. Aqneta bu xəbərdən
məmnun olsa da, qrupun digər üzvlərinə haqsızlıq etməmək üçün
prodüserin təklifinə "yox" cavabı verir. Lakin sonradan ansambl
iştirakçılarının da istəyi ilə bu təkliflə razılaşır və ilk solo
albomunu hazırlayır.
1968-ci ildə işıq üzü görən ilk albomu gənc müğənniyə böyük uğur
gətirir. Bir müddət sonra 19 yaşlı müğənni İsveçrənin ən məşhur
ifaçılarından birinə çevrilir.
Günlərin birində isə o, qatıldığı bir televiziya şousunda
musiqiçi Börn Ulveusla tanış olur. Elə həmin ərəfədə Benni
Andersson musiqi qrupu yaratmağa başlayır. İlk olaraq o, qrupun
tərkibinə Aqneta və Börnü dəvət edir. Daha sonra isə Benni ilə
sevgi münasibəti olan digər qadın ifaçı Anni Frid Linqstad da qrupa
qatılır. Beləliklə, bütün dünyaya səs salacaq ABBA qrupu fəaliyyətə
başlayır.
ABBA-da yaranan məhəbbət...
İsveçrəli dördlük ilk dəfə 1970-ci il noyabrın 1-də Qöterborq
şəhərindəki restoranların birində səhnəyə çıxır. Qrupun adı
ifaçıların baş hərflərindən yaranır. Qadın ifaçıların da qrupa bəxş
etdiyi gərgin iş sayəsində qrup tez bir zamanda inkişaf edir.
Aqnetanın həyatında isə sevgi dolu anlar başlayır. ABBA-nın solisti
Börn Ulveusla onun arasında başlanan dostluq tezliklə sevgiyə
çevrilir. 1971-ci il iyulun 6-da Aqneta və Börn ailə qurur. İki
ildən sonra onların Linda adlı qızları doğulur. 1977-ci ildə Aqneta
Kristian adlı oğlan uşağı da dünyaya gətirir. Bu iki şəxsin ailə
qurması ABBA-ya daha da populyarlıq qazandırır. Həyatlarını
birləşdirən cütlüyün ifaları pərəstişkarlarını daha da valeh
edir.
Lakin Kristianın doğulmasından bir il sonra ailədə narazılıqlar
başlayır. 1978-ci ildə Aqneta uşaqları ilə birlikdə evi tərk edib,
Börndan həmişəlik ayrılır. Sonralar Aqneta həmin günü qəlbinin
qırıldığı ağır bir gün kimi xatırlayır. İştirakçısı olduğu qrup
1974-cü ildə "Vaterlo" mahnısı ilə Avroviziya musiqi yarışmasında
birincilik qazanır. 1987-ci ilə qədər Aqneta ABBA ilə birlikdə
işləyir. Həmin il qrupun sonuncu albomu - "Ay Stənd Əlon" işıq üzü
görür. Bu albomdan sonra qrup fəaliyyətini dayandırır. Aqneta isə
səhnədən uzaqlaşır. Bir müddət sonra müğənni cərrah Tomas
Sonnenfeldlə ailə qurur. Ancaq bu nikah da uzunömürlü olmur,
Tomasdan ayrılan Aqneta tənhalığı seçir.
Qayıdış...
2004-cü ildə o, 17 illik fasilədən sonra yenidən musiqi
dünyasına qayıdır. ABBA-nın fəaliyyətinin dayanması və musiqidən
uzaqlaşması müğənni üçün ağır depressiya dövrü yaradır.
Müsahibələrinin birində o, karyerası və özü haqqında deyir: "Bəzən
elə hesab edirlər ki, mən özümü mediadan və insanlardan gizlədirəm.
Əslində isə bu, belə deyil. Bu, sadəcə olaraq mənim yaşam
tərzimdir. Mən sakit və rahat yaşamaq istəyirəm. Bu günə qədər nə
etmişəmsə, ürəyimin səsi ilə etmişəm. Bütün işlərimin öhdəsindən
gəlməyə çalışmışam. Xeyli vaxtdır ki, heç bir ölkəyə səyahət
etmirəm. Çox nadir hallarda dəvət olunan qonaqlıqlara gedirəm.
Bilirsinizmi, illər çox sürətlə ötüb keçir. Mən həddindən artıq
mahnı oxumuşam, bəstələmişəm. Uzun illər rahatlıq bilmədən
çalışmışam. O qədər işlər görmüşəm ki, bu, mənə xeyli vaxt bəs
edər. ABBA-dan sonra isə yorğun olduğumu dərindən hiss etdim. Bu,
mahnılardan, musiqidən olan yorğunluq idi. Buna, bir növ, "mikrofon
xəstəliyi" də demək olar. Lakin son illər nədənsə məndə musiqiyə
yenidən maraq oyandı. Və mən musiqi albomu çıxartmağa qərar verdim.
Qarşıdan gələn illərin nələr gətirəcəyini isə deyə bilmərəm..."
2004-cü ildə çıxardığı musiqi albomuna 60-cı illərin ən xit
mahnılarını daxil edən müğənni qısa vaxtda tamaşaçıların və musiqi
dünyasının diqqətini cəlb edir. Onun albomu Avropa musiqi onluğunda
özünə yer qazanır.
2013-cü ildə isə müğənni "A" adlı daha bir albomunu
pərəstişkarlarına təqdim edir. Mayın 7-də Stokholmda ABBA muzeyinin
açılışı olur. Lakin həmin ərəfədə Londonda olan Aqneta açılışa
qatıla bilmir. 65 yaşlı müğənni hal-hazırda Xelqo adasındakı evində
nəvələri ilə birgə həyatını davam etdirir.