Axar.az Samirə Əşrəfin
tərcüməsində məşhur italyan müğənni İolanda haqda yazını təqdim
edir:
Qaranlıq körpəlik illəri…
XX əsrin əvvəllərində İtaliyada baş qaldıran işsizlik bir çox
italyan ailəsinin xarici ölkələrə axın etməsinə səbəb oldu. Cüzeppe
Cilotti də öz ailəsi ilə birlikdə Misirin ucuzluq və bolluq
baxımından münasib olan Qahirə şəhərinə köçməli oldu. Onun oğlu
Petro böyüdükdən sonra Qahirə şəhərinin operasında skripka ifaçısı
kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra Petro Cüzeppino
adlı bir qadınla ailə həyatı qurub qərblilər və ərəblərin mehriban
şəraitdə yaşadıqları Şubra məhəlləsində yaşamağa başladılar. Bu
nikahdan onların Orlando, Bruno adlı iki oğlu, İolanda adlı qızları
oldu.
Gələcəyin parlaq musiqi ulduzlarından birinə çevriləcək İolanda
1933-cü ilin 13 yanvarında dünyaya gəlir.
On aylıq körpə olan İolandanın gözünə mikrob düşür. Müalicə
kursu keçdikdən sonra həkimlər qırx gün İolandanın gözlərinin bağlı
qalmasını məsləhət görürlər. İolandanın anası qızının gözlərini
sarğı ilə bağlamalı olur. Lakin daim qaranlıqda qalan qızcığaz
dəfərlərlə həmin sarğını gözlərindən qoparıb atır. Nəhayət
valideynlər onun əllərini də bağlamaq məcburiyyətində qalırlar.
Qırx gündən sonra gözləri sarğıdan açılan İolanda daha pis
durumla üz-üzə qalır. Onun gözləri kor olmaq dərəcəsinə çatır. Çirk
və qaysaq bağlayır. Dörd yaşında iki dəfə göz əməliyyatı keçirən
İolanda bir müddət sonra böyük şüşəli eynək taxmaq məcburiyyətində
qalır. Məktəb illərində hamı onu dördgöz deyə çağırmağa
başlayır.
Lakin buna baxmayaraq, o, gələcəkdə aktrisa olacağı haqqında
qərar qəbul edir. On üç yaşı olanda o, eynəyini gözündən çıxarıb
pəncərədən bayıra atır, katolik məktəbdə təhsil alır. Həmin
məktəbdə səhnələşdirilən tamaşalarda kiçik rollar oynamağa
başlayır.
On iki yaşı olanda atası müharibə illərində əsir düşdüyü
düşərgədə ölür. İolanda məktəbi bitirəndə 16 yaşı yenicə tamam
olur. O, əczaçılıq kompaniyasına məxsus bir ofisdə katibə işləməyə
başlayır.
1954-cü ildə İolanda ailəsindən gizlin iştirak etdiyi "Miss
Misir" gözəllik yarışında qalib olur. Bundan sonra o, filmlərə
çəkilmək üçün təkliflər almağa başlayır.
Parisə doğru uzanan yollar…
İlk dəfə "Siqaret və bardaq" filminə təklif alır. Bu filmdə
geyindiyi kostyumlarla o, "Samson və Dalila" filmindəki Hedi Lamara
bənzəmişdi. Bunun üçün də İolanda Dalila ləqəbi qazanır. Bir müddət
sonra isə o, Fransada Dalida olacaqdı.
Daha sonra Dalida Misirdə "Tutankomun maskası" adlı film çəkən
fransız rejissoru Mark de Kastinenin diqqətini cəlb edir. Kastine
Dalidaya Fransaya gedib bəxtini orda sınamağı məsləhət görür.
1954-cü ilin soyuq yeni il gecəsi Dalida Fransanın paytaxtı
Parisə üz tutur. Bir müddət böyük və soyuq şəhərdə kimsəsiz və
pulsuz yaşayan Dalida qısa vaxtda kazino müğənnisi kimi fəaliyyətə
başlayır.
Bruno Merrik adlı menecer "Olimpia" kinoteatrını yenicə satın
alıb kazinoya çevirməyi planlaşdırırdı. Dalida bir müddət
"Olimpia"da çıxışlar edir. Daha sonra "Sabahın bir nömrəsi" adlı
radio proqramına dəvət alan Dalida "Cənnətdəki yad" mahnısını
söyləyib iki əsas musiqi adamının diqqətini cəlb edir.
Bunlardan biri "Avropa 1" radiosunun redaktoru Lyusen Moriss,
digəri isə "Barklay" disk şirkətinin rəhbəri Eddi Barklay idi.
Dalidanın meneceri olan Barklay 1955-ci ildə Dalidanın ilk diski
olan "Madonna"nı satışa çıxartdı.
Dalida adının şöhrətə çatmasını səbəb olacaq disk isə 1956-cı
ildə "Bambino" adı ilə işıq üzü gördü.
Qısa zaman ərzində 300.000 məbləğində satış qazandıran bu disk
1957-ci ilin sentyabrında Dalidaya "Qızıl disk" mükafatını
qazandırdı.
Uğursuz evlilik və məhəbbət…
8 aprel 1961-ci ildə Dalida Lyusen Morisslə ailə həyatı qursa
da, bir ildən sonra bu evlilik pozuldu. Hələ 1960-cı ilin
ortalarında Dalida Monmartedə məşhur olan sarayvari evi satın aldı.
1964-cü ilin avqust ayında isə imicini radikal şəkildə dəyişərək
"sarışın bomba" ləqəbini alır. Həmin ilin sonlarına doğru Dalida
Fransa musiqi səhnələrinin ən məşhur qadın müğənnisi adını
qazanmışdı.
Müğənninin səhnə karyerası yüksəldikcə, şəxsi həyatı da bir o
qədər sönükləşməyə doğru istiqamət alırdı. Dalida hər gecə pəri
saraylarını xatırladan evinə yalnız dönürdü.
1966-cı ildə italyan plak şirkəti RCA Dalidanı istedadlı gənc
bəstəkar Luico Tenko ilə tanış edir. Bu ehtiraslı və ağıllı italyan
gənc Dalidanı özünə məftun etmişdi. Bu iki nəfər baş-başa verib
işləməyə başladılar. Qısa zaman ərzində isə bir-birilərinə aşiq
oldular. "San Remo" qala festivalında "Çao amore" mahnısı ilə çıxış
edəcəkdilər. Lakin taleyin başqa planları varı.
Dalida və Luico 1967-ci ildə San Remoda səhnəyə çıxdıqları zaman
üzərlərində çox güclü diqqət varidi. Dalida İtaliyada onsuz da
tanınırdı. Ancaq gənc bəstəkar və aranjımançının adı hələ yeni idi.
Üstəlik onların tezliklə evlənəcəkləri xəbərləri onları daha da
maraqlı cütlüyə çevirmişdi. Maqazinçilər onların hər dəqiqəsini
izləyib maraqla təqib edirdilər.
Təəssüf ki, bu cütlük ailə qura bilmədi. Çünki "San Remo"
festivalında nə Dalida, nə də Luici müvəfəqiyyət qazana bildi. Bu
hal Luicini hövsələdən çıxartmışdı. Çoxlu miqdarda içki içərək
Luici jüri üzvlərinə qarşı ağır təhqirlər edib onları hiyləgərlikdə
və düzgün seçim etməməkdə günahlandırdı. Bu qəzəbin ardından Luici
otağına çəkilib intihar yolunu seçdi.
Sevgilisinin ölümündən dəhşətli dərəcədə sarsılan Dalida bir
neçə ay sonra özü də yüksək dozalı dərman həbləri qəbul edib
intihara cəhd etdi. Lakin ölümün pəncəsindən xilas olan müğənni
özünü birtəhər ələ almağı bacardı. Ara-sıra konsertlər verməklə
yanaşı, fəlsəfə kitabları oxuyub həm yoqa, həm də meditasya ilə
məşğul olurdu.
Uğurlu karyera və gələcək prezidentlə sıx
münasibət…
70-ci illərdə Dalidanın musiqi karyerası həmişə zirvələrdə oldu.
Az qala hər gün televiziya şou proqramlarına çıxış edirdi.
Ərəb ölkələrində, xüsusilə də Misirdə, Qahirədə, Livanda onu çox
sevirdilər. 70-ci ildə Misir və Livan şəhərindən qayıdanda ona ərəb
dilində mahnlar oxumağı da məsləhət gördülər. 1977-ci ildə o, Misir
folklorundan qaynaqlanan "Salma ya salama" mahnısını ərəb dilində
ifa etdi. Mahnı Fransa və yaxın şərqdə həddindən artıq çox sevilib,
uğur qazandı. Mahnının uğuru Dalidanı həmin mahnını beş dildə
oxuyub diskə köçürtməyə məcbur etdi.
Həmin illərdə disko çılğınlığı hər tərəfi bürüdüyündə Dalida da
həmin şəraitə uyğunlaşmağa çalışdı. Otuz illik karyerası boyunca öz
musiqi stilini dövrün modasına uyğunlaşdırmağı hər zaman
bacarmışdı.
Karyerasındakı yüksəliş onun şəxsi həyatına da təsir edirdi.
Daha sonra o, pərəstişkarı Ricard Qrenfri ilə münasibət yaşamağa
başladı.
1973-cü ildə Alen Delon ilə oxuduğu yeddi dəqiqəlik duet ona
nəinki Fransada, Avropa və Yaponiyada çox böyük uğur
qazandırdı.
Dalidanın Avropaya məlum olan məşhurluğu nəhayət ki,
amerikalıların da diqqətini cəlb etdi. 29 noyabr 1978-ci ildə Nyu
Yorka dəvət alan müğənninin 1920-ci illərdə çox sevilən Lambet
Valkın mahnısını Dalidanın ifasında eşidən minlərlə izləyici
konsert salonun az qala dağıdacaqdılar.
Dalidanın 80-ci illərdəki karyerasında prezident seçilən Fransua
Mitterana olan dəstəyi öz damğasını vurmuşu. Belə ki, siyasi
olmaqdan çox, şəxsi münasibətdən yaranan bu dəstək Dalidaya qarşı
müxalif dalğanın yüksəlməsinə səbəb olmuşdu. Dalida Mitteranın
şəxsiyyətindən təsirləndiyini heç vaxt gizlətməyib demişdi: "Mən
onun şəxsiyyətinə səs verdim, partiyasına yox".
1981-ci ildə prezident seçilməsiylə birlikdə Mitteranın şəxsi
həyatı da mətbuatın nəzərində idi. 1982-ci ildə Dalida və Mitteran
münasibətləri ilə əlaqədar skandallar ortalığa çıxdı. Vəziyyəti
belə görən müğənni Fransadan bir müddət uzaqlaşmaq üçün bir illik
dünya qastroluna çıxdı.
İntihara ikinci cəhd və son
Fransaya geri dönəndən bir az sonra köhnə sevgilisi Riçardın
intihar xəbəri onu təkrar sarsıtdı. Luico Tenconun 1967-ci ildəki
intiharından sonra Dalidanın əri olan Lusie Moriss də 1970-ci ildə
intihar etmişdi.
1986-cı ildə Misirli rejissor Yusif Şahin "Altıncı gün" filmində
Dalidaya baş rol təklif etdi. Dalidanın əvvəlki aktrisalıq
karyerası adi rollardan ibarət olduğundan, həm də müğənnilikdən
yorulduğundan bu təklifi qəbul etməli oldu. Film uzun və sıxıcı
olsa da, maraqlı tənqidlərə yol açdı.
Dalidanın şəxsi həyatına vəziyyət heç də ürəkaçan deyildi. Son
olaraq bir həkimlə olan gizli münasibəti də ayrılıqla
nəticələnmişdi. Dalida bu səfər düçar olduğu depressiyanın
öhdəsindən gələ bilmədi.
Bir zamanlar "mən səhnədə ölmək istəyirəm" deyən qadın təəssüf
ki, 3 may 1987-ci ildə artıq miqdarda yuxu həbi içərək intihar
etdi. İntihardan əvvəl bir kağız parçasına "Məni bağışlayın, həyat
mənim üçün dözülməz oldu" sözlərini yazmışdı. O, Monmartr
məzarlığında dəfn edilmişdi.
Karyerası boyunca Dalida beş yüzə yaxın mahnı ifa etmişdi. Həmin
mahnıların təxminən iki yüzü doğma italyan dilində idi. Qalan
mahnıları isə fransız, alman, ərəb, ingilis, ispan, yapon və s.
dillərdə oxumuşdu. 2008-ci ildə Fransada avtoritet nəşriyyatlardan
biri olan Universal Ensklopediyanın keçirdiyi sorğuya əsasən,
Dalida siyahıda Şarl de Qolldan sonra ikinci yerə layiq
görülmüşdü.