Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti,
professor Firəngiz Əlizadə Andrey Petrov adına bəstəkarların
beynəlxalq müsabiqəsinin münsiflər heyətinə rəhbərlik etmək üçün
Sankt-Peterburqa dəvət edilib. Müsabiqənin münsiflər heyətində
A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D.Yanov-Yanovski, A.Karalyov
və İ.Drux kimi məşhur bəstəkarlar yer alıb.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Axar.az-a
bildirilib ki, Tarixi Dövlət Filarmoniyasının böyük zalında
keçirilən bağlanış mərasimində F.Əlizadə çıxış edərək Rusiya və
Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri
Şostakoviç kimi korifeylərin əməyinə söykənən dostluğun
əhəmiyyətindən danışıb.
"Bu gün biz – Şostakoviçin sevimli tələbələri olan Qara
Qarayevin və Cövdət Hacıyevin tələbələri xalqlarımız arasında
mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardığımız
işlərdə onların ideyalarına və nailiyyətlərinə söykənirik", - deyə
F.Əlizadə qeyd edib.
Onuncu yubiley müsabiqəyə 12 ölkədən 108 partitura göndərilib.
İqor Drux "Betelqeyze" əsəri ilə sözügedən müsabiqənin qalibi olub.
Simfonik musiqi üzrə laureat adına "Vulkan" simfonik lövhəsi ilə
İsveç bəstəkarı David Ribe, "İnfiniti" əsəri ilə kanadalı Nurulla
Xoca, həmçinin "Palladium" fortepiano konserti ilə
Sankt-Peterburqdan Artur Vavel layiq görülüblər. Müsabiqənin
laureatlarının əsərləri Dövlət Filarmoniyasının böyük zalında
məşhur dirijor, Rusiyanın Əməkdar İncəsənət Xadimi Arkadi
Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət
Akademik Simfonik Orkestrinin müşayiəti ilə ifa olunub.
Finalçıların əsərlərindən başqa orkestrin musiqiçiləri
A.Petrovun "Dünyanın yaranması" baletindən süitanı, həmçinin
F.Əlizadənin "Nağıllar" simfonik poemasını ifa etməklə
dinləyicilərin zövqünü oxşayıblar.
Tamaşaçılar bəstəkar Firəngiz Əlizadəni böyük coşqu ilə
salamlayıb, onun gözəl musiqisindən, həmçinin rəhbərlik etdiyi
münsiflər heyətinin işindən məmnunluq duyduqlarını bildiriblər.
Firəngiz Əlizadə artıq ikinci dəfədir Rusiya Mədəniyyət
Nazirliyinin, Sankt-Peterburq Hökuməti Mədəniyyət Komitəsinin və
A.P.Petrov Fondunun birgə təşkil etdiyi və Rusiyada böyük nüfuza
malik, həmçinin bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq
müsabiqənin münsiflər heyətinin sədri olur.
Qeyd edək ki, F.Əlizadə dəfələrlə ABŞ, Çexiya, Almaniya,
Avstriya və başqa ölkələrdə keçirilən bəstəkarların, həmçinin
pianoçuların çoxsaylı beynəlxalq müsabiqələrinin münsiflər heyətinə
dəvət edilib.