Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə
təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start
verilib.
Axar.az xəbər verir ki, festivalın açılışından əvvəl mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu
musiqi bayramının əhəmiyyətindən söz açıb. Ənənəvi olaraq keçirilən
Bakı Caz festivallarından danışan nazir deyib ki, budəfəki festival
həcm və mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir. Çünki burada
ustad dərslərinə xüsusi önəm veriləcək. Bununla yanaşı, gənc caz
ifaçıları üçün müsabiqə keçiriləcək. İlk dəfə olaraq bu festival
çərçivəsində caz mövzusuna aid bir neçə sərgi açılacaq. Eyni
zamanda kinematoqrafiya və musiqinin vəhdətinin sintez eksperiment
təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Nazir diqqətə çatdırıb ki, festival çərçivəsində 10-dan çox
ölkədən müxtəlif caz ifaçıları qonağımız olacaq. Tədbirlər
paytaxtın bir neçə konsert salonunda keçiriləcək.
Azərbaycanda cazın böyük tarixə malik olduğunu söyləyən Əbülfəs
Qarayev deyib ki, hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun
rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət
göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və
Rafiq Babayevin adları ilə çox məşhurlaşmışdı. Bakı SSRİ məkanında
ən qabaqcıl caz məkanlarından sayılırdı. Müstəqilliyimizin bərpa
edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verdi. Gənc nəsil
bu musiqi janrında istedadlarını sınamaq üçün müxtəlif
müsabiqələrdə iştirak etdi. 2007-ci ildən etibarən Azərbaycan
ifaçıları dünyanın ən böyük və mötəbər caz festivalı - Montre Caz
Festivalına qatılır. Bu da caz ifaçılarımızın dünya miqyasında
tanınmasına imkan yaradır.
"Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında
tanınır. Onlarla məşhur caz ifaçıları ölkəmizdə olub. Onlar artıq
Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici
haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb
edən musiqi üslubudur. Bizim gənclərimiz etno-caza böyük həvəs
göstərirlər. Onların muğam musiqisi əsasında yeni improvizasiya
edilmiş kompozisiyaları dünya ictimaiyyətinə çatmaqdadır", - deyə
nazir vurğulayıb.
Festivalın açılışı Braziliyadan olan "Qabriel Qrossi" triosunun
çıxışı ilə baş tutub. Cazsevərlərin iştirak etdiyi gecədə səslənən
musiqilər böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festivalın proqramında "Antonio Lizana" kvarteti
(İspaniya), "Plunge" qrupu (İsveç), "Pierre de Tregomain" kvartetin
(Fransa), "Debora Karter" kvinteti (Hollandiya), "Eren Coşkuner"
kvarteti (Türkiyə), "Linley Marthe & Friends" qrupu (Fransa),
Bakı Caz Müsabiqəsinin qalibləri, "Dinovski və Schuberth Dueti"
(Makedoniya, Avstriya), Albert Hera (İtaliya), "Omar" (Böyük
Britaniya), "Tord Gustavsen" kvartet (Norveç), "Levan Kemularia"
triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski, "Sebastiyan
Studnitski" triosu (Almaniya), Sebastiyan Studnitski & String
(Almaniya-Azərbaycan), "Djabe" qrupu (Macarıstan), "Takumi`s Trick
with Asian Friends" (Yaponiya), Dainus Pulauskas (Litva), "Qrzeç
Piotrovski & Sebastiyan Vipiç" (Polşa), "Musica Ficta" qrupu
(Kolumbiya), Denise Fontoura & DJ Seegweed (Braziliya-İsveç) və
Maya Barataşvilinin (Gürcüstan) konsertləri yer alıb. Konsertlər
Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında, M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi
zalında, "Rotunda Jazz Club", "Cine Club"da təşkil ediləcək.
Festival çərçivəsində, həmçinin incəsənət və fotosərgilər, ustad
dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif"
filminin nümayişi, "Uşaq caz günü" müsabiqəsinin keçirilməsi
nəzərdə tutulub.
Festival oktyabrın 30-dək davam edəcək.