Yuxarı

“O səs Türkiyə”nin iştirakçısı: “Çörək almaq üçün...”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

İfa etdiyi “La la la” mahnısı ilə “O səs Türkiyə” müsabiqəsində Hadisə ilə Əbru Gündəşi özünə tərəf döndərməyi bacaran, simpatik mimika və jestləri ilə tamaşaçıların diqqətini çəkən Mərdan Kazımov Musavat.com-a müsahibə verib.

Kult.az sözügedən müsahibəni təqdim edir:

- Mərdan Kazımov kimdir? Özünü oxuculara necə təqdim edər?

- 1994-cü ilin 3 iyulunda Naxçıvan Muxtar Respublikasının Yengicə kəndində anadan olmuşam. Kənd uşağıyam, bununla fəxr edirəm. 3-cü sinfə qədər orada oxudum, sonra Bakıya köçdük, təhsilimi burada davam etdirdim. 5-ci sinifdən başlayaraq musiqi ilə məşğul oldum. Anam məni skripka sinfinə qoydu, 5 illik musiqi məktəbini 4-cü ildə yarımçıq qoydum. Skripkamı satıb, gitara aldım, əvvəl dostlar öyrətdi, sonra müəllim yanına gedib biliklərimi artırdım. Məktəbi 9 illik bitirmişəm, dərs oxumaqla aram yox idi. Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil oldum. Oxumaqla bərabər, həm də işləyirdim.

- “O səs Türkiyə” müsabiqəsinə qatıldığınız zaman da bildirmişdiniz ki, 12 yaşınızdan işləməyə məcbur olmusunuz...

- Orda adamı elə ab-havaya salırlar ki, insanın ağlamağı gəlir (gülür). Evdən heç kim məni məcbur etməyib. Sağ olsun anam, mənə yaxşı baxırdı. Özüm dərk etdim ki, işləmək lazımdır, ayıbdır. 11-12 yaşımda uşaqlarla mis, butulka toplayıb satırdıq. Qonşumuzda Rafiq dayı vardı, indi rəhmətə gedib. Hər gün içki içirdi, onun araq butulkalarını götürüb, podval kimi yerdə butulka alan şəxslərə satırdıq. Həmişə özümdən böyük dostlarımla gedirdim. Bir dəfə isə tək getməli oldum, çox tərəddüd etdim, qapıda çox fırlandım, içəri girməyə qorxurdum. Sonra özümü toplayıb, içəri girdim, butulkaları satdım və evə çörək alıb apardım. Sonralar isə küçə musiqisi ilə məşğul olub, pul qazanırdım. İndi düşünürəm ki, o vaxtlar işləməklə düz etmişəm, əziyyətin, zəhmətin nə olduğunu bilirəm.

- Necə oldu ki, “O səs Türkiyə”yə qatılmaq barədə qərar verdiniz?

- 2013-cu ildən başlayaraq müsabiqəyə 5 dəfə qatılmışam. Hər dəfə məni çağırırdılar, sonra seçimlərdən kəsilirdim. Özümü inkişaf etdirməyimdə “O səs Türkiyə”nin rolu böyük olub. Hər dəfə turu keçməyəndə daha çox hazırlaşırdım. Sonuncu dəfə müsabiqəyə dəvət olunanda getməməyi qərara aldım. Bütün gecəni gözümə yuxu getmədi. Səhər saat 8-də yatdım, 10-da qəfildən ayıldım. Mənə elə gəldi ki, bu işarətdir, durub seçim turu olan məkana getdim və iki mahnı oxudum. 9 gün sonra Türkiyədən zəng gəldi ki, sizi Türkiyəyə dəvət edirik, seçim turunu keçmisiniz. Birinci inanmadım, elə bildim ki, uşaqlar zarafat edir. Sonra pasportlarımızın şəklin istədilər, elektron ünvanıma biletlərin, otel bronunun fotoları gələndən sonra inandım. Həqiqətən orada çıxış etmək mənim üçün sevindirici hal idi.

Müsabiqədə də “La la la” mahnısını oxudum. Hadisə ilə Ebru döndü. Mən də Ebrunu seçdim.

- Hadisə sizin janrınıza daha yaxındır, amma Əbru Gündeşi seçdiniz. Taktika işlətdiniz, yoxsa içinizdə Əbruya qarşı bir sevgi var?

- Müsabiqəyə getməmişdən öncə hər münsifin qrupundakı iştirakçılara baxdım. Əbru Gündəşi seçməyim taktika idi. Onun komandasında mənim kimi ifaçı az idi və şansım çox idi. Əvvəldən Əbrunu seçəcəyimi qərarlaşdırmışdım. Amma Gökhan ilə Hakan uşaqlığımın rok qrupudur. Onlar dönsəydi, yəqin fikrimi dəyişərdim. Yaxşı ki, dönmədilər, qrupları güclü olsa da, onları seçəcəkdim.

- Bu il “O səs Türkiyə” ətrafında çox söz-söhbətlər oldu. Azərbaycanlı iştirakçılar onlara qarşı haqsızlıq, aşağılama olduğunu bildirdilər. Siz müsabiqədə olan zaman belə nüanslar hiss etmisiniz?

- Mən elə nüanslar hiss etməmişəm. Bizə özlərindən biri kimi davranırdılar. Aramızda fərq qoymurdular. Sadəcə yarışmanın qaydaları dəyişib. Bizim zamanımızda efirdən kənar seçim olurdu. Bu il isə efirdə seçdilər. Bu il 4 azərbaycanlın eyni qrupa salınması insanları təəccübləndirdi. Mənə də qəribə gəlmişdi. Sonra proqramdan açıqlama verilmişdi ki, hamısı eyni tərz oxuduğu üçün bir komandaya salınıb.

- Başqa komanda da iki azərbaycanlı ilə 4 türk bir qrupda idi. Onlardan ancaq azərbaycanlılar Pərvaz İbrahimli ilə Mehman Tağıyev seçildi. 4 türk iştirakçı isə uzaqlaşdırıldı...

- Mənə elə gəlir ki, orada fərq qoyulmur. Müsabiqədə bütün xərclərimiz qarşılanır. Özümüzlə dostumuzu da apara bilirik. Yol, otel, qidalanma, bütün xərcləri ödəyirdilər. Paltarı olmayana deyirdilər ki, paltar al, çeki gətir, pulunu ödəyək. “O səs Türkiyə” istedadlı azərbaycanlı gənclərə qapı açır, onların tanınmasına şərait yaradır. Müsabiqədən öncə getdiyim bütün telekanallar, mətbuat orqanları məni yola verirdi. Heç kim dəstək olmaq istəmirdi. Müsabiqə zamanı dəvətlər çox olsa da, müqaviləmiz olduğu üçün gedə bilmirdim. Düzdür, gedən iştirakçılar vardı, amma mən risk etmək istəmədim. İndi isə məni çoxları tanıyır, efirlərə də dəvət olunuram.

- Hər kəs sizi “O səs Türkiyə”dən tanıdı. Lakin ondan əvvəlki fəaliyyətiniz də olub, “Avroviziya” mahnı müsabiqəsinin seçimlərinə də qatılmısız.

- 12 yaşımdan musiqi ilə məşğulam. Arada konsertlərdə də çıxış edirdim. “Avroviziya”nın seçim turuna özümü sınamaq üçün qatıldım. Düşündüm ki, televiziya proqramına qatılıb, görüm reaksiyalar necə olacaq. Müsabiqədə gördüm ki, çox güclü ifaçılar var. Mən ölkəmizi təmsil edən Fərid Məmmədova eyni həftədə çıxış etdim. O həftə 3-cü yerə çıxdım. Fərid isə müsabiqədə ölkəmizi təmsil edəcək iştirakçı oldu.

- Yenidən “Avroviziya”a qatılmaq haqda düşünürsünüz?

- Hələ ki, fikrim yoxdur. “O səs Türkiyə” kimi böyük səhnədə oldum. Ora da “Avroviziya”dan geri qalmır. Mənə o müsabiqə maraqlı deyil. Düşünürəm ki, o müsabiqəyə əvvəlki maraq qalmayıb.

- Ard-arda iki mahnı təqdim etdiniz. Tamaşaçıların reaksiyası necə oldu?

- Ötən ay “Ana” mahnısını təqdim etdim. Sözlərini Orxan Zeynallı, sözlərini özüm yazmışam. Bir gün söhbət edirdik, anam, ailəm haqda danışırdım. Orxan danışdıqlarımdan təsirlənib ana haqda şeir yazdı, mən də musiqi bəstələyib anama həsr etdim. Bu yaxınlarda isə “İstərəm” adlı mahnını ifa etdim. Sağ olsun, mənə müğənni Kərim Abasov da dəstək oldu. Idman zalında rastlaşdıq, nələr etdiyimi soruşdu. Yeni mahnı yazdırdığımı dedim. “Göndər dinləyim” dedi, göndərdim, bəyəndi, paylaşdı. Bəzi media orqanlarına ötürdü. Bir də ARB telekanalı mənə çox dəstək olur. Onlara da təşəkkür edirəm. İnsanlar da mahnılarımı sevdi, mənə sosial şəbəkədə xoş sözlər yazırlar.

- Mahnı seçərkən xüsusi diqqət etdiyiniz nüanslar varmı?

- Əvvəllər mahnı seçəndə düşünmürdüm ki, bu mahnı bəyənilər, yoxsa yox. İndi isə mahnıda hər şeyə diqqət edirəm. Rok musiqiləri sevirəm, amma bizdə pop mahnılar dinlənildiyi üçün bu janra müraciət edirəm. Mən mahnıların sözlərinə xüsusi diqqət edirəm. Son zaman yazılan mahnıların çoxu söz yığınıdır, qafiyə uyğun gəlsin deyə sözləri ard-arda düzüblər. Mahnının musiqisi də önəmlidir, çünki birinci musiqi cəlb edir insanı.

- İstədiyiniz pilləyə çatandan sonra popu kənara qoyub, roka qayıdış etmək haqda düşünürsünüz?

- Hazırda işlədiyimiz məkanlarda rok mahnılar oxuyuruq. Çünki rok ruhumun qidasıdır, enerjimi atıram. Təəssüf ki, Azərbaycanda az qulaq asılır. Çox adam deyir ki, bu nə mahnıdır, başıma düşür? Rok Azərbaycanda 90-cı illərdə qaldı, məndən böyükdür. İstəyərəm ki, gənclər roku sevsin. Gələcəkdə rok qrupumuzun olmasını istəyirəm. İndi daha bəsit mahnılar sevilir.

- Gəlirinizin ancaq müğənnilikdən olduğunu dediniz. Sizi qane edirmi?

- Bəzən dəhşət çox iş olur, bəzən isə aylarla qazana bilmirik. Ona görə qazancımı ağılla istifadə edirəm. Pul yığıram, bədxərclik etmirəm. Yaxşı qazansam, sənətdə çox işlər görərəm. Məsələn: indi sosial şəbəkədə reklama 100 dollar qoyub mahnımı reklam edirəm. Pulum olsa, min dollar qoyaram. Çünki sosial şəbəkələr hazırda ən yaxşı PR vasitəsidir. Hazırda gücüm nəyə çatırsa, onu edirəm. Mən cırmaq-cırmaq qalxıram. Bu gözəl şeydir. Birdən zirvəyə qalxanda insanın başı gicəllənir, heç nəyin dəyərini bilmir.

Tarix
2017.02.07 / 14:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla