Azərbaycanın məşhur opera
müğənnisi Fatma Muxtarova parlaq şəxsiyyətinə, misilsiz istedadına və qeyri-adi xarici gözəlliyinə görə bu gün
də sevilir.
Axar.az xatırladır ki, Fatma Abbas qızı Rzayeva 1893-cü il,
fevralın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. O
dövrdə Cənubi Azərbaycandakı ağır həyat şəraitinə məhkum olunmuş
həmvətənlərimiz acından ölməmək üçün Şimali Azərbaycana, Rusiyanın
müxtəlif şəhərlərinə qazanc dalınca gedirdilər. Bu baxımdan Fatma
xanımın uşaqlığı çox çətin keçib. O, uşaqlıq illərindən musiqi
istedadına, səsinə və gözəl rəqs etməsinə görə sevilirdi. Atasının
ölümündən sonra onun atalığı Səttar Muxtarov öz nəğmə və rəqsləri
ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı tez-tez qazanc
dalınca göndərir. Belə hallarda gənc Fatma qatarda gizlənərək bir
sıra şəhərləri gəzir. Bir qədər pul toplayaraq özünə şarmanka –
"katerinka" alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı
Katya Muxtarova çağırmağa başlayırlar.
Məni öyrətməkdən imtina etdilər...
İfaçılığa böyük həvəslə yanaşan Fatma musiqi təhsili almaq üçün
konservatoriyaya müraciət edir, lakin gözlədiyi cavab gəlmir. O,
həmin günləri sonralar belə xatırlayırdı:
"Saratov konservatoriyasının bütün professorları, mənim yeddi
notdan ibarət şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey
çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər".
Təkcə professor M.Medvedyev qızla məşğul olmağı və nəticəni bir
aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında
baş verir, təbiətən istedadlı olan qız heyrətləndirici uğurlar əldə
edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlir.
Konservatoriyanın tələbəsi olduğu müddətdə Fatma Muxtarova
konservatoriyadan qovulmaq təhlükəsi altında qazanc dalınca
qastrollara gedirdi. "Kaspi" qəzetinin 21 iyun 1913-cü il tarixli
sayında belə bir xəbər yayımlanır:
"Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan
diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq
müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin
gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin
edirlər. Povoljye qəzetlərinin yazdıqlarına görə, onlar hər yerdə
çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar
dillərində veriləcək".
Bir neçə gündən sonra "Kaspi" qəzetində yenə bir elan
verilir:
"Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert
verəcək (kontralto)".
Tağıyev Fatma xanıma niyə kömək etmədi?
Maddi çətinliklər yaşayan Fatma Muxtarovanın konsertinə Müslüm
Maqomayev və Hüseynqulu Sarabski kimi şəxsiyyətlər diqqət yetirir
və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək
edirlər. Hələ onda müğənninin istedadını duyan Hüseynqulu Sarabski
bu işdə çox canfəşanlıq edir. Fatma Muxtarovanı H.Z.Tağıyevin
bağına gətirir və o bağda Tağıyev üçün bir neçə mahnı oxuyur.
Şövkət Məmmədovanın İtaliyada təhsil alması üçün əvvəlcə təqaüd
ayıran, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə
məcbur olan Tağıyev Fatma xanıma yardım göstərməkdən imtina edir.
Belə olan halda H.Sarabski digər Bakı mesenatına – Murtuza
Muxtarova müraciət etməyi qərara alır. F.Muxtarova Bakı milyonçusu
və onun xanımı Liza ilə tanış olur. Öz xalqına yardım göstərən
səxavətli insan kimi tanınan M.Muxtarov Fatma xanımın təhsilini
davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə
götürür.
Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim"
kitabında yazır ki, M.Muxtarov Katya Muxtarovanı qızlığa götürür.
Lakin onun nəvəsi bu faktı inkar edərək, söhbətin M.Muxtarovun
istedadlı aktrisaya hamiliyindən getdiyini deyir.
Yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi
H.Z.Tağıyevdən fərqli olaraq, M.Muxtarov bu məsələdə daha
davamiyyətli olur və müntəzəm olaraq Saratova təqaüd göndərir.
F.Muxtarova Saratov konservatoriyasını müvəffəqiyyətlə bitirərək
Moskvaya köçür, orada o, ərinin qohumlarının köməyi və məsləhəti
ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir.
Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi baş rolda
Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif" operasında ona Oloferni
partiyasını ifa etməyi tapşıranda baş verdi. Bu, Fatmanın peşəkar
müğənni kimi opera səhnəsində ilk çıxışı idi.
O, həlledici anda öz performansı ilə tamaşanın bütün
iştirakçılarının diqqətini cəlb edir. Bu tamaşadan sonra Fatma
xanım Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa
edərək, 1917-ci ilə qədər teatrda işləyir.
Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano
səsin sahibi Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların
öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın"
operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun
partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı"
operasından Baharın partiyası, "Faust" operasından Zibelin
partiyasını qeyd etmək olar. Ancaq müğənninin yaradıcılığında
Azərbaycan tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer
tutur.
Dünyanın ən gözəl Karmeni
1923-cü ildə Bakıya gələn rus rəssamı Brodski opera teatrında
J.Bizenin "Karmen" tamaşasında iştirak edir. Karmen rolunu
Muxtarovanın ifasında dinləyir və Fatma Muxtarovanı dünyanın ən
gözəl Karmeni adlandırır.
Karmen rolu Fatma xanımı əlçatmaz yüksəkliyə qaldırır. Xanım
sənətçinin tərəf-müqabili Ağababa Bünyadzadə öz xatirələrində
bununla bağlı yazırdı:
"Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu
ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə
əbədi iz qoyub gedib. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova
qəhrəmanın daxili aləmini açırdı. Onun baxışları həmişə dediyi
sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət
eyni dərəcədə güclü idi".
Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i
Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur
Azərbaycan bəstəkarı Qara Qarayev "Karmenin" (Fatma Muxtarovanın)
vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.
Sen-Sansın "Samson və Dalila" operasında Dalila obrazını yüksək
ustalıqla yaradan Fatma Muxtarova haqda gürcü rejissoru
İ.Kvaliaşvili öz xatirələrində yazırdı: "Sen-Sansın "Samson və
Dalila" operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin
ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi.
Fatma Muxtarova sanki bu rol üçün yaranıb. Onun insanı heyran edən
ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu
rolu ifa etmək üçün bəxş edilib".
Həyatının son illəri...
Opera sahəsində böyük uğurlar qazanan Fatma xanım 1928-ci ildə
Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq
şəxsiyyətlərindən biri kimi fərqli obrazlar yaradaraq, 1953-cü ilə
qədər dövlət opera teatrında işləyir. Sonralar Muxtarova bir çox
mükafatlara, o cümlədən, Azərbaycan SSR xalq artisti fəxri adına
layiq görülür. Nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma
xanım ömrünün son günlərinə qədər öz dostlarını – Müslüm
Maqomayevi, Hüseynqulu Sarabskini və ən ağır günlərində onun
köməyinə gələn Murtuza Muxtarovu tez-tez xatırlayırdı.
Fatma xanın ömrünün sonlarında evdən bayıra çıxmırdı. "İstəmirəm
qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi
xatırlasınlar", - deyirdi... İllər keçsə də, Azərbaycan tamaşaçısı
öz Karmeninin – Fatma xanımın arzusunu yerinə yetirir, onu daim
gözəl Fatma kimi yada salır.
Korifey sənətkar Fatma xanım Muxtarova 1972-ci il, oktyabrın
19-da vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.