Şairlər, yazıçılar yurdu
kimi tanıdığımız Qazax-Ağstafa bölgəsindən Baba Mirzəyev kimi muğam
ustası da çıxıb.Baba
Mirzəyev (Mahmudoğlu) 1940-cı ildə Ağstafa rayonunun Muğanlı
kəndində anadan olub. 1956-cı ildə orta məktəbi qızıl medalla
bitirən Baba indiki Neft Akademiyasına qəbul
olub.
İxtisasca mühəndis olsa da, içindəki sənət eşqi, muğam oxumaq
istəyi ona rahatlıq vermir. Qrup yoldaşları Babanı Seyid
Şuşinskinin dərslərinə aparır. Beləliklə, Baba universitetdə
oxuduğu illərdə həm zavodda işləyir, həm də Əlibaba Məmmədov,
Süleyman Abdullayev, Nəzakət Məmmədova, Nəriman Əliyev, Zeynəb
Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində
muğamlarımızı öyrənməyə başlayır.
Sonralar Baba bəy həmin illəri belə yada
salır:
"Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O
romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və
milli musiqi sədaları, ulu saz-söz sənəti, təbii ki, insanı cuşa
gətirir. Mən də belə məqamlarda öz hisslərimi avazımla ifadə etməyə
başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, ayə, nə yaxşı
oxuyursan. Açığını deyim ki, əvvəllər bu, məni bir qədər
təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da, içimdə bir
oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil
olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Bu həvəs getdikcə
daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət
ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad
xanəndə Seyid Şuşinskinin dərslərinə gedirdim. İşlədiyim zavodda
özfəaliyyət ansamblının solisti idim".
Sənətçi psixiatriyaya niyə getmişdi?
Baba Mirzəyev aldığı muğam dərsləri ilə kifayətlənmir və sənət
sahəsində təhsil almaq istəyir. Mədəniyyət və İncəsənət
Universitetinin musiqili komediya aktyorluğu fakültəsini
bitirir.
Səid Rüstəmovun, Baba Salahovun, Əhməd Bakıxanovun ansamblları
ilə televiziyaya çıxan Baba Mirzəyev bir müddət sonra Əhməd
Dadaşovun ansamblında da oxumaq hüququ alır.
Qarabağ şikəstəsi, Bayatı-Şiraz, Ceyran bala, Bala gəlin,
Mirzəhüseyn segahı, Döşəmə Koroğlu və s. muğam, xalq və aşıq
mahnılarının mahir ifaçısı Baba Mahmudoğlu 1962-ci ildə Opera və
Balet teatrında stajor kimi fəaliyyətə başlayır. Elə həmin ildə o,
Məcnun rolunu oynamaq üçün Niyazinin təşkil etdiyi müsabiqədə qalib
olur. Ancaq sənətkar Məcnun rolunu oynamaqdan imtina edir və səkkiz
il "Əsli və Kərəm"də Sofi, Osmanlı, "Aşıq Qərib"də Aşıq Səlim,
"Leyli və Məcnun"da Zeyd, İbn Səlam rollarını oynayır. Nəhayət,
Məcnun kimi yetişdikdən sonra Nəzakət Məmmədova ilə tərəf-müqabili
olaraq 1969-cu ildə "Leyli və Məcnun"da baş rolları ifa edirlər.
Rolunu tam içdən canlandırmaq üçün psixiatriya xəstəxanasına gedən
Baba orada psixoloji problemləri olan adamlarla ünsiyyətdə
olur.
Bir çox xalq mahnısı Baba müəllimin ifasında daha da
ölümsüzləşib və sərhədlərin o tayında da dinlənilir. Musiqisi
Cahangir Cahangirovun, sözləri
Zeynal Cabbarzadənin olan "Sənə belə nə oldu yar" mahnısı Baba
Mirzəyevin ifasında tamam fərqli çalar qazanıb. Şövkət Ələkbərova,
İslam Səfərli kimi sənətçilərin də səsləndirdiyi bu mahnını məşhur
türk sənətçi Əhməd Qaya da ifa edib.
Həyat yoldaşı Amaliya xanımın xatirələri
Böyük sənətkarın həyat yoldaşı Amaliya xanım onunla bağlı
xatirələrini ürək ağrısı ilə danışır. Amaliya xanım ilk
tanışlıqlarından tutmuş, Baba müəllimin xasiyyətinə qədər bir çox
məsələlərə işıq tutur:
"Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki
Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun
yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı
tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları,
ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan
başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Sizə
qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə
yaşadığımız illər mən bir daha bunun şahidi oldum. Baba sözü
qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi
idi. Bədii, tarixi, fəlsəfi və siyasi əsərlərlə zəngin bir
kitabxanamız var evdə. Dünya fəlsəfə tarixini çox gözəl bilirdi.
Fəlsəfədən dissertasiya müdafiə eləmək istəyirdi. Otuz adda
qəzet-jurnal alırdı. Çoxu da Moskva nəşrləri idi. Biz – mən və
övladlarımız mütaliə xəstəsi olmuşuq. Bu da bizə Babadan keçib.
Baba həssas ürək sahibi, gözəl bir insan idi. Hər şeydən əvvəl xoş
sözü var idi dilində.
Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu.
Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi.
1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o
illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə
görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir".
Böyük sənətkar Baba Mirzəyev 2005-ci ilin noyabr ayında insult
keçirir və bu hadisədən sonra cəmi bir il yaşayır.
Musiqi sənətimizdə gözəl və fərqli ifaları ilə yadda qalan xalq
artisti Baba Mirzəyev 2006-cı il dekabrın 6-da 66 yaşında vəfat
edib.