01:08
Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi gömrük ödənişlərindən yayınma iddiasında ittiham olunan “Rosreyestr” və “Rosimuşestvo”nun regional idarələrinin keçmiş rəsmisi Boris Avakyanı axtarışa verib.
Axar.az xəbər verir ki, bunu Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Dariya Lebedeva deyib.
Lebedeva bildirib ki, bu il avqustun 22-də təqsirləndirilən şəxs Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, onun məhkəmə işi dayandırılıb, Avakyan isə həbsdən azad edilib:
“23 sentyabrda Avakyanın "xüsusi əməliyyat zonasına" getməkdən imtina etməsi səbəbindən bu müqaviləyə xitam verilməsi ilə bağlı işin yenidən açılması üçün vəsatət qaldırılıb. Məhkəmə iclasında vəsatətə və həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılıb. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına çəkilib. Bu zaman Avakyan məhkəmə binasını tərk edərək yoxa çıxıb. Məhkəmə işin yenidən başlanması və təqsirləndirilən şəxsin həbs edilməsi barədə qərardad çıxarıb”.
Sankt-Peterburq hüquq-mühafizə orqanlarındakı mənbənin RBK-ya verdiyi məlumata görə, məhkəmə binasından qaçan Avakyan hazırda Vasilyevski adasının Bolşoy prospektində yerləşən Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir. Avakyana və bir sıra şəxslərə qarşı işə 2024-cü ilin aprelindən mahiyyəti üzrə məhkəmədə baxılır. Ümumilikdə orada 21 nəfər ittiham olunur. 43 yaşlı Ermənistan vətəndaşı Avakyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, polisdən siqaret çəkmək üçün icazə istəyib, bundan sonra gözdən itib.
Avakyanın özü “Faktİnfo”ya bildirib ki, o, Sankt-Peterburqdakı konsulluqdadır:
“Ermənistan tərəfindən axtarışəm elan olunduğu üçün son bir ay ərzində Rusiya xüsusi təyinatlı polis alayının əməkdaşları tərəfindən saxlanılaraq şəxsiyyətimi yoxlamaq üçün polis bölməsinə aparıldım”.
O, Ermənistana ekstradisiya olunmaq istəyir, orada sərhədi qanunsuz keçməyə və çirkli pulların yuyulmasına görə axtarışdadır:
“Məni saxlasınlar, araşdırma aparsınlar, ondan sonra mənim günahım olub-olmadığına məhkəmə qərar verəcək”.