Cənubi Afrika Respublikasında (CAR) G20 sammiti işinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Blumberg" məlumat yayıb.
Sammiti ölkə Prezidenti Siril Ramafosa açıb.
"CAR Qlobal Cənubun və Afrikanın inkişaf prioritetlərinin G20-nin gündəliyində əks olunmasını təmin etmək istəyir", - Ramafosa bildirib.
Onun sözlərinə görə, sammitdə iştirak edən ölkələr yekun bəyannaməni razılaşdırıblar:
"Sammitdə bəyannamənin qəbul edilməsi dünyaya vacib bir ismarıc göndərəcək ki, multilateralizm gözləntiləri doğrulda bilər və doğruldur. Bu, sülh və həmrəylik mesajını daşıyır".
Eyni zamanda o, borcların ödənilməsindəki çətinliklər, beynəlxalq institutların islahatları, təhlükəsiz enerji mənbələrinə keçid, geosiyasi gərginlik kimi problemlərə diqqət çəkib.
Məlumata görə, G20-də indi qapalı qapılar arxasında danışıqlar başlayıb.
Qeyd edək ki, sammitə Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Kanadanın Baş naziri Mark Karni, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, İtaliyanın Baş naziri Corcia Meloni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz, Cənubi Koreya Prezidenti Li Çje Men, Hindistanın Baş naziri Narendra Modi və digər rəsmilər qatılıblar. Lakin ABŞ Prezidenti Donald Tramp sammitə qatılmamağı qərara alıb.
Sammit çərçivəsində F.Merz, E.Makron və K.Starmer Ukrayna ətrafında vəziyyəti müzakirə edə bilərlər.