FETÖ əməliyyatı çərçivəsində təşkilatdakı qadınların
fəaliyyəti ilə bağlı yeni detallar üzə çıxıb.
Axar.az xəbər verir ki, Ankara Respublika Prokurorluğunda
hazırlanan iddianamədə təşkilatda "bacı" adlandırılan qadınların,
ən azı, kişilər qədər aktiv olduğu yazılıb:
"Bacılar" qız tələbələrin ailələri ilə görüşüb, onlara
övladlarını pis vərdişlərdən uzaq tutmağı və yaxşı təhsil verməyi
vəd edir. Beləcə, qızlar təşkilatın evlərində yaşamağa başlayır.
Burada onlara Fətullah Gülənin videoları izlətdirilir. FETÖ-dən
ayrılmaq istəyən qızlar haqqında şayiələr yayır, onun "pis qız"
olması ilə bağlı təəssürat yaradırlar. "Bacılar" təşkilatdakı
qızları evləndirərək, onların təşkilatdan çıxmasının qarşısını
alırlar".
Bir müddət FETÖ-də fəaliyyət göstərən və adının gizli
saxlanılmasını istəyən bir müəllimə ona verilən tapşırıqlardan
danışıb:
"Mənə dedilər ki, heç bir halda kişi ilə yaxın münasibətdə
olmamalı, makyaj etməməliyəm. Tələbələrim MİT, TSK və təhlükəsizlik
əməkdaşlarının övladları idi. Bəhanə ilə həmin tələbələrin evlərinə
gedib, valideynləri haqda məlumat toplayırdım. Onlarla
dünyagörüşləri, varidatları ilə bağlı söhbət edirdim, səslərini
yazıb "bacı"lardan birinə göndərirdim"