Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlu bu ölkənin Prezidenti Tufan Ərhürmanın apardığı siyasəti sərt şəkildə tənqid edib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, XİN başçısı bu barədə mətbuat konfransında açıqlama verib.
T.Ərtoğruloğlu mövcud siyasətin "iki dövlətli" həll prinsipi ilə uzlaşmadığını iddia edib:
“Müzakirə etdiyim məsələ Kiprlə bağlıdır. Bu ölkənin xarici işlər naziri olaraq, mənim vəzifəm prezidentin yürütdüyü siyasətin niyə səhv olduğunu, nə mənaya gəldiyini və yaratmağa çalışdığı təsəvvürün nə qədər yanlış olduğunu vurğulamaqdır. Mənim cənab Ərhürmanla şəxsi problemim yoxdur, qarşılıqlı hörmət saxlayırıq, lakin Kipr məsələsi ilə bağlı siyasətə ayrıca baxılmalıdır. Mən heç vaxt prezidentin xain olduğunu düşünmərəm, amma o, Kipr türkləri üçün statusun əldə olunmasında vaxt itirir”.
Məlumata görə, mətbuat konfransında ən diqqət çəkən mövzulardan biri konsepsiya ilə bağlı müzakirələr olub.
XİN başçısı "suveren bərabərlik" və "bərabər suverenlik" anlayışlarının bir-birinə tamamilə zidd olduğunu iddia edib:
“Suveren bərabərlik” iki dövlət deməkdir. “Bərabər suverenlik” isə bir dövlət, bir suverenlik, bir beynəlxalq şəxsiyyət deməkdir. Əgər bir ölkənin prezidenti suveren bərabərlikdənsə, bərabər suverenliyi müdafiə edirsə, bu o deməkdir ki, o, rəhbərlik etdiyi dövləti dağıtmağı hədəfləyir”.
Ərtoğruloğlu Kipr probleminin kökünün Kiprin yunan tərəfinin beynəlxalq səviyyədə "Kipr Respublikası" kimi tanınmasında olduğunu deyib:
“Bütün problemlərimizin əsas səbəbi də budur. Həll yolu mövcud vəziyyətdir. İki suveren, bərabərhüquqlu qonşu dövlət. Bu, “de-fakto” həll yoludur, “de-yure” deyil”.